Qloballaşma şəraitində
dil problemi
Bu gün dillərdən
ikisinin - alman və Azərbaycan dillərinin taleyi çox
düşündürücüdür
Dilçilik
elmi qədim tarixə malik olsa da (2500 il),
onun yeni-yeni sahələri bu gün də yaranmaqdadır. Psixodilçilik, sosiodilçilik, koqnitiv
dilçilik, neyrodilçilik, linqvosemiotik istiqamətlər
son illərin dilçiliyində yaranmış yeni sahələrdir.
Tipoloji dilçilik və universalilər
dilçiliyini buraya əlavə etsək, bugünkü
dilçiliyin nə qədər geniş diapazona malik
olduğunun şahidi olarıq. Bu gün uşaq
dilçiliyi, pedaqoji dilçilik və s. bu üfüqləri
genişləndirməkdədir. Dilçilik o qədər
dözümlü və müasir elmdir ki, onun həm dəqiq,
həm də humanitar elmlərlə birgə
addımlamağına heç nə mane ola
bilmir. Zaman-zaman dilçiliyi özünə
peşə seçmiş alimlər onun şanlı səhifələrini
yaradıb, konkret töhfələrilə bu elmin tarixində
özlərinə abidə ucaldıblar. Bu
gün dilçilik sahəsində mövcud elmi-nəzəri ədəbiyyatı
oxuyub mənimsəmək üçün bir insan ömrü
azlıq edir. Bir tərəfdən
böyük və zəngin tarixi ənənələri olan
Şərq, Qərb dilçiliyində meydana gəlmiş,
digər tərəfdən, konkret olaraq yunan, roman, ərəb,
alman, rus, ingilis və yapon dillərində yazılmış
fundamental dilçilik əsərlərini oxuyub həzm etmək
hər kəsin işi deyil. Bütün bu
dillərdəki linqvistik irsi həmin dillərdə oxuyub mənimsəmək
insanın fiziki imkanlarından xaricdir. Dilçilik
elminin mənimsənilməsinin və yaxşı dilçi
olmağın bünövrəsi filoloji fakültələrin
birinci kursunda tədris olunan “Dilçiliyə giriş” və
ya “Dilçiliyin əsaslar” fənlərindən
başlayır. Burada alınan biliklər
sonralar dilçiliyi özünə ixtisas seçəcək
insanlar üçün bir dayaq rolunu oynayır. Azərbaycan dili dünyanın 6500 dili arasında bu
dildə danışanların sayına görə (50 milyon)
20-ci yerdə gəlsə də, bu dildə linqvistik informasiya
azdır.
Hazırda planetimizdə müşahidə olunan
qloballaşma şəraitində xalqların sözlü
(verbal) və sözsüz (nonverbal) ünsiyyətdə
bulunması vacib amil kimi bəşəriyyət
qarşısında duran mühüm məsələlərdəndir. Rəsmi
danışıqlardan tutmuş fərdlərarası
ünsiyyətə qədər insanların fəaliyyəti
canlı, əsasən şıfahi, amma məsafəcə
daha çox yazılı formada reallaşan ünsiyyətdə
dil aparıcı silah rolunda çıxış edir. Hədəfə dəymək üçün daha
yığcam və daha çevik danışmaq kommunikantlardan
(kommunikantlar ünsiyyətdə iştirak edən
danışan və dinləyənlərdir-F.V.) zəngin
dünyagörüşü, dərin bilik və
yaradıcılıq tələb edir. Bu gün ən
müasir sayılan texnoloji yenilik belə dil qədər
önəmli ola bilmir, çünki
bütün texnoloji yeniliklərin xalqların məişətinə
tam daxil olması üçün xüsusi metadilə
ehtiyacı var (Metadil dilin özü haqqında bu və ya digər
dildə təsvir vermək üçün itifadə oluna
termin və ifadələrin məcmusudur. Məsələn,
Azərbacan dilində biz deyəndə ki, ağac isimdir,
öz dilimizdə onun qrammatik quruluşu ilə bağlı
cümlə düzəltmiş oluruq. Eyni fikri ingilis
dilində desək, The tree is a noun, onda
metadil kimi ingilis dili çıxış edir. Azərbaycan
dili isə obyekt dili adlanır).
İndi
hamıya gün kimi aydındır ki, canlı ünsiyyətdə
linqvosemiotik vasitələrlə yanaşı (təbii dildəki
metaforik (Ürəyimə dağ çəkirsən) və
metonomik (Dünya səndən danışır) özəlliklər,
paralinqvistik ifadələrlə (göz-qaş hərəkətləri)
bərabər ton (həəə) və intonasiya (Mən
ölmüşəm bəyəm, o mənim mülkümə
yiyələnsin?) rəngarəngliyi ) etnosemiotik vasitələr
də (folklor, rəqs, poza və s.) qarşılıqlı
anlaşmada mühüm yer tutur. Qeyd edək ki,
son semiotik tədqiqatlar insanda 1000-ə qədər poza
növü fərqləndirir.
