“Əkin üçün yararlı
torpaqlar azalır”
Vahid Məhərrəmli:
"İndi az maliyyə vəsaiti ilə bərpa oluna biləcək
torpaqlara gələcəkdə daha çox kapital qoymaq
lazım gələcək"
Hər bir fermer torpağından bol məhsul
götürməkdə maraqlıdır. Alıcı
da bazarda yerli və ucuz məhsula üstünlük verir.
Yerli məhsulu bol və ziyansız yetişdirmək
üçün isə ilk növbədə torpağın
münbit və məhsuldar olması vacibdir. Təəssüf ki, Azərbaycanın münbit və
məhsuldar torpaqları get-gedə şoranlaşmaqda və əkin
üçün yararsız vəziyyətə düşməkdədir.
Vəziyyətin həyəcan verici durumda
olduğunu deyən kənd təssərrüfatı üzrə
ekspert Vahid Məhərrəmli ilə söhbətimizdə
şoranlığa məruz qalmış torpaqlar haqda
danışdıq.
- Şoranlıq necə yaranır?
- Əvvəla şoran torpağın tərifini verməyə
çalışaq. Səthində və profilində bitki
üçün çox miqdarda toksik duzlar olan torpaqlar
şoran torpaqlardır. Şoran
torpaqların yaranmasının səbəbi müxtəlifdir.
Torpaqlarda olan suxurların aşınması,
üzvi maddələrin mikroorqanizmlər tərəfindən
parçalanması, mineral maddələrdə olan birləşmələrin
parçalanması nəticəsində suda asan həll olunan
duzların kapiliyarlarla torpağın üst hissəsinə
çıxmsı prosesi baş verir. Yeraltı
suların səviyyəsinin qalxması torpağın alt hissəsində
suda asan həll olunan zərərli duzların torpağın
üzərinə qalxmasına səbəb olur. Havanın isti keçməsi nəticəsində su
buxarlanır, toksik duzlar isə torpağın üst hissəsində
toplanaraq onu şoranlaşdırır. Bizdə
problem ondan ibarətdir ki, Kür, Araz çayları ətrafında
şoran torpaqların həcmi get-gedə artır. Bunun başlıca səbəbi kimi Kür
çayının yatağının qalxmasıdır.
Digər səbəb kimi mənbəyini Mingəçevir
su anbarından almış Qarabağ və Şirvan su
kanallarının sızması nəticəsində ətraf ərazilərin
şoranlaşmaya məruz qalmasıdır. Həmin kanallar vaxtilə çəkiləndə
yataq beton örtüklərlə inşa edilməliydi ki, su
sızması baş verməsin. Təəssüf
ki, kanallar çəkiləndə bu vacib məsələ nəzərə
alınmayıb. Elə buna görə də
su bolluğu yarananda qurunt sularının qalxmasına səbəb
olur ki, bu da öz növbəsində torpaqların
şoranlaşması ilə nəticələnir. Azərbaycanda əsasən torpaqların
şoranlaşması bu cür baş verir.
- Şoran torpaqların yaranma səbəblərindən
biri olan suvarma sistemi haqda nə deyə bilərsiniz?
- Azərbaycanda
təssüflər olsun ki, fermerlər su rejimi haqda məlumatsızdırlar.
Torpağın su rejimi mütləq tənzimlənməlidir.
Suvarma bitkinin suya olan təlabatını nəzərə
almaqla, əsasən iqlim və torpaq şəraitinə
uyğun olaraq tənzimlənməlidir. Bizdə
suvarma hələ də primitiv qaydada aparılır, selləmə
suvarma üsulundan daha geniş istifadə olunur. Belə
halda sudan düzgün istifadə olunmur, həm
coxlu həcmdə su itkisinə yol verilir həm də
torpağın münbit qatının yuyulması prosesi
baş verir. Digər tərəfdən selləmə
suvarma nəticəsində su nisbətən aşağı
hissədə yerləşən əkin sahələrində
yığılaraq qurunt suyunun qalxmasına səbəb olur.
Bu da öz növbəsində həmin sahədə
torpağın şoranlaşmasına yol açır.
- Azərbaycan
kənd təsərrüfatı üçün hansı
suvarma sistemi daha əlverişlidir?
- Bəyaq
dediyim kimi, suvarma bitkinin suya olan təlabatını nəzərə
almaqla, əsasən iqlim və torpaq şəraitinə
uyğun olaraq aparılmalıdır. Bizə
lazımdır ki, bitki torpaqda olan qida maddəsini mənimsəyə
biləcək qədər su ilə təmin edilsin. Artıq su bitkinin normal qidalanmasına, maddələr
mübadiləsinə mane olur. Bununla həm
də normal tənəffüs prosesi pozulur. Artıq su verməklə biz bitki üçün
çox vacib olan qida maddələrinin torpaqda yuyulub getməsinə
şərait yaratmış olarıq. Çalışmaq
lazımdır ki müasir suvarma üsullarından, damcı,
yağış yağdırma, çiləmə sistemlərindən
istifadə edək. Son zamanlar dunya
praktikasında bu üsullardan geniş istifadə olunur. Düşünürəm ki, bu üsullardan istifadə
etmək üçün bizdə bütün imkanlar var.
