Yaşa ey, ana dilim, yaşa mənim varlığım...

 

Araz Əhmədoğlu: “Çaxacağam qaranlığın varına”

 

Güney Azərbaycanın Xoy şəhərində yaşayan soydaşımız Araz (Abbasəli) Əhmədoğlunun “İki daş” və “Son tüfəng” kitabları işıq üzü görüb. Oktyabrın 20-də kıtabların təqdimatı olub. Tədbirdə AYB-nin Güney Azərbaycan bölməsinin rəhbəri Sayman Aruz, AYB-nin katibi İlqar Fəhmi, fil.ü.f.d. Esmira Fuad, fil.ü.e.d. Seyfəddin Rzasoy, fil.ü.f.d. Qiymət Məhərrəmli, Qəşəm Nəcəfzadə, Kəmalə Abıyeva, Rüfət Muradlı, İşıqlı Atalı, Aynur Qəzənfərqızı, Mirəli Suca və başqaları çıxış edib, yazarın yaradıcılıq özünəməxsuslunğundan, Vətən sevgisindən danışıblar.

Ağlımızda, duyğularımızda Azərbaycan – birdir. Ədəbiyyat bu mövzunu həmişə bizə doğma təqdim edir – həsrəti, əhvalımızdakı doğmalığı. Ədəbiyyat xilas kimi öncə fərdin içinə gəlir. Bu mənada xalqı yetkin fərdlər təmsil edir. Ədəbiyyat adına söz deyən kəs bundan sonra daha məsuliyyətli olmalıdır. Çünki insansız, ulussuz, bəşərsiz ədəbiyyat yoxdur. Ancaq böyük söz qalır. Bundan sonra necə söz deyəsən ki, təzə olsun, insanı, ulusu yaşatsın, yaratsın. Kürəsəlləşmə dünyanı ağzına alır, dünyada ümidsizlik artır. Ədəbiyyat ümidsizliyə təkan verir, yoxsa ümidsizlikdən ötəyə çatdırır? Ədəbiyyat dünyanı, insanı mənaya çatdırmaq yoludur. Burada yeni-yeni obrazlar tapılmalıdır. Hamımıza tanış obrazlar elə çatdırılmalıdır ki, o, daim bizə doğma olsun, özümüzə, ulusumuzun sabahına olan ümidimizi, inamımızı artırsın. Araz Əhmədoğlunun yazılarında bu inad, inam var. Bu inad ötəri, keçici deyil. Daim zamanla çulğaşır, ona dov gəlir, zamanın üzərində yüksəlir. Baxmayaraq ki, onun doğulduğu böyük bir məkanda – Güney Azərbaycanda ana dilimizə basqı var. O, bu çətin, çıxılmaz şəraitdə dilimizi qoruyur, bu dildə yazır. Araz bəy ardıcıl olaraq ulusal düşüncə ilə özünü kökləməyə çalışır. Onun ulusu maarifləndirmək yönündə inamlı, inadlı çabaları var. Yol çox uzundur, çətindir. Burada təbii olaraq yaşın da sanbalı var. Araz bəy şovinizm əhvalıyla yaşamır. Bu, onun türk əhvalından, qüdrətindən irəli gəlir.

Araz Əhmədoğlu 1967-ci ildə Azərbaycanın Xoy şəhərində anadan olub. Əsl adı Abbasəli olan soydaşımızın “Araz” ədəbi təxəllüsüdür. Əvvəlki illərdə yazdığı şeirlərində müəyyən tələsikliklər, tərəddüdlər var. Son şeirlərində isə dil, ruh aydınlığı artır, güclənir. Əgər dil aydındırsa, bu, elə ruhun aydınlığı deməkdir. Nəsri şeirlərinə nisbətən hələ oturuşmayıb. Şeir türk ruhunda, tarixində daha çox döyüşkən olub. Güney Azərbaycan arealında da şeir tarixən xüsusi rol oynayıb. Araz bəy məcburdur ki, hərdən fikrini sətiraltı desin. Onun can yanğısı isə ortadadır. Çətin də olsa, güneyli yazarlarımızın əsərlərinin dililə bağlı işləmələrini arzulayırıq. Bu, qaçılmazdır. İndi isə Araz Əhmədoğlunun şeirlərini təqdim edirik. Yazara yeni uğurlar...

 

Xalq Cəbhəsi.- 2014.- 22 oktyabr.- S.14.