Azərbaycanın dastan qəhrəmanı:
Mərziyyə Davudova
XIX əsrin əvvəli Azərbaycan səhnəsinin
qadın aktrisa sarıdan korluq çəkdiyi dövr
hamıya məlumdur. Uzun illər qadın rollarını min
cür maneə və təhqirə məruz qalan, sənət
yanğılı aktyorlar ifa ediblər. Hətta
o dövrün şahidləri danışır ki, vəziyyət
elə alınırdı ki, aktrisalıq edən aktyorlar əyninə
ikinci dəfə qadın libası geyinməkdən imtina
edirdilər. Azərbaycan
qadınlarının səhnəyə uzanan yolu qorxudan,
qandan, ölümdən, yaradılan min bir maneədən
keçirdi. Görkəmli sənətşünas Mehdi
Məmmədov o illər səhnəyə gələn
qadınlar haqqında yazırdı: "Azərbaycan
aktrisalarının səhnəyə gəlişi, bu sənət
meydanında qələbələr çalması qəhrəmanlıq
dastanıdır". Bu dastan qəhrəmanlarının
içində Mərziyyə Davudovanın ayrıca yeri var.
Həştərxanda anadan olmuş Mərziyyə Yusif
qızı Davudovanı Azərbaycan səhnəsinə əslində
unudulmaz Hüseyn Ərəblinski dəvət etmişdi. Mərziyyə
Davudova ilk rolunu oynayanda 16 yaşın içində idi.
O, Həştərxanda İqbal məktəbində
"Birinci teatr" adlı ikipərdəli tamaşada (1917-ci
il) Əfifə rolunu yaratmışdı. Səhnədə böyük həvəsli Mərziyyəni
görüb onun istedadını kəşf edən Hüseyn
Ərəblinski olmuşdu. 1918-ci ildə Həştərxanda
qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş
və onu Bakıya dəvət etmişdi. Səhnədə
türk millətinə məxsus aktrisa görmək onun
böyük arzusu idi. 1920-ci ildə
Bakıya gələn və taleyini əbədi olaraq teatra
bağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin
inkişafında misilsiz xidmət göstərir. Doğrudur, onun ən böyük arzusu Hüseyn
Ərəblinski ilə tərəf-müqabili olmaq idi. Amma bu xoşbəxtlik ona qismət olmur. Çünki o, Bakıya gələndə nadanlar
qüdrətli aktyorun həyatına son qoymuşdular. Amma ikinci bir nəhəng aktyorla səhnədə
üz-üzə dayanan Mərziyyə xanım sonralar həmin
sənətkarın - Abbas Mirzə Şərifzadənin
teatrda yalnız tərəf-müqabili deyil, həyatda da
sevgili həmdəminə çevrilir.
Ötən
əsrdə 20-ci ildən sonra Azərbaycan səhnəsində
Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət
Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli...
kimi aktrisalar çıxış edirdilər. Bu durna
qatarının sırasına qoşulan Mərziyyə
xanım Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında əvvəlcə
Gülçöhrə, sonra isə Cahan xala rollarında
çıxış edir. O, Hüseyn Cavidin "İblis"
tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf-müqabili
olmaqla səhnədə bir-birinə bənzəyən və
bənzəməyən mürəkkəb, ziddiyyətli
qadın obrazlarının, xüsusilə də qüdrətli
xarakterlərin yaradıcısı kimi parıldayıb. Azərbaycan teatrının aktrisalarla bağlı
yeni səhifəsinin yazılması şərafəti məhz
Mərziyyə xanımın qismətinə düşdü.
Onun haqqında yazılan xatirələrdən məlum
olur ki, böyük dramaturq Cəfər Cabbarlının
"Sevil" pyesi yalnız səhnədə deyil, həyatda
da yüksək əks-sədaya səbəb olmuşdu. Mərziyyə xanımın ustalıqla
yaratdığı Sevil obrazı o qədər parlaq, təsirli
alınıbmış ki, tamaşa salonundakı qadınlar
öz çadralarını elə oradaca
atırmışlar. Mərziyyə
xanım əslində qaranlıq bir mühitdə qəfildən
parlaq bir ulduz kimi doğmuşdu. Cəfər Cabbarlı
yazırdı: "Mərziyyə yetkin bir sənətkardır,
ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi
ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz
bir istedada malikdir".
