Millətçi naşir və jurnalist Əlabbas Müznib
Onun "Dirilik" jurnalın səhifələrində
M.Ə.Rəsulzadənin “Milli
dirilik” adlı silsilə məqalələri
dərc olunurdu
XX əsr Azərbaycan jurnalistikasının faciəli
həyat yaşayan nümayəndələri az deyil. Azərbaycan ədəbi-ictimai
fikir tarixində şair, publisist, ədəbiyyatşünas alim,
din tarixçisi və
tərcüməçi kimi
tanınan Əhmədov
Əliabbas Mütəllib
oğlu Müznib də onlardan biridir. Onun həyat yolu
adi işlərdən
başlayıb. 1902-ci ilədək baqqal dükanında işləmiş,
sonralar arababəndliklə
məşğul olmuşdu.
Əliabbas Müznib 1883-cü ildə Bakıda Mütəllib adlı bir yoxsul daşyonan
kişinin ailəsində
dünyaya gəlib.
Əsərlərindəki müxtəlif məlumatlardan
görünür ki,
o, Bakının sonuncu
xanı Hüseynqulu xanın nəslindəndir.
Yaradıcılığı 20-ci əsrin əvvəlləri
Azərbaycan milli azadlıq hərəkatı
ilə sıx bağlı olması səbəbindən o, həm
çar, həm də sovet hakimiyyəti
illərində amansız
təqiblərə məruz
qalıb.
Kiçik yaşlarından şeirə
böyük maraq göstərib. İstedadı ilə diqqəti
cəlb etdiyindən xeyriyyəçiliyi ilə
ad qazanmış, neft
milyonçusu Hacı
Zeynalabdin Tağıyev
onu Bakıda hökumətin açdığı
məktəbdə oxutmaq
istəyib. Əliabbasın
atası Mütəllibin
çar Rusiyasına nifrəti və qəzəbi o qədər
böyük olub ki, Hacı Zeynalabdin
Tağıyev kimi nüfuzlu bir şəxsin sözünü
yerə salaraq: “Mənə rusdan gələn heç bir xeyir lazım
deyil!” cavabını verib. 1905-ci ilin
siyasi hadisələri
Müznibin həyatında
ciddi dönüş yaradıb. O, inqilabi hərəkata qoşularaq
intibahnamələrin yayılmasında
fəal iştirak edib.
Müznib jurnalistlik fəaliyyətinə
1908-ci ildə başlayıb. İlk öncə
“İttifaq” qəzetində,
daha sonra “Molla Nəsrəddin” dəst-xəttini əks etdirən satiric, sonradan “Zənbur” jurnalında baş mühərrir kimi çalışır.
1910-cu ildə "Hilal" adlı qəzet çap etməyə başlayıb.
Üzərində türkçülük və islamçılıq
rəmzi Ay və ulduz olan "Hilal" qəzetinin ilk nömrəsi dekabrın
18-də işıq üzü
görüb. Təəssüf ki, həftədə bir dəfə nəşr olunması nəzərdə tutulan bu qəzet özünün
kəskin siyasi mövqeyinə görə
çar senzurası tərəfindən qapadılıb.
Buna səbəb, Müznibin “Hökumət,
ah bir insan yeyən qurd, Rəiyyətdə nə pul qoyar, nə
bir yurd” misraları ilə başlayan şeiri olub. Ədibin rəsmi dairələrdən
icazəsiz yayınladığı
ikinci sayda isə Müznib milli gəncliyi öz haqqını tələb etməməsi
baxımından günahlandıraraq
belə yazmışdır:
“Namusu qatı, qarət etməklə qazanmaq olmaz, bəlkə hüquqi-vətən
yolunda ölməklə
olar. Görürsünüzmü,
ata-babadan qalan torpağımız zalımın
çoxluğundan bir
taxta pul mənasında olmuş...”
Çıxarılan hökmlə razılaşmayan
Əlabbas Müznib icazəsiz olaraq dekabrın 25-də qəzetin
növbəti nömrəsini
çap etdirib. Ancaq qəzetin
bütün nömrələri
polis tərəfindən müsadirə
olunub. Redaktoru haqqında isə
cinayət işi açılıb. Əqidəsindən və mübarizəsindən
dönməyən Əlabbas
Müznib 1911-ci ilin yanvarında yenidən
"Hilal" qəzetini
çıxarmağa nail olub.
Həmin
qəzetdə "Binəva
islam" adlı məqaləsində xalqının
ağır vəziyyətini
qələmə alaraq
oxucusuna bir sıra həqiqətləri
deməyə çalışıb.
Bu dəfə qəzetin
cəmi üç nömrəsi çıxıb. Yenidən polisin
müdaxiləsi nəticəsində
qəzetin nəşri
dayandırılıb. İnadından dönməyən Əlabbas Müznib "Hilal"ın ideya xəttini eynən davam etdirən "Şihabi-saqib" adlı
bir jurnal çıxarmağa başlayıb.
