Cəmiyyətdə plüralizm
II yazı
Siyasi mədəniyyətin digər təzahür forması siyasi fəaliyyətin stilidir. Məsələn, ABŞ və Fransa siyasi həyatı daha açıqdır, orada geniş siyasi fəaliyyət göstərməyə daha çox imkanlar vardır. Elə ölkələr də varki, orada heç də bütün adamlara belə bir imkan verilmir. Belə cəmiyyətlər siyasi fəaliyyət üçün qapalı olub, ancaq bir qrup adamların siyasi fəaliyyətinə imkan yaradır. Bu daha çox siyasi mədəniyyətin forma və tipləri məsələsidir. Forma məsələsi ictimai quruluşun xarakteri, tipləşmə isə konkret sosial qrupların dünyagörüşü, təhsil səviyyəsi və davranışları ilə bağlıdır. Məsələn, quldarlıq, feodal, burjua dövrünün siyasi mədəniyyəti, ziyalı və fəhlənin, kəndli və biznesmenin siyasi mədəniyyətləri arasında prinsipial fərqlər var.
Siyasi mədəniyyətin
üçüncü təzahür
forması qərarların qəbul edilməsinə vətəndaşların
təsiri və onda iştirak
etməsi səviyyəsidir. Siyasi mədəniyyətin
dördüncü təzahür
formasını isə cəmiyyətin siyasi
əhval-ruhiyyəsi adlandırmaq olar. Daha doğrusu,
siyasi proseslərdə
dominant rolunu kimlər
oynayır: inqilabi,
reformist, imperialist, millətçi və s. qüvvələr.
Siyasi mədəniyyətin
beşinci təzahür
forması cəmiyyətdə
siyasi mübadilənin
nəyə əsaslanmasıdır:
inam, kompromis, saziş və s.-dan ibarətdir. Yüksək
səviyyədə inkişaf
edən siyasi mədəniyyətli cəmiyyətlərə
aşkarlıq və plüralizm, şəxsiyyətin
yüksək siyasi mədəniyyəti, siyasi
fəallıq, xalqın
siyasi həyatda iştirakının təmin
olunması, vətəndaşların
hüquq və azadlıqlarının qorunması
və s. xasdır.
Deməli, siyasi mədəniyyət
yalnız bilik və inam şəklində
deyil, habelə, vərdiş və davranış normaları,
onların siyasi həyatda tətbiq olunmasını bacarmaq şəklində mövcuddur.
Xalqın müxtəlif səviyyələrdə
siyasi fəaliyyətdə
iştirakı idarəetmənin
demokratik stilinin yaranıb formalaşmasına
səbəb olur.
Siyasi mədəniyyətə
tələbat - siyasi biliklərə və siyasi informasiyalara olan tələbatdır. Politoloqlar siyasi
mədəniyyətin funksiyalarından
bəhs edərkən
göstərirlər ki,
siyasi mədəniyyətin
funksiyaları onun digər aspektləri qədər mübahisə
doğurmur. Əksər
tədqiqatçılar siyasi
mədəniyyətin aşağıdakı
funksiyalarını qəbul
edirlər: dərketmə,
qnoseoloji, evristik (tərbiyəvi), varislik, ətraf mühitin qorunması, requlyativ-akseoloji
(sərvət).
Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək formalaşmışdır. Sovet totalitarizmindən
çıxmış Azərbaycan
cəmiyyətinin yeni
siyasi mədəniyyəti
formalaşmağa başladı.
SSRİ-nin dağılması
prosesində ən gərgin şəraitlərlə
üzləşmiş Azərbaycanda
siyasi mədəniyyət
stabil şəkil aldı. Əsasən Azərbaycanın müstəqillik əldə
etməsindən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq
kontekstində özünün
fərqli xüsusiyyətləri
ilə seçilir.
Azərbaycançılıq ideyasının bu
prosesdə xüsusi rolu vardır. Aparılan müşahidələr göstərir
ki, Azərbaycanda demokratik siyasi mədəniyyətin formalaşmasının
3-cü mərhələsi 2005-ci ildən başlanıb.
