İnternet medianın
saxta İP problemi
Və yaxud kimin İP-si həqiqi, kimininki saxtadır?
Azərbaycanda
saytlar əsasən "Liveinternet" saytının reytinq
sayğacı ilə öz reytinqlərini ölçürlər
Son zamanlar internet saytlarının İP
yarışına girməsi və bunun üçün bəzi
hallarda dövlətçilik maraqlarının üzərindən
xətt çəkməsi halları də müşahidə
olunurdu. Xəbərin mahiyyətindən asılı olmayaraq
sayğacın prioritet kimi götürülməsi bir sıra
mənfi tedensiyalara yol açır. Bəzi
saytlar bundan əl çəksə də bir sıra xəbər
portalları hələ də sayğacı əsas
götürürlər. Onu da əlavə
edək ki, bir sıra hallarda sayğaclar
saxtalaşdırılır və bu da reklam cəlb etmək
xarakteri daşıyır. Belə bir təcrübə
beynəlxalq saytlarda da mövcuddur.
Bu kimi virtual biznes rəqabəti Azərbaycanda da
aparılır. Bəzən saytlarda hətta milyonlarla izləyicilərin
olduğ görüntüsü yaradılır ki, bu da
reallığı əks etdirmir. Bəs bu ağ yalanda məqsəd nədir? Yəni ziyərtəçi sayını süni
şəkildə şişirtmək reklam cəlbi
üçün bir vasitə sayılır.
Sayt rəhbərləri reklam cəlb etmək
üçün min cür oyunlardan çıxırlar. Çox zaman
virtual aləmin verdiyi imkanlardan sui-istifadə edənlər də
olur. Belə ki, bəzi saytların
sayğaclarına diqqət etdikdə inanılmaz rəqəmlərlə
qarşılaşırıq. Hətta bəzən
elə yazı olur ki, bir gün ərzində onu oxuyanların
sayına baxanda heç cür buna inanmaq olmur. Bu da o ehtimalı yaradır ki, sayt
inzibatçıları reytinqlərini yüksəltmək
üçün yalandan bu statistikanın sayını
artırırlar. Doğurdan da, saytlara daxil
olanların və ya saytlardakı hər hansı yazını
oxuyanların sayını yalandan artırmaq olarmı? Maraqlıdır ki, bunu necə etmək
mümkündür? Bu kimi hallar veb-masterlər
tərəfindən edilir, yoxsa bunu hər hansı sayt izləyicisi
də edə bilər?
İKT
üzrə ekspert Cahid İsmayıloğlu internetdə onlayn
rejimdə işləyən müxtəlif statistik hesablama
sistemlərinin mövcud olduğunu bildirib: "Bunlar sayta daxil
olanların sayını, daxilolma vaxtını, coğrafi məkanını
və s. ən xırda detalları hesablayıb qeydə
alır. Eyni zamanda hər bir saytın daxili
sistemində də bu statistik hesablama mövcuddur. Bu statistika sayta daxil olanların sayını
hesablamaqla yanaşı, hər bir səhifənin
ayrı-ayrılıqda nə qədər oxunduğunu da
hesablayır və oxuculara nümayiş etdirir. Bu, xəbər saytlarında çox müşahidə
edilir. Saytdaxili statistikalar çox vaxt sayt
idarəçiləri tərəfindən xəbəroxunma
saytı süni surətdə "şişirdilir" və
reytinqi yuxarı göstərməyə
çalışırlar. Məsələn,
sayta daxil olanların sayı ilə bir xəbərin oxunma
sayı arasında uyğunsuzluqlar, fərqlər
görünür. Sayta 100 adam
baxıbsa, görürük ki, bir xəbəri 500 adam oxuyub.
Necə olur ki, sayta 100 adam daxil olur, amma bir
xəbər 500 dəfə oxunur? Bu statistikalar
günlük, həftəlik, aylıq və illik olmaqla
hesablanır, arxivləşdirilir".
