Savalan yaradıcılığı
O, xalq
ruhunun dərinliklərinə
yaxından bələd
idi
II yazı
"Poemanın ictimai-siyasi və ədəbi dəyərini müəyyənləşdirən
iki cəhət xüsusi qeyd olunmalıdır: Azərbaycan
ellərinin qədimliyi
və gözəlliklərini
vəsf etmək, bu yerlərin sakinlərinin doğma torpağa məhəbbətini
tərənnüm etmək.
Hər iki məsələdə şairin siyasi və ədəbi uğurları inkaredilməzdir".
(Sabir Əmirov.
"Cənubi Azərbaycan Milli Demokratik Ədəbiyyatı.
1941-1990. Bakı-2000. səh. 81). Çoxlarına
məlumdur ki, Azərbaycan xalqı bir xalq kimi
formalaşan zamandan daim saflığı, qəlbitəmizliyi, yüksək-mənəvi
keyfiyyətlərə malik
olması, mərdliyi,
zəhmətsevərliyi ilə
tanınıb. Savalan
"Apardı sellər
Saranı" poemasında
məhz Azərbaycan xalqına xas olan nəcib sifətlərə geniş
yer verib, xan Çoban və Saranın timsalında canlı lövhələrlə, eyni
zamanda poetik imkanlarının bütün
vasitələri, şəkillərlə
bir rəssam kimi cizgilərini cızıb.
Şairin bu poemasına nəzər saldıqca oxucunun nəzərində
silinməz izlər buraxan mənzərələrin
şahidi oluruq. Savalan yaradıcılığında
xalqın keçmişində
gələcəyinə uzanan
qırılmaz bir xətt var. Bu, Savalan yaradıcılığından bir ana xətt
kimi keçir. Olduqca qədim tarixə və mədəniyyətə malik
olan xalqın adət-ənənəsini, həyatını,
məişətini, folklorunu
heyrətamiz bir şəkildə canlandıran
şair, eyni zamanda folklorumuzun aparıcı qüvvəsi
olan xalq şeirinin bütün incəliklərindən, poetik
şəkillərindən, formalarından, qəliblərindən
məharətlə istifadə
edib, bununla yanaşı olduqca orijinal bir şəkildə
özünəməxsus yeni
cizgilər, ştrixlər
yaradaraq həm mövzu, həm mündəricə, həm
də mücərrədlikdən
uzaq bir romantika etibarilə gələcəyə inamlı
addımlar atır.
"Xan Çoban və Sara" adlı xalq əfsanəsinin motivləri əsasında
qələmə alınmış
"Apardı sellər
Saranı" poeması
şairin qələmilə
əfsanədən real həqiqətə
elə bir şəkildə çevrilir
ki, oxucu bu əsərin əfsanə motivləri əsasında yazıldığına
inanmır və sənədli bir həqiqəti gözləri
ilə görürmüş
kimi zənn edir.
Xan Çobanla
Saranın arasında ülvi bir eşq
mövcuddur. Xalqımızın keçmişinə nəzər salsaq, əcdadlarımızın eşqi
çox uca tutduğunu, dahi Nizami demişkən, "Eşqsiz ey dünya, nədir dəyərin" prinsipi ilə yaşadıqlarını
görərik. Xalqın ülvi
hisslərinin, yüksək
mənəvi keyfiyyətlərinin
təcəssümü kimi
Xan Çobanla Sara arasında olan eşq saf və
pak mənəviyyat aynasıdır. Fəqət ağa
Soltan bu eşqin nurunu söndürmək, qırılması
mümkün olmayan tellərini qırmaq istəyir. Lakin eşq ruhun
təcəllasıdır. Əsl eşqi sındırmaq, əsl aşiqləri bir-birindən ayırmaq qeyri-mümkündür. Öz yaradıcılığında
hər şeyi dəqiqliklə ölçüb-biçən
Savalan, xalqın ruhunun dərinliklərinə
yaxından bələd
olduğuna görə
əsərini belə
bir finalla bitirir. Saranın atası qızını
yada qismət eləməməkdən ötrü
onu öz əllərilə Araz çayında batırır
və Arazın təlatümlü dalğalarının
göyərçin qanadları
ilə tarixin çoxəsrlik sinəsinə
müqəddəs bir
eşq dastanı yazılır.
Savalanın "Apardı sellər Saranı" poeması keçmiş Azərbaycan
həyatının bütün
yaxşı və pis cəhətlərinin, mənfi və müsbət qütblərinin
bədii löhvələrlə
əksidir.
