Xalça naxışları ilə
xalqın tarixini öyrənmək mümkündür
Xalqımızın zəngin, hərtərəfli
yaradıcılığı incəsənətin demək
olar, bütün sahələrində özünəməxsus
söz deməsi, iz qoyması, ənənə yaranması ilə
şərtlənir. Xalçaçılıq belə bənzərsiz
xəlqi yaradıcılıq sahəcidir. Sənətşünaslıq
elmləri doktoru
Rasim Əfəndinin və sənətşünaslıq
üzrə fəlsəfə doktoru Toğrul Əfəndinin
bu sahə ilə bağlı maraqlı araşdırması
diqqəti çəkir. Araşdırmaçılar bildirirlər, Azərbaycanın
xalça sənəti sahəsində aparılmış elmi
araşdırmalar göstərir ki, xalçalarımız ta
qədim zamanlardan başlamış bu günə qədər
həyat və məişətimizdə sırf əməli əhəmiyyət
kəsb etməklə yanaşı, böyük bədii
ideyaya da malik olub: "Xalçalarımızın bədii
xüsusiyyətləri və məzmunu, əsasən onda tətbiq
olunan ornament və rəng vasitəsilə öz əksini
tapıb. Xalçalarımızda əks
olunmuş yüzlərlə müxtəlif şəkilli
quş, heyvan, insan təsvirləri, məişət əşyalarından,
damğalardan ibarət olan ornamentlər bəzən real və
sxematik şəkildə tətbiq olunub. Bu
ornamentlərin keçdiyi tarixi yola nəzər yetirsək,
onların real vəziyyətdən mücərrədliyə
doğru inkişaf etdiyini görərik. Maraqlıdır
ki, bu tarixi inkişaf yolunda təsviri və ornamental motivlər
nə qədər öz simasını dəyişsə də,
anlaşılmaz olsa da, onların adı, mənası itməyib,
bu günə qədər yaşayıb. Məsələn,
xalçaçı qadınlarımız indi də
qarmağabənzər ornament elementinə əjdaha,
üçbucağa oxşar bəzəyə dəyə,
başları çəngəltək haçalanmış bəzəyə
isə qoç deyirlər. Bütün
bunlar ondan irəli gəlir ki, xalçalarda olan təsvirlər
və onların adı nəsildən-nəslə keçərək
toxucunun həyatı, məişəti,
dünyagörüşü ilə sıx əlaqədə
olub. Ona görə də xalçada olan
naxışlarla onu yaradan xalqın tarixini, folklorunu, hətta
mifologiyasını belə izləyə bilərik".
Araşdırmada
məqsədin Azərbaycan xalçalarında tez-tez təsadüf
edilən bir qrup ornament motivi və onların məzmununu nəzərdən
keçirmək olduğunu deyən
araşdırmaçılar bildirirlər: "Elmi
araşdırmalar göstərir ki, Azərbaycan
xalçalarında ən çox yayılan bəzək
elementi qoç təsviri olub. Xalçalarımız
üzərində müxtəlif şəkillərdə və
formalarda təsadüf edilən bu təsvirlər bəzən
tam halda, real vəziyyətdə, bəzən başları
çəngəltək haçalanmış buynuza bənzər
şəkildə icra edilib. Azərbaycan
xalçaları üzərində qoç buynuzlarından
quraşdırılmış geniş məna kəsb edən
kompozisiyalara da təsadüf edilir. Bu tip kompozisiyalı əsərlərə
əsasən Qazax rayonunun Dağkəsəmən, Faxralı,
Qarayazı, Qaraqoyunlu mahallarında toxunan xalılarda rast gəlinir.
Hazırda anlaşılmaz şəklə
düşmüş bu bəzək kompozisiyasının qocaman
xalçaçı ustalar arasında adları da var. Məsələn:
"Qoçlar yaylaqda", "Qoçlar göl ətrafında"
və s. Azərbaycan xalçalarında real və mücərrəd
şəkildə təsadüf edilən qoç təsvirləri
əsasən xalçanın mərkəzində - ara sahədə yerləşdirilib. Onlar bəzən tək, hərdən cüt, bəzən
də yığcam bir şəkildə qrup halında tətbiq
edilib. Azərbaycan xalçaları
arasında elələri də var ki, onların bütün bəzək
kompozisiyası qoç buynuzlarından təşkil olunub.
