Adını sənət tarixinə yazmış rəssam

 

Səttar Bəhlulzadənin vəfatından 40 il ötdü

 

I yazı

 

O, 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V.Favorskinin Q.Şaqalın tələbəsi olub. Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə Moskva s. şəhərlərin muzeylərində saxlanılır. 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib. Əmircan köndində dəfn olunub, qəbri üstündə abidəsi ucaldılıb.

Səttar Bəhlulzadə doğma Azərbaycanı başdan-başa böyük məhəbbətlə dolaşıb onun təbiətinə, sayagəlməz nemətlərinə vurğunluğunu bənzərsiz bir bədii biçimdə dünyaya göstərdi. "Ömür qatarı"ndan "ölüm qatarı"na minəndə dünyanı öz boyaları, öz cizgiləri, bənzərsiz əlçatmaz "Səttar görümü" ilə tərk etdi, ecazkar rənglərində "əriyib" əbədiyyətə qovuşdu, adını sənət tarixinə yazdı. Rəssamlıq tarixində isə oxşarı olmayan "Sənətin Məcnunu" ayamasını qazandı. Məcnunluğu müəyyən səbəblərdən özünə həm kədərə bələnmiş sevinc gətirsə , başqalarına "Səttar dünyası" adlı qeyri-adi, nəhayətsiz bir gözəllik qaynağı bağışladı. Özünün sənətinin bənzərsizliyinin nəticəsidir ki, bir ömürdə bəlkə bir-neçə tale yaşadı. 65 illik ömür payında dahi hesab edilməsilə yanaşı, onun özündə təzadlı dəyərləri hifz edən qəribə şəxsiyyət kimi qəbulu da təbii idi. Çünki Səttar doğrudan da bənzərsiz təkrarsız idi, ona görə ki, o dünyanı müasirlərindən, rəssam həmkarlarından da çox fərqli duyur, görür kətanda gerçəkləşdirirdi. Əslində o qəribə barmaqlar sanki "magik kristal"dan dünyaya göz qoyan baxışlar məhz belə bir nağılvari-ideal bədii gözəllik yaratmaq üçün ona bəxş olunmuşdu. O, bu qədər təzadlı olan dünyamızda özünü həm lirika ilə ifadə edən "kədər məcmusu" idi. Odur ki, bütün ömrü kədəri dərk etmiş bir şəxsiyyətin acılı-şirinli hekayətidir.

O, bütün mənalarda seçilən olsa da, bütün böyük şəxsiyyətlər kimi onun da qeyri-adi keyfiyyətləri ilə yanaşı, qəribə meylləri, hətta çatışmazlıqları da vardı. Hələ uşaqlığından gələcək qeyri-adiliyinin işığını özündə gəzdirən Səttar yəqin ki, elə bu cür ömür sürməliydi. Bu səbəbdən zamanın maneələr dramatizmi onu sındıra bilmədi. Sənət tarixinə yaratdığı ecazkar əsərlərilə daxil oldu, müasirlərinin yaddaşında həm elə başqalarına bənzəmədiyinə, bütün ömrü boyu onu izləyən zaman-zaman dramatikləşən kədəri sevinclə əvəzləyə bilmək qüdrətinə görə qaldı.

Onu görənlərə, təmasda olanlara görkəmini xatırlatmağa ehtiyac yoxdur. Elə görməyənlər bizə yadigar qalan çoxsaylı fotoşəkillərdən onun çox qəribə bənzərsiz olduğunu görə duya biləcəklər. Əgər rəssamın sözlə portretini çəkmək kimi bir çətin işə qol qoysaq, onda deməliyik ki, onun çox sadə görkəmi vardı. Nimdaş geyimdən "boylanan" bu sadəlik zəmanəsinə görə o dərəcədə qabarıq idi ki, bəzən ona onu tanımayanların münasibəti ağlasığmaz dərəcədə təzadlı gözlənilməz olurdu. O, bundan çox vaxt inciməzdi .

