Azərbaycanın xarici
dilli mətbuatı
Mediamız dünyaya inteqrasiya etməklə yanaşı, ölkəmizdəki
əcnəbi vətəndaşların və qonaqların da maraq və tələbatlarını
nəzərə alır
Bu gün
Azərbaycanda 4000 mətbu orqan rəsmi qeydiyyatdan keçib. Onların arasında xarici dildə nəşr olunan qəzet və jurnallar da var. Azərbaycan mediasının problemlərini
onlar da yaşayırlar. Xarici dildə nəşr
olunan media orqanlarında
da söz və mətbuat azadlıqları, fakir prüalizmi
qorunmaqdadır. Azərbaycanda bu gün xarici
dillərdə nəşr
olunan qəzet də jurnalların öz tarixi var.
Azərbaycan Dillər Universitetinin
İctimaiyyətlə Əlaqələr
və Mətbuat xidmətinin rəhbəri,
fransızdilli “Le Carrefour” qəzetinin
baş redaktoru Zeynəb Kazımovanın
fikrincə, bu nəşrlərin təxmini
desək, yalnız 50-60-ı
bu gün normal fəaliyyət göstərir
və mütəmadi olaraq çap olunurlar. Azərbaycanda nəşr olunan
mətbu orqanların
126-sı xarici dildə
çıxan nəşrlərin
payına düşür
ki, bu da
ümumi nəşrlərin
5 % - dən azını
təşkil edir.
Onlardan
68-i rus dilində, 55-i
ingilis dilində, 1 qəzet fransız dilində, 1-i ispan, 1-i isə alman dilində qeydiyyatdan keçib. Bu qəzetlərin arasında
da “adı var, özü yox” məsəlinə uyğun qəzetlər
var. Həmçinin burada
maraqlı olan bir amil da
ondan ibarətdir ki, bəzi qəzetlərin
adı ingilis dilində olsa da, əslində həmin qəzetlər elə Azərbaycan dilində nəşr olunur. Yəni adı başqa
dildə, özü başqa dildə.
Azərbaycanda xarici dildə nəşr olunan mətbu orqanlardan danışarkən, ilk növbədə
mətbuat tariximizi, xüsusilə də təkcə Azərbaycan deyil, Zaqafqaziya adlandırılan hər üç Qafqaz ölkəsinin mətbuat tarixini nəzərdən keçirmək lazımdır. Belə ki,
uzun müddət Zaqafqaziyanın inzibati və mədəniyyət
mərkəzi Tiflis şəhəri
olduğundan mətbuat
və ədəbiyyata
da bu öz
təsirini göstərmişdir.
Bakıda rus dilində ilk qəzetin nəşrinədək Azərbaycan
xalqının iqtisadi
və mədəni həyatına aid məlumatlar
Tiflisdə çıxan
qəzetlərdə əks
olunurdu: “XIX əsrin
20-ci illərində Zaqafqaziyada
ilk mətbu orqan “Tiflisskiye vedomosti” qəzeti (1828-1832) olub. 1828-ci ildə rus
dilində nəşr
olunmağa başlayan
bu qəzet 1829-cu ildə gürcü dilində, 1832-ci ildə Azərbaycan dilində buraxılmışdır. Azərbaycan dilində qəzet “Tiflis əxbarı” adlanırdı.
“Zakavkazskiy vestnik”
qəzeti isə
1841-ci ildə rus dilində nəşrə
başlamışdır. Bu qəzet sonralar
gürcü və Azərbaycan dillərində
də buraxılıb.
Qəzet
Azərbaycan dilində
“Qafqazın bu tərəfinin xəbəri”
adı ilə 1845-ci ildə nəşr olunmağa başlayıb”.
Z.Kazımova onu da bildirib
ki, Azərbaycanda çıxan ilk rusdilli qəzet isə “Bakinskiy listok” hesab edilir. İlk nömrəsi 1871-ci il martın 19-da nəşr olunub. Ümumiyyətlə, 1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbu orqan fəaliyyət göstərib.
