“Cümhuriyyət dövrü mətbuatında
Qafqaz İslam Ordusu”
II yazı
Akif
Aşırlı "Cümhuriyyət dövrü mətbuatında
Qafqaz İslam Ordusu" kitabında yazır ki,
"Bakının Qafqaz İslam Ordusu tərəfindən azad
edilməsi Sovet Rusiyasının ciddi etirazları ilə
müşayiət olundu. Sentyabrın 20-də Rusiya xarici
işlər naziri Çiçerin nota verərək "tatar
quldur dəstələrinin köməyi ilə" türk
qoşunlarının Bakını azad etməsini Sovet
Rusiyasının ərazisinə təcavüz kimi qiymətləndirdi
və bu nota bir gün sonra, sentyabrın 21-də
"İzvestiya" qəzetində çap etdirildi. Brest müqaviləsinin Türkiyəyə aid hissəsinin
qüvvədən düşdüyünü elan edən Sovet
Rusiyası əslində müqavilənin sözügedən
bəndlərinin Bakı üzərində qurulduğunu təsdiq
etmiş oldu. Türkiyə səfiri
Moskvada olmadığı üçün notanın Berlində
olan Osmanlı səfirliyi vasitəsilə İstanbula
çatdırılması nəzərdə tutulurdu. Lakin Tələt Paşa Berlində olduğu
üçün Qafqazda yaranmış vəziyyət barəsində
sovet səfirliyi ilə danışıqlara başladı və
bu nota Türkiyə hökumətinə göndərilmədi.
Bakının azad edilməsi Sovet Rusiyası ilə
Almaniya arasındakı münasibətləri gərginləşdirdi
və bu yaşanan gərginlik hər iki dövlətin mətbu
orqanlarına da sirayət etdi". Azərbaycanın
azadlığına, dövlət müstəqilliyinə ikili
münasibət göstərən Almaniyanın bir çox mətbu
orqanları 15 sentyabr hadisələrinə də yer
ayırdı.
"Folliner
beobaxterin" qəzeti bu hadisələr barədə
yazırdı: "1918-ci ilin sentyabr ayının 15-i Azərbaycan
tarixi üçün son dərəcə böyük əhəmiyyətə
malikdir. O zaman Avropada Azərbaycan Respublikasına kömək
etmək və ona yaşamaq imkanı verilməsinin zəruriliyi
barəsində səslər eşidilməkdə idi. Fəqət bu da Azərbaycana Bakısız bir Azərbaycan
vermək barəsində idi. Belə bir
düşüncə başsız kukla oyununa bənzəyirdi.
Başsız bədənin yaşaması
heç bir zaman təsəvvür edilmədiyi kimi,
Bakısız Azərbaycan imkan xaricində bir şeydir.
Azəbaycanın enməsi və yüksəlməsi
Bakının taleyi ilə bağlıdır" Sentyabrın
19-da Almaniyanın "Norddoyçe algemenyune çaytunq"
və "Almaniya" qəzetlərində Bakının Azərbaycan
və türk qoşunlarının birgə hücumu ilə
azad olunması barəsindəki məqalələr Sovet
Rusiyasının bu ölkədə səfirinin ciddi
etirazına səbəb oldu və nota verdi. Səfir
notasında Brest müqaviləsinin 2-ci maddəsini
xatırladaraq tərəflərin bir-birlərinə
qarşı təbliğat aparması öhdəliyinin
pozulduğunu, adıçəkilən qəzetlərdə
Rusiya əleyhinə təbliğat
aparıldığını əsas gətirirdi.
"Norddeyçe altemenye çaytunq" qəzetinin
sentyabrın 19-da 479-cu sayında çıxan
"Bakının işğalı" yazısında guya
Bakının türklər tərəfindən tutulması
haqqında "tam məmnunluq tonunda" məlumat verildiyi,
bunun isə Rusiya ilə Almaniya arasındakı sazişlərə
uyğun olmadığı
vurğulanır, təkzib verilməsi xahiş olunurdu. Almaniya tərəfi isə Rusiyanın
"Forvets" qəzetinin 253-cü sayında Bakının
işğalında Almaniyanın da rolu olması barəsində
yazılan məqaləyə etiraz edirdi. Akif
Aşırlı yazır ki, bütün bu
qarşılıqlı iddialar, çəkişmələr
Azərbaycanın öz istiqlalına qovuşmasına əngəl
törətmək istəyənlərin mətbuatda siyasətlərinin
faş olması idi.