Burada
xüsusi qeyd olunmalıdır ki, qloballaşma şəraitində
ingilis dilinin hökmranlığı bu dilin anası
sayılan ABŞ-ın və Böyük Britaniyanın
iqtisadi, siyasi və hərbi rıçaqlardan istifadə etməklə
həmin dilin qəbul etdirilməsinə gətirib
çıxarır ki, bununla da başqa xalqların dillərinə
və mədəniyyətlərinə öldürücü
zərbə dəymiş olur. Bununla bağlı alman alimi
Y.Trabant yazır: “İngilislər və amerikanlar bir qayda
olaraq lazım bilmirlər ki, xarici dillərdə
əsər oxusunlar, heç onlar həmin əsərləri tərcümə
etdirməyə böyük həvəs göstərmirlər”.
Bunu alman alimi “Mitridat cənnətdə - dil
düşüncəsinin kiçik hekayələri” adlı əsərində
yazıb. Oxucu üçün aydın
olsun deyə qeyd edək ki, b. eranın əvvəllərində
romalılar ancaq yunan dilini qəbul edirdilər. Qara dəniz sahillərində yaşayan
pontosların kralı VI Mitridat qədim romalıların qəti
düşməni idi. O öz adamlarına əmr edirdi
ki, miladdan 63 il əvvəl Pompeyin və
yeni imperiyanın əlinə düşməmək
üçün onu öldürsünlər. Bunun
öz pərdəarxası səbəbi vardı. İş burasındadır ki, Mitridat çox
savadlı idi, ən azı 22 dil bilirdi. Odur
ki, o, ətrafda baş verənləri və imperiya
iddialarını yaxşı başa düşürdü,
ona görə də başqa dilləri yaxına
buraxmırdı.
Bu gün dünya dilləri haqqında dilçilərin
əlində olduqca zəngin material var. Məsələn,
dünyada 6500 dilin 250-ı Avstraliyada qeydə alınıb. Ötən əsrin
90-cı illərində ABŞ antropoloqu J.Blevins Avstraliyaya
üçillik səfəri zamanı bu ölkədə
danışılan dillərdən birinin- “Nhanda” dilnin sonuncu
daşıyıcısı Lusi Rayderin öz əcdadlarından
eşitdikləri bitki, heyvan, dağ, dərə və s.
adlarından ibarət maraqlı əhvalatları qələmə
alıb kasetlərə köçürərək Laypsiqdə
Maks Plank institutuna verib. İndi onlar orada
saxlanılır. Ancaq indi həmin nhanda
dilində danışan bir nəfər də qalmayıb.
Canlı dilin ölüb sıradan çıxması
haqqında daha bir əhvalat: 82 samiti və 3 saiti olan Qafqazda kəraim
dilində əvvəllər 50.000 adam
danışırdı. Bu dildə
axırıncı danışanın 1984-cü ildə 82
yaşı olub.
Bu tale
dünyanın bütün dillərinə qismət ola bilər. İndi 6500 dilin 273-də 1 milyon adam danışır. Proqnozlara
görə, XXI əsrin sonlarına bu dillərin 2000-i
ölüb gedəcək.
Bu gün bu dillərdən ikisinin taleyi çox
düşündürücüdür. Onlardan biri
alman, o birisi isə bizim dilimizdir. Alman dilində indi 100
milyon, Azərbaycan dilində isə 50 milyon adam
danışır. Dünya dahilərinin bir
neçəsinin yazıb yaratdığı dillərin taleyi
bu proqnozlara görə yaxşı gözlənilmir. Söhbət Lüter, Kant, Heqel, Qöte, Einşteyn,
Kafka, Mann, Qras və ya Nəsimi, Füzuli, Vaqif, Sabir, Şəhriyar
və daha kimlərin danışdıqları,
yazıb-yaratdıqları dillərdən gedir.
İndi gənclər qrammatikaya və tələffüz
qaydalarına fikir vermirlər. Danışanda elə
bil saqqız çeynəyirlər. Onların dilində
sms, top, hot, super, hendi, mobil, çat, download, portal, webside kimi
yüzlərlə söz işlənir ki, heç onların
fərqinə varmırlar. Bu sözlər qlobal
dilin hücumudur, onları götürən dillərin isə
fəryadıdır. Mən demirəm ki,
lap təmiz dilimiz olsun. Bu heç
mümkün olan şey deyil. Amma öz
dilimizin qayğısına qalmalıyıq. Alman alimləri
maraqlı tədqiqat aparıblar: görkəmli şairlər
Qöte və Haynə hər cümlədə orta hesabla 30-36
söz işlədiblər.T.Mann “Yozef və onun
qardaşları” romanında bir cümlədə 347 söz
işlədib. Ancaq indi orta hesabla 5-13 söz
işlənir. Radio və televiziya
verilişlərində isə möcüzə baş verir.