Onlardan
20-si rus dilində,
15-i gürcü dilində,
təəssüf ki, elə o qədər də, 15-i erməni dilində, 3-ü isə Azərbaycan dilində olub. Əgər ayrı-ayrı cəmiyyətlərin
və təşkilatların
rəsmi nəşrlərini
nəzərə alsaq,
bu rəqəm 69-a çatar: “Ümumiyyətlə,
XIX əsrin əvvəllərində
Azərbaycanda nəşr
olunan mətbu orqanlar tatar, rus, gürcü, erməni, fars, türk dillərində olub. Təbiidir ki, bu hal
həmin dövrdə
çar Rusiyasının
apardığı siyasətin
tərkib hissəsi kimi təzahür edirdi və bu, “Əkinçi”nin nəşrinədək
davam etdi. Azərbaycan milli mətbuatımızın
banisi, maarifpərvər
ziyalı Həsənbəy
Zərdabinin zəhməti
ilə ilk Azərbaycandilli
qəzetimiz məhz
XIX əsrin sonlarında
işıq üzü
görməyə başladı.
Sovet dönəmində isə
xarici dildə heç bir mətbu orqan olmayıb. Sovetlər Birliyinə gələn
turistlər üçün
Avropa dillərində
buraxılan müxtəlif
bukletləri nəzərə
almasaq belə nəşrlər ümumiyyətlə
mövcud deyildi.
Rus dili sovet vətəndaşlarının
ümumi ana dili olduğundan bu dövrdəki rusdilli qəzetləri bura daxil etmirik”.
Bununla belə, rusdilli nəşrlərdən danışarkən,
əvvəlcə onu çeşidləmək lazımdır:
1. Sovet dövründən bəri nəşr olunanlar.
2. Müstəqillik illərində
KİV-in sırasına daxil
olanlar.
Onun sözlərinə görə,
birinciyə daxil olanlara “Bakinskiy raboçiy”-dən başlayaraq Kommunist, İzvestiya, Vışka və sair qəzetlərin
adını çəkmək
olar. İkinci qrupa aid olan
nəşrlərin isə
ilk qaranquşu “Exo” olub. Daha sonra Zerkalo,
Günay, Nedelya, Sodrujestvo qəzetləri çıxmağa başlayıb.
Azərbaycan müstəqillik qazandıqdan
sonra isə ölkəmizdə ingilis dilində nəşrlər
buraxılıb. Respublikada ilk ingilis dilində
nəşr olunan milli qəzet “Azərnyus” olub. İlk dəfə xarici agentliklərə ingilis dilində xəbər yayan informasiya agentliyi 1991-ci ildə yaradılmış “Assa-İrada”
informasiya agentliyidir.
Bu gün isə
ölkədə informasiya
agentliklərinin hər
biri Azərbaycan dili ilə yanaşı,
rus, ingilis dillərində informasiyalar
yayır. Həmçinin
bir sıra agentliklər ingilis dili ilə yanaşı,
fransız, ərəb,
fars və
alman dilində xəbər və məlumatlar yayır.
Dövri mətbuatda artıq ingilis dilli qəzet
və jurnalların sayı artıb və bu gün
ölkədə 60-a yaxın
qeydiyyatdan keçmiş
ingilis dilli nəşr var. Lakin onların heç də hamısı aktiv fəaliyyət göstərmir.
Azərbaycanda ilk fransız dilində qəzet 1999-cu ildə təsis olunub. “Az-Media” adlı bu qəzet Beynəlxalq
Fransızdilli Mətbuat
Birliyinin orqanı kimi fəaliyyət göstərirdi. 2006-cı
ildə qəzet öz fəaliyyətini dayandırmışdır. Qeyd edək ki, bu
qəzet Qafqaz regionunda da ilk fransızdilli qəzet sayılır. Məhz
bu təşəbbüsdən
sonra qonşu Gürcüstanda “La vie en Georgie
“ (Gürcüstanda həyat) adlı qəzet nəşrə başlamışdır: “Le Carrefour” qəzeti bu gün Azərbaycanda fransız dilində nəşr olunan yeganə qəzetdir. Əsas məqsədi Azərbaycan və Fransa, eyni zamanda
fransızdilli ölkələr
arasında mədəni,
iqtisadi, elmi əlaqələri inkişaf
etdirmək, fransızlari
və ümumilikdə
əcnəbiləri ölkəmizdə
baş verən sosial-ictimai, mədəni,
iqtisadi hadisələr
barədə məlumatlandırmaq,
onlara öz dillərində informasiya verməklə Azərbaycan
həqiqətlərini dünya
ictimaiyyətinə çatdırmaq,
həmçinin Azərbaycanı
Fransada və fransızdilli ölkələrdə
tanıtmaqdır. Azərbaycan
tarixi, mədəniyyəti, musiqisi, təbiəti ilə
bağlı məqalələr verməklə milli-mənəvi
dəyərlərimizi təbliğ etməkdir.