Savalan poeziyası
quru ənənəçiliyə
uyan, məhəbbəti,
həsrəti, nisgili mücərrəd şəkildə
deyilmiş sözlər
və ifadələrlə
təsvir edən, dərin və hikmətli fəlsəfi fikirlərdən məhrum
olan bir poeziya deyil. Savalan şah
üsul-idarəsi bataqlığından
yüksəyə qalxıb
mühitin mütərəqqi,
poeziyada zidd cərəyanlara qarşı
gedərək bu və ya digər
dərəcədə həyatı
əks edən, həyatla, ictimai çarpışmalarla bağlı
əsərlər yaradıb.
Savalanın hikmətamiz əsərləri
var. "Hədər olmaz"
qəzəlində şair
bir çox əsərlərində olduğu
kimi insanları yüksək mənəvi
keyfiyyətlərə, vətənpərvərliyə,
doğma dilini sevməyə, elm arxasıyca
getməyə çağırır:
Gör hümməti olsa kişi ömrü
hədər olmaz,
Hümmətsizin heç yerdə sözündə kəsər
olmaz.
Sən istəmiş olsan da el içrə ola qədrin,
Səy et elin uğrunda
ki, bundan zərər olmaz.
Sən yurduna yan, yan
elüvə, yanmalı
vaxtdır,
Doğma dilüvə yansan əgər bisəmər olmaz.
Bax gör səni dünyada tanırlar bu dil ilə,
Dil olmasa, varlıqda bütünlük gedər
olmaz
Sən
tut elini, tap özünü,
bil, yaşa düzgün
Hər iş görəsən, bil ki, hədəsiz
əsər olmaz.
Aç
gözlərini, elmü-maarif
çağırır bax,
İnsan tanınan kimsə belə bibəsər olmaz.
Sən ey Savalan, yatmışdınsa
ayıl indi,
Qəflət yuxusunda yaşayan bəxtəvər olmaz.
Qəzəlin mündəricəsini, estetik
idealını təşkil
edən bu cür müdrik həyati fikirlərə yalnız sadə nəsihət, ritorik nidalar kimi baxmaq
olmaz. Çünki bu fikirlər ehtirasdan, hissdən, duyğudan ayrı deyilməyib, hiss şəklində
ifadə olunub. Yəni hissi konkretlik, obrazlılıq əsərin
əsas bədii xüsusiyyətidir. Bütün
bunlar şairin şəxsi duyğuları
şəklində ümumiləşdirildiyindən,
insanın yalnız mənəvi həyatına
deyil, cismani, bioloji həyatına aid bir çox müşahidələri əks
etdiyi üçün
olduqca təbii və inandırıcıdır:
Qızıl günəş işıq
salıb,
Min çiçəklə gəlib
bahar,
Atalardan
bir söz qalıb,
Hər gecənin
gündüzü var.
Söz bura çatdı qoy deyim,
Sabirə
yüz rəhmət ola,
Həqqi
deyib, qəbri onun,
Həşrə kimi nurla dola.
Sən deyən olmayıb hələ,
Arxa su dolmayıb hələ,
Köhnədən çox əsər
durur,
Rəngi də solmayıb hələ.
Atalar da böylə deyib,
Yaxşıdan yaxşılıq törər,
Hər eli sən
sən ağırlasan,
Öz elin də hörmət görər.
Bayatı formasında yazılmış
bu poemada çox dərin mənalı müşahidələr,
müdrik həyati fikirlər və hikmətamiz düşüncələr
öz əksini tapıb. Poemada tez-tez atalar sözlərindən,
zərb misallardan peşəkarlıqla istifadə
eləyən, eyni zamanda folklor motivlərindən bir an belə kənara çıxmayan, bir çox güneyli şairlər kimi dahi Sabiri özünə
ustad hesab eləyən Savalan olduqca yığcam, lakonik bir şəkildə,
eyni zamanda poetik qəlibdən tamamilə kənara çıxmayaraq böyük
sevgi ilə yad edib, onun
yalnız həqqi söylədiyini dilə gətirir.
Savalanın poeziyasında folklor motivləri ümumi mövzu vüsətinə,
ictimai-siyasi və fəlsəfi-əxlaqi dərinliyə
malikdir. Şairin poeziyası böyük sənətkar nəfəsilə
isindiyindən, vətənpərvərlik
duyğuları şəklində
tərənnüm olunur:
Hərdən
duyuram ki, mənim ömrüm hədər oldu,
Çox sevdiyim ellər dağılıb dərbədər
oldu.
Bax kim, yanıram yurduma haqsızlıq ucundan,
Gör yurdumun oğlanları küskün kədər
oldu.
Yadlar
dedilər: "İndi bizik sizlərə hakim",
Odlar evini
özgələr artıq güdər oldu...
("Hədər oldu". "Parçalanmış
millətin harayı" Nurlar-Bakı-2007. səh.246).