Tiflisdə
nəşr olunan eser və menşeviklərin bir çox
rusdilli mətbu orqanları da bu tarixi günə öz
yanaşmalarını, baxışlarını ortaya qoyub:
"Bakı hakimiyyətinin keçmişində hansı səhvlər
buraxmasından asılı olmayaraq gələcək nəsillər
üçün Bakının müdafiəsi Rusiyanın
boynuna düşmüş şərəfsiz tarixin ən
yaddaqalan səhifələrindən olacaqdır. Qoy bu gün şəhər qaliblərin nəzarətində
olsun, onların qalibiyyət günləri də keçəcək".
Azərbaycanın milli mətbu orqanları isə bu cür
düşmən münasibətlərə dözümlü
yanaşır, dövlət müstəqilliyinin
qorunub-saxlanılması üçün bütün
imkanlardan yararlanacağı iddiasını ortaya qoyurdu:
"Azərbaycan fərqli bir şəraitdədir. Bizim fiziki-mövcudluğumuzu qorumaq üçün
gəlmiş Osmanlı qoşunları eyni zamanda birbaşa bu
vəzifələri ilə yanaşı, milli Azərbaycan
ordusunu təşkil etmək məqsədini də yerinə
yetirməyə başladılar".
"Pravda" qəzeti 1 oktyabr tarixli 200-cü
sayında "Gürcü menşeviklərinin türklərin
Azərbaycana gəlişini yüksək səslə,
böyük əhval-ruhiyyə ilə
qarşıladığını yazırdı. Məqalədə
göstərilirdi ki, Türk ordusunun Bakıya yaxınlaşması
zamanı Gürcüstan Respublikasının hərbi naziri
Georqadze ziyafətdə çıxışı zamanı
türklərə uğurlar arzulamışdı".
"Tiflisskiy listok" qəzeti 18 noyabr 1918-ci il
198-ci sayında Fətəli Xan Xoyskinin Azərbaycan
paytaxtının azad olunmasındakı hərbi rəşadətinə
görə Nuru Paşaya minnətdarlığını dərc
etmişdi. Digər Tiflis qəzeti "Kavkaskoy slovo" qəzeti
isə yazırdı: "Türk ordusu böyük itki
hesabına uğur əldə edib". Türkiyənin
"Yeni gün" qəzeti Berlindəki xüsusi
müxbirinin teleqramını çap etmişdi. Müxbirin məlumatma görə, ingilislərin
ruslara və ermənilərə kömək məqsədi ilə
Bakıya qoşun göndərdikləri və onların tələsik
geri çəkilmələri böyük uğursuzluq kimi
qiymətləndirilməlidir. İngilislərin
uğursuzluqlarının Bakıdakı rusların ləngliyi
və biganəliyi, digər tərəfdən isə ermənilərin
qorxaqlığı və satqınlığı ilə izah
edildiyi də məqalədə əks olunmuşdu. Digər
ingilis mətbuatı isə İngiltərənin Bakıdaki məğlubiyyətini
belə şərh edirdi: "Kifayət qədər qüvvə
olmadan yalnız ingilis nüfuzunu aşağı salan bir
işə girişmək lazım deyildi. General Moris bununla əlaqədar
daha kəskin və ittihamedici fikir söyləyib:
"Yüngülbeyin fırıldaqçılara izi vermək
ingilis ləyaqətinə sığmır. Ümid
etmək lazımdır ki, Bakı yürüşü
İngiltərə hökumətinə gələcək
üçün yaxşı dərs olacaqdır". Altı min nəfərlik qoşuna rəhbərlik edən
Türkiyə təbəəsi Andranik Xoyda türk
qoşunları ilə döyüşdə məğlub
olaraq iyun ayının 22-də Culfa və Naxçıvan ətrafına
çəkilməyə məcbur oldu. Andranik
burada hücuma hazırlaşarkən onun
Naxçıvanın bir çox kəndlərində
qırğınlar törətdiyi haqda xəbərlər Nuru
Paşaya çatdırılmışdı. "Znamya
truda" qəzetində Andranik "Qarabağ hadisələri"
adlı məqaləsində malik olduğu 6 minlik qoşun hissələrinin
Cənubi Azərbaycanda Urmiya gölü ətrafında
formalaşmış 4 erməni batalyonundan təşkil etdiyini,
sonradan isə onun çağırışı ilə bu
silahlı birləşmələrə türkiyəli ermənilərin
də qoşulduğunu yazır. Cənubi Azərbaycanda
türklərə qarşı törətdiyi qətliamları
xatırlayan Andranik bu bölgəyə onlardan 9 gün əvvəl
türk qoşunlarının gəldiyini, müdafiə tədbirləri
gorüldüyünü ərz edir. Andranik Xoy
döyüşünü belə xatırlayır:
"İyunun 20-də döyüşlər oldu, şəhərin
bir hissəsini əlimizdə saxlaya bildik. Axşama
doğru isə türklərin əlavə qüvvələri
hesabına geri çəkilməli olduq. 70
nəfər itkimiz oldu, bir o qədər də itkin
düşdü". Şuşa
qalasını mühasirədən, erməni zülmlərindən
yaxa qurtaran Azərbaycan türkləri ordunu xilaskarlıq
nümunəsi kimi qarşıladılar. Polkovnik Cəmil
Cahid bəy bir neçə qərargah zabiti ilə birgə
Şuşaya gəldi: "Qarabağdan alınan məlumata
görə, bir qrup erməni daşnakının
avantürasının qarşısı alınıb. Məlum olub ki, erməni əhalisinin Qarabağ hadisələrində
heç bir iştirakı olmayıb. Erməni
əhalisi bizim şəhər və kəndlərdə
qoşunlarımızı duz-çörəklə
qarşılayıb. Ermənilər Azərbaycan
vətəndaşlığını qəbul edir və
hakimiyyətin bütün göstərişlərini yerinə
yetirməyə hazır olduqlarını bildirirlər. Artıq onlar könüllü surətdə
silahları təhvil verməyə başlayıblar. Bir sözlə, həyat normal məcrasında davam
edir, əməksevər kəndli özünün dinc məşğuliyyətinə
qayıdır".
