Nizami qələminin
möcüzəsi
Nizami yaradıcılığında
qədim hikmət dünyamızın elə bir mətləbi
yoxdur ki, ona toxunulmasın
Nizami "Xəmsə"nin hər qolu bir hikmət dünyası, hər başlığı bir nəsihət meyarıdır. Şairin təsvir edəcəyi hadisənin fövqündə verdiyi hikmətlərin hərəsi bir dastanın bütövlüyü qədər bitkin və kamildir. Folklor dünyamızın müdrik kəlamları Nizami qələminin möcüzəsilə incilərə elə düzülüb ki, elə bil onların bircə xanəsini tərpətsən, sonu görünməyən uca bir sarayı xanəsindən oynatmış olarsan. Bu kəlamları oxuduqca oxumaq, kamaldan kamala dərinləşmək istəyirsən.
"Xəmsə"də təsvir olunan hekayətlərin hamısı bilavasitə əsərin qayəsi ilə bağlı əhvalatlardır. "İqbalnamə"dəki "İsgəndər və çoban" hekayəti də eyni məqsədlə qələmə alınıb, bütöv bir əsərin timsalında ölməzlik dünyasına qovuşub.
Böyük şair adəti üzrə burada da özündən əvvəlki el deyimlərinə təvazökarlıqla istinad edir, eyni zamanda onu səmimiyyətlə nəzərə çatdırır. Bundan sonra deyilənləri saf-çürük edir, eyni zəmində özünün şəxsi fikrini söyləyir. Məlumdur ki, son dərəcə maraqlı həyata malik olan İsgəndərin haqqında söylənənlər zaman-zaman əfsanələrə dönüb, hər sənətkar qələmində müxtəlif səpkilərlə təsvir edilib.
Başqa
bir ustad da belə nəql edər,
Dünya filosofu Əbu Məşər də.
"Uluf" adı ilə məşhur əsərdə.
Yazırdı:
"İsgəndər öldüyü zaman,
Bu böyük zərərdən çox qəmgin olan.
Yunanlılar
onu sevdiklərindən
Çəkdilər kağıza şəklini həmən.
Onun surətini
rəsm edən rəssam,
Şəkli
layiqincə eyləyib tamam,
Çəkibmiş yanında o iki heykəl.
Sağında
bir gözəl, solda bir gözəl;
Hər
başda o iki buynuz rəsm etmiş,
Zərli
və lacivərd rənglə bəzətmiş...
Deməli, Nizamidən əvvəl Əbu Məşərin
təsvirinə görə "İsgəndərin
buynuzu" söhbətinin yaranması həmin rəssamın
çəkdiyi şəkillə bağlı bir əfsanənin
yaranmasına səbəb olub. Əslində İsgəndərə
rəğbət bəsləyib onu rəsmdə ilahinin müqəddəsliyinə
bağlayan Rum rəssamının bu şəkli sonralar
düzgün başa düşülməyib, ərəblər
tərəfindən başqa cür yozulub. Yəni
İsgəndərin ətrafında əyləşən
gözəllərin başında təsvir edilən buynuz dini
əsatirlərlə bağlı olsa da, o, sonralar İsgəndərin
öz adına çıxılıb, əbədi
söylənəcək bir əfsanənin təməlinə
dönüb.
Ərəblər
bu şəkli seyr eyləyərkən,
Qarışıq salmışlar onları səhvən.
İsgəndər
bilmişlər o gündən bəri,
Buynuzlu çəkilmiş o mələkləri.
Odur ki,
şübhəyə düşmüş ərəblər,
"Zülqərneyn" ləğəbi almış
İsgəndər.
Lakin bundan belə ölməz şair yenidən elmi təsvir
baxışına qayıdır, şifahi eşitdiklərini
nəzmə çəkib "İqbalnamə"də
xüsusi bir maraqlı qolun binasını qoyur. "İsgəndər
və çoban" hekayəti adlanan bu maraqlı dastan Nizami
qələmi ilə çox canlı, inandırıcı və
həm də dil baxımından çox rəvan söylənib.
Həmişə ulu nəsillərimizin deyimlərinə
əsaslanıb ondan bəhrələnən Nizami Gəncəvi,
bu əfsanələri sadəcə nəzm dilinə döndərməklə
kifayətlənmir, həm də ona öz nöqteyi-nəzərindən
təhlili yanaşıb müdrik kəlamlara çevirir. Nizaminin dili ilə
söylənən ən heyrətli əfsanə belə, adama
inandırıcı görünür. Şairin
özündən əvvəl və sonra eyni mövzuda
söylənən təsvirlərin hamısı onun qüdrətinin
kölgəsində qalır. Məşhur
İsgəndərin "Zülqərneyn" adlanması əfsanəsi
də belədir. Onu dinlədikcə adama
elə gəlir ki, bu hekayəti ilk dəfə Nizaminin dilindən
eşidir. Xalqa istinad etməsi isə sadəcə
olaraq onun təbiiliyindən irəli gəlir.