Yağış yağdırma və damcı üsulu ilə
suvarma sistemi quraşdırmaq hər hektar sahə
üçün 2000-3500 dollar vəsait tələb edir.
Bu qədər vəsait qısa bir müddətdə
özünü doğruldur. Belə ki, bu
üsuldan istifadə suya ciddi qənaət etməklə
yanaşı, məhsulun maya dəyərini aşağı
salır, məhsuldarlığı isə artırır.
Geniş formada bu suvarma üsulundan istifadə
etmək üçün bizim maliyyə resursumuz var. Bu da
öz növbəsində şoranlaşmanın
qarşısını ala bilər. Yəni Azərbaycanda
kifayət qədər şoran torpaqların bərpa edilməsi,
torpaqların təkrar şoranlaşmaya məruz qalmaması
üçün geniş imkanlar var. Şoran torpaqların
yuyulması, bərpası istiqamətində Sovet vaxtından
qalmış təcrübə də var. Bütün
imkanlarımız olduğu halda bu işlərin həyata
keçirilməsi üçün iradə lazımdır və
bu iradəni hökumət ortaya qoymalıdır. Nəzərə alınmalıdır ki, ölkə
əhalisi artır, bununla yanaşı kənd təsərrüfatı
məhsullarına olan tələbat da çoxalır. Artan əhalinin işlə təminatını həyata
keçirmək üçün bu torpaqları yararlı vəziyyətə
gətirmək lazımdır. Kənddə
yaşayan əhalinin sosial problemlərini həlli etmək,
aqrar sahənin gəlirli olması üçün şoran
torpaqların bərpasına ehtiyac var. Hökumət
sadalananları həyata keçirsə, Azərbaycanın ərzaqla
bağlı problemini həll etmiş və idxaldan
asılılığı aradan qaldırmış olar.
Biz ərzaq mallarına olan tələbatın əsas
hissəsini idxalın hesabına ödəyirik. Şoran torpaqların özü də fərqlidir.
Eləsi var, torpaqda şoranlığın dərəcəsi
yüksəkdir, amma elə sahələr var ki, məsələn,
çəltik istehsalı ilə məşğul olmaqla həm
yaxşı gəlir əldə etmək, həm də
torpağın şoranlılığını minimuma endirmək
olar. Dənli bitkilər nisbətən
şoran torpaqlara dözümlü olur. Düzdür
məhsuldarlıq yüksək olmur, amma bu bitkilərin əkini
ilə məşğul olmaqla, şoran torpaqları nisbətən
bərpa etmək mümkündür.
- Şoran torpaqların sahəsi nə qədərdir?
- Dövlət
rəsmiləri tərəfindən səsləndirilən rəqəm
təxminən 400 min hektardır. Ancaq digər mənbələrdə
bu rəqəm 1 milyon 400 min hektardan çoxdur. Ümumiyyətlə, ölkədə dəqiq
hesablamalar aparılmalı, mütəxəssislər yerlərdə
şoran torpaqların ərazisini dəqiqliklə müəyyənləşdirməli
və ortaya konkret statistik rəqəm qoyulmalı və
şoran ərazilərin xəritəsi hazırlanmalı idi.
Bu barədə çox danışılsa da indiyə kimi
ortada konkret iş yoxdur. Ümumiyyətlə, hər hansı
iş görülməzdən əvvəl əldə dəqiq
statistik məlumat olmalıdır. Ona uyğun
Dövlət Proqramı qəbul edilməlidir. Bu məlumatın olmaması deməyə əsas
verir ki, yaxınlarda bu sahədə hər hansı bir ciddi irəliləyiş
olacağına ümid yoxdur.
- Dövlət Proqramının qəbulu
üçün hansı tədbirlər görülməlidir?
- Əvvəlcə şoran torpaqlar dəqiq müəyyən
edilməlidir, ondan sonra isə həmin ərazilərdə
hansı tədbirlərin keçiriləcəyi haqda proqramlar
qəbul olunmalıdır. Azərbaycanda bu sahədə
vahid koordinasiya sistemi də yaradılmayıb. Bu gün Kənd Təsərrüfatı Nazirliyi
torpaqla daha çox əlaqəli olan qurumdur. Torpaq və Xəritəçəkmə Komitəsi
torpağın keyfiyyəti ilə bağlı məlumat
toplayır, Meliorasiya və Su Təsərrüfatı Səhmdar
Cəmiyyəti şoranlaşmanın qarşısını
almaq üçün meliorativ tədbirlər həyata
keçirə biləcək bir qurumdur. Ekologiya
və Təbii Sərvətlər Nazirliyi də bu sahəyə
cavabdehlər siyahısındadır. Yəni
bu gün torpaqlarda eroziya, şoranlaşma, şorakətləşmə,
deqredasiya prosesi gedirsə, sadalanan qurumların cavabdehliyi var.