Qəzetdə olduğu kimi,
burada da çar zülmünə
qarşı etirazlar öz əksini tapıb. Jurnalın səhifələrində vətənin və millətin ağır vəziyyəti ilə əlaqədar yazılar dərc etdirirdi. Az keçmir
ki, mart ayında jandarmlar Əlabbas Müznibin evinə basqın edərək axtarışlar aparır,
jurnalın nəşrini
dayandırır, özünü
də həbs edirlər. Ə.Müznibin köhnə üslubu,
ağır, anlaşılmaz
dili, qeyri-təbii ifadə tərzi sənətdə millilik və xəlqilik uğrunda mübarizə aparan mollanəsrəddinçiləri
razı salmamışdı.
Cəlil
Məmmədquluzadə Ə.Müznibin
"kifsimiş ibarələrdən
tərtib olunmuş
"qeyri-təbii yazıları"nı
tənqid edərək
ona üslubunu yeniləşdirməyi, xalqda
ədəbiyyata, mətbuata
rəğbət yaradan
əsərlər yazmağı
tövsiyə edirdi. "Sizin bu
kifsimiş ibarələriniz,
ürək bulandıran
bu qeyri-təbii yazılarınız da münhəl və məqbul olacaq... Lakin burasını bilə bilmirik ki, "Həqiqət"
ibarəsi yazı qıtlığınamı
düşdü ki, bu cür qoxumuş yazıları
camaatın burnuna soxub onları qəzetdən ikrah etdirir".
Əliabbas Müznib ilk dəfə 1911-ci ildə həbs
olunub. Akademik Z.Bünyadov Ə.Müznibin əleyhinə
1911-ci ildə tərtib edilmiş ittiham aktını tərcümə
edib oxuculara təqdim etmişdi. Sənədin
başlığı belə idi: “Bakı meşşanı
Əli Abbas Mütəllibzadə haqqında ittiham aktı.”
Məhkəmə ona 15 gün həbs, 25 manat cərimə
elan kəssə də, Əlabbas Müznib Bayıl həbsxanasında
25 gün qalır. Hökumət bununla kifayətlənmir.
Vaxtilə “Hilal” qəzetindəki
yazılarına görə Müznib mühakimə edilərək
Sibirə sürgünə göndərlir. Üsyankar şair Sibirdə də yazmaqdan qalmır,
burada yazdığı şeirləri də Bakıda
çıxan mətbu orqanlarda nəşr etdirirdi. O,
“Hürriyyəti-bəşəriyyə” adlı ilk şeirlər
kitabında yer alan şeirlərinin birində
yazırdı:
Necə
ucalmasın atəşi-ahımız,
Olub bəsteyi-zülm şəhr əhlimiz.
Necə
çıxmasın naləmiz göylərə,
Müsibət yağar dəmadəm yerlərə.
1913-cü ildə çar hökumətinin elan etdiyi əfvi-ümumiyyədən
sonra Müznib yenidən vətənə qayıdır. Sürgündən
qayıtdıqdan sonra 1914-cü ildə Əlabbas Müznib
"Dirilik" jurnalını nəşr etməyə
başlayıb. Bu mətbu orqanı
yaratmaqda məqsəd Azərbaycan türk millətinin siyasi
şüurunu formalaşdırmaq, onda milli müstəqillik
inamını yaratmaq idi. Elə bu ideyaya
görə də o, nəşr etdiyi jurnala "Dirilik"
adı verib.
Müznibin “Dirilik” jurnalını nəşr etməklə
azərbaycanlılara türklük və islamlıq
anlayışlarının geniş izahını vermək, həm
milli, həm də dini dəyərləri təbliğ etmək
istəyirdi. Görkəmli qələm sahibi jurnalın ilk
sayında çıxan məqalələrində də qeyd
edirdi ki, bu iki dəyər bir-birini tamamlayır, amma dini mənsubiyyətlə
etnik mənsubiyyət eyni anlama malik deyil. Qələm
sahibi bildirirdi ki, məntiqi baxımdan heç şübhəsiz
ki, yalnız türklərin özlərini “islam milləti”
adlandırılması yanlış fikirdir. Dünyada islam dinini qəbul edən onlarca millət var.
Elə bu səbəbdən də, milləti mənsub
olduğu dinin adı ilə çağırmaq böyük
yanlışlıq olardı. Müznibin
“Türk tarixi” kitabını yazmasında məqsədi də
bu məsələlərə aydınlıq gətirmək
idi.
"Dirilik"in nəşri Azərbaycanın ictimai-siyasi
həyatında bir oyanış yaratdı. Jurnalın səhifələrində
M.Ə.Rəsulzadənin “Milli dirilik” adlı silsilə məqalələri
dərc olundu. "Dirilik" jurnalı
1916-cı ilin sentyabrında nəşrini dayandırsa da,
Əlabbas Müznib fəaliyyətini həmişəki qaydada
davam etdirdi.
