İstiqlal ruhlu “Yeni Qafqazya” dərgisi
“Məsləkimizə
müvafiq yazılar, məmnuniyyətlə qəbul və nəşr
olunur...”
1923-cü
il sentyabrın 26-da yalnız azərbaycanlıların
deyil, eləcə də rus əsarəti altındakı
bütün türklərin xaricdə
çıxardıqları1 ilk məcmuə – “Yeni Qafqazya”
işıq üzü gördü. Məcmuənin
ünvanı: Cığaloğlu küçəsi, Amdı mətbəəsi.
Məcmuə hər on beş gündən
bir nəşr olunurdu. Abunə şəraiti: illik qiyməti
120 quruş; altı aylığı 60 quruş; xaricdə 1
nüsxəsi 5 quruş. Ədəbi-ictimai və siyasi bir məcmuə
olan “Yeni Qafqazya”nın ilk sayının
başlanğıcında bu cümləyə rast gəlmək
mümkündür: Məsləkimizə müvafiq yazılar,
məmnuniyyətlə qəbul və nəşr olunur.
Məcmuənin ilk sayının imtiyaz sahibi və məsul
müdiri Seyid (Məhəmməd) Tahir olub. Seyid Tahir məsul
müdirlik vəzifəsini 1925-ci il 15
dekabra qədər yerinə yetirib. Onun haqqında belə məlumat
da vardır: “”Dağıstanlı Səid Əfəndi 1925-ci
ildə, Avropa papaxlarının Türkiyədə geyilməsi
əleyhinə təbliğat apardığına görə
həbs edilmişdi. 1926-cı ilin fevralında bəraət
almasına baxmayaraq, Türkiyə respublikasının o
zamankı qanununa əsasən redaktor vəzifəsində
çalışa bilməzdi”. Elə bu səbəbdən
də 1926-cı il 6 fevral tarixindən məsul
müdir vəzifəsini Əhməd Həqqi yerinə
yetirmişdir. Məcmuənin əsas yaradıcısı M.
Ə. Rəsulzadə olmasına baxmayaraq, onun adına
ilk dəfə məcmuənin 1923-cü il 15 oktyabr tarixli
sayında dərc olunmuş “Zəruri bir izah” (İdarəyə
məktub) başlıqlı məqalədə rast gəlinir.
Daha sonra “Yeni Qafqazya”nın 1924-cü il 28
may tarixində üz qabığında M. Ə. Rəsulzadənin
şəkli olan xüsusi nüsxə nəşr
olunmuşdur. Həmçinin məcmuənin 1924-cü il 16 noyabr tarixli sayında baş mühərrir:
Rəsulzadə Məmməd Əmin və 1926-cı il 6 fevral
tarixli sayında isə sahibi və baş mühərriri, Rəsulzadə
Məmməd Əmin adını görmək olar”.
Politoloq
X.İbrahimli yazır: "Dərginin "Yeni Qafqasya"
adlandırılmasından da görünürdü ki, Azərbaycan
mühacirləri bütün Qafqaz mühacirləri ilə
iş birliyi yaradılmasının ilk təşəbbüsçülərindən
olmuşdur. Son dərəcə zəruri olan bu
birliyin gerçəkləşməsi üçün həm
mühacirləri, həm də Türkiyə ictimaiyyətinin
siyasi zümrəsini ideoloji-siyasi cəhətdən
hazırlamaq istiqamətində "Yeni Qafqasya" çox
işlər gördü. "Yeni Qafqasiya"nın məsul redaktoru dağıstanlı Səid
Əfəndi, redaksiya heyətinin üzvləri isə
Ş.Rüstəmbəyli, Əhməd Cəfəroğlu,
X.Xasməmmədov, Əmin Abid (Gültəkin) və Buxara
Respublikasının sabiq prezidenti Osman Xoca idi. 1925-26-ci
illər arası qısa fasilədən sonra ayda iki dəfə
çıxan dərgi, Əhməd həqqinin redaktorluğu
ilə yenidən fəaliyyətə başladı. ..
