“Dönməm
geri…”
Hüseyn Cavidin anadan
olmasından 132 il ötür
Oktyabrın 24-ü Türk Dünyasının
böyük şairi,
bəşər mədəniyyətinin
nadir simalarından olan
Hüseyn Cavidin anadan olmasından 132 il ötür.
Hüseyn Cavidin idealı
insanlıqdır. O, ömrünü,
yaradıcılığını, idrakını aşkarlaya
bildiyi dərəcədə
İnsanlığlı car çəkdi. Cavid haqqında danışmaq,
yazmaq azdır, onun insanlıq idealı əsasında yaşamaq gərək.
Bu, Cavidin də
ömür verdiyi, inandığı həqiqətin
vazkeçilməz tələbidir.
Cavidin əsərlərində
göyə yüksəlmək,
insaniliyə yetmək
çağırışı səslənir – inamlı,
inadlı, ilahi… Cavidin aqibəti repressiya xofundan, mifindən üstün idi. O, aqibətini özü yaratdı əslində. Bu, gerçəkliyə sığmamaqdan irəli gəlirdi. Cavid insanlıq əqidəsinə
sadiq qaldı. Bu, onun zamanın
həşirçiliyindən, həqiqətsizliyindən yüksəkdə
durmasının sübutu
idi. Cavidin əsərlərinin yaşarılığını yaradan onun ləyaqətli
yaşamıdır. Cavidin
ömrünü Məna
ölçüsündə yazan, öyən gərək, onun ağrılarını canlı,
dərindən yaşayan
gərək! Belə yaradıcıların
obrazı ona görə gərəkdir
ki, ulus, bəşər ölməsin,
yaşamaq üçün
özündə güc
tapa bilsin. Ədəbiyyatımız Nəsimi-Füzuli-Cavid ənənəsindən yararlanmalı,
özümlüyünü yaratmalı, hər cür özgəliklərdən
imtina etməlidir.
"Şeyx Sənan"
faciəsi insanın həqiqətə doğru
qarşısıalınmaz, qeyri-adi, bənzərsiz sevgisini, həqiqətə
qovuşmaq ehtirasını
ifadə edir. Ümumiyyətlə,
Cavidin bütün əsərlərində insanın
ali həqiqət
axtarışı başlıca
yer tutur:
"Hər qaranlıqda çırpınır bir
nur,
Hər həqiqətdə
bir xəyal uyuyur".
Şeyx Sənanı həqiqətə
yetmək istəyi yandırıb-yaxır. O, eşqini
qarşıda gözləyən
fəlakətlərdən xəbərdardır.Zəhra
ruhən Şeyx Sənanın ondan çox yüksəklikdə
olduğunu anlayır.
Bilir ki, Şeyx Sənanın
hüsnünün gözəlliyi,
elmi-kamalının ucalığı
ruhunun qeyri-adiliyindəndir.
"Şeyx, gəl-gəl!
Sevimli Sənan, gəl-gəl!
Sənə layiq deyil o yer,
yüksəl!"
Bu, artıq Sənanın
Xumarın örnəyində
həqiqətin səsini
eşitməsidir. Sənan bu halını
kimsəyə anlada bilmir.
"Ər kişidə olur bir söz,
bir məram,
Əzm eylədim məhv olsa aləm tamam
Dönməm geri, hər yana yol açıq".
Əslində Şeyx Sənanı Xumarın xəyalı yaşadır. Qarşıda ucalıq, göylük aqibəti var. Müridlərin
yalvarışlarına baxmayaraq
Şeyx Sənan –
"Yüksələn fəqət
enməz, hər kim məni
istərsə, göyə
yüksəlsin"-deyir...
Əslində Şeyx Sənan
ucalığını Hüseyn
Cavid özü gerçəkcəsinə yaşadı,
bununla da əbədiliyini göstərdi.
