KİV- Azərbaycan dili problemi...

 

"Bu fəsadların qarşısını administrativ səviyyədə almaq olmaz"

 

II yazı

 

Azərbaycan KİV-ində, xüsusən televiziya radiolarda Azərbaycan dil normalarının kobudcasına pozulması hallarından dəfələrlə danışılıb müzakirələr bu gün davam edir.

Filologiya elmləri namizədi Etibar İnanc bildirib ki, bizim xalq danışıq zamanı əcnəbi söz işlətməyi kübarlıq hesab edir: "Ancaq bu düzgün deyil düşünürəm ki, artıq bunun qarşısını almaq lazımdır. Biz İslam dinini əsrlər əvvəl qəbul etdikdən sonra dilimizə ərəb sözləri keçdi həmin sözlər artıq lüğət tərkibimizə daxil oldu. Ancaq bu gün dilimizə artıq Avropadan da alınma sözlər daxil olur. Azərbaycan dili yetərincə zəngin bir dildir, öz sözlərimiz ola-ola əcnəbi sözlərdən istifadə etməyə ehtiyac yoxdur. Dilimizə düşən əsas viruslar ilk dəfə özəl telekanallar formalaşanda yaranmağa başladı. İnsan hansı dildə təhsil alırsa, o dildə düşünür, ifadə edəndə bu özünü göstərir. Məsələn, yeni çıxan mahnılarımız üzə çıxarılası deyil. Əsas rus dilindən dilimizə keçmə sözlər dilimizi korlayır, bayağılaşdırır. Artıq bunlara nəzarət edən qurumun yaradılması lazımdır, əks halda bizi böyük bir faciə gözləyir. Bunun qarşısını almaq üçün ilk növbədə xalqı maarifləndirmək lazımdır. Bütün məktəblərdə, ictimai yerlərdə öz dilimizdə danışmağı tənzimləmək bunu qanuniləşdirmək olar. İnkişaf etmiş Avropa ölkələrində linqivistik polislər var ki, sırf bu məsələyə nəzarət edir". Onun sözlərinə görə, mağazalara, kafelərə və otellərə ad qoyulanda xarici sözlərdən istifadə olunması da acınacaqlı vəziyyətdir: "Bu gün mağazalara "Çeburaşka", "Maloçka", kimi adlar qoyurlar. Bu, dilimizə hörmətsizlikdir. Hazırda Dilçilik İnstitunda sırf bu problemlə yaxından məşğul olmaq üçün xüsusi monitorinq heyəti yaradılır. Bu mövzuya televiziyada da saat ayrılmalıdır, müəyyən maarifləndirici işlər görülməlidir. Linqivistik polis kimi bir qurum yaradılana qədər, buna hələlik nəzarət edilməlidir. Bəlkə də indidən bunu tətbiq etmək yersiz olar, amma gələcəkdə dilimiz üçün bu çox vacibdir. Avropada belə bir qanun var ki, oxucu jurnalda, yaxud da qəzetdə hansısa bir səhv görərsə həmin mətbuat orqanını məhkəməyə verib cərimələyə bilər. Ancaq bizdə bu formalaşmayıb. Təəssüf ki, bizim həm radioda, həm televiziyada, həm də mətbuatda nəzərə çarpacaq qədər səhvlər olur. Nisbətən Azərbaycan Televiziyasının dili, daha çox dilimizə uyğundur. İctimai Televiziyanı da qənaətbəxş hesab etmək olar. Ancaq o biri televiziya kanallarında aparıcıların dilində hədindən artıq problemlər var. Efirdə aparıcıların "davay", "obşim" kimi ifadələri işlətməsi qətiyyən yol verilməzdir. Bu məsələyə qarşı təşkilatların, qurumların rəhbərliyi diqqətli olmalı və xüsusi nəzarət sistemi yaratmalıdır. Hər adam birbaşa efirə çıxarılmamalıdır, onlar əgər potensialı varsa bir müddət təlimatlandırılmalıdılar. Bu gün texanlogiya çox sürətlə inkişaf edir və demək olar hər gün dilimizə müxtəlif sözlər daxil olur. Bunlar orfoepiya qaydalarına görə müəyyənləşir. Məsələn, dilimizə "banan", "televizor", "telefon" kimi sözlər keçib, elə öz adında da qalıb. Elə sözlər var ki, onları bütün dünya olduğu kimi qəbul edib. Biz həmin sözləri özümüzünküləşdirmək yerinə, Azərbaycan dilində o sözü əvəz edəcək sözlər yaratmalıyıq. Bu həm də dilimizin inkişafı deməkdir". O, həmçinin əlavə edib ki, təmiz dil yoxdur: "Bizim dilə ərəb və fars mənşəli sözlər keçib. Qazax, qırğız, türkmən dillərinə də rus dilindən keçmə sözlər var. Bu gün dünyanın danışdığı dil ingilis dilidir, hətta ingilis dilindəki sözlərin belə yalnız 40% öz sözləridir. Qalan sözlər başqa dillərdən keçmədir. Fransanın müstəmləkəsi olanda, fransız dilindən keçmə sözlər, həmçinin latın, türk dilindən alınma sözlər var. Ancaq bu gün ingilislər, almanlar öz dillərinə alınma sözlərin daxil olmasına qətiyyən imkan verməzlər. Həmin xalqlar bu mövzuda çox vətənpərvərdilər. Ərəblər də bu mövzuda çox həssasdırlar. Həm xalq, həm də mütəxəsislər dilin saflığının qorunmasında çox işlər görməlidir. Mütəxəsislər dilimizə yeni daxil olan sözlərin əvəzləyicilərini yaratmalı, dilimizin düzgün istifadə olunmasına nəzarət etməlidirlər. Xalqın öhdəsinə öz dilimizi digər dillərdən üstün tutmaq düşür. Çünki bu dil bizimdir və biz onu qormağa borcluyuq. Hər bir xalqın formalaşmasında öz dilinin olması və qorunması vacib amillərdən biridir".

