Hər dərdimdən bu yaman...
Qarabağ folkloru üçün səciyyəvi
olan ənənəvi
ovqatlar
II yazı
Ötən yazımızda Qarabağ ağrısı ilə bağlı soydaşlarımızın
ağlında-ürəyində yaranan bədiyyatlı əhvallardan söz açmışdıq. Mövzunu davam
etdiririk. Filologiya
üzrə fəlsəfə
doktoru, araşdırmaçı
Şakir Albalıyev bildirir ki, Qarabağ
folkloru üçün
səciyyəvi olan ənənəvi ovqatlar öz mənşəyini bölgənin atributik əlamətlərindən götürür:
"Dağların obrazlaşdırılması,
tez-tez hallandırılması
məsələsi də
beləcə. Bəs keygidərə,
qartala folklorda müsbət imic qazandıran keyfiyyət nə ilə bağlıdır sualına
gəldikdə isə
bu, quşların dağlardan hərlənən,
gün-güzəran keçirən
olduqlarından irəli
gələn haldır.
Belə ki, dağlar və quşlar mifoloji cəhətdən eyni paralel müstəviyə
girirlər. Çünki dağlar da yerüstü məkanı
- tanrı dərgahına
doğru qalxan məkanı səciyyələndirir,
quşlar da yerüstü və kosmosarası fəza sakinləri olmaqla ülviyyəti təmsil edirlər. "Dağ
adamı saf olar" kəlamı da dağlarda ömür-gün sürüb
dövran keçirən
adamların simasına
- təbiətcə saf
ola bilməsinə
işarədir. Ona görə
ki, dağlar adi yer səthinə
nisbətən Tanrı
məkanına yaxınlıqda
yerləşir və bu məkanda yaşayan insanlar tanrıya yaxın olmaqla saflığı - göy üzünə məxsus saflığı-müqəddəsliyi
də öz əməllərində yaşadırlar.
Oba köçdü bu yaman,
Köşdü düşdü bu yaman.
Qarabağa həsrətəm,
Hər dərdimdən
bu yaman.
Beləcə, obanın el köçündən
qayıdıb düşməsi
- dağdan arana yenməsi "yaman"lıq
kimi - pis əlamət kimi səciyyələndirilir. Təsadüfi deyil ki, bu
məntiqin davamı kimi bu dağ
köçünün əbədiliyi,
"Qarabağa həsrət"
kimi eyni mənada növbəti misralarda vurğulanmaqla
"hər dərddən
bu yaman" kimi düşünüb-dəyərləndirirlər.
Deməli, bu bayatımızda
da dağlardan güc amili ilə Qarabağdan ayrılıq nisgili eyni semantik nisbətdə
götürülüb ki,
bu da yenə
birbaşa yuxarıda deyilənlərin xalq məntiqi ilə təsdiqidir. Dağlar deyiləndə
Qarabağ, Qarabağ deyiləndə isə dağlar düşünüldüyü
özünü ürəklərə,
beyinlərə diqtə
edir.
Aşıq, viranə bağlar,
Xalın viranə bağlar.
Öldü bülbül, soldu
gül,
Qaldı viranə bağlar.
Burada da bağlar ifadəsi yaşayış yeri mənasında işlənilməklə
insan faktoruna metaforik deyimlə eyham edilir. Üçüncü misradan "oldu bülbül, soldu gül" fikri səbəb, "qaldı
viranə bağlar"
sonluğu ilə nəticə əlaqəsini
göstərir. Bağların
viranə qalmasına səbəb məhz bülbülün
eşqi-həvəsi ilə oxuyan bülbülün ölməsi
- can verməsidir. Burada fikrin üst
qatında təbiət lövhəsi xəyalımıza gəlir.
