Güney Azərbaycan
soraqları Avropada
Amerikanın İndiana Universitetinin professoru, görkəmli
alim, türk folklorunun Amerikada tanıdılması ilə
bağlı çoxsaylı elmi işlərin müəllifi
İlhan Başgöz 1984-cü ildə Güney Azərbaycan
aydınlarından olan Əli Əsgər Müctəhidinin
"Əmsal və hekəm dər ləhceye-məhəlliye-Azərbaycan"
("Azərbaycan yerli dialektlərində atalar sözləri
və hikmətlər") kitabını "Azərbaycan
atalar sözləri" ("Azerbaijanian proverbs") adı ilə
çap etdirib. Bu dəyərli əsərin redaktoru Həsən
Cavadi və professor İlhan Başgöz kitaba ön söz
yazıblar.
Əli Əsgər Müctəhidi 1905-ci ildə Təbrizdə
varlı ziyalı ailəsində doğulub. O, gənc yaşlarından
Azərbaycan ədəbiyyatına, ayrıca olaraq folkloruna
böyük maraq göstərib, onları öyrənib, bir
sıra folklor materialı toplayıb. Onun
topladığı Azərbaycan atalar sözləri ilk dəfə
1955-ci ildə Təbrizdə çap edilib. O, Güney Azərbaycanın
bölgələrini qarış-qarış gəzib, folklor
materiallarını toplayıb və sistemləşdirib.
Əli Əsgər Müctəhidi türk, fars,
ingilis, fransız, ərəb dillərini bildiyinə görə
topladığı Azərbaycan atalar sözlərinin bu dillərdəki
mümkün qarşılığını da verib.
Kitaba
ön söz yazan professor İlhan Başgöz Azərbaycan
atalar sözlərinin toplanmasını bir milli iş kimi dəyərləndirib,
atalar sözlərini Güney Azərbaycanda yaşayan türklərin
öz milli varlıqlarını qorumaq, təsdiq etmək vasitəsi
kimi dəyərləndirib. Professor İlhan
Başgöz milli irsə münasibətdə
yaşadıqları rejimin yaratdığı şərait
baxımından Quzey Azərbaycanla Güney Azərbaycan
arasında fərqlərin olduğunu bildirib. O, Quzey Azərbaycanda
1926-cı ildən başlayaraq Azərbaycan ata sözlərinin
nəşri ilə bağlı görülmüş işləri
xatırladıb. Alim bu işlər sırasında Hənəfi
Zeynallının 1926-cı ildə Bakıda çap
olunmuş "Azərbaycan ata sözləri", Həmid
Araslının 1938-ci ildə Bakıda çap etdirdiyi
"Atalar sözü", Əbülqasım Hüseynzadənin
1956-cı ildə Bakıda çap etdirdiyi "Atalar
sözü", 1956-cı ildə Bakıda rus dilində nəşr
olunmuş "Azərbaycan atalar sözləri və deyimləri"
və Əhliman Axundovun 1968-ci ildə Bakıda çap
etdirdiyi "Azərbaycan folkloru antologiyası"
kitablarının adını çəkib. Alim
bununla yanaşı XX yüzillikdə Azərbaycanın
güneyində folklor materiallarının toplanması və nəşri
ilə bağlı görülmüş işləri də
qeyd edib. Onun fikrinə görə, gözəl
ziyalı Əli Əsgər Müctəhidinin kitabı
Güney Azərbaycanda türk atalar sözlərinin
toplanması sahəsində görülmüş ən ciddi
işlərdən biridir.
Amerikanın İndiana Universitetinin çap etdirdiyi
"Azərbaycan atalar sözləri" ("Azerbaijanian
Proverbs") kitabında üç mindən çox atalar
sözü və hikmətli deyimlər var. Kitaba Təbriz
Universitetinin professoru Məhəmməd Əli Daneşvər
izah xarakterli ön söz yazıb. Professor Məhəmməd
Əli Daneşvərə görə, atalar sözləri və
hikmətli deyimlər hər bir mədəniyyətin
gücünü göstərən qiymətli xəzinədir.
Atalar sözü və hikmətli deyimlər məxsus
olduğu xalqın duyğu və düşüncələrini,
arzu və istəklərini, dünyagörüşlərini,
istedad və qabiliyyətlərini, əxlaq ölçülərini
göstərir. Atalar sözlərini
öyrənmək onun aid olduğu xalqı tanımaq deməkdir.
Bundan başqa Əli Əsgər Müctəhidi tərəfindən
kitabın xarakterini, özəlliklərini, tərtib prinsiplərini
açıqlayan giriş sözü verilib. O, giriş sözündə
göstərir ki, bu atalar sözləri indi də Güney Azərbaycanda
insanlar arasında yaşayır. Onları toplamaq,
sistemləşdirmək çox önəmli bir məsələdir.
O, atalar sözlərini toplayarkən bu nümunələri
söyləyicinin dediyi kimi qələmə alıb. Əli Əsgər Müctəhidi kitabı
aşağıdakı prinsiplər əsasında tərtib
edib.