Amma vahid koordinasiya sistemi yaradılmayıb. Bu sahədə real vəziyyətlə bağlı
məlumatların əldə olunması, ötürülməsi,
analizi, görüləcək işlər, cavabdehlik kimi vacib
məsələlər qurumlar arasında müəyyənləşməyib.
Təbii ki, büdcə formalaşanda da bu kimi məsələlər
nəzərə alınmalıdır. Bunların
hamısı vahid mərkəzdən idarə
olunmalıdır. Ümumiyyətlə, torpaqla
bağlı problem uzun müddətdir mövcud olsa da,
heç bir iş görülməyib. Həm
torpaqlarda deqredasiya prosesi sürətlə gedir, bir çox
halda istifadə olunan torpaqlara mineral və üzvi gübrələr
verilmir, yəni əkin üçün yararlı
torpaqların keyfiyyəti də get-gedə aşağı
düşməkdədir. Belə davam edərsə,
bu gün əkilən torpaqlar da dövriyyədən
çıxacaq. Dövlət qurumları
ayrı-ayrılıqda bu problemi aradan qaldıracaq gücə
malik olmadıqlarına görə birgə işləməlidilər
və torpağın keyfiyyəti ilə bağlı müəyyən
proqramlar həyata keçirilməlidir. Yerlərdə
fermerlər şoran torpaqdan istifadə qaydasını bilmirlər.
İkincisi, onlar ümumiyyətlə
şoranlığı aradan qaldıracaq gücündə
deyillər. Bəzi fermerlər öz
güclərinə torpaqlarını yuyaraq münbitləşdirə
bilər. Lakin heç kim həmin
torpağın gələcəkdə təkrar
şoranlaşmaya məruz qalmayacağına təminat verə
bilməz. Yəni şoranlaşma müxtəlif
səbəblərdən baş verdiyindən bu dəqiq müəyyən
olunmalıdır. Bu da fermerin gücündə
deyil, yalnız dövlət səviyyəsində görüləcək
işdir. Çayların
yataqlarının təmizlənməsi su kanallarının
sızmasının qarşısının alınması
kimi ciddi işlər görülməlidir. Yəni Azərbaycan bütün bu işlərin
öhdəsindən gəlmək qüdrətindədir.
Respublikanın həm maliyyə imkanı var, həm
də coğrafi şəraiti elədir ki, biz ümumiyyətlə
şoranlaşmanın qarşısını birdəfəlik
ala bilərik. Xəzər dənizinin mövcudluğu,
eləcə də Azərbaycanın relyefi elə formadadır
ki, şoran torpaqları yuyub yenidən bərpa etmək və
təkrar şoranlaşmanın qırşısını
almaq olar.
Bu ciddi kapital qoyuluşuna ehtiyacı olan bir işdir və
görüləcək tədbirlər kompleks halda həyata
keçirilməlidir. Bu işin fərdi şəkildə həyata
keçirilməsi mümkün deyil, dövlət proqramı
qəbul olunmalıdır. Xatırlayırsınızsa,
2010-cu ildə Kür çayında ciddi su bolluğu
yarandığı zaman qurunt sularının səviyyəsi
artmışdı. Nəticədə ətraf
ərazilərdə şoran torpaqların həcmi sürətlə
genişləndi. Ondan sonra fermerlər nə qədər
müraciət etsələr də, konkret iş görülmədi.
Ümumiyyətlə Kürün
yatağının təmizlənməsi istiqamətində
ciddi işlər görülməlidir. Kürün
dənizlə birləşən deltasını təmizləyib
suyun dənizə maneəsiz axmasını təmin etmək
lazımdır. Təəssüf ki, bu sahədə
görülən işlər də yarımçıq
qaldı.
- Dövlət Proqramının gecikməsi nə vəd
edir?
- Şoran torpaqlar yalnız sadaladığım amillərin
təsirindən əmələ gəlmir, digər səbəblər
də var. Yəni torpağın üst səthində
yığılmış duzlar külək vasitəsi ilə
yaxın ərazilərə asanlıqla yayılaraq münbit
torpaq sahələrini də sıradan çıxarır. Məsələn,
əvvəllər Bakı-Qazax yolunun kənarında pambıq
əkilirdi, indi o sahələr şoranlaşıb və
dövriyyədən çıxarılıb. Təssüflər olsun ki, belə sahələrin ərazisi
genişlənir. Dövlət
Proqramını ləngiməsi problemin dərinləşməsi
və daha ciddi problemlərin yaranmasına gətirib
çıxara bilər. İndi az
maliyyə vəsaiti ilə bərpa olunacaq torpaqlara gələcəkdə
daha çox kapital qoymaq lazım gələcək. Ola bilər ki, bu torpaqların bir qismini ümumiyyətlə
bərpa etmək mümkün olmasın.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 15 oktyabr.- S.13.