Şeyx Sənan – göyə ucalmaq rəmzidir əslində. Göyə yüksəlmək
– insanın öz daxili-mənəvi dünyasına
baş vurmasıdır.
Mütləq ədalətə, həqiqətə, ülviyyətə
çatmasıdır. Cavid «Şeyx Sənan»da özlərindən ayrı
düşənlərin faciəsini
dahiyanə şəkildə
açıb göstərir.
İnamsızlıqdan adamların içərisində
qorxu, böhtan ağacı boy atır, şübhə meyvələri
yetişir. Ancaq Sənanların
içərisində ədalət,
ülviyyət ağacı
bitir, fərəh, inam meyvələri yetişir.
Cavid «Peyğəmbər»
əsərində peyğəmbərliyin
mahiyyətini dərindən
duyub, ifadə edib. Peyğəmbərin peyğəmbərliyinin ilk illəri peyğəmbər
halı kimi təhlil, təqdir olunur. Cavidin Peyğəmbəri amal üçün seçilib, amala sevgisi onu ülviləşdirir,
ilahiləşdirir. Göy hökmü
səslənir Cavidin peyğəmbərinin aqibətində.
Sonrakı mərhələdə kitabı qılıncla əvəz edən peyğəmbərin halı
Cavid qələmində
ruhani duyum ustalığıyla açılır.
Cavidin Səyavuşu
ülvi, müqəddəs
duyğular yiyəsidir. Göy hökmü,
Göy çağırışı
düşür göy
İnamlı Səyavuşun
aqibətinə. Səyavuş da göy idrakına
yüksəlir, yetir, göy inamına layiq bilinir. Həsrət göyünə
yüksəlir Səyavuş:
dərd çəkir,
dərdə calanır.
Oxu daşa dəyir göyinamlıların – göy
həsrətilə yana-yana
qalırlar. Göysüzlər
yazırlar göylülərin
aqibətini: hərcayilik,
insansızlıq törədirlər.
«Uçurum»da insan faciəsi bütün çılpaqlığı
ilə açılır.
Cavidin “İblis”indəki
insanilik harayı göysüzlərin inamsızlığına
qarşıdır.
Yerdəkilərin İblis adlı
səcdəgahı var:
yüksələn görünürlər,
alçalırlar, çünki
göysüzdürlər. Cavid
haray çəkir: İblisləşən Yerdə
xurafat göysüzlüyü
yaranıb. İblislik – İnsansızlıqdan yaranır. Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa,
zalımlığa, harınlığa,
öz iradi imkanlarına inanmayanlara qarşı vuruşurlar.
Cavid “Topal Teymur”unda fatehliyin faciəsini dahiyanə şəkildə
açıb göstərir.
Şair demək istəyir ki, Teymurlar həqiqət,
ədalət, ülviyyət
dağını fəth
edə bilmirlər; zorla ürəklərə
yiyələnmək istəyirlər,
ancaq bacarmırlar.
Hüseyn
Cavidin ev
muzeyi Bakı şəhərində daimi
olaraq yaşadığı
ünvanda – 1920-1937-ci illər
arası ömür sürdüyü İstiqlaliyyət
küçəsi 8 saylı
binanın 3-cü qatında
yerləşir. Milli Elmlər
Akademiyasının nəzdində
fəaliyyət göstərən
3 muzeydən biridir.
Muzeyin yerləşdiyi bina milyonçu Hacı Zeynalabdin Tağıyevin şəxsi təşəbbüsü
və himayəsilə
memar İ.Qoslavskinin layihəsi əsasında
1898-1901-ci illərdə tikilib,
müsəlman qadın
məktəbi üçün
nəzərdə tutulub.
Məktəb 1918-ci ilədək fəaliyyət göstərib.
