Üzeyir Hacıbəylinin publisistikasında milli musiqi problemləri
Onun "Maarif və mədəniyyət"
jurnalının 1926-cı il 4-cü nömrəsində
çap olunmuş məqaləsi diqqəti cəlb edir
Azərbaycanın məşhur bəstəkarı
Üzeyir Hacıbəylinin
zəngin publisistik yaradıcılığı ilə
bağlı soraqlar onun hərtərəfli düşüncə yiyəsi
olduğunu sübut edir. "Maarif və
mədəniyyət" jurnalının
1926-cı il 4-cü nömrəsində çap
olunmuş məqaləsində
Şərq və Qərb musiqisinin özünəməxsusluğu, qarşılıqlı bəhrələnmə,
Azərbaycan xalq musiqisi ilə yanaşı klassik musiqinin inkişaf etdirilməsi, hərtərəfli
düşüncə qabiliyyətinə
və zövqünə
malik insanların yetişməsi yönündə
publisistik fəaliyyəti
diqqəti cəlb edir. Yeri gəlmişkən,
o, bu prosesdə baş verən heç bir çatışmazlığa göz
yummur, iradlarını
bildirir: "Mən...
türk opera və operettalarının ancaq tarixi xidmətlərinə
o əsərlərin hələ
ibtidai və nöqsanlar ilə dolu bir halda
olduğunu danmaq istəmirəm; opera və
operettalarımız təkmil
edilməyincəyə qədər
də danmaq fikrində deyiləm, bu xüsusda daha bir çox
yazılar yazmaq lazımdır. Bunu da etiraf etmək
lazımdır ki, keçən il
opera və operetta oyunları-bilmirəm
qəsdən və ya səhvənmi-elə bərbad bir halda oynanılırdı ki, həqiqətən hər bir zövqi-səlim
sahibinin ruhunu incidib ikrah dərəcəsinə
gətirməklə hökumət
teatrının adını
da bədnam edirdi. Əgər bu ildə elə
bir "xaltura"lar vaqe olacaq, onda həqiqətən
türk opera və operettalarını tamamilə
səhnədən qaldırmaq
lazım gələcək.
O ki qaldı türk musiqi teatrının tərəqqisinin
gələcəkdə kimlərdən
ümid edilməsi məsələsinə... bizə
qalırsa, bu ümid bu gün
Azərbaycan hökumət
türk musiqi məktəbində kamal ciddiyyət və müvəffəqiyyətlə təhsil edən cavanlarımızdan gözlənilə
bilir və gözləyirik. Keçən türk opera teatrlarının
birində səhnəyə
statist "olmaq üzrə
bir nəfər aktris buraxılmışdı.
Bu aktrisin səhnə
hərəkəti kəndisinin
teatrda artistlik sənətinə lazımınca
vaqif olduğunu bildirirdi. Fəqət onun eyni hərəkəti məzkurənin
Şərq əhli olmadığını dəxi
ümum tamaşaçılara
bildirdi. Çünki
aktrisin hər bir hərəkəti, yəni səhnə gəzişi və teatr lisanında "mimika", "jestikulyasiya"
deyilən ümum tərpənişi yalnız
Qərb əhlinə məxsus hərəkətlər
idi. Bir sözlə, aktris
oyuna yaraşmadı.
İştə, bu
"yaraşmamaq" fəqərəsi
teatr sənətindən
başqa musiqi və rəssamlıq kimi incəsənətlərdə
dəxi hiss edilir, yəni Şərq əhli Avropa bəstəkarlarının "Şərq musiqisi" dedikləri əsərlərini
eşidər və rəssamlarının da
"Şərq stili"
lövhələrini görərkən
nə onun və nə də o birinin Şərqə heç də yaraşmadığını
hiss edib böylə əsərlərdən zövq
almamaqdan başqa hələ bir də "cinlənmək"
dərəcəsinə gəlir.
Bu nədən əmələ gəlir?"
Üzeyir
Hacıbəyli qaldırdığı
aktual problemin çözümünü də
göstərir: "Yəni
nədəndir ki, Qərb incəsənət
sahiblərinin Şərqə
aid yaratdıqları əsərlər
Şərq əhlinə
zövq vermir? Əsərlərin zəifliyindənmi? Və ya Avropa sənətkarlarının
iqtidarsızlığındanmı bu hal əmələ
gəlir? Nə ondan, nə də o birindən! Çünki məktəb görmüş,
elm almış və
qulluq etdiyi sənətin nəzəriyyat
və əməliyyatı
üstündə sənələrcə
çalışıb ixtisas
kəsb etmiş olan Avropa sənətkarlarının
nə özlərini iqtidarsızlıqda və
nə də əsərlərini zəiflikdə
ittiham etmək olmaz. Burada məsələ yalnız bir şey üstündədir.
