Şəhriyarın vəfatından 26 il ötür
Məlihə Əzizpur: "Fars dili
və ədəbiyyatı
qarşısında Türkcə
illər boyunca susarkən çağdaş
türk ədəbiyyatının
böyük şairi Şəhriyar yetişdi"
Dünən məşhur "Heydərbabaya
salam" poemasının
müəllifi,
Bütöv Azərbaycan həsrətlisi
Məhəmmədhüseyn Şəhriyarın vəfatından
26 il ötdü.
Onun haqqında çox yazılıb, bundan sonra da yazılacaq.
Bu gün gənc
güneyli yazarların
qələm nümunələrində
istər-istəməz Şəhriyarın
təsiri duyulmaqdadır.
Güneyli şairə-publisist Məlihə
Əzizpur yazır ki, "XX yüzilin başlarından etibarən
rus istilaları nəticəsində Azərbaycan
ədəbiyyatı iki
qola ayrıldı. Bunlardan Quzey
Azərbaycan ədəbiyyatı
rus etgisi altında formalaşarkən,
Güney Azərbaycan ədəbiyyatı da klassik çərçivə
içində sönükləşib,
bir təqlid ədəbiyyatı halını
aldı. Bunun yanı
sıra xalq ədəbiyyatı çox
canlı formada təkamülünü sürdürməkdə
olub. Aşıq şeirinin yanında
xalq dastanları, nağıllar, lətifələr,
tapmacalar və bayatı kimi sözlü ədəbiyyat
türləri irəli
səviyyədə olub.
Klassik ədəbiyyat getdikcə
zəifləməklə yanaşı
özəlliklə Güney
Azərbaycanda davam edib.
...Bizim şeirimiz Məşrutə dönəmindən
bu yana
toplumsallaşmaqla yanaşı,
çağdaşlaşıb, ancaq bütövlüklə
modernləşə bilməyib.
Güney
Azərbaycanın yeni
şeiri Həbib Sahir ilə başlayıb. Yəni Həbib
Sahir yeni şeirin ortaya çıxmasında ilk addımlar
atıb, cəsarətli
şeirlər yazıb.
O, keçmişə tənqidlə
baxan şairlərimizdən
oldu. Bu son 60 il
sürəsində İranın
çoxlu şairləri
həmfikir və düşüncə baxımından,
həm də forma baxımından Sahirdən
etgiləniblər. Yəni XX yüzildə
Güney Azərbaycan ədəbiyyatının böyük
simalarından biri Həbib Sahir olub ki, Türk
dünyasında da önəmli şairlərdən
birisi sayılır.
İranda fars
dili və ədəbiyyatı qarşısında,
Türkcə uzun illər boyunca susarkən son dönəmdə
çağdaş türk
ədəbiyyatının ən
böyük şairi Şəhriyar yetişdi. Şəhriyarın yaradıcılıq dönəmlərindən ən
son və önəmli
mərhələ 1950-72-ci illərdir.
O, bu illər arasında Türk dilində olan şeirlərini və bir sözlə, onu dünya şairi kimi tanıtdıran əsərlərini
yaratdı: "Heydər
Babaya salam" (1954),
"Türkün dili"
(1969), "Məmməd Rahimə
məktub" (1967), "Səhəndiyyə"
(1967-70). Şəhriyar romantik və
gerçəkçi bir
şairdir. O, şeirlərinin
qonusunu gerçək
həyatdan alıb, xalqın anlaya biləcəyi sadə və doğal bir dildə ifadə etmişdi. Onun söz xəzinəsi geniş olduğu üçün deyimlərə
də geniş yer ayırıb və xalq ədəbiyyatındakı
axıcı və sadə üslubu baharı ilə qullanıb. Şəhriyar İranda farsca
qarşısında yox
olmağa üz tutan Türk dilini, "Heydər Babaya salam" əsəri ilə əbədi olaraq ayağa qaldırıb, başını göylərə
çatdırdı".