Bağlar öz gülü və cəh-cəh
vuran quşları, bülbülləri ilə birgə kompleks
halda təsvir olunub. Canlı və
cansız təbii aləmin bütün ünsürləri
bütöv halda bir-birindən təcrid edilmədən təqdim
olunur. Eyni zamanda burada yenə təbiətin
öz füsunkarlığını qoruyub-saxlamasına səbəb
də bu təbii amillərin bir-biri ilə sıx bağlı
olması ilə əlaqələndirilir, yəni bir təbii
komponenti - misal üçün gül-çiçəyi
dağsız-təpəsiz eləmək təbiətdə bir
cansıxıcılıq yaradar. Ona görə
də gülün solmasına səbəb bülbülün
ölməsi göstərilir. Bu, o deməkdir
ki, təbiət gözəllikləri arasında canlı təbii
harmoniya var və bu harmonik vəhdət pozulanda təbiətin
füsunkar mənzərəsi pozulub məhv olur. Başqa sözlə, təbiətin bir
parçası başqa parçasını yaşatmaq
üçün stimul rolunu oynayır. Necə ki, elə
yuxarıda deyilir: öldü bülbül, soldu gül. Bu fikir birbaşa ona işarə edir ki, gül təbiətin
nazlı gözəlidir, o gülə qol-qanad verən, stimul
verib yaşadan təbii nəfəs - qüvvə isə onun
müştaqında olub gecə-gündüz onun şəninə-vəsfinə
nəğmələr düzüb-oxuyan bülbüldür -
gülün (gözəlin) aşiqidir. Başqa
sözlə, gül nazlanmaq - oxşanmaq istəyir və
gülü əzizləyən, onun eşqilə yaşayan
aşiq (bülbül) öz cəh-cəhi ilə, sevgi nəğmələri
oxuması ilə gülə - təbiətə zövq-səfa
və xoş etmiş olur. Bülbül
öldükdə, gülün boyu əzizlənmədikdə,
oxşanılmadıqda, həsrətinə yanan,
vüsalına qovuşmaq istəyən olmadıqda gül də
gül həvəsindən, gül kimi təravətli
yaşamaq həvəsindən düşür, rəngi
qaçıb-avazıyır, yanaqları saralıb-solur.
Bir sözlə, gülü də gül kimi
gözəlləşdirən, nəvaziş göstərib əzizləyən
məhz ona müştaq olan, onu hədsiz saf, ülvi məhəbbətlə
sevən bülbülün xoş avazı - mehriban
danışığı, incə rəftarıdır.
Təbiəti gözəlləşdirən təbii amillərin
hər birinin bu cür bir-birilə sıx təmasda, rabitədə
olması ilə bağlıdır: gülsüz bülbül
yaşaya bilmədiyi kimi, bülbülsüz də
gülün rəngi-rufu açılmır, saralıb-solur, məhv
olur - gülsüz-bülbülsüz isə bağ viranəyə
dönüb, xarabalığı xatırladır. Bu metaforik təbiət
hadisəsindən çıxış edib bir bayatıdan
fikrin alt qatında gizlənən fikrin isə cəmiyyət
hadisəsinə bədii fikir vasitəsi kimi transfer
olunduğunu asanlıqla görürük. Gül
gözəli, bülbül isə sevən gənc
oğlanı simvolizə edir. İnsan
sevib-sevilməlidir, bir-birinə könül verib evlənməlidir
ki, cəmiyyətdə artım olsun, inkişaf getsin.
Əks təqdirdə cəmiyyət özü də məhvə
doğru sürüklənir. Başqa bir mənəvi tərəfdən
isə sosial toplumda da fəlakətlər, faciələr
baş verər".
Araşdırmaçı
vurğulayır ki, folklor örnəklərimzdən bizə
gül, bülbül, bağ, dağ və s. metaforik təbiət
obrazları kimi təqdim olunan nümunələrin
hamısında bu cür mühüm həyati məsələlər
fikrin alt qatından boy göstərib
çatdırılır.
Bu
dağlar daşlı dağlar,
Torpaqlı-daşlı
dağlar.
Dağlara
avar salın,
Tərlanım
qaldı dağlar.
"Burada
da dağlar öz təbii görkəmində - torpaqlı
daşlı, tərlanlı, ovçulu (insan məskəni
kimi) təsvir olunub. Cansız və canlı təbiət, həmçinin
və bunlarla təmasda olan, bunlara təsir göstərən
sosial amillər vəhdətdə götürülüb. Yenə
fikrin üst qatında canlı təbiət mənzərəsi,
alt layında isə ictimai zümrə xəyalımıza gəlir.
Təbiət hadisəsindən çıxış edilib
sosial sferaya təsir göstərə biləcək bədii
fikirlər öz hökmünü yeridir.
Bəzən
isə Qarabağ mövzusunda söylənilən
bayatıların sənətinə söyləyici
repertuarı vasitəsilə sosial bəlalar lirik haşiyə
kimi açıqdan-açığa müdaxilə edir, bu
zaman təbiət təsvirindən çıxış edilən
nümunəsinin birbaşa ictimai topluma
ünvanlandığı bəlli olur:
Qarabağın
bağı var,
Üstündə
yarpağı var.
Qurban
olum, sizə, ay igidlər,
Özünüzü
niyə qırğına verirsiniz,
Nə
gözəl torpağı var.
Cəbrayıl
rayonunun Süleymanlı kənd sakini olmuş, vəfat
etmiş Simuzər Balağa qızı Əliyevanın dilindən
yazıya alınmış bu nümunədə ictimai məzmun
daşıyan əsas fikir yükü olan 3-cü misra burada qəsdən
təhrif edilərək, iki misrada poetik ölçülər,
heca prinsipləri də pozularaq əlavə haşiyə kimi
ifadə edilmişdir. Bu da hardasa söyləyicinin mətnə
müdaxiləsi kimi təbii qəbul edilməlidir.
