KİV-də
Azərbaycan dili problemi...
Televiziyalarda Azərbaycan dilinin
gözəlliklərindən bəhs edən verilişlərin açılması,
dilə aid mövzuların
müzakirəyə çıxarılması
yaxşı olar
Bu gün Azərbaycan
televiziya və radiolarında kifayət qədər çatışmazlıqlara
rast gəlmək mümkündür. Televiziya və radiolarında
peşəkar aparıcı
çatışmazlığı var. Jurnalistikadan heç bir anlayışı olmayan və özünə aparıcı
deyən bir çoxlarını efirə
çıxarırlar. Bəzi aparıcıların nitqində,
davranışında, geyimində
müəyyən nöqsanlar
var. Lakin peşəkar
aparıcının nitqində,
davranışında, geyimində
qüsur olmamalıdır.
Aparıcıların əksəriyyətinin dialekt sözlərdən istifadə etməsi, ləhcə ilə danışması artıq
adət halını alıb. Nitqlərində loru, kobud ifadələrə yol verirlər. Lakin bunlar hamısı
ədəbi dilə ziddir. Televiziya kütləvi informasiya
vasitələri içərisində
ən çox baxımlı və populyar olanıdır.
Televiziya kanallarına baxan adamlar oradakı hər
bir sözü, hər bir ifadəni çox ciddi qəbul edirlər.
Orada hər hansı bir yanlışlıq ciddi
bir rezonans doğurur və daha geniş yayılır. Ona
görə də sovet dövründən sonra da özəl
telekanalların sayı az olanda telekanallara
daha çox səlis danışmağı bacaran,
görünüşü fotogenik olan adamlar
buraxılırdı. Amma son zamanlar çox təəssüf
ki, özəl telekanalların sayı artdıqca, ümumiyyətlə
verilişlərin sayı çoxaldıqca bunlara əməl
etmək unudulub. Bir sözlə,
telekanallarımız insanların zövqünü
korlayır.
Kanallarımızda yayımlanan reklamlar çox bərbad
haldadır. Daha doğrusu, reklamların tərcüməsindəki
vəziyyət acınacaqlıdır. Xarici
reklamları tərcümə edərək
yayımlayırlar. Tərcümə
zamanı isə bir sıra qanun pozuntularına yol verirlər.
Belə ki, yayımlanan reklamlarda Azərbaycan
Respublikasının "Reklam haqqında" qanununun tələbləri
pozulur. Qanunda göstərilir ki, reklamlarda
dövlət dili işlədilməlidir. Sadəcə,
zəruri hallarda digər xarici dildən istifadə edilə bilər.
Hazırda ən aktual məsələlərdən biri
isə telekanallarda uşaqlar üçün baxılası
verilişlərin azlığıdır. AMEA
Dilçilik İnstitutunun əməkdaşları da
aparıcılar haqqında tamaşaçılardan fərqli
olmayan qənaətə gəlib. Mütəxəssislər
televiziyada aparıcıların əksəriyyətinin gənc
olmasının sevindirici hal olduğunu qeyd edir: "Bu, kanal rəhbərliklərinin
gənc nəslə verdiyi qiymət və böyük etimaddır.
Gənc aparıcıların çoxu
auditoriyanı daim diqqət mərkəzində saxlaya bilir.
Onların əksəriyyəti verilişi
çox həvəslə, zəhmətlə, sevə-sevə
aparır. Bununla yanaşı, bəzi
iradlarımız da var. Bütün özəl telekanallarda
(qismən İTV istisna olmaqla) "Səhər" musiqili-informasiya
proqramlarının aparıcılarının nitqi bəsitdir,
zəngin söz ehtiyatına, natiqlik məharətinə malik
deyillər. İki-üç saatlıq
canlı efirdə tamaşaçı ilə ünsiyyət
yaratmaq məsuliyyətli bir işdir. Bu proses
aparıcılardan efirdən kənar vaxtlarda mütaliə etməyi
də tələb edir. Əfsuslar olsun ki, bir
çox hallarda efirə dəvət edilən qonaqların
adı və titulu belə üzündən oxunularaq
tamaşaçıya təqdim edilir. Bu təqdimatı əvvəlcədən
oxuyub yadda saxlamaq çətin iş deyil".
