Tabğaç Buğra xaqanı heyrətə gətirən
“Qutadqu-bilik“
Bu yazıda türk
xalqlarının ortaq
ədəbi sərvətlərindən
olan "Qutadqu-bilik"
əsərinin müəllifi
Yusif Balasaqunludan və onun yaradıcılığından
söz açılacaq. Araşdırmaçı Əli Şamil bildirir ki, ədəbiyyat
tariximizdə xüsusi
yeri olan "Qutadqu-bilik" əsərini
türklərin islamı
qəbul etdikdən sonra əruz vəznində yazdıqları
ilk “fəlsəfi-sosioloji poema”
adlandırırlar: “Müəllifinin
ömür yolu və başqa əsərləri haqqında
geniş bilgi yoxdur. Əsərin özünü diqqətlə
oxuyub Yusif Balasaqunlunun ömür yolunu müəyyənləşdirirlər.
Buna görə də araşdırıcıların
bəzisi onun
1015-1018-ci, bəzisi isə
1021-ci ildə anadan olduğu yazırlar.
Azərbaycan Sovet Ensiklopediyasında
ədibin 1021-ci ildə
doğulduğu göstərilir.
Doğum tarixi arasındakı fərqin
6-7 il göstərilməsini
normal saymaq olar. Şair Doğu Türküstanın
Balasaqun şəhərində
dünyaya gəldiyinə
və ya uzun müddət orada yaşadığına
görə şəhərin
adını özünə
ləqəb seçib.
Dövrünün böyük
mədəni mərkəzlərindən
olan Qaşqar şəhərinə 1068-ci ildə
köçən Yusif
Balasaqunlu orada 18 ay
"Qutadqu-bilik" üzərində
işləyib və
1069-cu ildə Qaraxanlılar
dövlətinin başçısına,
şairin sözü ilə desək, Məşriqin və Çinin hökmdarı Tabğaç Buğra xaqana hədiyyə edib. Tabğaç Buğra xaqan
əsəri oxuyub, heyrətə gəlib və Yusif Balasaqunluya
Ulu Xas Hacib,
yəni saray naziri, saray işlərinin
rəhbəri vəzifəsi
verib. Doğu Türküstandakı Qaraxanlılar dövlətinin
elmə, sənətə
və ədəbiyyata
yüksək qiymət
verməsinin nəticəsi
idi ki, həmin
dövrdə böyük
dilçi, lüğətçi
alim Mahmud Qaşqarlı
dünyanın ilk enskilopediyalarından
olan “Divan-i lüğət-i it Türk”
adlı möhtəşəm
abidəni yaradıb.
Bugünkü türkcəmizdə
"qut" səadət,
xoşbəxtlik demək
olduğundan Yusif Balasaqunlunun ana dilində yazdığı
"Qutadqu bilik"i indi "Səadət biliyi", "Bəxtiyarlıq
sənəti", daha
çox "Xoşbəxtliyə
aparan elm", “Xoşbəxtlik
bəxş edən
elm” kimi yazırlar. Müəllif əsərinin dilini
“xaqaniyyə” adlandırır.
"Qutadqu bilik"in
dili türk dillərinin güney-batı
qrupuna, yəni Oğuz qrupuna yaxındır. 13200 misradan, 6600 beytdən ibarət, məsnəvi şəklində yazılmış
poemada yeri gəldikcə şair rübai formasından da istifadə edib. Əsərin vəzni əruzun
kəsik, yəni qısa mütəqarib bəhri kimi müəyyənləşdirilir”.
Kitabın
giriş hissəsini nəsrlə yazmış Yusif Balasaqunlu ərəb
və fars dillərində belə əsərlərin
mövcudluğunu, türk dilində isə "Qutadqu
bilik"in ilk örnək olduğunu qeyd edir: “Yusif Has Hacib
Balasaqunlunun "Qutadqu bilik"i yazdığı dövr
müəyyən qədər ziddiyyətli idi. Müxtəlif
türk tayfaları arasında hakimiyyət uğrunda gedən
mübarizə, daxili çəkişmələr,
şübhəsiz, adil, ağıllı və güclü
hökmdar məsələsini zərurətə
çevirmişdi. Bir tərəfdən də
bu dövrdə Qaraxanlı dövlətində uyğur əlifbasından
dövlətin rəsmi yazışmalarının ərəb
dilinə keçid dövrü başlamışdı.
Bu səbəbdən "Qutadqu-bilik" bir
dünyagörüşündən digər
dünyagörüşünə keçid
dövrünün məhsuludur və əsər yazılarkən
də bu amil müəllifə müəyyən qədər
təsir göstərib. XI əsrdə
yazılmış "Qutadqu-bilik" fəlsəfi,
xüsusilə sosial-fəlsəfi fikrin zirvələrindən
biri hesab edilir. Uzaq və Yaxın Doğu mədəniyyətlərindən
qaynaqlanan bu əsər dünya orta əsr fəlsəfi və
sosial-fəlsəfi fikrinin ayrılmaz hissəsi kimi qəbul
edilir. Onun özündən əvvəlki
dövrün Çin fəlsəfi və sosial-fəlsəfi,
Hind-İran, Şamanizm və Qədim Türk fəlsəfi
qaynaqları ilə əlaqələrini izləyərək həmin
əsərin bütöv Doğu fəlsəfi fikrinin abidəsi
adlandırırlar. Bu da o dövrdə
Doğu fəlsəfəsinin yüksək səviyyədə
inkişafından xəbər verir. Eyni
zamanda bu dövr türk fəlsəfi qaynaqlarının gələcək
əsr türk qaynaqları ilə müqayisəsi və
müqayisə əsasında türk fəlsəfi fikrinin təkamülünün,
onun orta əsr Doğu və Dünya fəlsəfi fikrinin təşəkkülündəki
yeri haqqında yüksək fikir yaradır. Əsərini Buğra xanın
danışdığı dildə yazması ilə qürur
duyduğunu söyləyən Yusif Balasaqunlu bununla da
Qaraxanlı dövlətinin rəsmi dilinin türkcə
olduğunu söyləmiş olur. "Qutadqu-bilik"
əslində xaqanlar, şahlar, hökmdarlar, dövləti
idarə edənlərin kitabıdır. Çünki
bu kitabın əsasında adil və ağıllı
hökmdar ideyası dayanır. Ağıllı
və adil hökmdar arzusu, ümumiyyətlə, bütün
türk dünyasını, türk xalqlarını qədimlərdən
narahat edən ən ağrılı problemlərdən olub.
