Fikir, söz və mətbuat azadlığı

 

Seymur Həsənli: «Ölkənin siyasi həyatında baş verən hadisələr mətbuata, onun inkişafına da təsir göstərib»

Fikir, söz və məlumat azadlığı demokratiyanın əsas prinsiplərindən biridir. Bu prinsiplərin mövcud olmadığı ölkələri demokratik ölkə adlandırmaq mümkünsüzdür. Hər bir ölkənin öz daxili və xarici siyasəti mövcuddur. Demokratik dəyərlərin təmin olunması və inkişaf etdirilməsi isə bir ölkənin daxili məsələsi deyil. Mövcud dünyamızda güclü ölkələr özünü demokratiyanın nümunəsi kimi təqdim edirlər.

İndi isə vətənimiz Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizmin inkişafı məsələlərini işıqlandıraq. Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Həsənlinin fikrincə, məsələyə həm tarixi, həm də siyasi aspektdən işıq salmaq olar. Məlum olduğu kimi, Azərbaycan tarixin bütün sınaqlarından keçmiş, işğallara məruz qalmış, bir neçə hissəyə parçalanmış bir məmləkətdir. Demokratiya millətimizin yaranışından bu günə kimi onun ruhundan doğan bir məsələ olub. Məhz demokratik ənənələrin mövcudluğu idi ki, yüz illərlə bizimlə yanaşı yaşayan etnik qruplar bu gün də öz varlığını, adət-ənənələrini qoruyub saxlayır. Onlar tarixən öz fikirlərini ölkənin ictimai-siyasi həyatında ifadə edə biliblər. Dünya ölkələrinin tarixinə nəzər saldıqda isə (hətta özünü ən demokratik ölkə kimi təqdim edən ABŞ-da) onların daim etnik qarşıdurmalarla zəngin olduğunun və müxtəlif soyqırımlar həyata keçirdiyinin şahidi oluruq: «Məhz demokratik ənənələrin mövcudluğu idi ki, Türk dünyasında və Şərqdə ilk Cümhuriyyəti yaradan millətimiz hətta İngiltərədən öncə qadına seçki hüququnu vermiş oldu. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti seçki əsasında formalaşmasa da, ölkədə mövcud olan bütün siyasi partiyaların və etnik qrupların nümayəndələri həmin parlamentə seçildi. Həmin qrupların hər biri AXC-nin istər daxili, istər xarici siyasətində önəmli faktora çevrildilər. Hətta 1918-ci il 31 martda azərbaycanlıları soyqırıma məruz qoyan ermənilər belə, həmin parlamentdə sərbəst şəkildə təmsil olunurdular. Qısası, Azərbaycan türkləri düşməni belə gül-çiçəklə qarşılayıb ona daim humanist münasibət bəsləyib. Bəlkə də tarixi bəlalarımızın başlıca səbəblərindən biri də aşırı demokratikliyimiz olub».

Yetmiş illik Sovet əsarətindən sonra vətənimiz yenidən müstəqilliyə qovuşdu. Müstəqilliyimiz yalnız SSRİ-nin dağılması ilə deyil, qanlı mübarizə ilə əldə olundu. Müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi fikir, söz və məlumat azadlığı sahəsində də problemlər var idi. Müstəqillik qədəmlərini yeni atan bir ölkədə bu təbii bir hal idi. Baxmayaraq ki, fikir, söz və məlumat azadlığı kimi dəyərlərin özünü əks etdirdiyi əsas sahələrdən biri olan Azərbaycan məbuatının tarixi XIX əsrdən — 1875-ci ildə Həsən bəy Zərdabinin başçılığı ilə «Əkinçi»nin nəşrindən başlayır: «Öncə qeyd etdiyim kimi, ölkənin siyasi həyatında baş verən hadisələr mətbuata, onun inkişafına da təsir göstərmişdir. Amma 90-cı illərdə qazanılan müstəqillik hər sahədə inkişafa səbəb oldu. Bu inkişaf özünü mətbuat sahəsində də göstərdi.