O budur ki, Avropa sənətkarları
Avropa üslubundan bir az qeyri olan bir
növ "üslub və ya stil"
çıxarıb adına
"Şərq stili"
deyirlər. O cümlədən,
məsələn: "Musiqidə
artırılmış sekunda"
istemalı, şeirdə
"gül və bülbül" fəqərəsi,
rəsmdə "Butələrə
bənzər güllər",
teatrda rəngarəng
əlbisə geyib salama oxşayan hərəkətlər göstərmək
və sairə. İştə, şərqlilərin
zövqünü korlayıb
hətta ruhlarını
belə incidən bir şey varsa,
o da bu saxta
"Şərq stili"dir...
Avropa sənətkarları
əgər Şərq
sənətini törətmək
istərlərsə, kəndi
sənətlərinin müxtəlif
qəvaidini sənələrcə
zəhmət çəkib
öyrəndikləri kimi,
saxta "Şərq stili"ndən əl çəkib, əsil Şərq incəsənətinin
bütün xüsusiyyətlərini
kamali-səy və ehtimam ilə sənələrcə öyrənməli
və bu sənətə ruhən mərbut olmalıdırlar
ki, yaratdıqları Şərq sənəti
də Şərq əhlinə zövq verib ənis və munis görünə!
Yenə eyni teatrda türk
artistlərindən birisi
ağzını açıb
öz partiyasını
(şur) oxuyan kimi, kəndinin avropayı qina (xanəndəlik) dərsi oxuduğunu bildirdi.
Bu isə təhsin
və təsvibə layiq bir işdir,
çünki Avropa səliqəsilə keçilən
qina dərsləri, oxuyanın avazını qüvvətləndirir, səsini
artırır və gözəlləşdirir. Türk artistləri
və əlavə ümumtürk musiqi sənətkarları Avropa
musiqisinin nəzəri
və əməli cəhətlərini nə
qədər dürüst
öyrənərlərsə, bir o qədər mənfəət olar.
Çünki musiqi sənəti Avropada böyük bir elm dərəcəsinə çatıb;
kamil təhsil üçün on, on beş və daha çox sənələr vaxt sərf etmək lazım gəlir. Burası kifayətdir ki, Avropa musiqi
notlarını, yəni
musiqi əlifbasını
bilməyən şəxs,
nə qədər qail musiqar olsa
da, bir nəğməni
kağız üzərində
yazıb-oxumağa və
ya çalmağa müqtədir ola
bilməz. Avropa musiqi elmini öyrənmək savadlı
bir musiqar olmaq deməkdir. Fəqət Avropa musiqisini öyrənərkən bir
şeyi yaddan çıxarmaq lazım deyildir ki, o da Avropa musiqisi
ilə Şərq musiqisini qatışdırmamaq.
Məsələn: "Şur"
oxuyarkən içinə
Avropa qina stili salıb "romansa" döndərməmək,
"Bayatı-Şiraz" çalarkən Qərb musiqisinin "Arpecio"sına
bənzər yaraşıqsız
barmaqlar vurmamaq, bir Şərq havasını "harmonizə"
edərkən xaric səsli "akkord"lar istemalı ilə havanı korlamamaq; əlqərəz Avropa musiqisini öyrənmək
Şərq musiqisini xərablamaq üçün
deyil, bəlkə savad, elm və bilik kəsbi üçündür ki,
bu bilik sayəsində öz Şərq musiqimizin qəvaidini daha tez, xüsusiyyətlərini
daha aydın dərk etmək və binai əliyyə
tərəqqisinə də
daha artıq kömək etmək olar".