Rəssam
Fəxrəddin Əlinin
Şəhriyarın əsərlərinə,
həmçinin məşhur
"Heydər babaya salam" poemasına
çəkdiyi çoxsaylı
miniatürləri diqqəti
xüsusilə cəlb
edir. 1979-cu ildə
"Yazıçı" nəşriyyatı tərəfindən
buraxılmış "Aman,
ayrılıq" adlı
şerlər və poemadan ibarət kitab oxucular arasında böyük rəğbət doğurdu.
Şəhriyarın nisgilli, milli
ruhu ifadə edən əsərləri
Fəxrəddin Əlinin
gözəl və məzmunlu miniatürlərilə
müşayiət olunurdu.
Ümumən rəssamın
yaradıcılığında Güney Azərbaycan mövzusu xüsusi yer tutur: "1979-cu il idi. Əslən Güneydən
olan Qulamhüseyn Beqdeli İrana getməyə hazırlaşırdı.
Bunlar Güney Azərbaycanda tanınmış, həm
də imkanlı bir nəsildirlər.
O, axır ki, İrana getməyə müvəffəq oldu. Gedərkən ona Şəhriyarın
yağlı boya ilə çəkdiyim portretini verdim ki, ona çatdırsın.
Hələ Beqdeli yola düşməmişdən
əvvəl belə bir təklif irəli sürdü ki, mən Şəhriyarın
"Heydər babaya salam" poemasına
miniatürlər çəkim.
Həmin
miniatürləri çəkdim,
25 miniatürün altından
Beqdeli ərəb qrafikası ilə müəyyən parçaları
ora yazdı. Bu kitabı çap
etdirmək üçün
çox çalışdıq.
Amma bir səmərəsi olmadı. Hara gedirdiksə, deyirdilər ki, yox, belə
olmaz, bizə inqilabi ruhlu şeirlər lazımdır.
Yadımdadır, bizim
söhbətimizə qulaq
asan bir nəfər heç gözləmədiyimiz halda
dedi ki, sabah o materialları
"Yazıçı" nəşriyyatına gətirərsiniz.
Sonra bildim ki, bu,
mərhum Əjdər
Xanbabayev imiş.
Əjdər Xanbabayev materiallarla tanış
oldu, söz verdi ki, bunu
mütləq çap
etdirəcək. Kitabı əski
əlifbada çap etdirməyi qərara almışdıq ki, İrana göndərək,
ancaq kiril əlifbası ilə buraxdılar. "Aman, ayrılıq" belə yarandı. O dövrdə bu kitabın çıxması
böyük səs-soraq
saldı. Artıq o zaman İranda
şah devrilmiş, Xomeyni hakimiyyətə gəlmişdi. Bu zaman İrana getmək üçün
məqam yaranmış,
Qulamhüseyn Beqdeliyə
Şəhriyara çatası
miniatürlərin surətlərini,
eləcə də portreti o tərəfə keçirməkdə mane olmuşdular.
Axırda çarəsiz qalan
Beqdeli deyib ki, mən birdəfəlik
İrana gedirəm, bu, atamın portretidir. Həhayət, bu yolla Şəhriyarın portretini
aparmaq ona müyəssər olub.
Çoxlu əziyyətlərdən sonra gedib İrana
çıxıb, Şəhriyarla
görüşür. Mənə məktub yazdı. Orada bütün təfərrüatı
ilə Şəhriyarla
olan görüşünü
təsvir etmişdi.
Yazırdı ki, mən Şəhriyarla görüşə
gedən vaxtı payız fəsli idi. Onun həyətindəki heyva ağacı başını hovuza əymişdi. Şəhriyar ikinci mərtəbədə
ayaq üstə durmuşdu. Mən çıxdım yuxarı, ustadın əlindən öpdüm,
qardaş kimi qucaqlaşdıq. Heçə ilin həsrətliləri sayaq hər ikimiz ağladıq, sonra içəri keçdik. Uzun söhbətdən sonra Şəhriyara dedim ki, Bakıdan Fəxrəddin Əli adlı bir rəssamın
çəkdiyi portreti
hədiyyə olaraq gətirmişəm. Şəhriyar əsərə böyük
heyranlıqla baxdı.
