Azərbaycan mətbuatı: tarixi-xronoloji
baxış
I yazı
XIX yüzilin əvvəllərindən başlayaraq
dünyadakı ictimai-siyasi proseslər bu və ya başqa
şəkildə Azərbaycanın həyatına təsir etməyə
başladı.
Onillər boyunca Zaqafqaziyanın inzibati-mədəni
mərkəzinin Tiflis olması mətbuat və ədəbiyyata
da təsirini göstərmişdi. Bakıda
ilk rus qəzetinin nəşrinədək xalqımızın
iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə
çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin
20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti",
"Zakavkazski vestnik", "Kavkaz", "Novoye
obozreniye" və başqa qəzetlərdə Azərbaycan
xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli
yer tuturdu.
"Tiflisskiye vedomosti" qəzeti Qafqazda rus dilində
çıxan ilk qəzet idi. Burada dekabristlərin iştirakı,
qəzetin redaktor müavini V.D.Suxorukovun 14 dekabr hadisələri
ilə sıx əlaqədar olması və s. haqqında məlumatlar
əksini tapıb.
Təbiidir
ki, o dövrdə Azərbaycana sorağı az
da olsa gəlib çıxan bu nəşrlərin yeni
çağın ictimai mühitinə təsiri
yavaş-yavaş yaranır, silsilə ilə artırdı.
Rus-Azərbaycan ədəbi əlaqələri
haqqında araşdırmalar aparan alimlər "Tiflisskiye
vedomosti" qəzeti haqqında da yeri gəldikcə fikirlərini
bildiriblər.
"Tiflisskiye vedomosti" qəzetinin bəzi məqalələri
mərkəzi qəzetlərdə yenidən dərc edilirdi.
Bu qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə
fars dilində, 1832-ci ildə isə Azərbaycan
dilində də buraxılıb. Azərbaycanca qəzetin
adı "Tiflis əxbarı" idi.
XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və
ictimai inkişafı milli mətbuatın yaranmasını gərəkli
edirdi. Bu zərurəti dərk edən görkəmli
maarifçi Həsən bəy Zərdabi hökumətə
müraciət edərək çətinliklə olsa da belə
bir qəzetin nəşrinə icazə ala bilmişdi. Qəzetin
nəşri üçün Zərdabi İstanbuldan xüsusi
ərəb mətbəə şriftləri gətirtməli
olmuş və xeyli əziyyətdən sonra 1875-ci ilin 22
iyulunda Bakıda qubernator mətbəəsində qəzetin
ilk nömrəsinin nəşrinə nail ola
bilmişdi. "Əkinçi"nin nəşrilə
həm də milli mətbuatımızın əsası
qoyulmuşdu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29
sentyabrına qədər nəşr edilən
"Əkinçi" qəzetinin ümumilikdə 56 sayı
işıq üzü görüb. Qəzet
ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Artıq illərdir ki, "Əkinçi" qəzetinin
işıq üzü gördüyü gün Azərbaycanda
"Milli Mətbuat günü" kimi qeyd edilir.
"Əkinçi" qəzetinin o çağkı
Azərbaycan ictimai mühitinin ulusal əsaslar üzərində
yaranmasına və inkişafına da ciddi təsiri oldu. Qəzetdə Moskvadan Nəcəf
bəy Vəzirov və Əsgər ağa Gorani,
Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı
Əlizadə Şirvani, Dərbənddən Heydəri və
Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri
və başqalarının yazıları dərc olunurdu.
1877-ci il sentyabrın 29-da
"Əkinçi"nin nəşrinə rəsmən xitam
verildikdən sonra "Ziya", "Kəşkül" qəzetləri
işıq üzü gördü.
Araşdırmaçılar hesab edir ki, "Kəşkül",
"Əkinçi" ilə "Ziya" arasında orta bir
mövqe tutmuşdu. Ümumiyyətlə,
"Əkinçi"yə meyl hiss edilir. Ziyalıların şüurunda "Azərbaycan milləti"
məfhumunun oyanması "Kəşkül"
dövrünə təsadüf edirdi. Onlar
başa düşmüşdülər ki, "din" və
"millət" məfhumları ayrı-ayrı şeylərdir.
"Kəşkül" qəzeti öz səhifələrində
bu məsələləri aydınlaşdırmağa səy
göstərmiş və ictimai-siyasi şüurun
inkişafına kömək etmişdi. "Kəşkül"
Azərbaycan millətinin inkişafı və başqa millətlərlə
dostluq əlaqələrini möhkəmlətməsi
haqqında da müsbət səciyyə daşıyan məqalələr
çap edirdi. Bu məqalələrin bir
çoxu mövzusu, ideya istiqaməti, dil-üslubu ilə fərqlənirdi.
