Anlaşılmaz reklam və elan lövhələri
“Hər firma, sahibkar istədiyi kimi
reklam mətni yaza bilməz”
“İstehlakçılar
reklam olunan məhsulun keyfiyyətsiz olduğunu görəndə
onlarda reklama qarşı ikrah hissi yaranır”
Azərbaycanda geniş reklam kampaniyaları ötən əsrin
90-cı illərindən yaranmağa başlayıb və
insanlar illərlə informasiya qıtlığında
yaşadıqları üçün müasir reklamlar onlar
üçün bir növ yeni “qida” mənbəyi rolunu
oynayıb. Həmin dövrdə reklamda səslənənlər
hətta dillər əzbərinə çevrilirdi. Küçələrə vurulmuş reklam lövhələri
isə diqqətlə izlənirdi. Sonralar məlumat mənbələrinin
sayı artdıqca insanlar daha az
reklamları yadda saxlamağa və nəzər yetirməyə
başladı. Əvvəllər televiziya, qəzet
və radio mənbələri var idisə, indi küçədə
hər addımbaşı yerləşdirilmiş bilbordlar,
internetdə bannerlər, magazalarda asılan plakatlar, evlərə
və hətta ofislərimizə göndərilən
kitabçalardan, belə demək mümkünsə, təngə
gəlirik. Bizim üçün yeni olan
reklamlar bu və ya digər dərəcədə bazarın
formalaşması ənənələri ilə yaranıb.
Ancaq hazırkı dövrdə
istehlakçılar reklamlardan narazılıqlarını
bildirirlər.
Sadə vətəndaşlar
da reklamlardan narazılıq edilər: “Mən reklamlara nifrət
edirəm, mənası olmayan sözlərin işlənməsi
çox yorucudur. Elə sözlər var ki,
anlaşılmır. Məndən
soruşan nəvəmə necə başa salım nə demək
olduğunu? Bir sözlə reklamlar
şeytana qulluq edir, şeytanın arxasında dayanan isə
biznesdir. Hər-halda mən nəyi ala biləcəyimi
başa düşürəm. Reklamlarda
“al-al” sözlərinin işlənməsi insanın əsəblərinə
toxunur. Bizim vaxtımızda reklamlara
çox ehtiyatla yanaşırdılar. Bir
növ elan xarakterli olurdu. İndiki kimi
camaata göstəriş verilmirdi”.
Qeyd edək
ki, bu gün bir çox küçə böyü
düzülən rəngarəng reklam və elan lövhələrində
xoşagəlməz hallara da rast gəlmək az
qala adi hala çevrilib. Söhbət belə
reklam və elanlarda Azərbaycan dilinin qrammatik
qaydalarının bəzən kobud şəkildə
pozulmasından gedir. Xüsusən divarlara
yapışdırılan elanlarda qrammatik qaydalara ümumiyyətlə,
çox hallarda diqqət edilmir. Rus,
türk, ingilis sözlərindən yerli-yersiz istifadə edilməsi
də dilin leksik normasına ziddir. "Afsiantka
teleb olunur”, "İsdi peraşki” kimi yazılara çox yerdə
rast gəlmək mümkündür. Bu,
dilimizin korlanması baxımından kifayət qədər ciddi
məsələdir.
Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev
bu barədə iradlarını bilıdirib. Dilçi son
dövrlərdə istər mediada, istərsə də reklam və
elanlarda qrammatik səhvlərin daha qabarıq surətdə nəzərə
çarpmasını son illər kitab oxumaq vərdişimizin
azalması ilə əlaqələndirir. Professor deyir ki, birincisi, bu yazıları mütəxəssislər
hazırlamalıdır. İkincisi, təəssüf ki, bu
gün bizim ümumiyətlə, kitab oxuma mədəniyyətimiz
çox aşağı səviyyədədir: "Çox az adam kitab oxuyur. Qrammatik vərdişlər
məktəbdə öyrəndiyimizlə yanaşı, kitab
oxumaqla, daimi mütaliə ilə formalaşır. Kitab az
oxunur deyə, heç televiziya ekranlarında da 10
aparıcıdan 7-8-i normal danışmır. Ona
görə də həm məktəbdə yaxşı baza
qoyulmalıdır, həm də insan öz üzərində
işləməlidir. O ki qaldı reklamlara, bunların
hazırlanması ilə mütəxəssilər məşğul
olmalıdırlar. Hər firma sahibi istədiyi
kimi mətn yaza bilməz. Bu yolverilməzdir”.