Füzulidən sonra Azərbaycan ədəbiyyatını
yeni yüksək mərhələyə qaldıran, ədəbi
inkişafda tamamilə yeni bir dövr açan Molla Pənah
Vaqif olub. Sosilizm ideologiyasının amansız hücumları
zamanı bəzi ədəbiyyatşünaslar belə bir fikir
formalaşdırmaq istəyirdilər ki, guya Vaqif klassik ədəbiyyatın
köhnəlmiş ənənələrini pozub və Azərbaycan
ədəbiyyatında yeni bir cığır açıb.
Ancaq Vaqif heç vaxt klassik ədəbiyyatın
ənənələrini pozmayıb, əksinə, ondan bəhrələnərək
ədəbiyyatda yeni üslublar, formalar yaradıb. Lakin
Vaqifin ən böyük xidmətlərindən biri onun ərəb-fars
tərkibli sözlərdən istifadə etmədən
bir-birindən gözəl nümunələr yaratması idi.
Vaqif şeir dilini sadələşdirib, hər kəsin, ən
savadsız bir insanın başa düşəcəyi dildə
yazıb, bununla da əslində zəngin Azərbaycan
folklorunun yeni bir səhifəsini yaradıb.
Məhz
Vaqifin ədəbi irsindən bəhrələnən şairlər
Azərbaycan ədəbiyyatında xalqın asan
qavrayacağı, rahat mənimsəyəcəyi bir yolla irəliləməyə
başlayıb və təmiz Azərbaycan dilində incilər
meydana gətiriblər. Savalanın
yaradıcılığına, şeiriyyətinə nəzər
yetirdikdə, onun da bu yolun davamçılarından olduğu,
təmiz Azərbaycan dilində yazıb-yaratdığı
açıq-aşkar özünü göstərir.
Güney
Azərbaycanda başda Məmmədhüseyn Şəhriyar
olmaqla Azərbaycan dilinin saflaşmasında,
paklaşmasında böyük xidmətlər göstərən
şairlər sülaləsi meydana gəlmişdi ki, indinin
özündə də bu sülaləyə qoşulanlar, bu
gözəl ənənəni davam etdirən sənətkarlar
mövcuddur.
Əlbəttə,
istər Savalanla, istər Şəhriyarla, istər başqa
güneyli şairlərlə bağlı belə bir sual
meydana çıxa bilər; -Güney Azərbaycanda fəaliyyət
göstərən şairlər azərbaycanlıdırlar, Azərbaycan
dilində yazıb-yaratmaq onların müqəddəs borcudur.
Lakin nəzərə alsaq ki, İranda hələ indinin
özündə də Azərbaycan dilində məktəb
yoxdur, təhsil yalnız fars dilindədir, onda Güney Azərbaycanda,
Azərbaycan dilində yazıb-yaratmağın, özü də
olduqca gözəl bədii nümunələr meydana gətirməyin
nə qədər çətin olduğunu anlayarıq.
Şübhəsiz
ki, Savalan da fars dilində təhsil alıb və onun Azərbaycan
dilinin bütün incəliklərindən olduqca məharətlə,
peşəkarlıqla istifadə etməsi heyrətamizdir.
Savalanın poetik təfəkkürünün məhsulu olan əsərlərində
folklor motivlərinin yer alması da onun xalqının
keçmişinə, məişətinə, doğma dilinə,
adət-ənənəsinə, xalq
yaradıcılığına bütün varlığı
ilə bağlı olmasından irəli gəlir.
Savalan
yazdığı bayatılarda navatorluq özünü
qabarıq şəkildə göstərir və müasir
şeirimizdə bədii navatorluğun müxtəlif
formalarından birini təşkil edir. Onun bayatıları xalq
ədəbiyyatından mayalanmaqla yanaşı, öz oxucusuna
ana dilini əziz tutmağı, yüksək mənəvi
keyfiyyətlərə, nəcib sifətlərə malik
olmağı, yaşadığı torpağı, vətəni
sevməyi, mərd-mərdanə yaşamağı tövsiyə
edir:
Əzizim,
qara gözlər,
Baxırsan
hara gözlər?
Qolların
sal boynuma
Çatdıq
ilqara gözlər.
Muğana,
Milimə deyim?
Ölkəmə,
elimə deyim?
Ana dili
adlı bir şey var,
Can qurban
dilimə deyim.
Yaz olar
çaylar daşar,
Yay olar
dayazlaşar,
Elin hər
kəs itirsə
Getsə hər yerə çaşar.
Vüqar Əhməd,
filologiya elmləri doktoru,
professor
Xalq Cəbhəsi.- 2014.- 28 oktyabr.- S.13.