Dəvəçi rayonunun Pirəbədil kəndində
toxunan məşhur "Pirəbədil" xalçası
buna ən gözəl misaldır. Qoç buynuzları təkcə
Azərbaycan xalılarında deyil, Türkmənistanda və
Anadoluda toxunan xalıların da əksəriyyətində
var. Onun ən orijinal nümunələrinə biz Türkmənistanda
Yomut, Salor, Tekin, Bəşir, Türkiyədə Ərzurum,
Qars, Ağrı və Bitlisdə toxunan xalçalarda təsadüf
edirik. Qoç təsvirlərinin xalı sənəti
üzərində belə geniş tətbiq olunması təsadüfi
deyil. Mənbələr göstərir ki,
qoç türkdilli xalqlar arasında uzaq keçmişlərdən
müqəddəs heyvanlardan biri sayılıb. Bu günədək kəndlərdə çəpər
dirəklərinə, eyvan sütunlarına bərəkət
və qüvvət əlaməti olaraq qoç
başının bərkidilməsi, qoçun şərəfinə
daşdan yonulmuş heykəllər yaradılması bunun
canlı timsalıdır. Elə bircə
onu qeyd etmək kifayətdir ki, hazırda Azərbaycanda orta əsrlərə
aid 300-ə qədər daş qoç fiqurları var. Onlar
xalq tərəfindən qorunaraq müqəddəs ocağa
çevrilib".
Onların
fikrincə, tovuzquşu təsvirli xalıların ən qədimi
XV yüzilliyə aid edilən və hazırda Stokholm Tarix
Muzeyində saxlanılan Qazax xalçasıdır: "Ənənəvi
xalça kompozisiyasında toxunmuş bu xalının mərkəz
hissəsində bir ağac ətrafında üz-üzə
dayanmış iki tovuzquşu təsviri verilib. Tovuzquşları
yandan alabəzək quyruqlarını qaldırmış vəziyyətdə
şərti dekorativ səpkidə icra edilib. Bu tip
tovuzquşu təsvirli xalçaların uzaq keçmişlərdə
də məşhur olduğunu və bir çox ölkələrdə
yayıldığını təsviri sənət əsərləri
də təsdiq edir. Bu baxımdan hazırda
Barselona şəhərində Kataloniya incəsənət
muzeyində nümayiş etdirilən XV yüzil rəssamı
Con Xyuqetin tablosu diqqəti cəlb edir. Görkəmli
türk sənətşünası Oktay Aslanapa Yusif Durul
öz "Səlcuq xalqları" kitabında bu tipli
xalçaların müxtəlif vaxtlarda Anadoluda da
toxunduğunu qeyd edirlər. Hazırda
Bakıda Dövlət xalı muzeyində belə
kompozisiyalı qoşa tovuzquşu təsvirli, XIX yüzilə
aid olan xalıların çoxlu nümunələri
saxlanılır. Qocaman
xalçaçı ustalarının verdiyi məlumatlara
görə bu qoşa tovuzquşlarından biri erkək, o biri
dişi olub, ailə və ocaq obrazının təsviri kimi qəbul
edilib. Xalça üzərində
tovuzquşu təsvirinin belə geniş yayılması səbəbsiz
olmayıb. Sənədlər göstərir
ki, uzaq keçmişlərdə tovuzquşu türkdilli
xalqlar arasında müqəddəs ocağın
tanrısı sayılıb. Hələ VI
yüzillikdə Bizans səfirləri Mərkəzi Asiya hakimi
İstemi paşanın hüzurunda olarkən türklərin
bu quşu müqəddəs sayaraq ona sitayiş etdiklərini
göstəriblər. Çin mənbələrinin
verdiyi məlumatlara görə, VII yüzillikdə Mərkəzi
Asiyada yaşayan türklərin öz damğalarında da bu
quşun təsviri olub.
Böyük Azərbaycan şairi Nizami Gəncəvi
öz "İsgəndərnamə" poemasında
tovuzquşunun türklər arasında müqəddəs
sayıldığını və xalq sənətində
başlıca bəzək olduğunu qeyd edir. Nizami bu əsərində Bərdə
şahzadəsi Nüşabənin sarayını təsvir edərkən
deyir: "Bəzənmişdir parça, tikmələr
türklərin tovuzquşu təsvirləri ilə"".
Xalça
sənəti nümunələri üzərində çox
geniş yayılmış təsvirlərdən biri də əjdaha
olub: "Xalçada həm real, həm mücərrəd
şəkildə toxunan qarmağabənzər belə təsvirlər
daha geniş yayılıb. Keçmiş
dövrün türk, türkmən, Azərbaycan
xalılarında əjdaha başlıca bəzəklərdən
sayılıb. Dünya xalqlarının ibtidai ornament sənəti
ilə məşğul olan rus alimi Bobrinski hələ 1898-ci
ildə Qarabağda qazıntı işləri aparan alman dili
müəllimi E.Reslərə məktub göndərib,
Qarabağ xalçalarında tez-tez rast gəlinən
qarmağabənzər naxışın mənşəyini
öyrənməyi ondan xahiş edərək yazıb:
"...Mən əminəm ki, hazırda rəmzi mahiyyətli
bu bəzək uzaq keçmişdə real varlığı təmsil
edib. Ona görə də biz onun əcdadlarını canlı
təbiətdə axtarmalıyıq..." Qarmağabənzər
bu mücərrəd rəsm elementi Qarabağ və Qazax
xalçaçılığında xüsusilə geniş
yayılıb. Bu regionun
xalçaçıları onu "əjdaha"
adlandırırlar. Qarabağın "Vərni"
adlı xovsuz xalılarında sayı 24-ə çatan
böyük həcmli bu tip mücərrəd təsvirli əjdahalara
da rast gəlinir. "Vərni"lərdə əjdahalar
adətən xalı boyu simmetriya əsasında yerləşdirilib.