Məhz bu tarixdən etibarən Azərbaycan cəmiyyətində siyasi
mübarizənin və
siyasi münasibətlərin
keyfiyyətcə yeni cəhətini müşahidə
etmək olur. Əhalinin populizmə meyilli təbəqəsinin kəmiyyətcə
azalması, siyasi sistemlə münasibətdə
müxalifətin reallığı
qiymətləndirmə cəhdlərinin
artması, həmçinin,
daha dinc mübarizə və mədəni mübarizə
üsullarına yer ayırması, bütün
bunlarla yanaşı, ölkədə siyasi məhbus probleminin aradan qaldırılması
bu dövrün əsas cəhətlərindəndir.
Azərbaycanda siyasi mədəniyyətin
formalaşması həm
də cəmiyyətin
siyasi cəhətdən
yeniləşməsi səviyyəsi
ilə ölçülməlidir. Müasir Azərbaycanın
sosial-siyasi həyatında
əsaslı islahatlar
həyata keçirilməkdə
və ölkə müasirlik yolunda böyük uğurlar əldə etməkdədir.
Nəticə etibarilə yeni
siyasi mədəniyyət
formalaşmışdır.
2008-2013-cü illərin prezident seçkiləri bu siyasi mədəniyyətin
nəticəsi olaraq xüsusi əhəmiyyət
kəsb etdi. Azərbaycan seçicisinin
öz namizədini seçməkdə yüksək
aktivlik göstərməsi,
seçkilərin insidentsiz
başa çatması
Azərbaycanın siyasi
mədəniyyət tarixinin
yeni səhifəsi kimi yadda qalandır.
Nəticə etibarilə Azərbaycan
ictimaiyyətinin siyasi
mədəniyyət səviyyəsinin
göstəriciləri artıq
müəyyən dəyərlərə
ehtiramı ilə seçilir. Azərbaycanda daha davamlı siyasi mədəniyyətin
formalaşması həm
ölkəmiz, eləcə
də, region üçün
böyük müsbət
əhəmiyyətli proseslərin
başlanğıcıdır. Azərbaycanın dövlət rəmzlərinin
qorunmasının konstitusiyaya
edilən əlavə
və dəyişikliklərlə
referendum yolu ilə qəbul olunması da ölkəmizdə siyasi mədəniyyətin
inkişafında yeni mərhələnin göstəricisidir.
Azərbaycanda 2008-ci ilin sonunda
"Konstitusiyaya əlavə
və dəyişikliklər
haqqında" qanun layihəsi müzakirə edildi. Bu referendumda
Azərbaycanın dövlət
rəmzlərinin qorunmasının
konstitusiyaya edilən əlavə və dəyişikliklərlə qəbul
olunması da ölkəmizdə siyasi mədəniyyətin inkişafında
yeni mərhələnin
göstəricisidir. Beləliklə, Azərbaycanda siyasi mədəniyyət siyasi sistemin tərkib hissəsi kimi vətəndaş cəmiyyətinin
mühüm əlamətlərindən
biridir.
