Savalan şeirinin təsiri
Savalan: "Ana dili
adı gəldi, can ona qurban olsun"
1950-1980-ci
ilərdə Güney Azərbaycan şeirində folklora, xalq
adət-ənənələrinə yaxından
bağlılıq, xalqın, zəhmətkeş insanın məişət
tərzini və dünyayabaxışını əks etdirmək,
xəlqilik, vətənpərvərlik qabarıq şəkildə
özünü göstərir:
M.Şəhriyar,
M.Məhzun, H.Tərlan, M.Dərəfşi kimi qocaman sənətkarlar
öz əsərləri ilə zəmanəsinin ədəbi
prosesinin bünövrə daşını qoymuş Ə.Nabdil
(Oxtay), M.İskun, S.Behrəngi, Səhənd kimi söz
ustaları öz sələflərinin ədəbi irsini
uğurla davam etdirən H.Xətibi, Ə.Həddad, H.Nitqi,
Sönməz, Savalan, Urmuoğlu, İldırım,
Ə.Möhsünü, Bariz, Savalan, Alov, Sönməz kimi
imzalar və adlar sırasına daxildirlər.
1950-1980-ci illərdə yazıb yaradan şairlər,
artıq odlu-alovlu, təlatümlü, keşməkeşli,
tufanlı-boranlı günləri, anları
yaşamışdılar. Odur ki, onlar öz sələflərindən
bəhrələnsələr də, onları təkrar etməyə
ixtiyarları yox idi. Onlar keçmiş illərdən,
aylardan nəticə çıxarmalı, poeziyaya yeni nəfəs,
yeni təravət, oxucunu, ələlxüsus da qəlbi
istiqlal, azadlıq arzusu ilə alışıb yanan azərbaycanlı
oxucunu maraqlandırmalı, onu özünə cəlb etməli,
öz orijinallığının məziyyətlərilə tanış etməli idi. Zaman bu
nəslin boynuna çox ağır bir yük qoymuşdu.
Onlar eyni zamanda nəinki ümumazərbaycan, eyni
zamanda ümumtürk ədəbiyyatına təzə ab-hava,
yeni fikirlər, təzə obrazlar, təravətli təsvir və
ifadə vasitələri gətirməli, xalqın taleyini,
duyğu və düşüncələr aləmini öz əsərlərinin
əsas motivinə çevirməli idilər. Bu ədəbi
prosesin, yəni 1950-1980-ci illər Güney Azərbaycanda fəaliyyət
göstərən şairlərin yaradıcılıq
dövründən onillər keçəndən sonra bu ədəbi
prosesə nəzər salarkən, inkişaf
qanunauyğunluqlarını izləyərkən
görürük ki, olduqca məsuliyyətli və
ağır vəzifəni uğurla yerinə yetiriblər və
zamanın nəbzini tutaraq, əsrin ikinci yarısının,
daha doğrusu, 80-ci ilə qədər baş verən
siyasi-ictimai hadisələri peşəkarlıqla poetik
misralarla əks etdirməklə yanaşı, mənsub
olduqları xalqın adət-ənənələrini, milli dəyərlərini,
milli xüsusiyyətlərini, nəcib sifətlərini, eyni
zamanda həyatın özü qədər yaşı olan
tarixini və mədəniyyətini böyük bir sevgi ilə
tərənnüm ediblər.
1950-1980-ci illərdə yazıb-yaradan şairlərin əsərlərində
isə bu, daha parlaq şəkildə özünü
nümayiş etdirməyə başlamışdı. Belə ki, bu sənətkarlar
hələ də şah rejiminin bütün təzyiqlərinə
baxmayaraq Azərbaycançılıq ideyaları ilə
çıxış etməklə yanaşı, məhz Azərbaycan
xalqına aid olan adət-ənənələri əsərlərində
bədii mənzərələrlə, canlı lövhələrlə,
estetik poeziya görüntülərilə əks etdiriblər.
Məlum olduğu kimi bu dövr Əmir Xosrov Dərainin, Məmmədəli
Məhzunun, Həbib Sahirin, Mir Mehdi Şapuşinin,
Haşım Tərlanın, türk dünyasının nəhəng
şairi Şəhriyarın, Aşıq Hüseyn Cavanın,
Yəhya Şeydanın, Müzəffər Dirəfşinin,
Sönməzin, Savalanın, Səhəndin, Firidun
Hasarlının, Hüseyn Düzgünün, Gəncəli Səbahinin
və başqalarının
yaradıcılığının ən parlaq
dövrüdür. Məhz bu dövrdə lirik,
lirik-epik şeirlər, bədii nida və bədii suallarla son
dərəcə zəngin olan poeziya nümunələri
meydana gəlib.
