“Cümhuriyyət dövrü
mətbuatında Qafqaz İslam
Ordusu”
III yazı
I Dünya müharibəsinin
sonu və ən əsas Türkiyənin məğlubiyyəti
Azərbaycan üçün
fəlakətlə nəticələnən
çətinliklər yaratdı. Belə ki,
imzalanmış Mudros
barışığına görə, müttəfiqlər
Bakını işğal
etməli idilər.
"Azərbaycan" qəzeti
""müttəfiqlərin Türkiyə ilə əqd etdikləri müharibə şərti
31 oktyabr 1918-ci il saat 12-dən qanuni güc alır" deyə barışın şərtlərinin
bütün bəndlərini
çap etmişdi. Sazişin
11-ci bəndinə görə,
Türkiyə əsgərləri
İranın şimal
qərbindən çəkilməli,
Zaqafqaziyanı boşaltmalıdır.
Sazişin "Bütün dəmir yollarından müttəfiqlərin azad
surətdə istifadə
edəcəyi" haqda
müddəalarını Azərbaycanın
müstəqilliyinə vurulan
zərbə kimi qiymətləndirən Azərbaycanın
fövqəladə səlahiyyətli
nümayəndəsi Ə.M.Topçubaşov
Türkiyə tərəfinə
bu barədə nota da təqdim etmişdi. Bu etirazların
qarşılığında Azərbaycanda türk ordusunun
olması bəhanəsinə görə müttəfiqlərin
bu cür addım atdığını söyləyən
Türkiyə rəsmiləri "nə ola
bilər, onlar qalibdir, biz məğlub" cavabını
vermişdilər.
Akif
Aşırlı "Cümhuriyyət dövrü mətbuatında
Qafqaz İslam Ordusu" kitabında yazır ki, Mudros
barışığının Azərbaycana aid maddələrinə
görə Osmanlı imperiyasından narazı qalmasına
baxmayaraq Azərbaycan xalqı vaxtilə türk ordusunu
böyük hərarətlə
qarşılaşdığı kimi, dünya müharibəsində
məğlub dövlətlər arasında olmasından ehtiyat
etməyərək onu dərin hörmət və ehtiyatla yola
saldı. Noyabr ayının 10-da bazar
günü Azərbaycan hökuməti Nuru Paşanın və
Qafqaz İslam Ordusu şərəfinə yay klubunda 400
insanın iştirak etdiyi ziyafət təşkil etdi. Dövrü mətbuat yazır ki, "Nuru Paşa həzrətlərinin
salona virudu əsasında musiqi orkestri tərənnümsaz
olub, məclis əhli səfbəsteyi-ehtiram durub Paşa həzrətlərini
səmimiyyətlə salamladılar".
Fətəli
Xan Xoyski çıxışında Türk ordusunun köməyini
Azərbaycanın istiq üçün söyləmiş, Azərbaycanın
istiqlal savaşında şərəfli tarix kimi dəyərləndirmişdi:
"Azərbaycan çöllərində bizim türk
qardaşlarımızın qanı bizim türklərin
qanı ilə bir-birinə qarışdı. Mənşə
etibarilə biz bir-birimizə qohumuq, bizim bir-birimizə
qarışan qanımız bunu daha da möhkəmləndirdi,
Azərbaycanın azadlığı uğrunda tökülən
qanlar Osmanlı və Azərbaycan türkləri arasında
yaxınlaşmanın və qırılmaz əlaqələrin
möhkəm təminatıdır".
"Siyasi üfuqdə qara buludlar görünən
kibidir" deyərək çıxışına
başlayan Məmməd Əmin Rəsulzadə "Biz
istiqlalımız yolunda mübarizə edəriz, nəticədə
bizə ya istiqlalımız qalar, ya uçurulmuş
daşlar! Fəqət əmin olunuz, müvəqqəti müzəffəriyyət
sizin üzərinizdə olsa da, zəfər bizimlədir".
Akif Aşırlı yazır ki, "türk ordusunun geri
çağırılması Azərbaycan ictimaiyyəti də,
ziyalılar arasında kədər dolu izlər buraxdı. Hətta
ölkənin istiqlalına qarşı böyük bir təhlükənin
mövcudluğunu düşünən, pessimist ovqata köklənənlər
də vardı. Bir həftə əvvəl
Huru paşanın şərəfinə verilən təntənəli
ziyafətdən sonra Əhməd Cavad ingilis
qoşunlarının Bakıya gəlişinə etiraz edərək
"Gəlmə" şeirini yazıb "Azərbaycan"
qəzetində çap etdirmişdi. Bu pessimist ovqatda tək
Əhməd Cavad deyil, o dövrün başqa ədibləri
17 noyabr tarixini millətin təklənməsi,
işğalçıların yenidən cövlan etməsi məqamı
kimi öz əsərlərində təsvir etdilər.