Mütəxəssislərin irad tutduğu məsələlərdən
biri də dialekt məsələsidir. Bu gün doğrudan da
efirdə "başına" sözünü eşitmək
çox çətindir. "Başıva",
"əlivə", "canıva" - aparıcılar
ancaq bu kəlmələrdən istifadə edir. Şüuraltında bu tələffüz forması
özünə yer edir. Həm də mənfi
formada. Monitorinq aparanlar ATV-nin telejurnalisti
İlqar Mikayıloğlunun nitqini gündəmə gətirdilər.
Belə ki, onun nitqi xalis Bakı dialektindədir.
Monitorinqlər zamanı bəlli olub ki, "ATV
Xəbər"in aparıcıları Ceyhun Səfər və
Günel Bəhramqızının nitqi çox sürətlidir.
"ATV Səhər"in aparıcısı Turan İbrahimov
analitik təfəkkürə malikdir, hadisələri təhlil
edib şərh etməsində yanaşması fərqlidir,
müsbətdir: "Çox zaman səfərbəredici
suallar qoyur, onları cavablandırır. Ancaq
nitqi aydın və zəngin deyil, fikirlərini
tamaşaçıya daha çox sadalama intonasiyası ilə
çatdırır. Sözləri
dolaşıq tələffüz edir. Rus
dilinə xas "ü" səsindən istifadə edir.
Eləcə də ATV kanalında "İdman xəbərləri"nin aparıcısı Sənan Şəfizadənin
nitqi aydın deyil. Sürətli
danışdığı üçün hecaları
çox qısa tələffüz edir, bəzi hecaları tələffüz
etmir. "Atv olay"ın
aparıcısı Mətanət Əliverdiyeva efirdə
çox gərgin danışır".
Qeyd edim ki, bu gərginlik məsələsi xüsusi qeyd
olunmalıdır. Aparıcıların efirdəki gərginliyi
tamaşaçıya sirayət edir və nəfəs gərginliyi
yaradır. Bu gün efir məkanında
doğrudan da aparıcıların sürətli
danışığı ciddi problemlərdəndir. Efir vaxtının məhdudluğu
tamaşaçının əsəblərinin pozulması ilə
nəticələnməməlidir. Çünki
bizə ən yaxın olan Türkiyə telekanallarında da
aparıcıların necə peşəkar şəkildə
sürətlə danışdıqlarının şahidi
oluruq.
Mütəxəssilərin
fikrincə, nitqin təmizliyini pozan hallardan biri də
tüfeyli sözlərdən istifadə olunmasıdır:
"Bəzi aparıcıları nitqində tez-tez işlədilən
"kifayət qədər", bəzilərinin nitqində
"aha" sözü, bəzilərinin nitqində təkrarlanan
"yəni" sözü bu qəbildəndir". Bir
tamaşaçı kişi bəzən
efirdən balaca uşaqların belə efirdən işlədilən
bu tipli sözləri saydıqlarının şahidi
olmuşam.
Qeyd edim ki, AMEA-nın dilçi mütəxəssisləri
efirdə dilimizin təmizliyinin qorunması üçün
bir sıra işlərin görülməsini vacib hesab edirlər. Belə ki,
televiziyada Azərbaycan dili haqqında, dilin gözəlliklərindən
bəhs edən verilişlərin açılması, dilə
aid mövzuların müzakirəyə
çıxarılması yaxşı olar. Hər hansı bir verilişin, proqramın redaktorlarından
birinin dilçi olması televiziya dilində ədəbi dilin
normalarından yayınmaların qarşısının
alınmasına öz müsbət təsirini göstərər.
Dublyaj filmlərinin səslənməsində filmi səsləndirən
artistlərin sayı artırılmalıdır. Hər həftə
eyni artistlərin nitqindən istifadə edərək müxtəlif
filmlər nümayiş olunur. Bu zaman isə
tamaşaçı səslərə görə yeni filmə
baxmasının fərqində olmur. Fikrimizcə,
redaktorlar, aparıcılar onlar üçün qaranlıq,
mübahisəli olan dil məsələləri ilə
bağlı AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutu ilə əlaqə saxlasalar, daha məqsədəuyğun
olar.