Az qala bu dünyanın adamı olmadığını hər addımda hamıya sübut etdirən Səttar yəqin ki, elə bu cür olmalı idi. Moskvalı sənətşünas Qriqori Anisimovun təbirincə desək, Səttarın bu dünyaya sığışmadığını söyləməyə tam əsası vardı. Fiziki mənada bizimlə - hamı ilə olsa da əsl dünyası emalatxanası, bir ünsiyyətdə əhatəsində olduğu çox sadə adamlar idi. Adi kənd adamına ən qiymətli əsərini qızırqanmayan rəssam, onu xoşu gəlməyən ən yüksək vəzifəliyə belə verməzdi. Səttar əsərinin Azərbaycanın ən ucqar bir nöqtəsində, adi bir insanın evində asılmasından qürur hissi keçirərdi. Onun böyük el məhəbəti qazanmasında bu amilin böyük rol oynadığı birmənalıdır. Səttar əgər özünə həmdəm saydığı təbiət motivləri ilə onların "dilində" danışmağı bacarırdısa, bu, onun həm xalqına, Vətəninə bağlılığından irəli gəlirdi. Yalnız Vətəninin xalqının dərdini sevincini bilən, ona acıyan, ondan fərəhlənən kəs ona qəlbində bu cür bədii qürur heykəli ucaltmağı bacarardı. Onun sehrli fırçası, bu cür təsirli, çoxmənalı, ecazkar solmaz boyaları doğma Azərbaycan təbiətini sözün əsl mənasında bizim üçün yenidən kəşf etdi. Səttar fırçası bizə Vətən torpağını Vətəndə yaşaya-yaşaya təzədən tanıtdırdı, desək, yanılmarıq.

Səttar sözü üzə deməkdən çəkinməzmiş. Qarşısındakı adamın kimliyindən asılı olmayaraq. Bunun da "əvəzini" ona dolayısı çatdırırdılar. Daha çox gücləri ona veriləcək qonorarı azaltmağa çatırdı... Rəssamın özü bu sətirlərin müəllifinə danışmışdı ki, 60-cı illərin əvvəllərində Moskvada təşkil olunan Ümumittifaq sərgisində Qazaxıstan Mədəniyyət Nazirliyinin əməkdaşları onun orada nümayiş etdirilən "Xəzər gözəli" (1960) adlı əsərini görüb müəllifin ardınca Bakıya gəliblərmiş. Onlar rəssamla görüşdükdən sonra həmin əsəri Qazaxıstan Dövlət Rəsm Qalereyası üçün almaq istədiklərini bildiriblər. O isə artıq əsərin Azərbaycan Dövlət İncəsənət Muzeyi üçün alındığını söyləyib. Bu cavabı eşidən qonaqların əhvalı pozulur. Söhbət vaxtı onlar maraq xatirinə rəssamdan əsərin neçəyə alındığını öyrənməyə çalışırlar. Səttar isə bunu gizli saxlamağa çalışır. Qazaxıstanlılar isə əsərin geri alınmasının mümkünlüyünü dilə gətirməklə ona 25 min rubl (o vaxt üçün bu, çox böyük məbləğ idi) verməyə hazır olduqlarını bildiriblər. Bunun üçün onun razılığını istəyiblər. Buna nail ola bilməyəndə onlar rəssamdan heç olmasa ona əsər üçün verilən qonorarın miqdarını söyləməyi xahiş ediblər. Səttarın "600 rubl" sözündən sonra qazaxıstanlı qonaqlar uzun müddət çaşqınlıqdan özlərinə gələ bilməyiblər. Ən sonda onlar heç olmazsa bu əsəri rəssamdan təkrar etməyi xahiş ediblər. Rəssamsa "Təkrarçılıqla məşğul olmuram" cavabını verib. Yeri gəlmişkən qeyd edək ki, Səttarın digər işləri də özünə bab rəssamlarla müqayisədə ucuz qiymətə alınıb. Səhv etmiriksə, onun ən yüksək qiymətə alınan əsəri 2 ilə tamamladığı "Mənim anam" (4 min rubl) tablosudur. Amma təbii ki, Səttara belə yollarla təsir etmək çətin idi. Çünki o, pul qazanmaq üçün çalışmırdı. Bunu çox erkən dərk edən rəssam sadəcə, öz missiyasını yerinə yetirməklə məşğul idi. Dili Füzulinin qəzəlləri olan rəssamın ali missiyası yaratdığı gözəllik qaynaqları ilə başqalarına sevinc hissləri bəxş etmək idi və o, bunu yaxşı duyduğundan şərəflə də yerinə yetirdi. Yaşadığı zamandan asılı olaraq doğma yurdu Azərbaycan sağlığında onu sona qədər dünyaya tanıda bilməsə də, onun özü Azərbaycanı tanıtdı. 2009-cu ildə YUNESKO-nun qərarı ilə Səttar Bəhlulzadənin 100 illik yubileyinin bütün dünyada qeyd olunması da bunun təsdiqidir.