"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü bildirib ki, dünyada gedən qloballaşma prosesindən Azərbaycan da kənarda qala bilməz və qalmır da. Onun fikrincə, qloballaşma prosesinin mənfi və müsbət tərəfləri var: "Müsbət tərəfləri qloballaşmanın informasiyalı cəmiyyəti də özüylə sürətlə gətirməsidir. Bu da bəşəriyyətin inkişafında yeni bir səhifə açır. Amma bunun eyni zamanda mənfi tərəfləri də var. Mənfi cəhət budur ki, əgər biz dövlət və cəmiyyət olaraq bu məsələdə hazırlıqlı olmasaq bizim milli varlığımız, milli kimliyimiz və dövlətçiliyimiz üçün fəsadlar ortaya çıxa bilər. Məncə KİV-də dövlət dili ilə bağlı durum o qədər də qənaətbəxş deyil. Mən çox tənqid etmək istəməzdim, amma bu məsələdə jurnalistləri daha da diqqətli olmağa və imkan olarsa hətta deyərdim ki, mühafizəkar davranmağa səsləyirəm. Düzdür, belə deyəndə və ya yazanda ortaya arqument qoyurlar ki, işlərin çoxluğundan, informasiyanın sürətli axınından buna kifayət qədər vaxt ayırmaq olmur. Mən bu arqumenti də doğru sayıram. Amma istənilən halda biz bu məsələdə gücümüz yetən qədər məsuliyyətli olmalıyıq. Əks təqdirdə sürətli informasiya axını və biznes maraqları dilimizi elə hala sala bilər ki, uzun illər onun ağrısını çəkə bilərik. Addımların atılmasında dövlət qurumlarını, yaxud rəsmi şəxslərin fəaliyyətini daha vacib sayıram. Doğrudur ictimaiyyət də buna dəstək verməlidir və mən şəxsən öz təşkilatımız adından buna hazır olduğumuzu söyləyirəm. Amma bu məsələdə ictimai qınaq da bir yerə qədərdir və bəzən elə məqamlarla qarşılaşırsan ki, orada inzibati davranışlara böyük ehtiyac olur. Həm də dilçi alimlərimizin birləşdiyi komissiya müntəzəm olaraq təkliflər hazırlayıb təqdim etməli, onun həyata keçməsinə nəzarət işi düzgün təşkil edilməlidir".