Beləliklə,
Mudros sazişinə uyğun və ingilis generalı Tomsonun
ciddi təhdidlərindən sonra Qafqaz İslam Ordusunun hərbi
heyəti, silah və sursat yüklənmiş eşelonlar Azərbaycan
ərazilərindən çıxarılmağa
başlanıldı. Ermənilərin "Mişak" qəzetinə
istinadən "Borba" yazırdı: "Türk hərbi
hissələri Yelizavetpolu tərk edib. Yalnız
bir qrup əsgər qalıb. Türklər
bəyan ediblər ki, Bakıya yola düşürlər
oradan isə Hindistana gedəcəklər. Qoşunların
köçürülməsı gecələr həyata
keçirilir".
Tiflisdə nəşr olunan qəzetlərin bir çoxu
türk ordusunun Azərbaycandan çıxarılmasına səhifələrində
həvəslə yer ayırır, dünya savaşında məğlubiyyəti
"Türkiyənin sonu" kimi qiymətləndirirdilər. "Borba" qəzeti
"artıq Bakıdan türk qoşun hissələri
çıxarılır və Batumda dəniz limanına
daşınır, Şimali Qafqazda da eyni hadisələr təkrarlanır,
türk siyasətçilərinin arzuladıqları Turan
imperiyasının - hansı ki onun sərhədləri Səmərqənddən
Konstantinopola qədər uzanırdı - bu arzuların sonu
görünür"- deyə yazırdı.
Ordunun Azərbaycanı
tərk etməsini sevincək halda öz səhifələrinə
köçürən Rus Milli Şurasının orqanı
"Yedinaya Rossiya" da bu səpkili xeyli sayda material dərc
edib: "Dekabrın 8-də Tiflisdən 32, Batumdan isə iki
eşelon Qarsa yola salınıb. Xaşuri
stansiyasında ayın 7 və 8-də 5 eşelon və 150
vaqon ləngimişdi. Əsgərlər əsəbilik
keçiriblər. İğtişaşların
qarşısını almaq üçün gecə saat 11-də
şəhərə zirehli qatar göndərilib". Bu
məlumatın dərcinin səhərisi isə qəzet Nuru
Paşanın gedişi xəbərini eyhamla, Azərbaycan
hökumətinin bu gedişi belə əsl "xanlara"
layiq təşkil etdiyini xəbər verir: "Bizə
bildirirlər ki, Yelizavetpoldan Türkiyə istiqamətinə
çar vaqonu adlandırılan bir vaqonda Nuru Paşa yola
düşüb. Bu, Azərbaycan dəmir yolunda
mövcud olan ən bahalı, yeganə vaqondur. Söylənilənə görə, bu vaqon Azərbaycana
qaytarılmayacaq".
Qəzetin digər məlumatına görə isə
dekabrın 20-dən Azərbaycandan Batuma 20 eşalon yola
salınıb.
Batumdan isə Yelizavetpola bu işləri həyata
keçirmək üçün instruktorlar olan 2 eşalon
göndərilib.
Akif Aşırlı kitabında Huru paşanın
İstanbulda ingilislər tərəfindən həbs olunaraq
Batuma gətirilməsini də qeyd edir.
Türkiyənin "Sabah" qəzetinə istinadən
"Azərbaycan" qəzetini 17-ci sayında Nuru
Paşanın həbsi barəsində xəbər dərc
etmişdi. Xəbərə
görə, guya, Ənvər Paşanın hakimiyyətinin
sonunda
Nuru Paşaya 700 min lirə göndərdiyini, bu məbləğin
isə ona çatmadığı qeyd edilirdi.
"İttihad" qəzeti isə Nuru Paşanın həbsi
ilə bağlı Qarabəy Qarabəyovun etiraz dolu məqaləsini
çap etmişdi. Məqalədə deyilir: "Bizə çatan məlumatlara
görə, Nuru Paşa Batumda həbs olunub və o, hazırda
həbsxanadadır. Biz Azərbaycan müsəlmanları
həyatı və xilası, şərəfi
üçün Nuru Paşaya borcluyuq. Lakin biz Batum
komandanlığının müsəlmanların ali heysiyyatı ilə bu cür qeyri-qanuni
davranışlarından xeyli təəccüblənmişik.
Biz Batum hakimiyyətinin hərəkətlərində
təkcə loyal münasibət yox, həm də türk
ordusunun başında dayanan, Azərbaycanı bolşevik-daşnak
birləşməlarindən təmizləmiş, hər
hansı bir nəfərə qarşı mənfi münasibət
göstərməyən Nuru Paşanın təhqir
olunmasının yolverilməz olduğunu
düşünürük. Bütün Azərbaycan
müsəlman əhalisi bizim mövqeyimizi
bölüşür və dəstəkləyir". Həmin dövrün milli mətbu orqanları Qafqaz
İslam Ordusu rəhbərliyinə daxil olanların həbsini
Azərbaycan türklərinin "şərəf hisslərinin"
təhqiri kimi qiymətləndirən yazılar dərc
etmişdilər.