Azərbaycanda xarici dildə mətbuatın tarixinin Azərbaycan
milli mətbuatının yaranma tarixindən də əvvələ
gedib çıxması ölkəmizdə başqa dildə nəşr
olunan mətbu orqanların həm də tarixi bazasının
olduğunu göstərir. Hazırda isə
başqa dildə nəşr olunan mətbu orqanların məsuliyyəti
ikiqat artıb. Çünki bugünkü
müasir dünyada informasiyanın oynadığı rol və
tutduğu yer buna rəvac verir. Bu gün
medianın fəaliyyəti təkcə ictimai rəyin
formalaşmasında, cəmiyyətdə hansısa
ideyaların (həm müsbət və həm də təəssüf
ki, mənfi mənada) təbliği ilə məhdudlaşmır.
Bu baxımdan, öz dilimizlə yanaşı,
xüsusən xarici dildə nəşr etdiyimiz mətbu
orqanlarda öz əksini tapan yazı və məqalələrin
monitorinqi vacibdir. Dil geniş anlayış olduğundan
onun hər bir xalqın milli-mənəvi dəyərlərinin
tərkib hissəsi olduğu məlumdur. Məhz həmin dildə
danışan və düşünən şəxsə
öz dilində hansısa məlumatı dəqiqliklə
çatdırmaq məsuliyyətli bir işdir. İnformasiya təhlükəsizliyi
baxımından belə nəşrlərin monitorinqi,
oradakı dil meyarlarının qorunub saxlanması və xarici
dilli qəzetlər nəşr olunan redaksiyalarda işçi
heyətin dil vərdişlərinə nə dərəcədə
yiyələnməsi məsələnin texniki tərəfi
olması ilə yanaşı, həm də çox vacib bir mədəni-mənəvi,
elmi məsələdir”.
Son
dövrlər artan bir sıra elektron KİV-də xarici dilli
bölümlərin olması da məqsədəmüvafiqdir.
Dövlətin informasiya təhlükəsizliyinin qorunması
baxımından yayılan informasiyaların
doğru-dürüstlüyü ilə yanaşı, bu məlumatların,
ümumiyyətlə, başqa dillərdə
yayımlanmasının zəruriliyi isə məsələnin
digər tərəfidir. Bu barədə düşünməyə
dəyər.
Media və
Təhsil İnnovasiyaları Mərkəzinin rəhbəri Səidə
Hüseynovanın fikirncə, Azərbaycanda xarici dillərdə
nəşr olunan qəzetlərimizin oxucu kütləsi o qədər
də geniş deyildi: “Mən on, on beş il bundan öncəni
nəzərdə tuturam. Amma indi Azərbaycan beynəlxalq aləmə
necə sürətlə inteqrasiya edirsə, burada xarici dillərdə
də nəşrlərimizin sayı artır. İndi qəzet
köşklərində bir neçə əcnəbi dildə
nəşr olunan qəzet və jurnallara rast gəlmək
mümkündür. Saytların və informasiya
portallarının özlərində belə bir neçə
dildə tərcümələr var. Azərbaycanda fəaliyyət
göstərən milli azlıqların mətbu orqanları da
öz dillərində çap edilir. Bundan başqa mən
müşahidə aparmışam ki, daha çox bizdə rus
dilində qəzetlər oxunur. Qənaətimcə rus dilində
nəşr olunan qəzetlərin oxucusu daha çoxdur”.
S.Hüseynova
onu da bildirib ki, Azərbaycanda nəşr olunan qəzet və
jurnallarda da fakir azadlıqları qorunub saxlanılır:
“Apardığımız monitorinqlərin nəticəsindən
belə qənaətə gəlmişik ki, xarici dillərdə
çap olunan qəzetlərdə bu prinsip qorunub
saxlanılır. Məsələn, ləzgi, rus, talış,
ingilis dillərindəki qəzetlərdə oxucuların sərbəst
fikir yürütmələri mövcuddur. Həmin qəzetlərdə
çıxışları, hansısa məsələyə
subyektiv münasibət də var. Bu da Azərbaycan mətbuatında
söz və fakir azadlığı, prülarizmin bir nümunəsidir.
Bundan başqa saytlarımızda xarici dillərdə xəbərlərin
verilməsi də təqdirəlayiqdir. Bu proses onu göstərir
ki, mediamız dünyaya inteqrasiya etməklə yanaşı,
ölkəmizdəki əcnəbi vətəndaşların və
qonaqların da maraq və tələbatlarını nəzərə
alır”.
Cavid
Xalq Cəbhəsi.- 2014.- 24 oktyabr.- S.11.