Bir də görürsən xəbərlərdə deyilir:
/London dağılır//, /Liviya çökür//, !Bu lap əladır ki! və
s. Biz az danışmağın gözəlliyi haqda çox
eşitmişik. Məsələn, hər
cümlənin başında “ABŞ prezidenti Barak Obama” deməyin
nə mənası var?! Elə bircə
/Obama/ desək, hər şey aydın olur. Kino başlıqlarındakı kimi və ya hər
yerdə qısa cümlə işlətmək
savadsızlığın və dil səriştəsizliyinin əlamətidir.
Elə rəsmi dövlət vəzifəsində
oturan adamın dialektdə danışması da auitoriyaya
hörmətsizliyin əlamətdir. Bu
gün özümüzdə istehsal olunan məhsullara və
ya öz düşüncəmizə uyğun şeylərə
xarici adların verilməsi heç cür başa
düşülən deyil. “Bonaqua, Nightbar,
supermarket, medical club, Talk-show? Job Center?
Service Point” kimi bildiriş xarakterli sözlərə
nə ehtiyac var?
Fransada
belə bir qayda var. Öz sözünün əvəzinə
yad söz işlədən adam rəsmi
şəkildə cərimə olunur. Vaxtilə
Kanadanın Kvebek əyalətində xüsusi dil polisi
yaranmışdı və o polis fransızca
danışmayanları cəzalandırırıdı. Düzdür, bu tədbir növbəti seçkilərə
qədər davam elədi. Yeni seçilən
partiya bu qanunu ləğv elədi.
Hazırda ingilis dilinin yayılmasında ingilislərdən
daha çox başqa millətlərin nümayəndələri
canfəşanlıq edirlər. İngiltərənin
nüfuzlu Oksford universiteti danimarkalı alim Fillipsonun “Linqvistik
imperializm” adlı kitabını çap edib. Bununla ölkənin böyük universitetlərindən
biri həmin problemə bir növ öz mövqeyini
bildirmiş oldu.
Avropa Şurasında FDP-dən almaniyalı deputat ingiliscə
danışmağı pis hadisə saymır.
Brüsseldə 2012-ci ilin iyul ayında belə bir qərar
verilib ki, Aİ-də sənədlər,
çıxışlar və digər mətnlər ingiliscə
çap olunmalıdır. Bunu kəskin tənqid
atəşinə tutan Ş.Matias bildirdi ki, Avropa
qurumlarında ən çox deputat Almaniyanın payına
düşür-25 %, halbuki ingilislər fransızlarla bir yerdə
deputatların ümumi sayının 16 %-ni təşkil edirlər.
Alman parlamenti (Bundestag) Avropa İttifaqına rəsmi
müraciət göndərdi ki, sənədlər almanca olsa,
o zaman onları müzakirə edə bilərlər.
Mədəniyyətlərarası əlaqələrin
bir forması da turizmdir. Turizmin həm mədəniyyətlərin
tanınmasında və yayılmasında, həm də fərdlərarası
əlaqələrin genişlənməsində mühüm
rol oynadığını indi hamı etiraf edir. Turizm həm də yaxşı gəlir mənbəyidir.
İndi bu sahədə də dil
baxımından çox acınacaqlı bir vəziyyət
yaranıb. Məsələn, Şəkiyə
bir turist dəstəsi gəlirsə, əvvəlcədən
sifariş verilir ki, ekskursiya ingiliscə olsun. Bu, o deməkdir ki, turistlərin hansı ölkədən
gəlmələrinə baxmayaraq ekskursiya ingilis dilində
olmalıdır. Bu, bir aksiomdur. Hazıda dünyanın ən böyük ixtisas
jurnalları (90 %-i) ingilis dilində çap olunur. Hətta alman unuversitetləri magistr qəbulunu ingilis
dilində aparır. Almaniyanın ən
böyük qəzeti “Süddeutsche Zeitung” 7 böyük
konqresin ingilis dilində keçirilməsilə bağlı
elan vermişdi. Beləliklə, planetimizdə
monomədəniyyət formalaşır ki, bu da bütün
dünyanı məhvə doğru aparır.
Hazırda ağıllı başlar monodilliyin
qarşısını almaq üçün tədbirlər
görməlidirlər. Biz monomədəniyyətin və monodilli
ölkənin nümunəsini qonşumuz Ermənistanda
görmüşük. Bu monomədəniyyət
cəmiyyəti necə məhdud və çıxılmaz
edir, milli eqoizm dövlətin siyasi kursuna çevrilir,
özünəvurğunluq və qüsursuzluq sindromu
yaradır. Hələ böyük V.fon
Humboldt yazırdı ki, müxtəlif dillər
dünyagörüşlərin müxtəlifliyi deməkdir.
Bir dil bilən heç vaxt düşüncə
müxtəlifliyinin nə olduğunu dərk edə bilməz.
Fəxrəddin Veysəlli
professor
Xalq Cəbhəsi.-
2014.- 31 oktyabr.- S.11.