Üzeyir
bəy burada maraqlı bir məsələyə toxunur:
"Şərq musiqisini
Qərb musiqi aləti vasitəsilə icra etmək mümkündürmü?" Cavabını
da verir: "Hazırda bu sual bir qədər
qəribə görünə
bilər, çünki
Şərq musiqisinin Qərb aləti-musiqiyyəsi
vasitəsilə çalındığını
çox eşidirdik. Məsələn, operalarda və
başqa münasib yerlərdə. Fəqət bununla
belə bu məsələ musiqi maraqlıları arasında
mübahisə törədən
mühüm bir məsələdir. Bəziləri
deyirlər ki, Şərq musiqisi Qərb musiqi alətində
düz çıxmaz və çalınarsa da, düz
çalınmır, bəziləri isə bunun əksini iddia
edirlər. Hər halda çalınanlar
düzmü çalınır və çalanlar düz
çala bilirlərmi? Bununla bizim bəhsimiz
yoxdur. Əsil mübahisə bunun
üstündədir ki, düz çalmaq və
çalınmaq mümkündürmü? Bu sualın bəhsinə
girişməzdən qabaq əvvəlcə bir əsas
sualın cavabı verilməlidir ki, o da budur: Şərq musiqi
aləti mövcud olduğu halda Şərq havalarını Qərb
aləti-musiqiyyəsi ilə çalmaq meylinə ehtiyac
varmıdır? Buna cavab olaraq öz tərəfimizdən
deyirik ki, bəli, ehtiyac var. Çünki Şərq musiqi alətimizin
səda xüsusiyyəti ki, ona "tembr" deyirlər, bizcə,
nə qədər məlih və munis olsa da, ənvainin
azlığı və baxüsus özlərinin ibtidai və
nakamil bir halda olmaları müxtəlif növlü və
kamil "konstruk-siyalı" olan Qərb musiqi aləti
istemalına məcburiyyət doğurur. Bundan əlavə,
madam ki, biz Qərb musiqi alətinin çalğı təlimini
musiqi məktəblərimizin proqramına daxil edirik ki, bu da
doğrudur; bu aləti-musiqiyyədən öz musiqimizin tərəqqisi
üçün mümkün olduqca böyük faydalar əxz
etməliyik. "Şərq musiqisini Qərb
musiqi aləti ilə icra etmək
mümkündürmü?"- deyə
irad edilən mühüm sualın cavabı
aşağıdakı iki sualın cavablarından
asılıdır.
1) Qərb
aləti-musiqiyyəsini "tembr"i Şərq musiqisinə
yaraşırmı?
2) Şərq musiqisində mövcud olan sədalar
(tonlar) Qərb musiqi alətində tamamilə mövcuddurmu və
pərdələri bir-birinə müvafiqdirmi?"
Onillər ötdü, Üzeyir bəyin zamanında
publisistikasında bu sahədə qaldırılan məsələlərin
həlli gerçəkləşdi. Onun fikirlərinə diqqət kəsilək:
"Birinci suala gəldikdə, Qərb musiqiçiləri
özləri nəfəs ilə çalınan alətdən
"qaboy" və "ingilis nəfiri" deyilənlərini
"tembr"cə Şərq musiqisinə daha uyğun hesab
edib, "Şərq"i üslubdakı bəstələrinin
çalınmasını bu alətə həvalə edirlər.
Həqiqət, bu iki alətin səsləri, baxüsus "bəm"dəkiləri
bir dərəcəyə qədər bizim "zurna" və
"yastı balaban" dediyimiz alətimizin sədalarına
yaxındır. Onlardan da, bunlardan da bir növ
"tin-tin" səs çıxır ki, "melanxolik"
təsiri vardır. Fəqət bunlardan əlavə
sair Qərb aləti dəxi "tembr"cə Şərq
musiqisini gözəlcə ifadə edə bilir. Məsələn, "vialon". Bizim
kamançanın yoldaşı olan və qərb
orkestrında birincilik dərəcəsində bulunan bu
"instrument"də Şərq musiqisinə məxsus hər
bir hava çalmaq olar və zənnimcə, bunun telləri
üzərində "Segah" dəstgahı başqa dəstgahlara
nisbətən daha müvəffəq bir surətdə
çalına bilir. Telləri üzərində
barmaq sürüşməsilə hasil olunan və musiqidə
"helisando" deyilən vıyıltılardan istifadə
ilə "Segah"ı gözəlcəsinə ifadə etmək
olar. Dörd telindən hərəsinin
xüsusi bir təsiri vardır.
Vialondan
bir az böyük olan "alt" öz
tutqun və kədərli "tembr"i ilə baxüsus
"Çahargah" çalmağa yaraşan gözəl
bir sazdır. Bunun telləri açıq və
təhvərdən tutmuş hüzn, iştiyaq və
sövdaya qədər müxtəlif hisslər oyatmağa
qadirdir. Altdan çox böyük olub,
çanağı iki ayaq arasında tutulub çalınan
"violonçel"in füsunkar sədası Şərq dəstgahlarından,
zənnimcə, "Şüştər",
"Bayatı-Şiraz" və "Hümayun"u
böyük bir müvəffəqiyyətlə ifadə edə
bilər. Bədə nəfəs ilə
çalınanlardan böyük "fleyt" bəmdə
çalınanda "ney" sədasına bənzəyir.
"Bayatı-İsfahan", yəni
"Bayatı-Şiraz" üçün çox
yaraşandır. Məşhur
"klarnetin" "bəm" sədası
"Çahargah" və miyanxanəsi isə
"Hicaz", "Bayatı-kürd" və bunlara bənzəyən
dəstgahlar üçün çox yaraşar. Nəhayət,
nəfəslə çalınanlardan gurultulu sədaləri
olan trumba və trombon "Rast", yumşaq səsli
"korni"lər isə "Şur" dəstgahını
lazımınca ifadə edə bilər..."
Uğur
Xalq Cəbhəsi.- 2014.- 29 oktyabr.- S.11.