AMEA-nın
Nəsimi adına Dilçilik İnstitunun
Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli
də bildirir ki, reklam və elanlarda qrammatik normaların
pozulması dilin özünə xələl gətirir:
"Problemin qarşısının alınması
üçün bu işlə məşğul olanlar əvvəla
Azərbaycan dilini yaxşı bilməlidir. Əgər
dili yaxşı bilmirlərsə, mütəxəssislərə
müraciət etsinlər. Çünki o
reklamın səhv yazılması, lövhələrdə iri
hərflərlə yazılan səhvlərin daha da diqqət
çəkməsi reklam sahibi üçün çox
böyük qüsurdur. Bu, qətiyyən
yolverilən deyil. Müvafiq dövlət
proqramında da küçə reklamlarının,
afişaların yazılışının normaya uyğun
olmasının vacibliyi vurğulanır. Hesab
edirəm ki, belə problemlərin həll olunmaması
bütövlükdə Azərbaycan dilinə xələl gətirir.
Çünki bunlar Azərbaycan dilinin
normalarının pozulması faktıdır və
qarşısı mütləq alınmalıdır”.
Qulu Məhərrəmli bildirib ki, Dilçilik İnstitutunun
Monitorinq şöbəsi də bütün müəssisələrə
bu mövzuda kömək etməyə, mütəxəssis
yardımı etməyə hazırdır.
Şöbə
müdiri onu da qeyd edib ki, bu hallar davam edərsə, gələcəkdə
inzibati addımlar da atıla bilər: "Cərimələrin
tətbiq olunması inzibati addımdır. Dilçilik
İnstitutunun elə sanksiyalar tətbiq etmək imkanı və
hüququ yoxdur. Lakin gələcəkdə
bununla bağlı inzibati addımların atılması məqsədəuyğun
olardı. Çünki inzibati addım hər
zaman daha effektli olur. Ona görə də,
gələcəkdə tətbiqi gözlənilir”.
Hələlik isə reklam və elanlarda dil
qaydalarını pozulması halaları davam edir. Araşdırmalar
onu da göstərir ki, alınma sözlər heç bir səbəb
olmadan bəzən orijinalda olduğu kimi yazılır. Məsələn,
"Online xidmət”, "Avangard”, "Globus”, "Granit” və
sair. Bəzən isə ana dilində olan adlar "ə” hərfinin
"e” hərfinə çevrilməsi ilə yazılır:
"Mermer”, "Gözellik salonu”, "Perde evi”. Ümumiyyətlə, Azərbaycan dilinin qayda
pozuntuları daha çox reklam lövhələrində və
özəl sahibkarlıq obyektlərinin adlarında
müşahidə olunur. Hesab olunur ki, bu
problemin həllində ilk olaraq qanunlarımıza müraciət
olunmalıdır. Obyektlərə
adlarının qoyulması, reklam lövhələrinin
hazırlanması zamanı "Dövlət dili haqqında”
Azərbaycan Respublikasının Qanununun şərtlərinə
əməl edilməlidir.
Reklamçılar İttifaqının sədri Hacıəmi
Atakişiyev də reklamların dilinin uğurlu
olmadığını deyir. “Reklamın dili
uğurlu və ürəkaçan deyil. Çünki
reklamlar ölkəyə xaricdən gəlir və onlar dublyaj
edilərkən ciddi dil fərqi ortaya çıxır. Tərcümə zamanı Azərbaycan dilinin
qaydalarına əməl olunmur. Məsələn,”bizimlə
keyfə baxın” bunu necə başa düşmək olar?
Sözün quruluşu düzgün deyil.
Sırf xarici mənbədən alınan reklamların üzərində
adi tərcüməçi çalışır və
qeyri-peşəkar iş ortaya çıxır... Xarici mənbədən reklam alınarkən həmin
ölkənin reklamçıları ilə müəyyən
olunmuş ödəmə şərtləri daxilində
danışıqlar aparılmalıdır. Çünki onun reklamı başqa ölkədə
tanıdılır, reklam şirkəti yeni auditoriya
qazanır. Təəsüf ki, bizim ölkədə
bu danışıqlar aparılmır. Nəticədə
də uğursuz iş ortaya çıxır”.