Onlar uzun quyruq və qoşabuynuzlu təsvir
olunub. Adətən əjdaha təsvirinin
daxili hissəsində elə bil ki, su üzərində
süzən quşlar toxunub. Qocaman
toxucuların verdiyi məlumatlara görə, bunlar əjdahanı
suyun qoruyucusu kimi təmsil edirlər. Əcaib
ilanabənzər bu heyvan Azərbaycan xalq nağılları və
dastanlarında da suda yaşayıb, suyun qoruyucusu kimi təsvir
edilir. Azərbaycanda stilizə edilmiş əjdaha
təsvirlərindən təşkil edilən paxlava
kompozisiyası sxemində də xalçalar toxunub. Xalq
arasında "Xətayi" adını almış bu tip
kompozisiyalı xalılar çox geniş yayılaraq dünya
muzeylərinin bəzəyinə çevrilib. Onun
ən gözəl nümunələri hazırda İstanbulun
xalı muzeyində, Nyu-Yorkun Metropoliten, Budapeştin Dekorativ Sənətlər
muzeyində və başqa yerlərdə qorunub saxlanır.
Azərbaycan folkloru və mifologiyasının
bilicisi Mirəli Seyidovun fikrincə Xatay (Xətayi) sözü
öz-özlüyündə qədim bir türk qəbiləsinin
adıdır. Bayat qəbiləsinin
avşarı adlı musiqi melodiyaları olduğu kimi,
çox güman ki, Xatay qəsəbəsinin də əjdaha
təsvirli "Xətayi" xalıları olub. Görkəmli türk alimləri Emel Esin və Oktay
Aslanapa tarixi mənbələrə əsaslanaraq xalça
üzərində əjdaha təsvirinin Qafqaz, İran və
Anadoluda yayılmasını türk qəbilələrinin
Orta və Mərkəzi Asiyadan qərbə doğru
axını ilə əlaqələndirirlər".
Araşdırmaçılar
hesab edir ki, xalçalarımızda əjdaha motivinə
geniş yer verilməsi əbəs yerə olmayıb:
"Çünki o, uzaq keçmişlərdən
türkdilli xalqların həyatı, məişəti,
folkloru, mifologiyasında görkəmli yer tutub. Məsələn,
Azərbaycanın bir sıra yerlərində bu günədək
ilan və əjdaha totemi ilə əlaqədar yer adları
var. Naxçıvanda "İlan dağı", Qazaxda
"Əjdaha qayası" və s. Belə adlara biz
hazırda Ermənistanda Göyçə gölü ətrafında
azərbaycanlılar yaşamış yerlərdə də təsadüf
edirik. İcevan (keçmiş karvansaray) rayonunun
Çaylı kəndində "Əjdaha yurdu" adlanan yer
buna misal ola bilər. Əjdaha
obrazı Azərbaycan xalq nağıllarında aparıcı
mövzu ilə üzvi surətdə bağlı olub. Məsələn,
"Məlikməmməd", "Tapdıq", "Qara
at" nağıllarında əjdahaya geniş yer verilib.
Araşdırmalar göstərir ki, xalı sənəti
üzərində əjdaha həmişə müsbət
totem olmayıb. Vaxt olub ki, o, xalçada bir şər
obrazı kimi çıxış etməyə
başlayıb. Həm də bu zaman o, tək
deyil, xeyirxah obraz sayılan simurq quşu ilə mübarizədə
təsvir edilib. Bu tip kompozisiyalı təsvirlər Azərbaycan
xalçaçılığında XV yüzildən izlənməyə
başlayıb və XVI-XVII yüzildə Təbriz
xalçalarında ən yüksək inkişaf mərhələsinə
çatıb. Xalça ornamentlərimizin
xalqımızın tarixi, mifologiyası və folkloru ilə əlaqəsini
xalçalarımız üzərində təsadüf edilən
ağac təsvirləri də təsdiq edir. Keçmişdə türkdilli xalqlarda ağaca inam
çox güclü olub. Mənbələr
göstərir ki, türklər ağaca bir yaradıcı
qüvvə kimi baxıb, ona sitayiş ediblər. Ağaclara "Həyat ağacı", "Ana
ağacı" kimi adların verilməsi və xalq
arasında onun doğum piri sayılması da bu
anlayışdan gəlmədir. Həm
xalça sənətimiz üzərində, həm də
folklor mifologiyamızda ən çox təsadüf edilən sərv,
nar, palıd ağacları olub. Rəvayətə
görə, sərv ağaclarının ilk şaxələri
behiştdən gətirilib. Sonralar Zərdüşt
sərv ağaclarının birini Kaşqarda
(Türküstan), o birinisə Xorasanda əkərək
yaymağa başlayıb. Sərv
ağacının təsvirinə biz klassik ədəbiyyatımızda
daha çox rast gəlirik".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 10 sentyabr.- S.14.