Akif
Aşırlı adıçəkilən kitabında Azərbaycan
Mərkəzi Dövlət Arxivində saxlanılan, tədqiqatçı-publisist
Şəmistan Nəzirlinin çap etdirdiyi bir teleqramı dərc
edib: "Keçən il anarxiya nəticəsində baş
vermiş hadisələr zamanı Nuru Paşa Azərbaycana gəlmişdir.
O özünün ədalətli və bacarıqlı hərəkətləri
ilə böyük təhlükənin
qarşısını ala bilmişdir.
Yalnız onun bu ədaləti və bacarığı ilə
millətlər arasındakı müharibə
dayandırıldı. Biz azad nəfəs almağa
başladıq. Lakin bizə çatan məlumatlara
görə, sevgi və təşəkkürə layiq olan
bizim xilaskarımız xəbis adamların yaydıqları
iftira və böhtanlara görə həbs olunmuşdur.
Vətənimizin belə sülh şəraitində
yaşaması belə nadürüstləri qane etmir. Biz
Yevlax cəmiyyətinin üzvləri parlamentdən xahiş
edirik ki, general Nuru Paşa təcili olaraq həbsdən
azad edilsin. Bununla da qəhrəmanımız
Nuru Paşanın qəlbinə edilən qəsdlərdən
xilas olsun".
"İttihad"
qəzeti yazırdı: "Nuru Paşa Zaqafqaziyada, o cümlədən
Bakıda olduğu 6 ay müddətində onu əhatə edənlərlə
namusla və nəzakətlə davranmışdı, yerli
müsəlmanlar və yalnız yerli müsəlmanlar mart
günlərində amansızlıqla onların əmlakını
qarət edib yandırmış quldurlara qarşı zor
işlətməyi özlərinə rəva bilmişdilər.
Nuru Paşanın yüzlərcə xeyirxah əməli
hamıya bəllidir. Nuru Paşa hansı
cinayəti törətmişdi? Nə
üçün onu həbs etmişlər? Məgər
bəşəriyyətə verilən fayda və xeyir əməllər
üstündə adamları həbs etmək
lazımdır?".
Nuru Paşanın həbsindən narahatlıq keçirən
bir çox Azərbaycan türkləri onun həbsxanadan
qaçırılması barəsində planlar üzərində
işləyirdilər. Açıq şəkildə olmasa da, hökumət
nümayəndələri də bu işə dəstək
verir, bunu xalqın ağır
günlərində Nuru Paşanın göstərmiş
olduğu fədakarlığı qarşısında mənəvi
borc hesab edirdilər. Akif Aşırlı öz
tədqiqatı zamanı Nuru Paşanın həbsxanadan
qaçırılması barəsində "İttihad"
qəzetində dərc edilmiş material əldə edib.
"Nuru Paşanın qaçırılmasının təfərrüatları"
adlı
məqalədə deyilir: "Bu işin təşəbbüskarı
olan bir qrup şəxs bütöv bir ingilis batalyonu və
tikanlı məftillərlə qurulan həbsxanada oturan Nuru
Paşaya onun azad olunması barədə qərar qəbul
olunduğunu diqqətinə çatdırıb, onu razı
salmaq üçün dilə tutdu. Plan
hazırladıq ki, avqustun 8-də bir neçə əsgərin
və zabitin müşayiəti ilə kazarmanın ətrafında
gəzintiyə çıxan zaman Nuru Paşa azad olunsun".
13 nəfərlik bir heyətlə qurulan plan icra
olunur, Qafqaz İslam Ordusunun sabiq komandanı itkilər
bahasına həbsxanadan qaçırılır. Akif Aşırlı yazır ki, Azərbaycan
xalqının xilaskarlıq missiyasını həyata
keçirmiş bir insana qarşı bu cür davranmaq, onun
xidmətləri qarşısında öz mənəvi borcunu
ödəmək ancaq və ancaq türk kişiliyinin bariz
nümunəsi sayılmalıdır.
Nuru Paşanın həbsdən azad olduqdan sonra bir
müddət Azərbaycanda qalması haqqında məlumatlar
var. Belə ki, türk xalqının bu qəhrəman
oğlunun 1920-ci ildə bolşeviklərin Azərbaycanı
istila etməsindən sonra da qısa zaman kəsiyində
Qarabağda mübarizə apardığı barədə məlumatlar
var. Üzeyir Hacıbəyli yazırdı ki, "türklər
gedəndən sonra Azərbaycana qarşı təbliğat
kampaniyası aparılır, əleyhimizə məqalələr
dərc olunurdu. Ölkənin daxilində də bu
kampaniyaya dəstək verənlər tapılır, müstəqillik
əleyhinə fikirlər səsləndirirdilər".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 13 sentyabr.- S.11.