Dedi ki, əllərindən öpürəm.
Mən indiyə qədər belə bir hədiyyə
almamışdım. Bir
gün Beqdeli ilə telefon danışığı zamanı
xahiş etdim ki, Şəhriyarın telefon nömrəsini mənə versin. O zaman İranla danışmaq üçün
gərək əvvəlcə
Moskvaya zəng edəydin, xüsusi razılıqdan sonra İranla danışmağa
icazə verilirdi. Moskvadan Tehranı, Tehrandan da Təbrizi
aldılar, nəhayət,
Şəhriyarla danışmaq
mənə qismət oldu. O, adımı eşitcək çox
mütəəssir oldu. Bakını görmək
həsrətilə yaşadığını dilə gətirdi.
Soruşdum ki, ustad, necəsiniz? Hiss etdim
ki, əhvalı rəvan deyil. Dedim ki, sizin "Heydər babaya
salam" poemanıza çoxlu miniatürlər
işləmişəm. Halı barədə bunları dedi ki,
quşum uçub, ağlım çaşıbdı. Uşaqlar xəstədir, kaş onların əvəzinə
mən öləydim. O zaman Şəhriyarın həyat
yoldaşı Əzizə xanım bərk xəstə idi. Mən ona cansağlığı dilədim.
Şəhriyar 1989-cu il sentyabrın 17-də
vəfat etdi. Dəfələrlə əlaqədar
təşkilatlara Şəhriyarın dəfninə getmək
məqsədilə icazə üçün müraciət
etdim. Lakin zəhmətim boşa getdi.
Bu məqsədlə Beqdeliyə müraciət
etdim, o da mənə kömək edə bilmədi".
Güneyli
yazar Səid Muğanlının fikrincə, Güneydə gənclər
yaşlı ədəbi nəsildən Şəhriyar və Səhənddən
başqa hamının üstünə gedirlər (yəni tənqid
edirlər), ancaq Şəhriyar və Səhəndə bir rəğbət
var: "Bəzən Şəhriyarın da adını dilinə
alanlar olur, o zaman deyirik ki, çox da dərinə getməyin,
bizim danışdığımız,
yazdığımız bu dilin formalaşması
onun xidmətidir".
Yazıçı-publisist
Esmira Fuad bildirir ki, şair, dilçi alim-türkoloq Həmid
Nitqi "Dildə, fikirdə, əməldə birlik"
şüarını gerçəkləşdirmək
uğruna çabalar göstərmiş, bütün dünya
boyu sakinləşmiş böyük Türk millətinin
bir-birini ortaq bir dildə danışıb anlaması naminə
ömrünü fəda etmiş İsmayıl bəy
Qaspıralının hələ XIX əsrin ikinci
yarısında irəli sürdüyü "Vahid ədəbi
dil sistemi"ni yaratmağın vacibliyini dərk edirdi: "Hətta
bu məqsədlə 80-ci illərdə "İmla
qaydaları" adlı məqalə yazaraq "Varlıq"
dərgisinin əlavəsi kimi nəşr də etdirmişdi.
Şəhriyarın Azərbaycan türkcəsində qələmə
aldığı "Heydərbabaya salam" əsərinin
xalq danışıq dilinə son dərəcə
yaxınlığını xüsusi vurğulayan
dilçi-alim Quzey Azərbaycanda illərdən bəri
müvcud olan və geniş şəkildə tətbiq edilən
imla prinsiplərini gözləməklə ərəb əlifbası
əsasında Azərbaycan dilinin fonetik quruluşuna
uyğunlaşdırılmış vahid bir ədəbi dil
sistemi, yazı üsulu da yaratmışdı. Həmin
yazı üsulu - "İmla qaydaları" bu gün
Güneydə və onun dışında yayımlanan
"Varlıq", "Xudafərin", "Yaşmaq",
"Güneyin səsi", "Ban" və s. kimi mətbu
orqanlarda işlənməkdədir".