Cahid
İsmayıloğlu "şişirdilmə"nin texniki olaraq çətin bir əməliyyat
olmadığını vurğulayıb: "Sadə şəkildə
kiçik rəqəmi silib yerinə daha böyük rəqəm
yazmaqla bunu həyata keçirə bilirlər. Bunu
adətən veb-ustalar edirlər. Bəzi
saytlar var ki, istifadəçi kompüterdə sadəcə
"yenilənmə" düyməsini də tez-tez
sıxmaqla xəbərin oxunma sayını süni surətdə
artıra bilir". Onun sözlərinə görə,
bunun qarşısını əlbəttə ki, saytın idarəçiləri
almalıdır: "Əgər sayt idarəçisi istəyirsə,
hər an saytın statistik göstəricilərini
istədiyi kimi şişirdə bilər, çünki texniki
olaraq sayt onun əlindədir. Bir şeyi də
qeyd edim ki, dünyada ən geniş yayılmış və
düzgün, daha ətraflı statistik hesablama aparan sistem
"Google Analytics" sistemidir. Mən real
hesablama aparmaq istəyən sayt istifadəçilərinə
bu sistemdən istifadə etməyi tövsiyə edirəm".
Veb-master Elşən Əzizoğlu da deyib ki,
statistikanı artırmaq mümkündür. Onun sözlərinə
görə, bunun üçün bəzi ödənişli
xarici saytlar və proqramlar var: "Saytlardakı xəbərlərin
baxış saylarını saxta yollarla artırmaq
mümkündür. Bunun üçün
saytı yığan veb-master sistemi elə qura bilər ki, bir
dəfə xəbərə "klık" edəndə
baxışa on "klık" göstərsin. Yəni, bir istifadəçinin əvəzinə on
istifadəçi kimi göstərsin. Saxta
yolla baxış sayını artırmaq istədiyimiz xəbərin
ardına keçib, bir neçə dəfə F5 düyməsi
ilə xəbərin səhifəsini yeniləyərək də
istifadəçinin sayını artırmaq olar".
Elşən Əzizoğlu deyir ki, bu kimi saxtakarlıq
yalnız veb-masterlər deyil, eləcə də hər
hansı istifadəçi tərəfindən də edilə
bilər. Onun
fikrincə, bunun qarşısını almaq mümkün
deyil: "Çünki hər bir işin bir sirri var. Hər
bir sayt rəhbəri də saytını baxımlı
göstərmək üçün bu sirlərdən istifadə
edir".
Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə
görə, hər bir saytın arxasında onun admini durur:
"Yəni, o saytı idarə edən, hansı ki, o sayta
daxil olanların sayını ölçmək
üçün proqramlar quraşdırıb, tənzimləyici
işləri görüb. Ümumiyyətlə,
bu yaxşı bir şeydir, monitorinq aparmağa imkan verir.
Həmçinin, hansı ölkələrdən
bu sayta daxil olanları öyrənmək olur. Yəni, kifayət qədər yaxşı alətlərdir
ki, sayta müraciət edənlərin təsnifatını
bilmək olur. Bunların
hamısını ölçməyə imkan verən alətlər
var".
Onun
fikrincə, istənilən saytın arxasında olan insan
lazım gələrsə, bura müdaxilələr edə
bilir: "Bunu artıq özü edə bilir. Başqası
edə bilmir. Elə ola bilər ki,
eyni ünvandan siz ora yüz dəfə daxil ola bilərsiniz.
Hansı ki, bir adam daxil olur. Bu
məsələləri saytın sahibi həll edir". Osman Gündüz bildirib ki, internetdə peşəkar
insanlar saytların hansı auditoriyaya malik olması ilə
bağlı müəyyən bir həqiqətə uyğun
informasiya ortaya qoya bilirlər. "İnternetdə sosial
araşdırmalar, montorinqlər aparmaqla bunu müəyyən
etmək olur", - deyə o əlavə edib.
AİF
prezidenti onların bu işlərlə məşğul
olmadıqlarını deyib: "Ola bilər, bununla
bağlı qurumlar yarana bilər. Amma bizim belə
monitorinqlər aparmaq planımız yoxdur". Azərbaycan İntenet Birliynin sədri Qalib Qurbanov da
hər hansı saytın adminstratorunun bunun üçün
texnki imkanları olduğunu qeyd etdi. Qalib Qurbanov dedi ki,
sayt inzibatçıları şərait yaratsalar, orada
yoxlamalar aparmaq olar: "Bizim tərəfimizdən indiyə
kimi belə monitorinq aparılmayıb. Çünki
saytın işləməsi üçün İP adresi olur.