Filologiya üzrə fəlsəfə Tofiq Yusifov bildirib ki, Azərbaycanda plüralizm, sözün azad ifadə edilməsi, şəffaflıq sahəsində vəziyyəti ümumilikdə normal qiymətləndirmək olar: "Mənim fikrimə etiraz edənlər ola bilər və bu təbiidir. İstənilən şəxsi, strukturu, hətta hakimiyyəti də tənqid eləmək olar, amma proses əsaslandırmalarla, faktlarla müşayiət olunmalıdır. Həm də səndən faktın haradan əldə olunduğunu soruşanda mənbəni təqdim etməyi bacarmalısan. Bizim mətbuatımızda çox qıcıqlandırıcı, mücərrəd, basmaqəlib, çox vaxt məsuliyyətsiz işlədilən bir ifadə var: mötəbər mənbənin verdiyi məlumata görə. Kimdir bu "mötəbər mənbə?" Səmimi deyirəm, bunların "mötəbər mənbələrinin" 70 faizi ya özlərinin heç də intellektlə öyünə bilməyəcək beyinlərinin, ya da avtobusda kimdənsə eşitdiklərinin məhsuludur. Mövcud qanunvericiliyə görə, haqqında söhbət gedən şəxsin ixtiyarı var ki, məhkəməyə müraciət edərək həmin mötəbər mənbənin açılmasını tələb etsin. Məlumat hər hansı insanın həyatı üçün, yaxud ictimai-siyasi cəhətdən təhlükəlidirsə, dövlətin təhlükəsizliyinə xələl gələrsə, jurnalist mənbəni məhkəmədə deməyə borcludur. Demokratiyanın birinci göstəricisi azad mətbuatdır. İndiyə qədər ABŞ-ın konstitusiyasına təxminən 28 əlavə edilib. Onun birincisi mətbuat və söz azadlığı haqqındadır. Yəni ölkədə heç kəs insanların mətbuat və söz azadlığı haqqını məhdudlaşdıra bilməz. Azərbaycanda isə plüralizmdən bəzən həddən artıq sui-istifadə xaos yaradır. Çünki bəziləri plüralizmi ağzına gələni danışmaq və məsuliyyətsiz bəyanatlar vermək kimi anlayır. Amma danışılanların, yazılanların arxasında məntiq, qərəzsizlik, vicdanlılıq dayanmalıdır. Plüralizm ölkənin, cəmiyyətin, xalqın inkişafı, tərəqqisi naminə olarsa əladır, amma plüralizm populizmə, münasibətlərin gərginləşməsinə, qarşıdurmaya xidmət edəcəksə, bu fitnəkarlıqdır".
Politoloq Əhməd Şahidov hesab edir ki, plüralizm - bir məsələ ətrafında bir neçə fərqli fikir, mülahizə və metodların bir araya gəlməsi, müxtəlif fikrin normal qəbul edilməsi və bütün fərqli baxışların eyni hüquqları malik olması deməkdir: "Məntiqi olaraq, düşünsək, plüralizm əslində cəmiyyətin inkişafı deməkdir. Dövlətin qurulmasında, idarə edilməsində isə əsasən siyasi plüralizm önəmli rol oynayır. Siyasi plüralizm isə müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsidir. Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir. Bütün bu zəruri şərtlər daxilində dövlət inkişaf edir, cəmiyyət yalnız və yalnız tərəqqiyə istiqamət alır. Nümunə kimi ən qabaqcıl Qərb dövlətlərini götürə bilərik.
Dünyada çox az dövlət tapılar ki, plüralizmin bütün dəyərlərinə riayət edir. Bu gün Azərbaycanda yuxarıda sadalanan dəyərlərin hamısına tam riayət olunduğunu demək bir az düzgün olmazdı. Amma təbii ki, ölkəmiz 90-cı illərin Azərbaycanı deyil. 20 il əvvəlki plüralizmlə müqayisədə bu gün ölkəmiz çox inkişaf edib - ən azından Azərbaycanda bu gün çoxpartiyalı sistem uğurla faəliyyət göstərir, müstəqil media inkişaf edir, yüzlərlə qeyri-hökumət təşkilatlar var ki, nəinki hökumətdən asılı deyil, hətta hökumətin bu və ya digər sahədəki fəaliyyətini kəskin tənqid edir, hökumətə öz təkliflərini rahat şəkildə verə bilirlər. Lakin düşünürəm ki, bu, hələ son olmamalıdır. Cəmiyyətimizdə plüralizm daha qabarıq şəkildə ifadə olunmalıdır. Eyni zamanda fərdi və toplum maraqlarına xələl gətirməmək şərtinə də əməl olunmalıdır. Çünki plüralizm deyib də kiminsə şərəf və ləyaqətini alçıltmaq düzgün deyil. Bu, çox həssas bir sahədir və buna diqqətlə yanaşmaq lazımdır".
Cavid
Xalq Cəbhəsi.- 2014.- 17 sentyabr.- S.11.