Azərbaycan Dil Qurumu İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Anar Niftəliyev bildirib ki, ölkədə çıxan gündəlik, aparıcı qəzetlərin əksəriyyəti əcnəbi adları səhv yazır: "Yəni sözü ana dilimizin yox, özünün mənsub olduğu dilin qrammatik normalarına uyğun yazır. Əslində isə əcnəbi sözləri özümüzünküləşdirmək lazımdır. Söz yazıldığı kimi yox, bizim dilimizdə deyildiyi kimi yazılmalıdır. Amma mətbuat orfoqrafiya qaydalarının müvafiq (7, 8, 9, 10, 11, 12) maddələrini çox ciddi şəkildə pozmaqla sözü səhv yazır. Sözə qarşı ani biganəlik dilimizə qarşı hörmətsizliklə nəticələnir". Anar Niftəliyev əlavə edib ki, əcnəbi adlar dilimizin qaydalarına uyğun, yəni oxunduğu kimi yazılmalıdır: "Bu təzə qanun deyil ki, ötən əsrin 50-ci illərindən qəbul olunmuş qaydalardır. Bizim məqsədimiz kimlərəsə səhv tutmaq deyil. Biz gələcək nəsillərin təfəkkürünün düzgün formalaşmasına çalışırıq. Çünki indiki gənclik məktəbdə orfoqrafiyanı öyrənir, mediada isə başqa cür görür. Təbii olaraq bu da onu çaşdırır. Avtomatik olaraq, onun yaddaşında mediada oxuduğu cür qalır. Bilirsiniz ki, KİV dilin genişlənməyi, təmizlənməyi və zənginləşməyi prosesində vacib yer tutur. KİV qədər dilə xidmət edən ikinci bir sahə yoxdur. Ona görə də mətbuatın hər hansı bir yanlışlığı dilə mənfi baxımdan çox sürətlə təsir edir. Əgər mətbuat dilin qayda-qanunlarını qorusa, dilimiz öz normalarına uyğun olaraq inkişaf edəcək. Mətbuatın qaydaları pozması isə dil normalarını dağıdır. Biz hədəfimizi doğru seçmişik. Yəqin ki, qısa zaman kəsiyində mətbuatın dilindəki problemləri aradan qaldırmaqla dilimizin saflığının qorunmasına və inkişafına nail olacağıq". Bəzi əcnəbi sözlərin dırnaq içərisində yazılmasına gəldikdə isə Anar Niftəliyev mətbuat nümayəndələrini bu vərdişdən imtina etməyə çağırıb. Birliyin sədri deyib ki, əcnəbi sözlərin dırnaqda verilməsini qurum ciddi şəkildə qınayıb: "Dilimizin lüğət tərkibi həddindən artıq zəngindir. Sadəcə bizim jurnalistlər sözü axtarıb tapmaq istəmir. Hər hansı bir əcnəbi sözün dilimizdəki qarşılığı yazılmalıdır. Yoxdursa da, jurnalist, publisist düşünüb tapmalıdır. Çünki söz adamı olaraq, sözləri aktivləşdirmək onun borcudur. Yoxsa ki, ara danışıqlarında, məişət söhbətlərində istifadə etdiyimiz əcnəbi sözləri mətbuata gətirib, dilimizin qaydalarını korlamaq və gənclərin formalaşmasına mənfi təsir etməli deyil. Zənnimcə, ingilis və ya rus sözlərini dırnaqda yazıb vəziyyətdən çıxmaqla mətbuat nümayəndələri dilimizin qaydalarını da məhv edirlər. Hər sahənin öz məsuliyyəti var, jurnalistlərin də vəzifəsi sözlərin düzgün formasını tapıb cəmiyyətə çatdırmaqdır. Sözlərin qarşılığı olmayanda, KİV söz yaratmağa cəhd eləməli və sözü tapıb cəmiyyətin ixtiyarına buraxmalıdır. Daha əcnəbi dildə olduğu kimi yazıb, özlərini və xalqı aldatmaq yox".

Millət vəlkili Nizami Cəfərov vurğulayıb ki, bu problemlə bağlı çox fikirlər səslənib: "Hətta Milli Televiziya və Radio Şirkəti (MTRŞ) ilə birgə məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb... Xalq dilindən və dünyanın müxtəlif dillərindən yeni sözlər gəlir. Bu, canlı prosesdir. Bu məsələdə də peşəkarlığın üstünə qayıdıram. Dil peşəkarlığı və normalarına əməl olunmur. Ən ciddi bəla məişət dilinin efirlərə gəlməsidir. Bu çox arzuolunmaz haldı. Çoxlu söz danışılır, amma içində heç bir məntiq olmur. Baxırsan ki, dil boşuna işləyir. Dil enerjisi yoxdu. Yaddaqalan fikir söylənilmir. Dedi-qodu təfəkkür məhsulu sayılmır. Belə olan halda dil inkişaf edə bilməz. Bu problemin həlli üçün belə bir təklif irəli sürmüşük ki, TV-lər müasirlik və yüksək keyfiyyət istəyirsə, öz nəzdində nitq mədəniyyəti və ya başqa adla şöbə yaratmalıdır. Bu sahə daha ciddi nəzarətə götürülməlidir. Belə olan halda nəsə əldə etmək mümkündür. Bu fəsadların qarşısını administrativ səviyyədə almaq olmaz".

 

Əli

Xalq Cəbhəsi.- 2014.- 16 oktyabr.- S.11.