Hacıəmi Atakişiyev küçə
reklamlarının da dilində problemlər olduğunu,
sahibkarların istehlakçıları nəzərə
almadıqlarını deyir. “Sahibkarın
mağazaya verdiyi ad istehlakçının başa düşəcəyi
formada olmur. Çox vaxt insanlar
yazını anlamadığı üçün o
mağazalara girmirlər, nəticədə isə uduzan
istehsalçı olur. Reklam agentliklərinin
tapşırığı əsasında hazırlanan
reklamların dili daha bərbaddır”. Reklamçılar
İittifaqının sədri problemin aradan qalxması
üçün yeni kadrların hazırlanmasını və
koorperator məktəbinin yaradılmasının vacib
olduğunu bildirir. “Reklamın dili ilə
bağlı problemin həll yolu təhsil sistemində
kadrların hazırlanması və koorperator məktəbini
yaratmaqdır. Koorperator reklam səhəsində
tam ixtisaslaşmış kadrlardır, həm jurnalist, həm
dilçi, həm də dizaynerdir. Amma
olduqca bahalıdır. Reklamın
dizaynı ilə dili vəhdət təşkil edərsə,
problem bir qədər azalmış olar”.
Azad İsteklakçılar Birliyinin sədri Eyyub
Hüseynov da reklamların dilindən narazıdır. “Azərbaycanın
reklam bazarında reklamların dilində böyük problem
yaşanır. Reklamların 30%-i
istehlakçıların başa düşmədiyi və
çaşdırıcı dildədir. Reklam
istehlakçıların başa düşmədiyi formada
yazılır. Malların üzərinə
vurulan etiketlərin 50%-i isteklakçıya düzgün məlumat
vermir. Dövlət dili haqqında qanunda da
qeyd olunub ki, malların etiketlərində olan məlumatlar
xarici dillə yanaşı milli dildə də
olmalıdır. Məhsulların 50%-i idxal
olunur, həmin ərzaqlar haqqında istehlakçıya
doğru məlumat verilmir. Xüsusən
körpə qidalarında, ümumi həcmi kiçik olan
mallarda düzgün informasiya olmur. Nazirlər
Kabinetinin 343 saylı qərarında qeyd olunub ki, məcburi
sertifikatlaşdırılmalı olan malların
sertifikatlaşdırılmamış reklamı
qadağandır. İstehlakçılar
reklam olunmuş məhsulun keyfiyyətsiz olduğunu görəndə
isə onlarda reklama qarşı ikrah hissi yaranır. Nəticədə Azərbaycanda reklam bazarı
ölür, ölməyə də məhkumdur. Artıq nə reklam, nə də reklama qoyulmuş xərc
isteklakçını diqqətini çəkir”.
Ekspert qeyd edir ki, “dövlət dili ilə bağlı
qanunda reklam dilinin qanuna uyğunlaşdırılması məsələsi
öz əksini tapıb. Hazırda Azad İstehlakçılar
Birliyinin də təklifləri nəzərə alınmaqla
reklam haqqında qərar qəbul olunub. Düşünürəm
ki, həm reklamların dilində olan problem aradan qalxacaq, həm
də reklam bazarı güclənəcək”.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Nizami Cəfərov deyir ki, əslində reklamların dili əvvəlki
illərlə müqayisədə o qədər də bərbad
deyil. “Reklamlarda daha çox millilik, milli xüsusiyyət,
milli təqdimat çatmır. Tərcümələr
düzgün aparılmır. Amma
düşünürəm ki, yaxın gələcəkdə
reklamların dili ilə bağlı problem aradan qalxacaq. Azərbaycan Respublikasının Prezidenti tərəfindən
“Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair”
dövlət proqramı təsdiq olunub. Qanuna
səhv yazılmış sözlərlə bağlı maddə
əlavə olunub. Həmin maddəyə
uyğun qaynar xətt yaradılacaq. Artıq
hər bir vətəndaşlar şəhər, küçə
adlarından reklamlara qədər, harada yanlışlıq
görsələr, qaynar xəttə müraciət edəcəklər”.
Əli
Xalq Cəbhəsi.-
2014.- 25 oktyabr.- S.11.