Azərbaycan prezidenti «2013-cü ilin adamı» elan olunub
Pakistanın nüfuzlu ingilisdilli qəzetlərindən olan
«Pakistan Observer» qəzeti Azərbaycan
prezidenti İlham Əliyevi «2013-cü ilin adamı» elan edib. Azərbaycanın Pakistandakı
səfirliyindən verilən
məlumata görə,
qəzetin təsisçisi
və baş redaktoru, tanınmış
ictimai-siyasi xadim, Pakistanın ali ordeni ilə təltif olunmuş Zahid Malik qəzetin
ön səhifəsində
nəşr etdiyi «İlham Əliyev —
2013-cü ilin adamı:
Bütün sahələrdə
sürətli inkişafı
təmin edən nümunəvi Prezident modeli» adlı xüsusi reportajında Avrasiya siyasi arenasında özünü təsdiq etmiş parlaq siyasətçi, 09.10.2013-cü il tarixli seçkilərdə
xalqın etimadını
qazanaraq yenidən Azərbaycanın prezidenti
seçilmiş İlham
Heydər oğlu Əliyevi xidmətlərinə
görə «2013-cü ilin
adamı» adına layiq görüldüyünü
bildirib.
Zahid Malik prezident İlham Əliyevlə 2005-ci ilin aprelin 6-da görüşdüyünü
və həmin dövrdən etibarən Azərbaycanda gedən bütün prosesləri yaxından izlədiyini vurğulayıb. Həmin görüş zamanı
İlham Əliyev Dağlıq Qarabağ məsələsində tutduğu
prinsipial mövqeyə
görə Pakistana minnətdarlığını bildirib.
Məqalədə 90-cı illərin əvvəllərində
iqtisadiyyatı tənəzzülə
uğrayan, əhalisi
total ümidsizlik abu-havasında
yaşayan Azərbaycanın
hazırda Cənubi Asiya regionunun lider dövləti olduğu bildirilib. Zahid Malik prezident İlham Əliyevin rəhbərliyi altında
həyatın bütün
sahələrində tərəqqi
əldə edildiyini, Azərbaycanın inamlı
addımlarla inkişaf
etdiyini qeyd edib.
Müasir Azərbaycanın nisbətən
gənc ölkə olduğunu bildirən baş redaktor xarizmatik lider Heydər Əliyevin rəhbərliyi ilə
90-cı illərin əvvəllərində
Azərbaycanın demokratik
inkişaf və dövlət quruculuğu yoluna qədəm qoyduğunu qeyd edib, bu başlanğıcın
onun layiqli davamçısı İlham
Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirib. Zahid Malik
İlham Əliyevin
2003, 2008 və 2013-cü illərdə
keçirilmiş ümumxalq
seçkilərdə inamlı
qələbə qazanaraq
dövlət başçısı
seçildiyini, səsvermələrin
demokratik və şəffaf şəkildə
keçirildiyini isə
bir sıra aparıcı beynəlxalq
təşkilatlar və
dövlətlərdən olan
müşahidəçilər tərəfindən təsdiqləndiyini
vurğulayıb.
Məqalədə bildirilir ki, Qərbin aparıcı neft şirkətləri ilə «Əsrin müqaviləsi»nin imzalanmasından sonra ölkə iqtisadiyyatı
inkişaf etməyə
başlayıb. Neft yataqlarının
istismarı istiqamətində
həmin sazişə
dair danışıqlarda
İlham Əliyev aparıcı rol oynayıb, ölkə rəhbərliyinin həyata
keçirdiyi müdrik
neft strategiyasının
icrası xalqın intibahına yol açıb. Bu siyasətin davamı olaraq neft və
qazın nəqli marşrutları müəyyən
edilib, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kəmərləri
tikilib, Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Trans Anadolu
(TANAP) və Trans Adriatik
(TAP) layihələri icra
olunmaqdadır. Neft strategiyası
çərçivəsində görülən işlər
nəticəsində ölkə
78 mlrd. dollar mənfəət əldə
edib, qazı idxal edən Azərbaycan bu məhsulu ixrac etməyə başlayıb.
Eyni zamanda inşa olunmuş 14 yeni elektrik stansiyaları ölkənin elektrik enerjisinə olan tələbatını tam təmin
edib və eyni zamanda ixrac
imkanları yaradıb.
Yazıda ölkəmizin nəqliyyat siyasətindən danışılıb, Mərkəzi Asiya regionundan Avropaya malların daşınmasını təmin edəcək Bakı-Tiflis-Qars dəmir yolu koridorunun istismara verilməsi ilə Azərbaycanın regionun aparıcı nəqliyyat limanına çevriləcəyi bildirilib.
«Pakistan Observer»in reportajında bir çox ölkələrdə çoxmilyardlıq sərmayələr qoyan Azərbaycanın regionun ən böyük investoruna çevrildiyi qeyd olunub. Eyni zamanda Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi qayğıdan bu sahədə əldə edilmiş uğurlardan da bəhs edilib.
Zahid Malik prezident İlham Əliyevin Azərbaycanın dövlət maraqlarına söykənən balanslaşdırılmış xarici siyasət yürütdüyünü, Pakistanla münasibətlərə xüsusi önəm verildiyini qeyd etmişdir. Bildirilir ki, iki ölkələr arasında qədim tarixə, ümumi milli, mədəni və dini dəyərlərə arxalanan əlaqələr inkişaf etdirilir, dövlətlərimiz qarşılıqlı olaraq bir -birlərinin mövqelərini dəstəkləyirlər.
Zahid Malik Azərbaycanda müşahidə olunan intibahın və Pakistanla əlaqələrin inkişafının başında məhz prezident İlham Əliyevin durduğunu qeyd edib. İstedadlı siyasətçi dərin biliyə malik İlham Əliyevin siyasi karyerasının məqamlarından geniş məlumatlar verən baş redaktor yüksək mədəniyyət sahibi olan İlham Əliyevin eyni zamanda gözəl ailə başçısı olduğunu vurğulayıb.
Reportajda İlham Əliyevin yürütdüyü inamlı siyasətin Odlar Yurdu Azərbaycanda və bütövlüklə regionda sülh, harmoniya, və əməkdaşlığın inkişafına xidmət etdiyini xüsusi qeyd edib: «Məhz buna görə də təəccüblü deyil ki, bu görkəmli lider «2013-cü ilin adamı» adına layiq görülüb. Bu münasibətlə bizlər onu təbrik edir, ona və bütün Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırırıq».
Xalq Cəbhəsi.- 2014.- 8 yanvar.- S.2.