O, 1915-ci
ilin aprelində "Babayi-Əmir" adlı bir satira
jurnalı çıxarmağa başlayıb. M.S.Ordubadi,
C.Cabbarlı, Ə.Nəzmi, Ə.Vahid və dövrün digər
yazıçı və ziyalıları jurnalda
çıxış etməyə başlayıblar. Müznib xalqın ağır sosial həyat tərzini
bu jurnalın səhifələrində satiraları ilə təsvir
edirdi. O, ictimai bəlalara qarşı qətiyyətlə
mübarizə aparırdı. 1915-ci ildə erməni-daşnak
qırğınları nəticəsində Türkiyənin
Qars vilayətində baş verən talanlar səbəbindən
qaçqın düşmüş insanlara əl uzadanlar
içərisində Əlabbas Müznibin də adı var
idi. O, redaktoru olduğu "Babayi-Əmir"
jurnalında "Qardaş köməyi" adlı bir
yazı çap etdirdi. "Dirilik"dən bir
ay sonra "Babayi-Əmir"in də nəşri
dayandırıldı.
Görkəmli ədib 1913-1917-ci illər arasında milli
yayım sahəsində çalışır. Özü yazdığı
əsərlərdən başqa, o, şərq və qərb ədəbiyyatından
tərcümələr edir. Müznib bu
illərdə öz əsərlərindən və tərcümələrindən
ibarət olan onlarla kitab nəşr etdirir. Rus imperiyasının süqutundan sonra Müznib ədəbi
və siyasi sahələrdə daha geniş fəaliyyət göstərir.
1920-ci ilin mayında R.Axundovun təşəbbüsü ilə
Qarabağa göndərilərək “Qarabağ firqə və
inqilab komitəsinin əxbarı”, “Qarabağ füqərası”
və “Qarabağ diriliyi” qəzetlərində
çalışmışdı. Müznib
1922-ci ildə Qubaya göndərilir. Burada
qəzet mətbəəsində təsadüfü qəza
ucbatından bir gözünü itirir. Müalicə
olunmaq üçün Bakıya gələn Müznib R.Axundov
və D.Bünyadzadənin təkidi ilə Bakıda qalmalı
olur. Bu dövrdə o, üç ilə qədər
“Kommunist” qəzetində işləyir.
1926-cı ildə gözü tutulan Müznib təqaüdə
çıxır, siyasətdən tam uzaqlaşar və ədəbiyyat
araşdırmaları ilə məşğul olur. 1927-1937-ci illər
arasında o, XIX-XX əsr Azərbaycan ədəbiyyatı
klassiklərinin əsərlərindən ibarət on kitab
yayımlayır. Müznib bütün bu əsərləri
özü yığıb toplamış, onlara geniş
ön söz, bioqrafik məlumat və şərhlər əlavə
etmişdi. Onun çox dəyərli əsərlərindən
“Türk tarixi”, “Müxtəsər ənbiya və Islam tarixi”,
“Yusif və Züleyxa” , “Tiran rolu”, “Nəsrəddin məzhəkələri”,
“Aşıq Pəri və müasirləri” və s.
kitablarını nümunə göstərmək olar.
Zivər Ay yazır ki, “onun hələ ağır
günləri qabaqda imiş. 56 yaşlı ədib
Müznib birdən-birə hökumətin “yadına
düşür”. O, fəlakətdən qurtula bilmir.
1937-ci ilin 27 avqustunda millətçi kimi mühakimə olunub
həbs edilir, 8 il müddətinə Sibirə
göndərilir. Ə.Müznibin ailəsinə Azərbaycan
SSR Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən
1959-cu il 24 fevralda verilmiş arayışdan məlum olur ki, o,
1938-ci ilin 28 avqustunda Vladivostok şəhəri
yaxınlığındakı xüsusi məntəqədə
vəfat edib”.
Elmi və
ədəbi ictimaiyyətə Müznib haqqında ilk məlumatı
filologiya elmləri doktoru, professor İslam Ağayev 1962-ci ildə
«Satirik «Zənbur» jurnalında ədəbiyyat məsələləri»
adlı məqaləsində verib, onun ədəbi və
publisistik fəaliyyətindən bəhs edib. Müznibin
həyat və yaradıcılığını
araşdıran İslam Ağayev 1972-ci ildə Azərbaycan
jurnalında «Əlabbas Müznib» başlıqlı məqaləsində
onun haqqında məlumat verib. Ə.Müznibin həyat və
fəaliyyətini ardıcıl olaraq araşdıran alim
2003-cü ildə şəxsiyyətini, ədəbi və
ictimai fəaliyyətini işıqlandıran «Əlabbas
Müznib: həyatı, yaradıcılığı, əsərlərindən
seçmələr» adlı monoqrafiyasını nəşr
etdirib. Nasirin yaradıcılıq yolunu təhlil
edən İ.Ağayev onu «Milli keçmişimizin yorulmaz tədqiqatçısı»
adlandırıb.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 30 oktyabr.- S.11.