Rəssamın şəxsi maşını olmayıb. İstəsəydi, ala da bilərdi, amma elektrik qatarını onu Əmircandan şəhərə aparıb-gətirən ən gözəl minik sayırdı. O, həyatdan, təbiətdən götürdüyü sadəliyə və təbiiliyə sanki haram qatmaq istəmirdi. Onun bu əvəzsiz insani keyfiyyətini müasirləri də bilirdilər. Əlindən heç nə gəlməyən də, böyük ixtiyar sahibi olan da. Onu Azərbaycanın hər yerində sevirdilər. Çünki adamlarla ünsiyyəti sadə və oyunsuz idi...

Böyük rəssamlar insanlara sevinc və göəlliyi duymanı bəxş edən gül-çiçəyə bənzəyirlər. Odur ki, onların nəyisə "qazanmaq" iddiası yox, acılı-şirinli taleləri olur. Bəziləri ən gözəl əsərini lap cavanlığında, çoxları isə orta yaş dövründə, bir qismi də qocalığında yaradır. Səttar o az sənətkarlardandır ki, yaradıcılıqda həmişə cavan və təravətli, həm də müdrik qaldı. Odur ki, yaratdıqları hər hansı dəyərləndirmə çərçivəsinə də sığışmır. Belə olan halda rəssam adına iddialı olan hər kəs başının üstündə həmişə Səttar Bəhlulzadə kimi bir sənət dühasının olduğunu unutmamalıdır.

Ötən əsrin ikinci yarısını çoxəsrlik Azərbaycan təsviri sənətinin yenidən dirçəlişi mərhələsi də hesab etmək olar. Belə ki, həmin dövrdə yaşayıb-yaradanların sırasında qibtə ediləsi sənətkarlar az deyildi. Naturanı kölə kimi təkrarlamağı tövsiyə edən "sosialist realizmi" bədii prinsipinə mahiyyətcə "əlvida" deyənlərin sırasında müxtəlif nəsillərin nümayəndələri vardı. Həbsxana və sürgün həyatını başa vuran Ələkbər Rzaquliyev, "formaca milli, məzmunca sosialist" göstərişinə "öz yeni realizmi" ilə cavab verən Səttar Bəhlulzadə, "sığallı-ütülü" rəngkarlığa sərt görüm tərzi gətirən Tahir Salahov, dünyaya milli folklor qəhrəmanlarının gözü ilə baxan Mircavad Mircavadov, Toğrul Nərimanbəyov və Rasim Babayev, gerçəkliyi mütərəqqi bədii vasitələrlə göstərməyə çalışan Əşrəf Muradoğlu və Qorxmaz Əfəndiyev, sonda da gözəllik qaynaqlarını adi gün-güzəranımızda axtaran "Abşeron məktəbi"nin mövcudluğu keçmişdən zamanına və daha uzaqlara uzana biləcək çətin yolda sarban-mayakdı, desək, yanılmarıq. Bu sənətkarlar bəzi cəhətlərinə görə bir müstəvidə duruş gətirə bilməsələr də, sənətə və dünyamıza münasibətdə bir gəminin sərnişinləri idilər. Zamanın axarına təsir göstərməyə çalışan yerli və moskvalı ideoloqlar bütün mənalarda bu milli kadrların axtarış dolu yaradıcı səylərinə nə qədər "yox" deməyə çalışsalar da, onları inamlarından döndərə bilmədilər. Səttarı da, onun həmfikirlərini də özünəinama səsləyən onlara Təbriz miniatür məktəbi kimi möhtəşəm örnəyin və digər neçə-neçə nəhayətsiz qədim bədii qaynağın arxa olması idi. Bu gün çox da uzun olmayan zaman distansiyasından bu yaradıcıların artıq tarixə dönən cəsarətli axtarışlarına güzgü tutanda görünür ki, onlar həqiqətən də böyük iş görüb, təsviri sənətimizi duyulası dərəcədə yeni görüm tərzi ilə zənginləşdiriblər. Elə Səttarın bütün yaradıcılığı boyu işlədiyi əsərləri göz önünə gətirəndə onlarda rəngkarlığımızda ona qədər tuş gəlinməyən zəngin koloritin, kompozisiya həllinin müxtəlifliyinin, bədii şərhin reallıqdan geniş ümumiləşdirməyə və ekspressiv-dinamik yaxılarla ifadəsinə qədər dəyişdiyini görmək mümkündür. Bu əsərlərdə biz ilk növbədə tanış obyektlərə, ənənəvi mövzulara yeni və özünəməxsus münasibətin şahidi oluruq.

 

Ziyadxan Əliyev,

sənətşünas

Xalq Cəbhəsi.- 2014.- 21 oktyabr.- S.14.