O İP adresi ilə, sözsüz, yoxlama aparıb öyrənmək
olar ki, bu həqiqətdir, yoxsa həqiqət deyil". O, Azərbaycanda
internet qəzetləri, xəbər saytlarının istifadəçilərinin
daha çox olduğunu vurğulayıb.
Ekspertlər hesab edirlər ki, Azərbaycanda saytlar əsasən
"Liveinternet" saytının reytinq sayğacı ilə
öz reytinqlərini ölçürlər. Liveinternet
saytından qeydiyyatdan keçdikdən sonra verilən
sayğac kodu, kompüterin sahib olduğu İP ünvanına
görə hesablama aparır. Bu sayğac
vasitəsi ilə KİV -lər güclərini nümayiş
etdirməyə çalışırlar. Oxucular
isə sayğacın üstündəki şişirtmə rəqəmləri
doğru bilib saytın oxucu kütləsinin çox
olduğuna inanirlar.
Sayğaca birbaşa müdaxilə etmək münkün
olmasa da, reytinq siyahısında ön sıralarda yer almaq
üçün redaktorlar bəzən bir sayğacın kodunu
bir necə saytda istifadə edərək ümumi göstəricini
1 saytın göstəricisi kimi təqdim edirlər. Təəssüf
olsun ki, Azərbaycanın sayğac xidməti təqdim edən
"ilk 10" reytinq hesablama saytının verdiyi hesablama
kodunu da istənilən qədər saytda istifadə edərək
ümumi göstəricini cəmləmək olur. Bəzi KİV redaktorları bu yolla saytlarını
reytinq sıralamasında ön sıralarda göstərməyə
çalışırlar.
Hər
birimizin bildiyi İnternet aləminin devi
olan Google şirkətinin "Analytics" hesablama xidmətindən
istifadə edən saytlar yox səviyyəsindədir.
Aktual.az portalının baş redaktoru, tanınmış
jurnalist Anar Yusifoğlu söyləyib ki, Azərbaycan oxucusu
praqmatikdir və onu saxta, robot İP-lərlə aldatmaq, guya bu
yolla ictimai rəyə təsir etdiyini isbatlamaq mümkün
deyil. Onun
sözlərinə görə, xanımlar yaşını
gizlədən kimi, bəzi saytlar da real İP-lərini gizlədir:
"Baxırsan, hansısa sayta guya 50 min giriş var, ən
çox oxunan xəbər isə 100-ü keçmir. Əgər həqiqətən bu sayta 50 min giriş
varsa, niyə həmin saytın yazılarını oxuyan olmur.
Yoxsa yerdə qalan 49 min 900 oxucu sadəcə
saytın loqosuna baxıb, tərk edir. Elələri
də var ki, həm sayta giriş sayını, həm də
oxunma sayını şişirdirlər. Bilməyənlər
üçün deyim ki, bunun üçün xüsusi
proqramlar var və ayda bir neçə yüz manat vəsait tələb
edir. Bu gün yeganə sayğac "google
analitiks"dir ki, orada saytların real giriş sayı göstərilir.
Mən təklif edirəm ki, saytlar hər ay
özlərinin "google analitiks"dəki nəticələrini
elan etsinlər. O zaman aydın olacaq ki, kimin İP-si həqiqi,
kiminki isə saxtadır. Əvvəllər su,
qaz, işıq sayğaclarına "barmaq" edərdilər.
İndi bunu internetdə edirlər. Bu kiminsə cibinə girməsə də, sponsorun
gözünə girir və belecə pul aldıqları
adamları aldadırlar".
"525-ci
qəzet"in baş redaktoru Rəşad Məcidin sözlərinə
görə, mediadakı sayğaclar, "İP" qazanmaq
tendensiyası arxa plana keçməlidir: "Bu, medianı
qeyri-ciddi yola aparır. Necə ki, vaxtilə televiziyalar reytinq
dalınca qaçıb evdar qadınların
dünyagörüşünə uyğun şit və
bayağı KİV-ə çevrildi, bir sıra
"İP" dalınca qaçan saytlar da sonda bayağı
və qeyri-ciddi quruma çevriləcəklər".
Əli
Xalq Cəbhəsi.-
2014.- 10 sentyabr.- S.11.