210 il öncə Gəncə
xanlığı işğal edildi…
Sisianovun hədələrinə Cavad
xanın cavabı: «Sən Gəncəyə yalnız meyitimin
üzərindən girə bilərsən, başqa heç
cür»
Vaqif Abışov: «Azərbaycanın
xanlıqları birləşə bilmədilər, Rusiya bu vəziyyətdən
məharətlə istifadə etdi»
Azərbaycan tarixində baş vermiş ən dəhşətli
hadisə Vətənimizin iki yerə
parçalanmasıdır. Gəncə xanlığının
süqutundan və Cavad xanın ölümündən ötən
210 il həmin parçalanmanın tərkib
hissəsi idi. Bu hadisədən sonra Azərbaycanın digər
xanlıqlarını Rusiya imperiyası mərhələ-mərhələ
ram edə bildi. Tarixi faciələrimizin başvermə səbəblərindən
əsası bir daha təsdiqini tapdı: birliyimiz olmayanda
itirdik.
Birliyimizin olmaması vahid dövlətimizin olmaması ilə
sonuclandı.
XIX yüzilin əvvəllərində Rusiya
imperiyası isə daim güclənirdi. Bu, imperiyanın
xislətidir: ardıcıl olaraq artmalıdır. Təbii olaraq, imperiya artmayanda azalma başlayır,
süqut təsdiq olunur. Gəncə
xanlığının süqutu tarixdən dərs
götürməyimiz üçün ciddi bir məqamdır.
Cavad xan 1748-ci ildə anadan olub. 1786-cı ildən Gəncəni
idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə
keçən gecə general Pavel Sisianovun
başçılığıyla Rusiya imperiyasının
işğalçı qoşunları ilə qeyri-bərabər
döyüşdə oğulları ilə birgə qəhrəmancasına
həlak olub. Cavad xan XVI əsrdən
hökmranlıq edən Ziyadoğlular nəslindəndir.
Ziyadoğlular ilk 9 Qızılbaş
tayfalarından olan Qacarların bir qoludur.
Gəncə xanı Cavad xan yaxınlaşan Rusiya təhlükəsini
duymuş və Azərbaycan, Dağıstan və
Gürcüstan hakimlərinin bu təhlükəyə
qarşı birgə çıxış etməsi
üçün çabalar göstərmişdi. Hətta Gəncə,
Qarabağ, Şəki xanları, ləzgi şamxalları,
gürcü şahzadəsi birgə mübarizə
aparacaqları ilə bağlı and da içmişdilər. Ancaq rus qoşunlarının hücumu zamanı Gəncə
xanı tək qaldı.
1799-cu ildə rus qoşunları Gürcüstana girdi. 1801-ci ildə Gürcüstanın Rusiyaya
birləşdirilməsi haqqında manifest verildi. Qafqazda rus qoşunlarının komandanı rus
generalı Pavel Sisianov Tiflisdən Cavad xana yazdığı məktubunda
dostluq və sədaqət əlaməti olaraq Uğurlu
xanı yanına göndərməsini tələb edir. Cavad xan tələbləri yerinə yetirməkdən
imtina edir. 1803-cü il noyabrın 22-də
ruslar Tiflisdən Gəncə istiqamətində hərəkət
edir. Sisianov yenidən Cavad xana məktub
yazır, şəhəri təslim etmək barədə
ultimatum verir.
Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy
yazır ki, Cavad xan qoşununu və yaxın adamlarını
başına yığaraq düşmənin üzərinə
yeriyir. Döyüş Nizami Gəncəvinin məqbərəsi
yaxınlığında, Quru qobu adlanan yerdə baş verir.
Gəncəlilər ağır itkilər verdikdən
sonra geri çəkilir. Onları təqib
edən ruslar şəhərə girir, qalanı hər tərəfdən
mühasirəyə alırlar.
Sisianovun
hədələrinə Cavad xan eyni cavabı verir: «Şəhəri
verməyə gəlincə, bu niyyətindən çəkin,
çünki bu, olan iş deyil. Sən Gəncəyə
yalnız mənim meyitimin üzərindən girə bilərsən.
Başa düşürsənmi? Ancaq mən
öləndən sonra, başqa heç cür.»