Məhz bu dövrdə Güney şairlərinin
yaradıcılığında yüksək sənətkarlıqla,
həqiqi şeir, poeziya dilində, son dərəcə zəngin,
emosional dildə yazılmış əsərlər
yarandı. Misralardakı sərrastlıq, axıcılıq,
sözə qənaət, yığcamlıq, üslubdakı
qüvvət, Güney Azərbaycan şeirinin tarixi-milli zəmində
inkişafı, ənənə və novatorluq daha qabarıq,
daha parlaq bir şəkildə özünü göstərməyə
başladı. Bu dövr Güney
poeziyasında şifahi xalq yaradıcılığı
ruhunda, aşıq şeiri ənənələri üzərində
köklənən sadə və axıcı misralar, bənzərsiz
deyim tərzi güneyli şairlərin rübabı
üçün çox səciyyəvidir. Onlar duyğularını doğma dilimizdə bəzək-düzəksiz,
son dərəcə təbii və səmimi ifadə edirdilər.
Güney Azərbaycan poeziyasının uzun illərdən
bəri davam edib gələn zəngin təcrübəsi
dönə-dönə təsdiq edib ki, sənətkarın vətəndaşlığı,
xalqın keçmişinə, məişətinə, milli dəyərlərinə
bağlılığında, yaradıcılığında
xalq adət-ənənələrinə əsaslanmasındadır. Əsl şairin
özünü, öz daxili aləmini ifadəsi məhz bu zəmində
xalqın malı olur, ədəbiyyatın
tarixində yaşayır, sənətkarın özündən
sonra da insanlara xidmət göstərməkdə, onları uca
zirvələrə səsləməkdə davam edir. 1930-cu ildə Ərdəbil şəhərinin
yaxınlığında, Savalan dağının ətəyində
yerləşən Nir qəsəbəsində dünyaya göz
açan Həsən Məcidzadə Savalan məhz bu cür sənətkarlardandır.
"Dədə
Qorqud", "Varlıq" və "Füruqi Azadi"
("Azadlıq işığı") jurnallarında
müntəzəm olaraq əsərlərini çap etdirən
Savalan Güney Azərbaycan poeziyasında siyasi lirikanın ən
görkəmli nümayəndələrindən biridir.
Savalan şeirinin təsiri onun poetikasındadır. Əsasən
folklor motivləri üzərində yaranmış realist
faktura (məqam, fikir başlanğıcı), mənəvi-əxlaqi
mövqe (meyar, dəyərləndirmə), Savalan şeirinin məna
siqləti bu poetika daxilində nəfəs alır, bədii məzmun
kəsb edir.
Savalan şeirinin stixiyası, kökü etibarilə
şübhəsiz ki, Ərdəbil ədəbi məktəbi
havasındadır. Lakin Savalanın könül rübabı eyni zamanda Həbibi,
Füzuli, Seyid Əzim Şirvani, Sabir, Mikayıl
Müşfiq, Əliağa Vahid, Süleyman Rüstəm
poeziyasından da ilham alıb, təsirlənib. Şairin
bədii irsini bütünlüklə nəzərdən
keçirərkən yuxarıda adları qeyd olunan şairlərin
təsiri bilavasitə özünü açıq-aşkar
göstərir.
Savalan
şeiri məqamdan doğulur, bir yandan yaşadığı
zəmanənin xırdalıqlarını yığıb mətnində
əks etdirir, digər tərəfdən hər an bu səviyyəni aşmağa, ondan yüksəkdə
durmağa, mənəvi ucalığa səsləyir:
Kişilərdə
qan olsun,
Din olsun,
iman olsun,
Ana dili
adı gəldi,
Can ona
qurban olsun.
Firuzə
üzük qaşı
Göy
daşdır üzük qaşı,
Kişidə
qeyrət olsa,
Atmaz qohum-qardaşı.
Savalan
şeiri bəzən qəhrəmani bir rəng alır, ilk
sözündən son misrasına qədər vahid ritmdə
yaşayır, hər şey-məzmun
başlanğıcı, düşüncələr, tariximiz
və mübarizə yolumuz, bəşəri məna və
mahiyyətimiz, ifadə imkanları, yığcam, obrazlı deyimlər,
sərrast, tutarlı təşbehlər - hər şey burda
hissə, həyəcana bürünür, xalqın və
şairin özünün bağrından qopan nidaya
çevrilir:
Ömr
etdi, çiçək görmədik heç öz
gülümüzdən,
Şadlıq yerinə gəldi fəğan
bülbülümüzdən.
Adətdi
bizə söyləməyək yadlara əsrar,
Dil açmayıb, incik demədik
müşgülümüzdən.
Daim
yaşayış oldu bizə bir qara dustaq,
Əl-qol yerinə bəndə vurulduq dilimizdən.
Lal ol
dedilər, bilmədik heç bu nə sözdür,
Səs çıxmadı bir başlı olan aqilimizdən.
Min hiyləyə
aldandı özün başlı bilənlər
Post
aldı, məqam aldı, usandı elimizdən.