Media və
Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan
Əhmədov isə bildirib ki, əksər qəzetlər,
saytlar, radio və televiziya kanallarında, eləcə də
küçə reklamları üçün xarakterik olan ədəbi
dil normalarının pozulması halları var. O, bildirib ki, bu
məsələ ilə bağlı Azərbaycandilli saytlarda,
dublyaj edilən filmlərdə, küçə və
meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən
adi leksik və qrammatik qaydalarının kobud şəkildə
pozulması, xarici dillərdə olan İKT ilə əlaqəli
sözlərin işlədilməsi vəziyyətinin təhlili
və monitorinqi aparılıb: "Monitorinqin nəticələrindən
bəlli olur ki, şəhərimizin küçələrini
bəzəyən reklamların böyük əksəriyyəti
xarici dillərdədir, televiziya və radiolarda nümayiş
olunan çarxlarda, eləcə də çap məhsulları
üzərindəki reklam mətnləri dilimizin qrammatik
qaydalarına qəti şəkildə uyğun gəlmir".
Publisist Vasif Sadıqlı bildirib ki, ədəbi dilin
birinci keyfiyyəti onun müəyyən normalara malik
olmasıdır. Onun sözlərinə görə, dilin
daxili quruluşunu onun səs tərkibi (fonetikası),
leksikası (lüğət tərkibi) və qrammatikası təşkil
edir. Ədəbi dilin normaları da bunlara uyğundur:
fonetik norma, leksik norma və qrammatik norma.
Fonetik norma özü iki yerə
bölünür: orfoepik norma və orfoqrafik norma.
Sözün ədəbi dildəki yazılış
variantı orfoqrafik norma adlanır. Bu
normalar dövlət tərəfindən (Nazirlər Kabineti) tərəfindən
təsbit olunur və orfoqrafik lüğətlərdə
verilir: "Leksik normalara uyğun olaraq ədəbi dildə
loru, kobud söz və ifadələr işlədilməməlidir.
Sözdən düzgün istifadə ilə
yanaşı, onun dəqiq, yerinə görə ifadəli və
emosional işlədilməsi də leksik normanın tələblərindəndir".
Vasif Sadıqlı bildirib ki, bu gün seriallarda nəzarətsiz
və heç bir bədii məqsəd güdmədən varvarizmlər
baş alıb gedir. Leksik norma dialekt sözlər,
varvarizm və vulqar sözlərdən istifadə zamanı
çox ehtiyatlı olmağı tələb edir. Əgər bu sözlər bədii məqsəd
güdmürsə, ədəbi dil normaları onları
işlətməyi qadağan edir.
Vasif
Sadıqlı onu da bildirib ki, hazırda həyatımıza,
şüurumuza, sosial psixologiyamıza güclü surətdə
təsir etmək potensialına malik olan fenomenlərdən biri
də reklamlardır: "Xarici və yerli reklamlar KİV-də,
telekanallarda, ictimai nəqliyyat vasitələrində, şəhərlərimizin,
hətta kəndlərimizin küçə və
meydanlarında gen-bol yer almağa başlayıb. Necə deyərlər, artıq reklamlar "hər
yerdədir". Dil normalarının
pozulması isə onların vacib ünsürünə
çevrilib".
Filologiya elmləri doktoru, professor Nəbi Əsgərov
qeyd edib ki, əcnəbi dillərdə söz və ifadələrdən
istifadə edilməsinin geniş hal alması Azərbaycan
dilinin gözəlliyinə zərər vuran bir problemə
çevrilib.
Təsadüfü deyil ki, bu məsələnin
aktuallığını nəzərə alan
ölkə Prezidenti 2012-ci il mayın 23-də "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair dövlət proqramı
haqqında" sərəncam imzalayıb. Həmin sərəncamda
da son dövrlərdə müasir Azərbaycan ədəbi
dilinin tükənməz imkanlarından lazımınca və
düzgün istifadə edilməməsi problemi çox
haqlı olaraq qeyd olunur...
Əli
Xalq Cəbhəsi.-
2014.- 15 oktyabr.- S.11.