1920-30-cu illərdə burada
Darülmüəllimin (pedaqoji
məktəb), 1930-cu ildən
sonra Mərkəzi İcraiyyə Komitəsi,
hazırda isə MEA Füzuli adına
Əlyazmalar İnstitutu
yerləşir. Muzeydəki
bir məqam diqqəti məkir: lövhədə tanınmış
sənətkar Seyfəddin
Məmmədvəliyev tərəfindən
Cavidin əsərlərinin
qoz ağacından qabartma və oyma üsulu ilə işlənmiş adları yazılıb. Səhnə bu sözlərlə başlayır:
"Dünya qoca bir səhnə demək". Bu adların
aşağısında divar
boyu fotolar var. Bunlar onillər ərzində Azərbaycan
səhnəsinin ən
müxtəlif aktyor nəsillərinin ifasında
səhnələrimizdə görünmüş Cavid
qəhrəmanlarını əks etdirən şəkillərdir. Elə bu
lövhədə 20-30-cu illərdə
Bakı teatrlarında
oynanmış Cavid tamaşalarına çağıran
afişaların orijinalları
asılıb.
Eləcə də burada Hüseyn Cavidin sağlığında ərəb
və latın qrafikası ilə nəşr edilmiş əsərləri, H.Cavidin
bəraətdən sonra
işıq üzü
görmüş müxtəlif
dillərdə olan kitabları, Cavidin həyatı və yaradıcılığı ilə
əlaqədar həm
Azərbaycanlı, həmdə
əcnəbi müəlliflərin
əsərləri, muzeyin
yeni nəşrləri,
Azərbaycan qeyri-maddi
mədəniyyət abidələri
və Ərtoğrol Cavid çoxcildliyi, Hüseyn Cavidin Naxçıvanda məqbərədə
olan mərmərdən
büstünün gipsdən
variantı, Turan Cavidin mərmərdən büstü, Ərtoğrol
Cavidin mərmərdən
büstü və s. diqəti çəkir.
"Cavidin faciəsi"
otağında Hüseyn
Cavidin cənazəsinin
Sibirdən Bakıya, buradan isə Naxçıvana aparılmasını
əks etdirən fotolar; H.Cavid tutulan zaman çəkilmiş
fasdan və profildən fotoları və əl izlərini əks etdirən sənəd, H.Cavidin şəxsi əşyalarının qorunduğu
vitrində Cavidə məxsus 2 pensne, H.Cavidin cib saatı
və Sibirdəki məzarından götürülmüş
bir ovuc torpaq, H.Cavidin yazı masası, üzərində yarımçıq
əlyazmaları, mürəkkəbqabı,
qələmi, Cavidin bu otaqdan, bu
evdən ayrıldığı
son günün son işarələri;
"Azər düşünərkən".
Hüseyn Cavidin ən son üzərində
işlədiyi "Azər"
poemasından bir parka,
Cavidin iki pensnesi və cib saatı, etajerdə Şəmsəddin
Saminin "Qamusi – Türkü"sü, H.Cavidin
şəxsi kitabxanasında
bəzi kitablar, H.Cavid həbs edilən saatda dayandırılmış ailəyə
məxsus divar saatı, “Zordan üstün” tablosu (müəllif-Vaqif Ucatay), Ərtoğrolun çəkdiyi
A.M.Şərifzadənin İblis
obrazında təsviri,
Ərtoğrolun ailəsinə,
müəllimləri Üzeyir
bəyə, Bülbülə
göndərdiyi məktublardan
parçalar və “İblis” pyesindən misralar, Hüseyn Cavidin cinayət işi, Cavidin evində axtarış aparılması haqqında
protokol, Cavidin Sibirdən göndərdiyi
məktublar – onun axırıncı yadigarları,
59 yaşında ölümü
haqqında şəhadətnamə,
1937-ci ildə Cavidə
iftiralarla dolu yazılardan imzalı-imzasız
kəsiklərin toplandığı
kollajı əks etdirən lövhə və s. də eksponatlar sırasındadır.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 23 oktyabr.- S.14.