1804-cü
il yanvarın 3-də ruslar qalanı
hücumla almaq qərarına gəlirlər. Gəncəlilər
böyük qəhrəmanlıq göstərirlər, ancaq
ruslar qalanı ələ keçirməyə müvəffəq
olurlar. Bu döyüşdən sonra Gəncə
Rusiyanın himayəsinə keçir, xanlıq ləğv
olunur. 1826-cı il iyulun 26-da Cavad
xanın oğlu Uğurlu xan Gəncəni yenidən ələ
alır, qısa müddətdə də olsa
xanlığı bərpa edə bilir. 1805-ci
ilin mayında, eləcə də ondan əvvəl Azərbaycanın
tarixi taleyində baş verən hadisələr faciəvi
«Gülüstan» müqaviləsinə gətirib
çıxartdı. Həticədə 1813-cü il oktyabrın 12-də Qarabağın
Gülüstan kəndində Azərbaycanın tarixi
torpaqları Rusiya və İran arasında
bölüşdürüldü. Bu tarix Azərbaycan
türklərinin taleyində ən kədərli günlərdən
biridir. Fəlakətli tarixə gəlib
çıxıncaya qədər çoxlu itkilərimiz oldu.
Tarixçi-alim Vaqif Abışov bildirir ki, həmişə
olduğu kimi o dövrdə də dünyada vəziyyət hədsiz
gərgin idi.
Azərbaycanı bu faciəyə gətirib çıxaran ən
başlıca səbəblərdən biri Azərbaycanın
vahid dövlətinin olmaması idi: «O dövrdə Azərbaycanda
mövcud olan xanlıqlar 3 qismə
bölünmüşdü. Bunların bir qismi
İrana meyl edirdi, bir qismi Rusiyaya sığınmağı əhəmiyyətli
sayırdı, qalanları isə Osmanlı imperiyasının
himayəsini qəbul edirdi. Bu
xanlıqların içərisində elə bir güclü
siyasətçi yox idi ki, Azərbaycanı vahid bir hakimiyyətdə
birləşdirə bilsin. XIX yüzilin əvvəllərində
Azərbaycan xanlıqlarının Rusiya tərəfindən
işğalına başlanıldı. Gəncə
xanlığı işğal olundu, orada xanlıq sistemi ləğv
edildi. Bundan sonra bir çox xanlıqlar
Rusiyaya meyl etməyə başladılar, çünki
artıq qorxu prinsipi yaranmışdı. Qorxu
həm də Qacarlar sarıdan idi. Gəncə
xanlığı işğal olunandan sonra Qarabağ, Şəki
və Şamaxı xanlıqları Rusiyanın himayəsinə
keçmək haqqında razılığa gəlirlər.
Azərbaycanın şimal xanlıqları birləşə
bilmədilər. Rusiya bu vəziyyətdən
məharətlə istifadə etdi. Azərbaycan
xanlıqları öz daxili idarəetmələrini qoruyub
saxlamaq istəyirdilər, xaricdən isə Rusiyanın himayəsini
qəbul edirdilər. 1805-ci il
mayın 14-də Qarabağ xanı İbrahimxəlilxan Rusiya
ilə Qarabağ xanlığı arasında bağlanan
«Kürəkçay» müqaviləsinə əsasən xarici
siyasətdən məhrum oldu, daxildə isə
xanlığın idarəetməsini qoruyub saxladı. Habelə ərazisində rus qoşunlarını
saxlamağı öhdəsinə götürdü. Səlim xan İbrahimxəlil xanın qohumu idi.
Mayın 21-də Şəki xanlığı
da Rusiyanın təəbəliyini qəbul etdi.
Şirvan xanı Mustafa xan ruslara qarşı bir az müqavimət göstərdi, ancaq o da Rusiya
imperiyasından bərk ehtiyatlandığından 1805-ci il
dekabrın 27-də Rusiyanın himayəsini qəbul etdi,
«Kürəkçay» müqaviləsinə qoşulduğunu bəyan
etdi, öz ərazisində rus qoşunlarını
saxlamağa razı oldu. Bu xanlıqlar habelə hər il Rusiya xəzinəsinə rus manatıyla 8 min
çervo xərac verməli idilər. Xanların
hər birinə çar general-rütbəsi verilir, onlara
dövlət büdcəsindən əməkhaqqı kəsilirdi».
Azərbaycan yuxarıda adları sadalanan ölkələrin
faktiki döyüş, siyasi mübarizə, hərbi
münaqişə meydanına çevrilmişdi. Azərbaycanın
tarixi taleyində hədsiz gərgin, təhlükəli bir vəziyyət
yaranmışdı. Fəlakətli vəziyyətdən
artıq qaçmaq mümkün deyildi: «Təbiidir ki,
heç bir dövlət o birinə qətiyyən güzəştə
getmək istəmirdi. Bu məqamlarda Azərbaycan
xanlıqları artıq vəziyyətdən salamat
çıxmaq haqqında da düşünməyə başladılar.