Maraqlı
bir fakta diqqət edək: 1870-ci ildən 1889-cu ilədək
Qafqazda 56 mətbuat orqanı fəaliyyət göstərib. Bunun 20-si rus dilində, 15-i gürcü dilində,
15-i erməni dilində, 3-ü Azərbaycan (türk) dilində
idi. Ayrı-ayrı elmi cəmiyyətlərin,
idarə və təşkilatların rəsmi nəşrləri
də nəzərə alınsa, rəqəm 69-a çatar.
Həmin mətbuat orqanlarının bir çoxunun
ömrü çox az olub. Cəmi
23 mətbuat orqanı 5 ildən yuxarı yaşaya bilib.
Bunlardan rus nəşrləri aşağıdakılardır:
"Qafqaz", "Tiflisski vestnik", "Tiflisskiye
obyavleniya", ("Tiflisski listok"), "Kaspi",
"Yuridiçeskoe obozrenie", "Bakinskiye izvestiya",
("Bakinski torqovo-promışlennı listok") və
"Severnı Kavkaz".
Bakıda rus dilində çıxan qəzetlər
ideya-siyasi nöqteyi-nəzərindən Qafqazın digər
şəhərlərində çıxan rus qəzetləri
ilə bir cərgədə gedirdi. Azərbaycanda
çıxan ilk rus qəzeti "Bakinski listok" hesab edilir.
Qəzetin redaktoru Bakı Real
gimnaziyasının müəllimi Xristian Sink idi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 19-da
(6-da) çıxmış, iyun ayında
bağlanmışdı. 1872-ci ilin yanvarında qəzetin
nəşri yenidən bərpa olunmuş, həmin il iyunun 3-dək davam etmişdi.
1876-cı ildə Bakıda rus dilində ikinci bir qəzet
"Bakinskiye izvestiya" nəşrə başladı. Bu qəzet
quberniya idarəsinin rəsmi orqanı idi və general-qubernator
D.Staroselskinin təşəbbüsü ilə
buraxılmışdı. Staroselski 1875-ci
ildə "Əkinçi" qəzetinin nəşrinə
də kömək etmişdi. Onun
"Bakinskiye izvestiya" qəzetini çıxarmaqda məqsədi
Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək
idi. O, hələ qəzet çıxmazdan xeyli əvvəl
quberniya idarəsinin nəzdində mətbəə
açmışdı, çapçılar dəvət
etmişdi. 1888-ci ildən sonra qəzet
"Bakinski torqovo-promışlennı listok" adı ilə
çıxıb.
1894-cü ilin yanvarından "Bakinskiye qubernskiye
vedomosti" adlı rəsmi dövlət qəzeti də fəaliyyətə
başlayır. Qəzet teleqram və elanları olan əlavəsi
ilə çıxırdı. Bu teleqram və
elanların bir hissəsi Azərbaycan dilində
buraxılırdı. Qəzet 1916-cı ilə
qədər çıxıb. Adları
çəkilən bu qəzetlərin hamısında rəsmi
xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş
yer tuturdu. Bakıda rus dilində
çıxan burjua qəzetləri içərisində
"Kaspi" qəzeti daha uzun ömür sürmüş,
müxtəlif dövrlərdə cəmiyyətin həyatını
öz baxışları nöqteyi-nəzərindən əks
etdirmişdi. Qəzetin 1881-ci ildən
1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi
çıxıb.
"Kəşkül" qəzeti bağlandıqdan
sonra Tiflisdə Azərbaycan dilində mətbuat orqanı
yaratmaq üçün bir neçə dəfə təşəbbüs
olmuşdu. Məsələn, Məmmədağa Şahtaxtinski
1896-cı ildə Azərbaycan dilində "Tiflis"
adlı, Kamal Ünsizadə isə 1900-cü ildə
"Daniş" adlı qəzet çıxarmaq istəmişdilər.
Lakin onların təşəbbüsü fayda
verməmişdi. M.Şahtaxtinskinin "Şərqi-rus"
adlandırdığı qəzetin birinci nömrəsi
1903-cü il martın 30-da
çıxıb. Əvvəllər o, həftədə
üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə
çevrilir. Araşdırmaçıların
fikrincə, "Şərqi-rus" qəzeti XX əsrin ilk Azərbaycan,
həm də ilk gündəlik Azərbaycan qəzetidir.