Mərziyyə xanımın teatra gəlişi ilə
çox şey dəyişdi. Bu aktrisa səhnədə
yalnız Azərbaycan qadını surətlərini deyil, Qərb
teatrından gələn Dezdemonalar, Amalyalar, Ofelyalar, Violalar...
kimi neçə-neçə mürəkkəb obraz
yaratdı. Onun obraza girmək məharəti
o qədər güclü idi ki, heç bir mübaliğə
olmadan bu qüdrətinə görə Hüseyn Ərəblinski,
Abbas Mirzə kimi aktyorlarla bir sırada fəxarətlə
dayanırdı. Mərziyyə xanım Cəfər
Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi
Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan
dramaturqlarının əsərləri ilə yanaşı,
rus və Qərbi Avropa ədiblərinin də
tamaşalarında bir-birindən fərqli və mürəkkəb
qadın obrazları yaratmışdı.
Mehdi Məmmədov
Mərziyyə Davudovanın
yaradıcılığını dəyərləndirərək
yazırdı: "1937-ci ildə Mirzə İbrahimovun "Həyat"
dramı ilk dəfə tamaşaya qoyulmuşdu. Tamaşa
gurultulu müvəffəqiyyət qazandı. İfaçılar ansamblı, xüsusilə də
əsas rolların ifaçıları - Mərziyyə
Davudova (Həyat) və Ülvi Rəcəb (Süleyman)
yüksək qiymətləndirilmişdir. Əsasən
klassik repertuarda romantik səpkili rollar oynayan bu aktyorlar indi
"Həyat" tamaşasında həyati cizgilərlə,
məişət boyaları ilə zəngin olan realist xarakterlər
yaratmaqla böyük qələbə əldə etdilər.
Yekdilliklə təsdiq olundu ki, bədii siqləti
böyük olan bir tamaşa, onun nəzdində və mərkəzində
isə Mərziyyə Davudova kimi sənətkarın
ifasında Həyat obrazı yarandı". Xalq artisti Hökümə Qurbanova öz xatirələrində
yazırdı ki, bu da taleyin qismətidir. Mərziyyə
xanımın ilk dəfə yaratdığı obrazları
sonralar mən oynadım. Həmişə
həyəcan keçirirdim ki, o bu məsələyə necə
baxacaq. Böyük ürək və
istedad sahibi idi. Həmişə
tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini
söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə
xüsusi qayğı göstərərdi.
Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə
xanım Azərbaycan kinosunun inkişafında da müəyyən
xidmətlər göstərib. "Hacı Qara", "Bir ailə",
"Bakının işıqları", "Bir məhəllədən
iki nəfər", "Koroğlu" və digər filmlərə
çəkilib.
Elə Azərbaycan kinosunun və teatrının
inkişafında göstərdiyi xidmətlərinə görə
aktrisaya 1936-cı ildə xalq artisti fəxri adı verilir.
Buna
baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni
"xalq düşməni" elan edənlər aktrisanı
da çək-çevirə salmaqla, istintaqa aparıb gətirməklə
qəlbini didib-parçalayırdılar. O illərin əzab-əziyyətini,
xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində
yaşatdı. Bu repressiyalar onu çox incitsə
də, dərdlərini gizlətməyi, səhnədə həmişəki
qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu
saxlamağı bacardı. O, 61 yaşında
dünyasını dəyişəndə çox şeydən
narahat getsə də, bir məsələdə ürəyi
arxayın idi. Çünki böyük məhəbbətin
nişanəsi olan qızı Firəngiz Şərifova
onların yolunu çox ləyaqətlə davam etdirirdi.
Düşmənləri bunun fərqinə varmasa da,
yaxın adamlar, dostlar sevinirdilər ki, səhnədə yeni
parlaq ulduza dönən Firəngiz Şərifova təkcə
öz ömrünü yaşamır. Onun bütün
aktrisalıq fəaliyyətindən Abbas Mirzə Şərifzadənin
və Mərziyyə xanım Davudovanın arzuları
boylanırdı. Firəngiz 10-12
yaşından atasının dərdini içinə çəkərək
yaşadı. Özünü sənətə
bağladı, səhnəyə həsr etdi. Axı o, adi aktrisa deyil, iki korifeyin yadigarı idi.