Belə
ki, "Qarabağı digər regionlardan fərqləndirən
cəhətlərdən biri də bu bölgənin folklorunun
toplanılmasının xüsusi diqqət və
hazırlıq tələb etməsidir. Çünki
qaçqınlıq həyatı bu insanları xeyli kövrəldib,
onları daha da həssas edib. Toplama zamanı bu insanların
içindəki yaranı qopartmamağa, o acılı günləri
onlara xatırlatmamağa nə qədər diqqət göstərsək
də, çox vaxt buna nail olmaq mümkün olmurdu. Hər dəfə
görürdük ki, doğulduqları, böyüyüb
boya-başa çatdıqları yerləri yada saldıqca bu
insanların sözləri dolur, qəhərdən
boğula-boğula danışırlar".
"Qarabağ:
folklor da bir tarixdir", I kitab (Ağdam, Füzuli, Ağcabədi,
Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər
rayonlarından toplanmış folklor örnəkləri) olan
toplunun tərtibçiləri İlkin Rüstəmzadə və
Zəfər Fərhadovun yuxarıda yazdıqları kimi, bu
bayatı nümunəsinin də söyləyicisi
özünün çəkdiyi ağrı-acını,
şəhidlərimizin Qarabağın gözəl
torpağı uğrunda canlarını fəda etmələrini
zamanın reallığı kimi mətnə əlavə edib.
Lakin bayatının əsas qəlibi olan "Qarabağın
bağı var, üstündə yarpağı var... Nə
gözəl torpağı var" ifadələri fikrin məcazi
donlu üst qatı kimi heç bir təhrifə uğramadan
verilib, Qarabağın təbiəti-təbii mənzərəsi
bütöv şəkildə bayatıya gətirilib,
Qarabağın bağı, bağı üstündəki
yarpağı belə təsvirdən kənarda qalmayıb, hətta
son misrada bütün bu bağı-bayatını öz
üstündə yetirən-bitirən Qarabağın "Nə
gözəl torpağı var" deyilməklə fikir
bütövlüyü yaradılıb, Vətən-Qarabağ
torpağı öz üstündəki nemətləri ilə
birlikdə kompleks şəkildə tərənnümünü
tapıb. Beləliklə də bir daha bu nümunədən də
bu fikir təsdiq olunur ki, "hər bir folklor mətni öz
mühitinin məhsuludur. Harada qeydə
alınır-alınsın, nümunələrin hər biri
özündə Qarabağın toponimikasını, etnoqrafik
cizgilərini əks etdirir".
Araşdırmaçı
sonda bildirir: "Bu fikri biz yuxarıda nümunələrdə
özünün əldə edib topladığını
folklor nümunələrinin hər birinin timsalında
gördüyümüz kimi, eləcə də Folklor
İnstitutunun xətti ilə buraxılmış 6 kitabdan ibarət
olan "Qarabağ: folklor da bir tarixdir" adlı
toplulardakı materialların mətnindən də
çıxış etməklə təsdiqləyə bilərik.
Bu mətnlərdə fikirlər əksərən
üstüörtülü - obrazlı deyimlə, məcazi
formada deyilsə də, bəzən informator öz daxili hiss-həyəcanlarını
cilovlaya bilməyib açıqdan-açığa fikirlərini
ifadə edir. Lakin xalq hansı mövzuya üz tutursa, həmin
mövzudakı fikir və istəklərini
bütövlükdə verir, bütöv vermək istəmədiyi
yerləri isə yazılı dilimizdəki çoxlu nöqtə
işarələri şəklindəki kimi, ilməni atıb,
naxışı vurmağı isə oxucunun - dinləyicinin fəhminin
- fərasətinin ixtiyarına buraxır. "Arifə bir işarə
bəsdir" kəlamı bu zaman öz işarəsini bədii
fikrin tərcümanı ola bilməklə büruzə verir.
Bir bunlardan yalnız birinə - bayatılarımızda rast gəldiyimiz
"Qarabağ" məfhumu və bu məfhum ətrafında
dolaşan paralel fikir çalarlarına toxunmaqla fikrimizi ifadə
etdik. Bəli, xalq heç nəyi yarıda qoymur, hər
sözün, hər fikrin axırına çıxır,
heç nəyi yarımçıq demir, fikrini - məramını
toxunduğu mövzu üzərində hərtərəfli
açıqlayır. Qalır bu mövzunu
açıqlamağa, yozmağa, o da biz
folklorşünasların üzərinə düşən
müqəddəs borc - mənəvi missiyadır".
Uğur
Xalq Cəbhəsi.- 2014.- 4 sentyabr.- S.11.