Ancaq bəziləri üçün bu, fəlakətlə
nəticələndi. Qarabağ xanı
İbrahimxəlil xan ruslar tərəfindən qətlə
yetirildi. Bu mənada Türkmənçay
fəlakətinə qədər olan mərhələdə Azərbaycan
xanlıqlarının daxili vəziyyəti son dərəcə
gərgin idi. İqtisadiyyat dağılmışdı,
xanlıqların həyat tərzi, daxili qaydaları da istər-istəməz
dağınıq bir vəziyyətdə idi. Məhz həmin dövrün siyasi ab-havası,
başlıcası isə xalqın müqavimət ruhuna yetkin
səviyyədə kökləndirilməməsi böyük
mənada mübarizəni mümkünsüz etdi. Azərbaycan ayrı-ayrı xanlıqlara
parçalanmışdı, daim xanlıqlar arasında
müharibələr gedirdi. Hər bir
xanlıq özünü tamamilə müstəqil hesab edirdi.
Müqavilədən əvvəl ayrı-ayrı Azərbaycan
xanları, konkret olaraq Quba xanı Fətəli xan, Şəki
xanı Çələbi xan, Urmiyalı Fətəli xan
Əfşar, Qarabağ xanı Pənahəli xan
ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək
üçün xeyli cəhd etmişdilər. Ancaq təəssüf ki, onlar
biri-birlərinə mane olublar. Məsələn,
Pənahəli xana məqsədini reallaşdırmaqda
Güney Azərbaycanda Məhəmməd Həsən xan Qacar,
Kərim xan Zənd, eləcə də Şəki xanı
Çələbi xan mane olurdu. Hacı
Çələbinin Azərbaycanı birləşdirmək
istəyinə Pənahəli xan, Gəncə
xanlığı, Quba xanlığı mane olublar».
Çox təəssüf ki, Azərbaycanın birliyi
daxili və xarici səbəblərdən reallaşmadı. Tarixin
çox dönəmlərində türklər arasında
birlik olmayıb. Babək dövründə,
eləcə də sonrakı yüzillərdə, xüsusən
Səfəvilər dövründə azərbaycanlıların
biri-birinə yadlığının acı nəticələrini
görmək mümkündür.
Həmin dövrdə Rusiya nəzərə çarpacaq
üstünlüyə malik idi. Onun Cənubi Qafqazda
erməni kimi güclü bir dayağı vardı. Ermənilər daim təxribatla məşğul
olur, rus hərbi hissələrində xidmət edir, bir
sözlə, Rusiya imperiyasının Cənubi Qafqazda qələbələr
qazanması üçün əllərindən gələni
edirdilər. Mahiyyətcə belə bir
tarixi fəlakət «Gülüstan» müqaviləsi zamanı
reallaşdı. Birinci mərhələdə
Azərbaycanın Haxçıvan və İrəvan
xanlıqları İranın nəzarətində qalmaq şərtilə,
qalan ərazilər Rusiyanın tabeliyinə keçdi. 1813-cü ildən sonra bu tarixi fəlakətə
qarşı demək olar, müqavimət olmadı. Əslində müqavimət bu dövrədək
olmuşdu. Məsələn, Bakı
xanlığı Rusiyaya tabe olmadı. Qafqazda
rus qoşunlarının baş komandanı Sisianovun
başı Bakı xanı Hüseynqulu xanın qohumu
İbrahim xan tərəfindən kəsildi. Qarabağ xanı İbrahimxəlil xan ailəsi ilə
birlikdə məhv edildi. 1813-cü ilin 12
oktyabrında imzalanmış Gülüstan müqaviləsindən
sonra burada ciddi narazılıq müşahidə edilməməsinin
səbəbi o idi ki, artıq əhalinin inadı
qırılmışdı. Xanlıqlara
verilən imtiyazlar 1805-ci ildən 1826-cı ilə kimi davam
etdi. Bu dönəmdən sonra yuxarıda
sadalanan güzəştlər də ləğv edildi. Şəkidə 1819-cu ildə, Şamaxıda 1820-ci
ildə, Qarabağda 1822-ci ildə, Lənkəranda 1826-cı
ildə xanlıq sistemi ləğv edildi, komendant idarəetmə
sistemi yaradıldı.
Uğur
Xalq Cəbhəsi.- 2013.- 8 yanvar.-
S.14.