Səbahəddin Şimşir “Yeni Qafqazya”da M. Ə. Rəsulzadəyə
aid olduğu düşünülən və ya imzasız 215-ə
yaxın məqalə olduğunu qeyd edir. O, M. Ə. Rəsulzadədən
və oxucu məktublarında başqa “Yeni Qafqazya”dakı imzaları
belə açıqlayır: “Ə. Bəttəl, Ə. Cavad,
Ə. Həmdi, A.Şeyxülislamzadə, Əbdülqadir, Dr.
Abdullah Cövdət, Acarlı Əhməd Zəki Vəlidi,
Əli Mənsur, Əli Mərdan, Ayaz İshaki, Ayn Ayn, Ayn Kaf,
Ayn Qurbanqulu, azərbaycanlı Əli Kamal, Azəri, Azərizadə,
Bakılı, Cəfər Sadiq, Dəmirçioğlu,
Əlif Çəlbək, Ərdoğan, Falih Rifki, Gəncəli,
Gülsərən, Gültəkin, Gürcü, Xəlil Xas Məmməd
və s.”. M. Ə. Rəsulzadə məcmuənin ilk
sayında dərc edilən “Atəşçalan Prometey” məqaləsində
yazırdı: “İlk nüsxənin baş məqaləsi
proqram məqaləsi olmalı idi. Burada məcmuəmizin
təsisi ilə təqib etdiyimiz məqsəd şərh
olunmalı idi.
Mövzumuzu düşünərkən Qafqazya, bu gözəl
məmləkət bəhri-xəzər ilə Qara dəniz
arasındakı bu tarix bərxəz, əski yunanların
“altun-yük” deyə təbil etdikləri bu zəngin ölkə
gözümüzün önündə canlandı. O pək zəhgin
keçmişi və hətta çox parlaq istiqbalı ilə
təxəyyülümüz qarşısında sərt bir
keçid yapdı.
Bəhri-xəzər sahilindən başlayan ilk mənzərə
qüvvətli bir aydınlıq təşkil edirdi. Bu, səmalara
doğru yüksələn bir atəş idi. Azərbaycan isminin müsəmməsini təşkil
edən atəş, o atəş ki, mədəniyyəti bəşəriyyət
ilk əvvəl onun yaxdığı ocaq başında təsis
edilmiş. O atəşi müqəddəs ki, “Prometey”
onu özü çalaraq, yer üzünə
qaçırdığı üçün hələ əzab
çəkməkdə, cəsarət və
üsyanının cəzasını görməkdədir. Məlum olduğu vəch ilə Prometey, Apollon mənzuməsindən
əsatiri bir ilahədir. Atəşi səmalardan
çalaraq insanlara gətirdiyi üçün Zevs tərəfindən
Qafqazya dağlarında zəncirbənd olmuş və bir siyah
qartal onu didməyə müvəkkəl olmuşdur. Bu qartal hər gün zavallının
köksünü dələrək ürəyini
parçalasa da, Prometey təkrar kəsbi – afiyət edər, təkrar
parçalanar. Əsatir, atəşi-sariqi
bulunan bu üsyankar aləhyi atəş yurdu Azərbaycana
nazil bulunan Qafqazya dağlarında deyil, başqa yanda zəncirbənd
etmiş olsaydı, onu bulub təkrar bura gətirməli idi.
Çünki, Qafqazyanın tarixini, son əsrdəki
güzəran edən əhalini və bir xassə indiki vəziyyətini
tərmiz etmək üçün bundan daha bir rəmz
bulunmaz. Zevsin haqqı vardır. Asimanlardan çalınan atəş yerə gəlincə
özünə rəqib çıxmış, insanlar ona
tapınmış, özünü təqdis eləmişlərdir.
Tarixi-qədimin təqdis elədiyi atəşə
məmaili-əsr hazırın elan elədiyi şey neftdir.