Elə bil bütün bunlar dünən olub. Mərziyyə
xanım balaca Firəngizin əlindən tutaraq konservatoriyaya -
Üzeyir Hacıbəylinin yanına gəlib. İlk
sualı da belə olub: "Üzeyir bəy, Firəngiz bizim
davamçımız ola bilərmi? Bəlkə bir qulaq asasınız?" Dahi bəstəkar əvvəlcədən qətiyyətlə
bildirib ki, Abbas Mirzənin yadigarı mütləq onun
davamçısı olmalıdır. Böyük
bəstəkar bu fikirlərində yanılmayıb. Firəngiz Şərifova dövlət konservatoriyasında
təhsil aldığı illərdə həmişə səhnə
haqqında düşünüb, atasının,
anasının yolunu davam etdirmək istəyi bütün hisslərinə
hakim kəsilib. İlk professional fəaliyyətə
Musiqili Komediya Teatrında başlayıb.
Tamaşaçı sevgisi qazanmış xalq artisti,
Prezident təqaüdçüsü Firəngiz xanım Şərifovanın
səsində, nəfəsində qəribə bir cazibə
var. O danışanda qulaq asasan. Özünəməxsus
təbəssümlə, qəribə ifadələrlə elə
şirin müsahibə çevrilir ki, bəzən
keçmişə qanadlanırsan. Elə
bil ötən əsrin 20-30-cu illərində
yaşamış bir zadəgan xanımın
çıxışını dinləyirsən. Danışıqda, jestdə, sözdə, söhbətdə
nə qədər cazibədarlıq göstərmək
mümkünmüş.
Müxtəlif tamaşalarda bitkinliyi, məzmunu ilə
seçilən müxtəlif obrazlar yaradıb. 1949-cu ildə
Dövlət Musiqili Komediya Teatrı müvəqqəti
bağlandıqdan sonra Firəngiz Şərifova öz
yaradıcılıq yolunu Gənc Tamaşaçılar
Teatrında davam etdirib. Firəngiz
xanımın bu teatra gəlişi böyük maraqla
qarşılanıb. İlk rolu da Cəfər
Cabbarlının "Yaşar" pyesindəki Yaqut obrazı
olub. Sonralar Mehdi Hüseynin, Yusif Əzimzadənin,
Çingiz Aytmatovun, Qoqolun, Şekspirin, Löpe de Veqanın,
Şillerin və başqalarının əsərlərində
bitkin xarakterlər ustası kimi məşhurlaşıb.
Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə
Davudova Azərbaycan kinosunun inkişafında da müəyyən
xidmətlər göstərmişdir. "Hacı Qara", "Bir Ailə",
"Bakının İşıqları", "Bir Məhəllədən
İki Nəfər", "Koroğlu" və digər
filmlərə çəkilib. 1956-cı ildən
ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə
rəhbərlik edən Mərziyyə xanım Davudova əslində
qaranlıq bir mühitdə parlayan ulduz idi. Bəllidir ki, 1937-ci ilin repressiyası sənət
adamlarının taleyindən izsiz keçmədi.
Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri,
Əhməd Cavadları aparanların növbəti hədəfi
Azərbaycan səhnəsinin azman aktyoru Abbas Mirzə Şərifzadə
oldu. Görkəmli teatr ustasının hansı
şəkildə qətlə yetirildiyi uzun müddət
qaranlıq qaldı. Bu ailənin çəkdiyi
zillətin təsvirini vermək indi çox çətindir.
Yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə
Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə
faciə qəhrəmanlarının mahir ifaçısı
Abbas Mirzə Şərifzadə heç vaxt ağlına gətirməzdi
ki, yaratdığı obrazların taleyi onu da gözləyə
bilərmiş. O, həyatda da faciə qəhrəmanına
çevrildi. Taleyinə, həyatına vurulan zərbələrin
ağrı-acısını çəkənlərdən
birincisi həyat yoldaşı, səhnənin qüdrətli
nümayəndəsi, xalq artisti Mərziyyə xanım Davudova
oldu. Mərziyyə xanım Davudovaya xalq
artisti fəxri adını 1936-cı ildə vermişdilər.
Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi,
Abbas Mirzəni "xalq düşməni" elan edənlər
aktrisanı da çək-çevirə salırdılar.
O illərin xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. O ağır repressiyalar aktrisanı çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 6 yanvar 1962-ci ildə Bakıda vəfat edib...
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 26 sentyabr.- S.13.