İstər bizə qədər gəlib
çatan ən qədim folklor nümunələrində, istərsə
də qədim yazılı abidələrimizdə adil və
ağıllı hökmdar ideyası daim diqqət mərkəzində
olub. "Qutadqu-bilik"də isə bu
ideya özünü bütün varlığı ilə
büruzə verir. Yusif Xas Hacib Balasaqunlu kitabının
ön sözündə əsərinin qısa bir zamanda
çinlilərin “Ədəbul-Muluk”, maçinlilərin
“Enisul-Memalik”, Doğuda “Ziynətul-Uməra”, farsların
“Şahnamə”si kimi məşhur olduğunu yazır. O,
turanlılara hakimiyyəti necə əldə
saxlamalarından, ordunu necə toplamaq lazım gəldiyindən,
səfər yollarının necə seçəcəklərindən,
hökmdarla xalqın qarşılıqlı əlaqəsindən
və onların hər birinin vəzifələrindən
söhbət açır. "Qutadqu-bilik" idarəçiliyin
siyasəti haqqında olmaqla, umumfəlsəfi, sosial, etik,
estetik problemləri də ələ alan
bir əsərdir. Əsər eyni zamanda humanitar
və təbiət elmlərin məşğul olduğu
problemləri də geniş şəkildə öyrədir”.
Ə.Şamilin
fikrincə, Yusif Balasaqunlu "Qutadqu-bilik"i yazmaqla insan həyatının
mənasını təhlil edən və onun cəmiyyət və
dövlət içindəki vəzifəsini təyin edən
bir fəlsəfə, bir həyat fəlsəfəsi sistemi
yaradıb: “Yusif Balasaqunlu əsəri dörd təməl, Qanun,
Kut, Ağıl və Qənaət üzərinə
qurduğunu yazır və əsərini Gündoğdu,
Aydoldu, Öydülmüş və Odqurmuş
adlandırdığı insanların söhbəti əsasında
qurur. 85 fəsildən ibarət olan əsərin ilk 10 fəsli
Tanrı və Peyğəmbər, dörd xəlifə və
əsərin təqdim edildiyi Buğra xanın tərifinə,
ulduzlara, biliklə ağlın xüsusiyyətlərinə,
yaxşılığın faydalarına, dilin məziyyətlərinə,
dərin fəlsəfi məna daşıyan məsələlərə
ayırır. Sonrakı fəsillərdə isə
müəllif ad verdiyi insanları tanıdır. Gündoğdu İlig hökmdardır və qanunu, yəni
ədaləti təmsil edir, onun sözləri qanundur. Aydoldu kutdur, yəni dövlətdir. Öydülmüş Kutun oğludur və
ağlı o təmsil edir. Bir zahid olan
Odqurmuş isə qənaəti təmsil edir. Dövlət,
qanun, hökmdar, dil və bəylik bəhsləri ilə vəzirin,
komandanların, Xas Hacibin, qapıçı
başının, aşçı başının,
elçinin, katibin, xəzinədarın necə olmaları gərəkliyi;
məmurların hökmdar üzərindəki haqları,
qarabudun adlandırdığı xalqla, bilginlərlə, həkimlərlə,
ofsunçularla, röya təbirçiləri ilə, münəccimlərlə,
fəqirlərlə münasibətlə və xidmətçilərlə,
işçilərlə necə davranmaq lazım olduğu barədə
bu dörd varlıq və onları təmsil edən bədii rəmzlər
arasında söhbətlər əsərin əsasını
təşkil edir. Ağlın qənaətin qədərə
əsaslanan görüşünü puç etməsi əsərin
əhəmiyyətli bir hissəsini təşkil edir. Gündoğdu, Öydülmüş və
Odqurmuş üz-üzə gələrək və məktublaşaraq
din və dünya haqqında dərin söhbətlərə
dalırlar. Aydın olur ki, dünya adamı da, din
adamı da ehtiyacdan xali deyil. Fəqət hər
iki zümrəyə daxil olan insanlar öz ictimai və fərdi
vəzifələrini anlayıb idrak etsələr, həyatda
öz əbədi borcunu anlayıb yaşasalar, dünya və
axirət xoşbəxtliyinə qovuşa bilərlər.
Əsərin son fəsli “gənclik”, “zəmanənin
pisliyi” və müəllifin özünə nəsihətindən
ibarətdir. Həyatın
acılığından və mürəkkəbliyindən
yorulmuş müəllif, zəmanədən şikayət
edir və gəncliyə nəsihət edir. Türk dünyasının şah əsərlərindən
olan "Qutadqu bilik"də müəllif folklor motiflərindən,
xalq həyatı və məişəti ilə bağlı bədii
obraz və bənzətmələrdən geniş istifadə
edilib. Buna görə də "Qutadqu
bilik”i türklərin dünya mədəniyyətinə ən
gözəl töhfəsi sayırlar”.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 25 oktyabr.- S.14.