Atəşpərəstlik dövrünün ən
böyük, atəşgədələri Qafqazyada - Azərbaycanda
bulunduğu kimi, neftpərəstlik əsrinin ən cazib ocaqları
da buradadır.
Prometeyi didən xunxar quş, qartal idi. Bir əsrdən bəri Qafqazyanın
köksünü dələn və ciyərini parçalayan
Rusya imperyalizminin gerbi də bir qartal deyildimi? “Qafqazya Qafqazyalılarındır” şüarı təhəqqüq
etdiyi gündür ki, “Yeni Qafqazya” vücud bulacaq. Bugünki, Qafqazya “Qartal” Rusyanın deyilsə də,
“Oraq” Rusyanındır. Fəqət
Qafqazyalıların deyildir. Azərbaycan, Dağıstan,
Gürcüstan vücudi milliləri qara imperyalizmi, təmsil
edən qartal nişanı ilə deyil, qızıl imperyalizmin
əlamətini təşkil edən çəkiclə əzilir
və oraq ilə kəsilirsə, bundan Yeni Qafqazya naminə nə
hasil”.
“Yeni
Qafqazya” Azərbaycan istiqlalçılığının
kökünü “Azəri Türkünün Rus çarizminə
qarşı davam etdirdiyi milli mədəniyyət
uğrundakı mücadilədə görür”, bütün
çətinliklərə baxmayaraq bu mücadilənin davam
etdiyini vurğulayırdı: “Bu mücadilə davam edir. Mücadilə dalğası bizi cəbhədən cəbhəyə
atır və biz gah qalib, gah məğlub, gah hür, gah əsir,
gah hakim, gah məhkum, gah sürgün və gah mühacir
oluruq”.
Digər
məqalədə milli istiqlalçılıq
ideyalarının bütün çətinliklərə
baxmayaraq böyüyəcəyi, yüksələcəyi
göstərilir: “Dörd ildən bəri müstəqil Azərbaycana
sahib olan Çekalar bu idealın kökünü kəsmək
üçün müraciət etmədikləri vəhşiliklər
buraxmamışdılar. Fəqət nə Qızıl
Ordunun, başda Gəncə, Qarabağ və s. olduğu halda
məmləkətin hər tərəfində üsyan edən
xalqı məsum qanlara qərq etmək istəməsi, nə
irfanın, üləmanın və gəncliyin yüzlərlə
qurşuna düzülməsi, nə fədakar gənc vətənpərəstlərin
qaranlıq zindanlarda, sulu borumlarda şikəst bir hala gətirilərək
aclıq elan edəcək dərəcəyə endirilməsi,
nə də min bir hiylələrlə əli silah, dili söz
tutan atəşli fərdlərin kafilərlə sürgün
edilməsi bu idealı söndürə bilməz! Bilakis hər şeydən yüksək olan ideal
bütün bu təziqlərə ramən böyüyər,
parlar, yüksələr!”
Qeyd edək ki, 28 May və 27 Aprel – bu günlərin hər
ikisi də Azərbaycanın müstəqillik tarixində
mühüm yer tutur. Bu tarixlərdən birincisini bayram, ikincisini matəm
günü kimi qeyd edən “Yeni Qafqazya”nın
səhifələrində bu hadisələrlə bağlı
xeyli məqalələr dərc olunmuşdur: “Azərbaycanın
istiqlalçılığı Rusya ərazisindəki
Türk elləri istiqlalçılığının
pişdarı idi. Bu etibarla 28 May yalnız Azərbaycan
istqlalçıları nəzərində deyil, Rusya əsarətinə
qarşı qiyam edən bütün Türk elləri nəzərində
də möhtərəm bir gündür”.
