Qədim Qəbələ şəhərində
yeni arxeoloji tədqiqatlar
aparılıb
AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ
arxeoloji ekspedisiyası tərəfindən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi Assosiasiyasının
maliyyə dəstəyi ilə qədim Qəbələ şəhərinin
Qala hissəsində arxeoloji tədqiqatlar davam etdirilir.
Lent.az-a verilən məlumata görə, qədim Qəbələnin Qala ərazisində Güllü tala və Səlbir ilə müqayisədə nisbətən daha uzun müddət (I-XVIII əsrlər) ərzində yaşayış olub. Şəhərin bu günədək mövcud olan ən möhtəşəm müdafiə tikililəri məhz Qala ərazisindədir. Orada mədəni təbəqənin, yəni yaşayış qatının qalınlığı bir sıra yerlərdə 5-6 metrə çatır. Builki arxeoloji tədqiqatın əsas məqsədlərindən biri bu müxtəlif dövrləri əhatə edən mədəni təbəqələri aşkar edərək Qala ərazisindəcə elmi ekspozisiyanı yarada bilməkdir.
2009-cu ildə tədqiqatına başlanan 600 kv.-lik sahə genişləndirilərək 1700 kv.m-ə çatdırılıb və hələlik iki mədəni təbəqə - son orta əsrlər (XIV-XVIII əsrlər) və orta əsrlər (IX-XIII əsrlər) təbəqələri öyrənilməkdədir. Yaxşı vəziyyətdə aşkar olunmuş iki ədəd dulus kürəsi və onun avadanlığı maraqlı tapıntılardandır. Ağzında qurğuşun tıxacı olan və içi dolu şar-konusvari qabın tapılması bu cür qabların təyinatına yenilik gətirəcək. Üzəri yazılı qablar (şəxs adı və şeirlər yazılmış), insan və heyvan təsvirli nəfis şirli və şirsiz qablarsa XI-XII əsrlərdə zəngin şəhər həyatından xəbər verir.
Məlumatda bildirilir ki, bu və digər tapıntılarla yerindəcə tanış olmaq üçün qazıntı müddətində xeyli turist qrupları və akademik heyət qədim Qəbələ şəhərinə gəlib. İstər III Beynəlxalq Qəbələ Musiqi Festivalı zamanı, istərsə də fərdi qruplar şəklində qazıntı sahəsinə gələn turistlər görülən işləri maraqla qarşılayıblar. Bir neçə gün öncə Rossiya-24 telekanalında III Qəbələ Musiqi Festivalı haqqında verilən geniş reportajda ekspedisiyanın fəaliyyəti də işıqlandırılıb.
Avqustun 13-də Şəmkir rayonu Qaracəmirli abidəsində arxeoloji tədqiqat aparan beynəlxalq ekspedisiyanın Almaniya, Gürcüstan və Rusiyadan olan üzvləri qədim Qəbələ şəhərində olub. Möhtəşəm qala divarları və arxeoloji tədqiqatın nəticələri xarici ölkə arxeoloqlarının marağına səbəb olaraq, aşkar edilən dulus kürələrinin nəinki Azərbaycanın orta əsrlər tarixinin, eləcə də dünyanın müxtəlif dövr keramika istehsalı texnologiyasının bir sıra məsələlərinin öyrənilməsində xüsusi əhəmiyyəti olduğu bildirilib. Onlara məlumat verilib ki, indiyə qədər Qala ərazisində ümumiyyətlə, 9 ayrı yerdə geniş qazıntılar aparılıb. Nəticələr nəşr olunub, beynəlxalq simpoziumlarda məruzə edilib. Mütəxəssislər abidənin konservasiyası və bərpasına dair suallar verib. Onlara bildirilib ki, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ərazinin arxeoloji turizm obyekti kimi qorunması və təqdim olunması üçün geniş işlər görür, qarşıdakı dövr ərzində tədqiq olunan sahələrin üzərinin örtülməsi və konservasiya işlərinin aparılması ilə əlaqədar tədbirlər planlaşdırır.
Hazırda şəhər ərazisində arxeoloji tədqiqatlar davam etdirilir.
Tural
Xalq Cəbhəsi.-
2014.- 16 sentyabr.- S.15.