Başqa
bir bilici deyir ki, onun,
Qulaqları varmış həddindən uzun.
Dürrdən
tac kimi qaşları varmış,
İki
qulağına o qın taxarmış.
Onları
xəzinə hesab edərək,
Möhkəmcə gizlərmiş bir xəzinə tək.
Başını
qırxan bir qulundan qeyri,
Kimsənin bu sirrdən yoxmuş xəbəri.
Ancaq haman qulu öldüyü zaman
İsgəndər tapdı bir özgə
başqırxan.
Burada iki məsələni xüsusi olaraq qeyd etmək
lazımdır. Əvvəla, məlumdur ki, dillərdə
həmişə "İsgəndərin buynuzu var" əfsanəsi
söylənib. Amma dahi Nizami onu bir bilicinin
dilindən eşitmək adı ilə buynuz kimi yox, qulaq kimi təsvir
edir. İlk baxışda oxucuya və dinləyiciyə
adi görünən bu döndərmənin məzmunu səbəbsiz
deyil. Əgər İsgəndərin
buynuzu olmuşdusa, onu öz başqırxanından başqa
kimsənin görə bilməməsi, bu söylənən əfsanə
olsa belə, onu tamamilə qeyri-inandırıcılığa
və bayağılığa aparıb çıxarardı.
Lakin Nizami diqqəti burada da özünü
göstərib. Şair onu buynuz kimi yox, uzun, qeyri-adi qulaq
kimi təsvir edib ki, onun da qeyrilərindən gizlənməsi
mümkün bir iş sayıla bilərdi.
İkinci təsvirin özünəməxsusluğu
İsgəndərin başqırxanının birincisi yox,
ikincisi tərəfindən bu sirrin açılmasıdır. Bu da məlumdur
ki, xalq arasında həmişə bu sirrin şahın
saxladığı yeganə başqırxan qulun quyuya söylədiyi
sözlərin çalınan tütəkdə
açılması ilə bağlı olub. Nizami isə "İsgəndər və
çoban" hekayətində onu ikinci başqırxan qulun
adı ilə bağlayır.
İlk əvvəl bu, adama adi görünə bilər. Əslində
isə çox dəruni mənası var. Ta qədimdən bəri
insanlar arasında sirr saxlamaq söhbəti son dərəcə
mürəkkəb bir amil olub. Babalarımızın
"Dostunun da bir dostu var", "Sirrini hər yetənə
vermə", "Sirr saxlamaq hər igidin işi deyil" kimi
müdrik misalları xəyaldan keçdikcə dahi sənətkarın
həmin məsələnin təsvirinə bir daha diqqətlə
yanaşıb onu daha inandırıcı təsvir
baxımına çevirməsi bizə aydın olur.
Şahın
hüzurunda təzim edərək
Başladı saçını açmağa dəllək.
Xəlvətdə
saçını açıb qurtarcaq,
Şah
ona yavaşdan dedi: - Bura bax,
Bilsəm,
qulaqların sirrini əgər,
Eşidib
dünyada səndən bir nəfər,
Bir qulaq
burması gəlləm sənə mən,
Ki bir də
özgəyə bir sirr verməzsən!
Dəllək
padişahın əmrini tutdu,
O gündən
nitqini belə unutdu.
Bu
sözü kimsəyə əsla açmadan
Saxladı küfr tək könlündə pünhan.
Bu sirrin dərdindən
saraldı ancaq,
Çox böyük bir dərddir sirri saxlamaq.
Bir
gün bərk darıxdı, çölə üz qoydu,
Gördü ki, çöldə var dərin bir quyu.
Dərdini
quyuya demək istədi;
-
Şahın qulaqları uzundur! - dedi.
Göründüyü kimi, şahın birinci qulu ona
sadiq olmaqla yanaşı, həm də daha dəyanətli və
dözümlü olub. İkinci qul isə dözə bilməyib
sirri quyuya söyləyir. Əvvəl-əvvəl
adama elə gəlir ki, o da sirri kimsəyə açmayıb,
kimsəsiz quyuya danışıb. Amma burada ataların
daha bir misalı yada düşür:
"Yerin də qulağı var". Və
doğrudan da hadisələrin sonrakı təsvirindən sonra
belə bir təsəvvür yaranır ki, bu misal da elə həmin
gündən yaranıb, xalqın hikmət kitabında
özünə yer alıb.
Bir
gün gəzintiyə çıxmış padşah,
Çöldə o çobana rast gəldi nagah.
Uzaqdan
çobanın neyin eşitdi,
Çölləri üstünə qalxmış zənn
etdi.
Çünki
ney səsində duyurdu aşkar,
"İsgəndərin
uzun qulaqları var!.."
İsgəndər
duruxdu bu vəziyyətdən,
Şahın
qaydasına fikir vermədən
Çağırıb
bu sirri sordu çobandan,
Tütəyin
sirrini danışdı çoban...