O, atalar
sözlərinin dil və üslubuna toxunmayıb, kitabın
sonunda əlifba sırası ilə çətin sözlərin
lüğətini verib. Lüğətdə Azərbaycan
türkcəsində bir söz verilib, sonra bu sözün
farsca tərcüməsi, daha sonra isə verilmiş
sözün başqa bir sinonimi göstərilib.
Azərbaycan türkcəsində verilmiş atalar
sözlərinin qarşısında farsca, bir sıra hallarda ərəbcə,
bəzən ingiliscə və fransızca
qarşılıqları verilib. Müəllif əsasən
daha geniş yayılmış atalar sözlərinə yer
verib, bir sıra hallarda isə bu atalar sözlərinin və
hikmətli deyimlərin variantlarını da göstərib.
Müəllif Azərbaycan atalar sözlərini əlifba
sırası ilə təqdim edib. Əli Əsgər
Müctəhidi kitabın sonunda mənbə və
qaynaqları da göstərib. O, bu qaynaqlar
sırasında Mirzə Əli Əkbər Xan Dehxudanın,
Qulamrza Vahidinin, Yusif Rəhmətinin, Mirzə Əli Batkubinin,
Hacı Hüseyn Ağa Xətayinin, Sadiq Əmir Aslaninin, Mirzə
Yusif Xan Rəyahinin, Mirzə Məhəmmədtağı Mərağinin
və bir sıra başqa şəxslərin tərtib etdikləri
kitabların adını çəkir. Bütövlükdə
onun göstərdiyi qaynaqların sayı 41-dir. Bununla
yanaşı Əli Əsgər Müctəhidi fars, ərəb, ingilis, fransız dillərində
nəşr olunmuş çoxsaylı qaynaqlardan da istifadə
edib.
Kitabın özəlliklərindən biri də budur ki,
tərtibçi Azərbaycan atalar sözünü və bu
atalar sözünün farsca, ərəbcə, ingiliscə və
ya fransızca qarşılığını göstərdikdən
sonra həmin atalar sözünün mümkün
variantını da mətnə əlavə edib. Bundan sonra
müəllif təqdim olunmuş atalar sözünün ifadə
etdiyi mənanı çox qısa şəkildə
açıqlayıb. İndi də Əli Əsgər
Müctəhidinin kitabında toplanmış çox dəyərli
atalar sözləri ilə bağlı bitkin təsəvvür
yaratmaq üçün bir sıra nümunələr verməyi
zəruri sayırıq:
"Annıyana (anlıyana) bir tikə, ya bir kəlmə
bəsdir".
"Balığı hər vəxt dudsan tazədür".
"Cücəni payızda sayarlar".
"Kəsik baş söyləməz olar".
"Yeyənlə geyəninkin Allah yetirər" və
s.
Əli Əsgər Müctəhidinin "Azərbaycan
atalar sözləri" kitabı Azərbaycan folklorunu,
ayrıca olaraq Azərbaycan atalar sözlərini tanıtmaq
baxımından çox dəyərlidir. Müəllifin
uzun illər boyu Güney Azərbaycanın bölgələrini
gəzərək topladığı atalar sözlərini
sistemləşdirməsi, çap və tərcümə etməsi,
onlara zəruri izahlar yazması, atalar sözlərinin dilinə
toxunmaması məsələyə elmi yanaşmanın nəticəsidir.
İngilisdilli qaynaqlarda Azərbaycan folkloru ilə
bağlı öyrənilən məsələlərdən
biri də tapmacalardır. Amerika alimi Andres Tietz
"Türk və İran tapmacaları" adlı məqaləsində
Türk və İran tapmacalarını müqayisə edərkən
Azərbaycan tapmacalarından da nümunələr verib.
O, araşdırmasında Azərbaycan tapmacalarının
orijinalını verməklə yanaşı, onları ingilis
dilinə də tərcümə edib. Alim Azərbaycan
tapmacalarını araşdırarkən qaynaq olaraq 1928-ci ildə
Bakıda Hənəfi Zeynallının çap etdirdiyi
"Azərbaycan tapmacaları" və eyni ildə Vəli
Xuluflunun Bakıda nəşr etdirdiyi "Tapmacalar"
kitablarından istifadə edib.
Bu
araşdırmanın ən önəmli cəhətlərindən
biri odur ki, alim tapmacaları şərh edərkən demək
olar, bütün türk məkanında, məsələn,
Türkiyə türkləri, qaqauz türkləri, Azərbaycan
türkləri, türkmən türkləri, uyğur türkləri,
tatar türkləri və özbək türklərində
eyni tapmacanın variantlarını üzə
çıxarıb və onları fars-tacik tapmacaları ilə
müqayisə etməyə çalışıb. Alim bu
yolla türk və fars xalqlarının mədəniyyətində,
folklor düşüncəsində sıx
bağlılığın olduğunu irəli sürüb.