Polkovnik Cəmil
Cahid bəy ermənilərlə ünsiyyət qurmaq
üçün onların kilsədə toplanmasını istəyərək
bu yığıncaqda söyləmişdi: "Ermənilər
indiyə qədər türklərə böyük müsibətlər
vermişlər. Halbuki türklərin onlara tam
bir vətəndaşlıq haqqı vermələrinin
qarşılığında nankorluq etmələri, buna
görə cəzalandırılmalarını yadınıza
salın. Bu vəziyyətdə də ulu
türk vicdanı sizi bir daha bağışladı".
Sonra o, Şuşa qalası önündəki
meydanda rəsmi keçidin olacağını bildirmiş, erməni
təmsilçilərinə bu keçidi izləmələrini
və orada müsəlmanlarla barışmalarını tələb
etmişdi. Şəhərin böyük bir hissəsində
olan bu hərbi paradı ermənilər Azərbaycan türkləri
ilə birgə izləmişdilər. Erməni
və türk məhəllələrinə əsgərlər
yerləşdirilmiş, asayiş təmin olunmuşdu. "Borba" qəzetinin verdiyi məlumata görə
isə Ermənistan Xarici İşlər Nazirliyi Qarabağda
döyüş əməliyyatlarını dayandırmaq
üçün bir nümayəndə heyətinin Nuru
Paşa ilə görüşəcəyini bəyan
etmişdi. Bu nümayəndə heyətinin məqsədi
Azərbaycan türkləri ilə ermənilər arasında
sülh yaratmaq missiyasını həyata keçirməkdən
ibarət olacaqdı..
Akif
Aşırlı adıçəkilən kitabında qeyd edir
ki, Tələt Paşa hökumətinin istefa etməsindən
sonra yeni hökumət quran Əhməd İzzət
Paşanın imzası ilə Qafqaz İslam Ordusuna oktyabr
ayının 23-də göndərilən əmrdə
Qarabağ hərəkatının dərhal
dayandırılması tələb olunurdu. İstanbulda olan
erməni nümayəndələrin Antanta təmsilçilərinə
təsir edərək Qarabağda Osmanlı qüvvələrinin
Şuşaya qədər irəliləməsinin
qarşısının alınması barədə xahişləri
nəticə verdi. Qarabağdakı
türk əsgərinin geri çəkilməsi və Azərbaycanla
Ermənistan arasındakı məsələlərin siyasi
yolla həll olunması qərarlaşdırıldı. İstanbuldakı erməni nümayəndələrinin
gətirdikləri dəlil ondan ibarət olmuşdu ki, türk
ordusu Qarabağa girməsə, ermənilərlə Azərbaycan
türkləri arasında heç bir qanlı toqquşma
olmaycaq. Ancaq bu erməni nümayəndələri
unudurdular ki, Andranikin rəhbərliyi ilə bu bölgədə
onlarca kənd yandırılmış, minlərlə Azərbaycan
türkü vəhşiliklərlə qətlə
yetirilmişdi. Qocalara, uşaqlara, xəstələrə
belə aman verilməmişdi. Beləliklə,
8 oktyabr 1918-ci ildə 1-ci Azərbaycan diviziyasının
Ağdama toplanmasıyla başlanan Qarabağ hərəkatının
ömrü bir ay çəkmiş, bu hərəkat
noyabrın 8-də komandanlığın azərbaycanlı
general Yusifova keçməsi ilə sona
çatmışdı.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 6 sentyabr.- S.11.