Azərbaycan mətbuatının qürurverici tarixi nəşrlərindən
biri də "Molla Nəsrəddin" jurnalıdır. Jurnalın
redaktoru Cəlil Məmmədquluzadə idi. Jurnalın
birinci nömrəsi 1.000 nüsxə tirajla çap olunub
yayılandan sonra az müddətdə
"Molla Nəsrəddin" adı dillərdə gəzməyə
başladı. Nəticədə jurnalın 2-ci
nömrəsi 2.000 nüsxə tirajla
çıxarıldı. C.Məmmədquluzadə senzor
tərəfindən jurnalda nəşr olunmasına icazə
verilməyən şəkillərin və ya materialların
yerini ağ saxlayır və yaxud "Bizdən
asılı olmayan səbəblərə görə bu yer
ağ qaldı" deyə yazırdı. "Molla Nəsrəddin"in
cəsarətli çıxışları onunla nəticələndi
ki, 1907-ci il iyunun 8-də Tiflis
general-qubernatoru jurnalın bağlanması haqqında əmr
verdi. Bakıdan, Şəkidən,
Zaqafqaziyanın bir sıra başqa yerlərindən Tiflisə
jurnalın nəşrinin bərpasını tələb edən
məktublar gəlirdi.
Qısa fasilədən sonra jurnalın 23-cü nömrəsi
iyulun 25-də çıxdı. 1908-1909-cu illərdə
bir neçə dəfə "Molla Nəsrəddin"
jurnalını bağlamağa təşəbbüslər
edilmişdi.
1911-ci il noyabrın 29-dan Bakıda "Məktəb"
adlı yeni bir uşaq jurnalı nəşrə
başladı. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra 1921-ci ildə nəşrə başlayan
"Maarif" (cəmi 2 nömrəsi çıxıb) və
"Qırmızı günəş" (sonra
"Qızıl cavanlıq"), 1923-cü ildən
çıxan "Gənc pioner", 1927-ci ildən
çıxan "Pioner" jurnalları, "Azərbaycan
pioneri" qəzeti və s. mətbuat orqanları nəşr
olunur. Azərbaycan mətbuatının sovet
dövrü Azərbaycanın sovet Rusiyasının
istilası dövründə yaşamını özündə
bütün çalarlarıyla əks etdirir.
1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr
olunub. Azərbaycan
dilində "Bakı Fəhlə Konfransının
Əxbarı", "Azərbaycan gəncləri",
"Hürriyyət","Haqq", "Füqəra sədası",
"Zəhmət sədası", "Oktyabr
inqilabı", "Gənc işçi", "Azərbaycan
füqərası", rus dilində "Nabat",
"Molot", "Proletari", "Raboçi put",
"Qolos truda", "Bednota", "Molodoy
raboçi", "Novı mir" və başqaları Azərbaycan
bolşeviklərinin nəşr etdikləri qəzetlər idi.
Bu qəzetlərin ömrü az olub, bəzilərinin
cəmi bir və ya bir neçə nömrəsi
çıxıb. "Kommunist" qəzeti "Hümmət",
"Qoç-Dəvət", "Təkamül",
"Yoldaş", "Hümmət" (1917-1918-ci illər),
"Bakı Şurasının Əxbarı" kimi
bolşevik qəzetlərinin davamçısı olaraq meydana
çıxdı.
Sovet
hakimiyyətinin sonuna kimi çıxmış əsas
bolşevik-kommunist qəzeti olan "Kommunist"in 1919-cu il avqustun 29-da ilk sayı işıq üzü
görüb. Azərbaycan bolşevikləri
"Kommunist"i o dövrün hökumət orqanlarından
(Azərbaycan Xalq Cümhuriyyətindən) xəbərsiz, yəni
gizli buraxmışdılar. "Kommunist"in 1919-cu il gizli çıxan nömrəsini Ruhulla
Axundov redaktə etmişdi. Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra 1920-ci il aprelin 30-da
Əliheydər Qarayevin redaktorluğu ilə "Kommunist"
qəzeti leqal şəkildə öz nəşrinə
başladı.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində
"Kommunist" və "Bakinski raboçi" qəzetlərinin
səhifələrində qəzalardan tez-tez materiallar dərc
olunurdu.
1923-cü il iyunun 16-da Bakıda "Kəndçi
qəzetəsi"nin birinci nömrəsi çapdan
çıxdı.
Azərbaycan
Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi
Komitəsi (KPMK) 1923-cü il iyulun 2-də Bakıda Şərq
qadınlarının, xüsusilə Azərbaycan
qadınlarını ictimai-siyasi həyata alışdırmaq
məqsədilə aylıq, ədəbi, ictimai və siyasi
jurnal olan "Şərq qadını"nın nəşr
olunmasını qərara aldı. "Şərq
qadını" jurnalının 1-ci nömrəsi 1923-cü
ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə
tirajla çapdan çıxmışdı. Jurnalın ilk redaktoru Ayna Sultanova olub. 1938-ci ildən "Şərq qadını",
"Azərbaycan qadını" adı ilə nəşr
olunmağa başlayıb.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 18 oktyabr.- S.11.