İlk növbədə 1998-ci ildə mətbuat üzərində dövlət tənzimlənməsini nəzərdə tutan bütün mexanizmlər, o cümlədən senzura ləğv olundu. Bu, fikir, söz və məlumat azadlığı sahəsində atılmış ən mötəbər addım idi. Daha sonra azad mətbuatın inkişafı üçün dövlət tərəfindən bütün hüquqi və maddi şərait yaradıldı. Mətbuat təsis etmək üçün bütün dövlət icazəvermə mexanizmləri ləğv olundu, mətbuat haqqında qanun tam liberallaşdırıldı, Avropa standartlarına uyğunlaşdırıldı. Mətbuat vasitələri və çap mediası dövlət vergilərindən azad olundu. Mətbuatın inkişafına dövlət qayğısını təmin edən bir neçə sərəncam imzalandı. O cümlədən, Azərbaycan mətbuatının dövlət nəşriyyatına olan borcları əvvəlcə üç il donduruldu, sonra isə ləğv olundu və bu borcların qiyməti təxminən yarım milyon dollardan artıq idi. Bundan başqa, mətbuata güzəştli kreditlər ayrıldı. Beş il müddətinə güzəştli kreditlərin verilməsi ilə bağlı 5 milyon dollardan artıq pul ayrıldı. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəfələrlə prezident fərmanı və sərəncamı ilə onların maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görüldü. Qəzetlərə, redaksiyalara birdəfəlik yardımlar göstərildi. Azərbaycan gücləndikcə, maddi durumu yaxşılaşdıqca mətbuat və onun vasitəsilə fikir, söz, məlumat azadlığı inkişaf etməyə başladı.

Son üç ildə medianın inkişafı ilə bağlı Azərbaycan dövləti önəmli bir təşəbbüslə çıxış edərək, medianın inkişafını şərtləndirən xüsusi bir Dövlət Proqramı qəbul etdi. Bundan başqa, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu quruma müəyyən səlahiyyətlər verilərək büdcəsinə vəsait ayrıldı. Onun vasitəsilə medianın işini stimullaşdırmaq, dövlətin bu sahəyə qayğısını mərkəzləşdirmiş şəkildə təmin etmək məqsədilə müəyyən tədbirlərin həyata keçirilməsinə başlandı».

Ekspert bildirib ki, bütün bunlar qısa zaman çərçivəsində fikir, söz, məlumat azadlığının və plüralizmin inkişafı üçün dövlətin həyata keçirdiyi mühüm addımlardır: «Amma qeyd etdiyim dəyərlərin inkişafı üçün hər bir vətəndaş çalışmalı, təşəbbüskar rolunda çıxış etməlidir. Bəzən biz həmin dəyərlərdən sui-istifadə kimi hallarla rastlaşırıq. Fikir, söz azadlığının inkişaf etdirilməsi kiminsə şəxsi həyatına müdaxilə edilməsi, onun təhqir olunması demək deyil. İstənilən bir azadlığın təmin olunmasında və inkişaf etdirilməsində milli əxlaq kodeksi əsas amil kimi götürülməlidir».

S.Həsənli onu da qeyd edib ki, fikir, söz, məlumat azadlığının, plüralizmin təminini həyata keçirən vasitələrdən biri də internetdir. Heç də təsadüfü deməyiblər ki, «XXI əsr internet əsri»dir. Azərbaycanda da internet media sürətlə inkişaf etməkdədir. Bu istiqamətdə dövlətin xüsusi dəstəyi olmasa da, hər hansı bir məhdudiyyəti də yoxdur: «Baxmayaraq ki, artıq internet medianın da inkişafı ilə bağlı dövlətin müəyyən addımlar atacağını məsul şəxslər bildiriblər. Azərbaycanda hər kəs sərbəst şəkildə öz saytını yaradıb, fikirlərini yayıb təbliğ edə bilər. Saytlardan başqa son zamanlar internet üzərindən inkişaf edən sosial şəbəkələrə də toxunmaq yerinə düşər. Həmin şəbəklərdə istənilən şəxs səhifə açıb fikirlərini sərbəst şəkildə təbliğ edə bilir. Baxmayaraq ki, ayrı-ayrı agentliklərdən fərqli olaraq həmin səhifələr hər hansı bir şəxsin fikrinin təbliğini həyata keçirir, bu ümumi xəbər yaymaq mahiyyəti kəsb etmir. Bütün bunları vurğulamaqda məqsədim odur ki, Azərbaycanda fikir, söz və məlumat azadlığı və plüralizmin inkişaf etdirilməsi üçün hər cür şərait yaradılıb. Halbuki, özünü demokratik adlandıran bir sıra ölkələrdə xüsusilə internet media üzərinə bir sıra məhdudiyyətlər qoyulub. Müəyyən saytlara, sosial şəbəkələrə filtrlər tətbiq olunmaqla onların ölkə daxilində istifadəsi yasaqlanıb.