Bundan sonra heyrətdə qalan İsgəndər məsələnin
düzlüyünü yoxlamaq üçün həmin quyudan
yenə də qamış kəsdirib gətirdir. Yenə də
ondan tütək düzəltdirəndə ona nəfəs dəyən
kimi həmin sirri faş edən sözlər yenə də təkrar
olunur.
Böyük şair bundan sonra təsvirin nəticə
baxımını tamamlayanda onun səmtini bəşəri
ideya nöqteyi-nəzərinə döndərir. Bir
şahın və onun qulunun simasında sirr saxlamaq
müqabilinin nə demək olduğunu duyub
düşündükcə fikrin fərdi axını
sonsuzluğa dönüb bəşəri baxışda sərfi-nəzər
edilir. Dünya neçə zamanlar yola
salıb, neçə padşahlar ədalətli və ədalətsiz
tarixin kitablarını yazdırıb, neçə
sarayların möhtəşəmliyi xarabalıqlara
çevrilib. Lakin zaman keçdikcə qərinələrin
kölgəsində gizlənib qalan sirlər yer altından
buxar kimi qalxıb ellərin nəzərində
açılıb.
Öz zəmanəsində şah bir daha məsələyə
ədalətlə yanaşıb qulunu əfv elədi. Kaş dahi
Nizaminin bu müqəddəs etirafları bütün zəmanələrə
öz nurunu xəlq eliyəydi.
"Aqillər
ölkəyə olanda rəhbər"
Dünya
mədəniyyəti tarixində əvəzsiz incilər qoyub
gedən dahi
Nizami yaradıcılığında qədim hikmət
dünyamızın elə bir mətləbi yoxdur ki, ona
toxunulmasın.
Müdrik nəsihətlərin həyat fəlsəfəsi
ilə qaynayıb poeziyanın poetik diliynən təsvir
olunması insan əqlini heyrətə gətirir, onda qeyri-adi
təsəvvürlər yaradır. Bu
baxımdan böyük şairin "Yeddi gözəl" əsəri
də özünəməxsus səciyyəvi xüsusiyyətlərə
malikdir. Şair poeziyanın diliynən
yeddi gözəlin simasında söylədiyi hekayətlər
sırf el deyimlərimizin həyat qaynağında zaman-zaman
dövr edən həqiqət təsvirləridir. Əsərdə
Çin qızının dilindən söylənən hekayətdəki
"Xeyir və Şər" əhvalatı ulu
babalarımızın müdrik kəlamlarına əsaslansa
da dahi Nizami həmin hikmətdən çıxış edərək
tamamilə orijinal və bəşəri, dünya durduqca
yaşayacaq və əbədiyyətə qovuşacaq bir sənət
əsəri yaradıb. Əsərin dili səlis
və aydındır. Hadisələrin təsviri
olduqca konkretdir. Onu oxuduqca adama elə gəlir
ki, daim dünyanın qulağında səslənəcək
bir hikmətin müşayiəti ilə bütün zamanlar
üçün qiymətli olacaq nəsihətamiz kəlamlar
axınına qulaq asır.
Əsər
iki gəncin simasında təsvir olunur: Xeyir və Şər.
Onların yol yoldaşlığı ilə başlanan hekayətdə
hadisələr ardıcıllıqla bir-birini əvəz edir.
Hadisələr izləndikcə əvvəlcədən
məlum olur ki, hər iki cavan öz adlarına layiq xarakterə
malikdirlər. Həm də nə isə bu təsvirin
hansı bir yerindəsə qeyri-adi hadisənin törənəcəyi
maraqla izlənilir:
Yanında
od rəngli ləlləri vardı,
O sulu daşlardan sumu çıxardı?
Söylədi:
- Susuzdan taqətim gedir,
Bir qurtum
su verib ləlləri götür,
Gəl mərhəmət
elə, imdadıma çat,
Bir qurtum
su ilə ver mənə həyat
Tanrı
qəzəbinə gəlsin o Şəri
O adına layiq görür işləri.
Dedi: -
"Daşdan bulaq gələrmi elə
Məni aldatmayıb bir kimsə hələ.
Bir
gövhər istərəm mən səndən ancaq,
Onu mümkün deyil geriyə almaq.
Misralar bir-birini əvəz etdikcə hadisənin təsvir
məqsədinə maraq daha da çoxalır. Görəsən,
Şər suyun əvəzində Xeyirdən nə istəyəcək?
Şərin şər iş tutacağı məlumdur. Lakin hər
halda onun mənfur niyyəti açılanda insan təsəvvürünə
sığışmayan bu təklif adamı heyrətlər
içində dondurur:
Xeyir xəbər
aldı: - Nədir o gövhər?
Onu verrəm sənə mümkünsə əgər.
Şər
dedi: - O gövhər, o iki gözdü,
Dünyada hər şeydən onlar əzizdi.
Maşallah Xudubəyli,
araşdırmaçı
Xalq cəbhəsi.-2014.- 2
sentyabr.- S.14.