Araşdırmaçı
daha sonra yazır: "Sərbəst şeirin ən gözəl
nümunələrini yaradan bir şairin ...böyük Şəhriyarı
nə üçün sevdiyini, qarşısında baş əydiyini
həmin şairin məktubundan bir parça ilə sunuram: Mən
Şəhriyarın türkcə şeirlərini zəif
olduğu için sevməm (Təbii, bu, həmin şairin
yanaşmasıdır, zatən mən ona yüz dəfə
desəm ki, - "Heydərbabaya salam" poeması təkcə
Güney, bütövlükdə Turan ellərinin ədəbiyyatında
deyil, bütün dünya ədəbiyyatında şah əsərlərdəndir,
o, öz mövqeyində duracaq. Amma Şəhriyar irsini
araşdıran bir elm adamı kimi bu əqidədəyəm
ki, "Heydərbabaya salam", hələ üstəlik
"Səhəndiyyə" poeması da dünya ədəbiyyatının
şah əsərlərindəndir-E.F.), amma o adama baş əyərəm,
çünki xalqına döndü və "gəldim
öz şəhərimin Şəhriyarı (padşahı)
olam, Tehran məni anlamadı, dedi. "Türkün
dili tək sevgili, istəkli dil olmaz" deyə ana dilinə
pasport verdi. O yabancı ölkəyə
gedib oradan vətən sevmədi, Təbrizdə və Ulu
Xaqaninin yanı-başında uyudu, hər gün yüzlərlə
soydaşının türkcə düşünməsinə
səbəb oldu."
Bu, örnək olası bir faktdır, deyilmi? Elə bu məqamda qeyd etmək
yerinə düşər ki, böyük Şəhriyarın,
Səhənd, Sahir, S.Behrəngi, Sönməz, Savalan, H.Nitqi,
Ə.N.Oxtay və digər klassik söz
ustadlarımızın, Ə.Alov, C.Bozorgəmin, N.Əzhəri,
Ə.Səlami, H.Qaraçay, H.Şahbazi, Səhər
xanım, M.Əzizpur və b. çağdaş şair və
araşdırmaçıların səylərinə, bu
yöndə xidmətlərinə baxmayaraq, Güneydə bu
gün vahid ədəbi dil tam şəkildə formalaşa
bilməyib. Əslində Güneydə də
ziyalıların bir araya gələrək tutaq ki, Şəhriyarın
"Heydərbabaya salam" adlı şah əsərini
yaratdığı xalq danışıq dilini - Təbriz
şivəsini əsas götürərək vahid sistemli ədəbi
bir dilin formalaşdırılmasına nail olması
mümkündür. Lakin bu məsələ
hələ ki, açıq qalır və artıq vahid
sistemli ədəbi dilin formalaşdırılması
günün ən aktual tələblərindən biri olaraq sənət
adamlarının daimi dartışma mövzusuna
çevrilib".
Şəhriyarın məşhur "Azərbaycan" qəzəlini
Azərbaycan türkcəsinə şair Fikrət Sadıq
gözəl tərcümə edib.
Professor
Qulamrza Təbrizi yazır ki, Şəhriyar insani eşqin ən
sədaqətli xaliqidir: "Bu, bizim əsrimizdə ulu
Füzulinin əbədiyaşar nəfəsinin dilə gəlməsi
idi. Bir insan, söz sərkərdəsi kimi elə
bir cazibə qüvvəsinə malik idi ki, ona sonsuz məhəbbət
bəsləmək, ürəkdən sevmək
üçün bircə görüş belə bəs
idi".
Uğur
Xalq Cəbhəsi.- 2014.- 19 sentyabr.- S.14.