Bu xalqların dilləri ayrı-ayrı dil ailələrinə
daxil olsa da, bu dillər bir-birinə təsir edib, türk
sözləri fars dilinə, fars sözləri
də türk dilinə keçib. O, fikrini təsdiq etmək
üçün tez-tez türk və fars
tapmacalarından misal gətirmişdir. Bunlardan birinə baxaq:
Türk:
Sabah dört ayaklı,
Ögle
iki ayaklı,
Akşam üç ayaklı.
(Emekliyen
çocuk, delikanlı, bastonlu ihtiyar)
Fars
(Tehran):
Sobh
çahar past,
Zohr do pa,
Əsr se
na.
(Adam)
Sübh
dördayaqdır,
Günorta
ikiayaqlı,
Axşam üçayaqlı.
Göründüyü kimi, eyni anlayış demək
olar ki, eyni obrazlarla verilib. Hər iki tapmaca
yığcamdır və bir insanın doğuluşundan
ölümünə qədər olan bir mərhələni dəqiq
biçimdə ifadə edir. Bu tapmacalar
arasında ancaq dil fərqi var. Alim bu oxşarlığın
təsadüfi olmadığını sübut etmək
üçün başqa misallar da gətirir. Məsələn:
Türk:
Alemi bezer,
Kendisi
çıplak gezer. (İgne)
Fars:
Həme
ra mipuşanəd,
Əmma xodəş həmişe loxt əst. (Suzən)
Aləmi
bəzər,
Özü lüt gəzər. (İynə)
Məqalənin önəmli cəhətlərindən
biri də budur ki, alim türk tapmacalarını verərkən
ayrı-ayrı türk xalqlarının folklorundan istifadə
etdiyi kimi, bu tapmacaların farsca
qarşılığını verəndə də farsdilli
xalqların, məsələn, əfqan, tacik xalqlarının
folklorundan istifadə edib.
Müəllif məqaləsində tapmacaların poetik
quruluşuna da toxunur. Ona görə, tapmacaların həcmi
kiçik olsa da, onların böyük mənası var.
Dörd sətirdən ibarət olan tapmacaların poetik
quruluşu, o sıradan qafiyələnməsi manilərdəki
kimidir. Adətən birinci misra giriş məzmununda
olur, əsas fikir isə üçüncü və
dördüncü misralarda verilir. Birinci və
ikinci misranın ayrılıqda demək olar, heç bir mənası
olmur. Ancaq təkərləmədə
olduğu kimi, əsas fikrin deyilməsi üçün şərait
hazırlayır. Səslərin təkrarı,
müəyyən bir obrazın əyani
görüntüsünün yaradılması başlıca
ideyanın verilməsinə xidmət edir. Alim
bu fikrini əsaslandırmaq üçün Qaqauz və Azərbaycan
folklorundan nümunə verib.
Qaqauz:
Min min
minare,
Dibi kanare.
Yüz
bin çiçek,
Bir lale.
Azərbaycan
(Qarabağ):
Min minarə,
Dibi qarə.
Yüz
min çiçək,
Bir yarpaq.
(Ulduzlar,
ay)
Azərbaycan
(Zəngəzur):
Çiy
ipəy,
Çiləmə ipəy.
Yüz
min çiçəy,
Bir yarpaq.
(Ay və
yıldızlar)
Bu
tapmacalardan da göründüyü kimi, ilk iki misra ("Min
min minarə, dibi kənarə", "Min minarə, dibi qarə",
"Çiy ipəy, çiləmə ipəy") ilk
baxışda tapmacanın məzmunu ilə bağlı deyil. Ancaq əslində ilk iki misra sonrakı misralarda ifadə
olunan fikrin deyilməsinə yol açır. Belə ki, ilk iki misrada olan "min min minarə"
deyimi çoxluğu, sayılması mümkün olmayan bir
anlayışı ifadə edir. Elə
göydəki ulduzları da saymaq mümkün deyil. Başqa yöndən isə birinci, ikinci misra ilə
üçüncü, dördüncü misra arasında səs
bağlılığı da var.
Alim şərti olaraq "səma tapmacaları"
adlandırdığı tapmaca mətnlərini
araşdırarkən ayrı-ayrı türk xalqlarının
eyni məzmunlu tapmacalarında bir sıra söz fərqlərinin
olduğunu da göstərib. Məsələn, səma
anlayışı ilə bağlı Krım türklərinin
söylədiyi tapmacada səma "lalə" sözü ilə
ifadə edilib. Ancaq eyni məzmunlu Azərbaycan
tapmacasında səma anlayışı "piyalə"
sözü ilə bildirilib. Alim bu cür fərqlərin
səbəbini ayrı-ayrı türk xalqlarının
Osmanlı türklərinə və ya Mərkəzi Asiya
türklərinə yaxınlığı ilə izah edir.
Azərbaycan türkləri hər zaman
Osmanlı türkləri ilə sıx bağlı olub.
Vəfa İbrahimova,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.-
2014.- 17 oktyabr.- S.13.