27 Aprel
işğalı ilə bağlı nəşr edilən məqalələrin
birində isə qeyd edilirdi: “Bu gün 27 Apreldir. Bakıdakı bolşevik hökuməti bu günə
məxsus şəkillər tərtib və bunu yövmi haləs
və ticarət kimi təsdiq edər. Bu
gün Azərbaycan hökuməti milliyyəsi isxat olunaraq
yerinə kommunist hökuməti nəsib olunmuşdur. Fəqət məsələnin həqiqi cəhəti
bu şəklin ifadə etdiyi mənaya müvafiq olsaydı,
biz nə bu günün şəamətini istirərdik, nə
də Azərilər bu günü matəm tutardılar”.
27 Aprel istilasından sonra yenidən Rusyanın müstəmləkəsinə
çevrilən Azərbaycanda baş verən hadisələr
də “Yeni Qafqazya”da dərc olunan yazıların mövzusuna
çevrilmişdir. “Yeni Qafqazya” sovetlər birliyinin bu məmləkətdə
apardığı siyasəti pisləyir, bolşeviklərin əsas
simasını açıb göstərirdi: “ Rusya
bolşevizmi təbdili hökumət pərdəsi altında
Azərbaycan Türk Cumhuriyyətini sözün bütün mənasıyla,
istila eylədi. Türk dostluğu və istiqlal
şüarının ulduzlu haili arxasında hər növ
hüquq və insaniyyət qanunlarını kirli çəkmələri
altında tapdalayan bu müstəqil qüvvət məmləkətdə
nə milli, nə idari, nə də siyasi heç bir istiqlal
buraxmadı. Belə cabbar və zalım
bir müdaxiləyə qarşı yer-yer vükü bulan
üsyanlar və qəddarcasına bir surətdə
bastırıldı. Azərbaycan,
sözün tam mənasıyla qızıl kəsildi. Ricalinin, üləmasının, müəllimlərinin,
əsgəri komandalarının əməli və
köylülərinin, milli adət və dini müqəddəsliyinə
sadiq qalan günahsız xalqının al qanlarına
boyandı”.
“Yeni Qafqazya” yalnız Türkiyədə deyil, eləcə
də İranda, Misirdə, Əfqanıstanda yayılır,
geniş maraq doğururdu. Məcmuə gizli yolla
Azərbaycana gətirilib xalq arasında yayılırdı.
Qeyd edək ki, “Yeni Qafqazya”ya qarşı
bütövlükdə Sovet təbliğat şəbəkəsi
işləyirdi. “Pravda”, “Qızıl Orenburq” kimi qəzetlər,
“Novıy Vostok” elmi orqanı “Yeni Qafqazya”dakı yazıları
təkzibə çalışsalar da, bir fayda
olmamışdı.
“Yeni
Qafqazya”nın fəaliyyəti Svetlər
Birliyini narahat edirdi. Səlcuq Onal bu barədə
yazırdı: “Azərbaycan mətbuat tarixində mühacirlik
dövrü kimi yeni bir mərhələ
başlamışdır. İstila altında inləyən
vətənin fəryadlarını əks etdirən bu hür
səs bolşeviklərin rahatını
qaçırırdı”.
Sovet
hökuməti hər vasitə ilə “Yeni Qafqazya”nı bağlamağa
çalışırdı. M. Ə. Rəsulzadə başda
olmaqla azərbaycanlı mühacirlərin gərgin, yorulmaz
mübarizələrinə baxmayaraq Türkiyə hökuməti
Sovet hökumətinin təsiri ilə “Yeni Qafqazya”nın nəşrini qadağan etdi.
M. B. Məmmədzadə
gərgin mübarizə yolu keçmiş, 100-ə yaxın
sayı işıq üzü görmüş “Yeni
Qafqazya”nı yüksək qiymətləndirir və bu məcmuənin
gələcək nəsillər üçün milli istiqlal
tariximizdən bəhs edən bir sənəd olduğunu qeyd
edirdi: “Yeni Qafqazya” ilə başlayan milli nəşriyyat milli
istiqlal savaşımızın tarixi sənədləri kimi
qalacaq və gələcək nəsillər millətimizin
qızıl istila altındakı iztirab və əsarət
dövrünü bu sənədlərdən öyrənəcəkdir”
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 28 oktyabr.- S.11.