...Yandıqca
közərləndik, haray, kül ki, qalandı
Söndürmək üçün başımızda
öz külümüzdən.
Gəlsə
bundan da çətin gün Savalan, bil!
Ayrılmaram heç an elimizdən, dilimizdən.
("Cənubi Azərbaycan Ədəbiyyatı
Antologiyası" 4-cü cild. Bakı-Elm-1994. səh. 185).
Savalan qollarını çırmayıb alnının,
zəkasının zəhmətilə yaratdığı nəfis
əsərlərinin köməyilə xalqının səadəti
naminə mübarizəyə girişir. Bu da təsadüfi
deyil. Savalan xalqın içindən
çıxmış, xalqının tarixinə, mədəniyyətinə,
məişətinə, təbiətinə, adət-ənənələrinə
olduqca mükəmməl bir surətdə bələd olan bir
sənətkardır. Biz bunu şairin
yaradıcılığının hər mənzərəsində
açıq-aydın görürük.
Savalan yaradıcılığında xalqın həyat
eşqini, gələcəyə inamını, yaratmaq qabiliyyətini,
xoşbəxtlik ideallarını da əks etdirib. 1950-1980-ci illərdə
Güney Azərbaycan poeziyasında Savalanın son dərəcə
orijinal və nəhəng bir sima kimi ucalmasının da səbəbi
budur. Əgər Savalanın əsərləri
təkcə vətən xainlərini, satqınları,
xalqına yuxarıdan aşağı baxanları ifşa etməklə
məhdudlaşsaydı, onda onu zəngin bir xəzinəyə
bənzətmək alınmazdı. O, bir müddət
işlənib sonra istifadəsiz qalan silaha bənzəyərdi.
Lakin Savalanın sənəti indinin özündə
də kəsərlidir. Bu, ona görədir
ki, Savalan xalqın həyatının bir çox mürəkkəb
həqiqətlərini, fəlsəfəsini, insan mənəviyyatının
ziddiyyətli cəhətlərini parlaq bədii obrazlarla ifadə
edib.
Savalanın yaradıcılığı dar çərçivəyə
sığmır. O, sözün əsl mənasında xalqın
şairidir, Azərbaycan xalqının şairidir və
doğma xalqının istəklərini misralara
köçürür. Özü də
bunları məhdud şəkildə, başdansovdu eləmir,
hər sözü, hər misranı, hər ifadəni yüz
dəfə ölçüb biçir, süzgəcdən
keçirir və bununla da xalqın zövqünü
oxşamayan heç bir şeyi saxlamır, yalnız xalqın
ruhuna qida verə bilən kəlamları xalqının
ixtiyarına verir.
Savalan tənqid edir, ifşa edir, öyüd-nəsihət,
tövsiyə verir. Xalqı cızığından
çıxmamağa, şeytana uymamağa, yad millətlərin
havasına uyub tarixini, yeddi arxa dönənini,
soykökünü, adət-ənənələrini, milli dəyərlərini
unutmamağa səsləyir, lakin bütün bunları sevərəkdən
eləyir, onun əsərlərində rişxənd, ələ
salmaq, eyib axtarmaq yoxdur. Bu da şairin
böyüklüyünü sübut edir.
Savalan öz fikirlərini geniş oxucu kütləsinə
daha asan çatdırmaqdan ötrü zəngin xalq
yaradıcılığı xəzinəsindən geniş
istifadə edib. Şairin "Apardı sellər
Saranı" poeması isə deyilənlərə ən
parlaq subutdur. Folklor motivləri şübhəsiz
ki, şairin obrazlı təfəkkürünü daha da dərinləşdirib,
ona ictimai məzmun verib.
Savalan "Apardı sellər Saranı"
poemasını İranda yaşayan azərbaycanlıların
tarixinə, mədəniyyətinə, keçmişinə,
çox əsrlik ədəbi irsinə, mənəvi sərvətlərinə,
doğma dilinə, milli-mənəvi dəyərlərinə
ağır zərbələr vurulduğu bir dövrdə qələmə
alıb.
Xalqını, millətini, doğma dilini canından artıq
sevən, milli dəyərlərinə, tarixinə,
keçmişinə dərin hörmət və ehtiram bəsləyən
şair, şah üsul-idarəsinin, eyni zamanda fars
şoviniziminin tüğyan etdiyi zamanda xalqına olan hədsiz
məhəbbətinin ona verdiyi qeyrətə, cəsarətə
dayanaraq, Azərbaycan xalqının keçmişini, mədəniyyətini,
mənəviyyatını özündə güzgü kimi əks
etdirən olduqca əhəmiyyətli, vacib bir əsər
yaradıb.
Vüqar Əhməd
filologiya elmləri doktoru, professor
Xalq Cəbhəsi.-
2014.- 25 oktyabr.- S.13.