Azərbaycanda internet azaddır, ona heç bir məhdudiyyət yoxdur. Heç də hər bir ölkədə belə deyil. Elə ölkələr var ki, orada internet azad deyil, məhdudiyyətlər qoyulur. Bu məhdudiyyətlər, əlbəttə ki, həm bizə bəllidir, həm də bu məsələ ilə bağlı olan, fəaliyyət göstərən beynəlxalq təşkilatlar da bunu bilir. Ancaq nədənsə bəzi hallarda bu, diqqətdən kənarda qalır. Azərbaycanda isə azad internet fəaliyyət göstərir. Bu bir də onu göstərir ki, biz mətbuat azadlığına çox böyük diqqət veririk və mətbuat azadlığı Azərbaycanda tam şəkildə tətbiq olunur. O beynəlxalq təşkilatlar ki, bu sahədə Azərbaycanda problem görmək istəyir, getsinlər öz tövsiyələrini internetin azad olmadığı ölkələrə versinlər. Yaxud da öz ölkələrində azad mətbuatın necə sıxışdırılmasından — bu yaxınlarda biz bunun əlamətlərini görmüşük — danışsınlar.

Müstəqilliyimizn əldə olunması ilə torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması üst-üstə düşdü. Bir milyona yaxın vətəndaşımızın öz yurd-yuvasında yaşamaq hüququ əlindən alındı. Onların nəinki söz, fikir, məlumat azadlığı, adi insani hüquqları tapdalandı. Amma dünya birliyi, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər qlobal səviyyədə həyata keçirilən hüquq pozuntusuna göz yumdular. Formal olaraq bəyanatlar verməklə, qətnamələr qəbul etməklə işlərini bitmiş saydılar. Həmin qətnamələrin hüququ pozan qüvvə tərəfindən icra olunmasını tələb etmədilər və hələ də etmirlər. Müxtəlif ölkələrdə sadə əhalinin məhvinə (İraq, Əfqanıstan və s.) imza atan həmin təşkilatlar və dövlətlər nədənsə Azərbaycanın haqlı davasının yanında deyil, qarşısında dururlar. Bir milyon insanın hüquqlarının təmin olunmasını tələb etmirlər.

S.Həsənli onu da bildirib ki, bu gün bir sıra beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanda fikir, söz, məlumat azadlığı kimi demokratik dəyərlərdən istifadə edərək ölkədaxili siyasi proseslərə təsir etmək istəyirlər. Öz ölkələrinin milli mənafeyinin təmin olunmasını və bu təmini həyata keçirən şəxslərin, təşkilatların fəaliyyətinə olan qadağaları demokratiyanın məhdudlaşdırılması kimi qələmə verirlər: «Halbuki, fikir, söz, məlumat azadlığı nə qədər önəmli məsələdirsə, bir ölkənin milli və dövlət mənafeyinin təmin olunması ondan da önəmlidir. Hər nə qədər yüksək dəyər olursa-olsun, ondan başqa istiqamətdə istifadə olunursa mənfi nəticələrə aparıb çıxara bilər.

Azərbaycanda fikir, söz, məlumat azadlığının, plüralizmin inkişafının əsas göstəricilərindən biri də dini sahədə özünü birüzə verir. Hər kəs istənilən dinə sitayiş edə və öz fikrini yaya bilər. Yəni dini baxımdan da ölkəmiz bir çox ölkələrdən fərqlənir. Hər hansı bir siyasi məqsədə xidmət etməyən, arxasında başqa dövlətin və ya qüvvənin mənafeyini təmin etməyən dini ayin yerinə yetirilə və ona dair fikirlər təbliğ oluna bilir. Belə demokratik mühiti hətta bir sıra ölkələrin başçıları da, nüfuzlu təşkilatların rəhbərləri də etiraf ediblər. Hər gün inkişaf edən vətənimizdə söz, fikir, məlumat azadlığının və plüralizmin daha yüksək səviyyədə təmin olunacağına inamımız böyükdür».

 

Cavid

 Xalq Cəbhəsi.- 2014.- 8 yanvar.- S.11.