«At ayağı iti, ozan dili çevik olur»

 

«Dədə Qorqud» qəhrəmanlarını atsız təsəvvür etmək mümkün deyil

«Kitabi-Dədə Qorqud»da tez-tez təkrarlanan, intensivliyi ilə fərqlənən sözlərdən biri at zooleksemidir. Bu da təsadüfi deyil. Çünki qədim türkün həyatında atı əvəz edə bilən ikinci bir varlıq olmayıb. Dəvə ərəbinDəvəsi ölmüş ərəb» deyimini xatırlatmaq yerinə düşür), at da qədim türkün həyatında müstəsna rola malik olub. «At türkün qanadıdır» deyimi (M.Kaşğarinin «Divan»ı) təsadüfi olaraq yaranmayıb. Müqayisə qarşılaşdırmalar göstərir ki, nəinki

«Dədə Qorqud» qəhrəmanlarını, hətta «Dastan»ın özünü belə atsız təsəvvür etmək mümkün deyil.

«Kitab»da atı olmayan qəhrəmanın heç bir dəyərə malik olmadığı xüsusi olaraq vurğulanır: «Kəndülər atlu, babağı yayaq yüritdilər». Bu misradakı «piyada» anlamlı «yayaq» sözü atlu (atlı) sözünün antonimidir. «Kitab»da at zoolekseminin şəxs adlarına çevrilməsi, daha doğrusu, şəxs adlarının komponentlərindən biri kimi işlənməsi türk poetik təfəkküründən süzülüb gələn dəyərli detallardandır. İki nümunəyə diqqət yetirək: At ağuzlu Uruz qoca. Bu antroponimik modeldə «at ağuzlu» sözü igidliyi, cəsurluğu ifadə edən vahid kimi çıxış edir. Yaxud «at» sözü məhz güc, qüdrət, məna yükünə görə şəxs adı kimi işlənib: Basat. Bu adın «At basubən, qan sümürər» cümləsindəki «at basubən» feli bağlama tərkibi əsasında yarandığı ehtimal edilir. Kitabın dilində işlənmiş onlarca atalar sözləri və məsəllərin, deyimlərin, eləcə də bir sıra ifadələrin yaranmasında «at» sözünün məntiqi mərkəz funksiyasında çıxış etməsi aydın şəkildə görünür: «At ayağı külük, ozan dili çevik olur — At ayağı iti, ozan dili çevik olur».

O.Gökyayın fikrincə, bu atalar sözü «sözü toparlamaq, sürətləndirmək» mənasında işlənib. Bu fikir Ş.Cəmşidov tərəfindən də müdafiə olunur: «At ayağı külək (külüg — Ə.T.), ozan dili çevik olur» — atalar misalı işlədilir və bunun ardınca hadisə nəql edilir. Ozan dinləyiciyə, hüzurunda danışdığı şəxsə müraciətən hadisəni uzun təfsilata yol vermədən, artıq söz işlətmədən yığcam şəkildə nəql edir. Kəskin psixoloji böhran zamanında hadisənin sürətini artırmaq məqsədilə istifadə edilir». O.Gökyay və Ş.Cəmşidovun fikirləri «Kitab»ın mətnindən doğan məntiqi nəticələrdir. At işləməsə, ər ögünməz — At işləməsə, ər öyünməz. Bu məsəldə atın gücü, qüdrəti ərdən, qəhrəmandan üstün tutulur. Yeri gəlmişkən, qorqudşünaslıqda «at işləməsə, ər öyünməz» məsəlinin «Dastan»dan leytmotiv kimi keçdiyi xüsusi olaraq qeyd olunur.

At işlər, ər ögünər. Yayan ərin umırı olmaz — At işlər, ər öyünər… Atsız kişinin ümidi olmaz. Yuxarıdakı məsəlin təsdiqdə işlədilmiş forması kimi çıxış edir: «Əriğ ağzın yeynisin at bilür — Ərin ağzının kəsərini at bilir. Burada qəhrəman və at münasibətlərinin yaxınlığı, hətta atın ərdən, insandan üstün tutulması aydın şəkildə ifadə edilib.

At yelisinə düşmək (…var qüvvətilə atınığ yelisinə düşdi — Var qüvvəsi ilə atının yalına sərildi). Bu ifadə «atın boynuna sarılaraq sürətlə sürmək» mənasındadır.

Atını oynatmaq (at oynatmaq): Qırq yigit bədəvi atın oynatdı; Atın oynatdı, Qanturalının üzərinə gəldi. Nümunələrdəki «at oynatmaq» ifadəsi atı ilə «hünər göstərmək» mənasındadır. «Kitab»dan təqdim etdiyimiz atalar sözləri və məsəllər, deyimlər, eləcə də digər ifadələr qədim türk yazılı abidələrinin dili baxımından da səciyyəvidir. Məsələn, M.Kaşğarinin «Divan»ında: Yund əti yıpar — At əti müşk kimi qoxar; Kuş kanatın, er atın (quş qanadı, igid atı ilə tanınar).

«Oğuznamə»də: At binənindir, qılınc quşananındır. Uyansız ata binmə. Ata binmək can üstündə can bəsləməkdir. «Kitab» və digər qədim türk mənbələrindəki atalar sözləri və məsəllərin tərkibində işlənmiş at sözü qədim türk tarixi və etnoqrafiyasının, ümumən türk mədəniyyətinin zənginliyini göstərir. Həm də bu tip obrazlı ifadələr məhz «at» sözünün assosiativliyi nəticəsində yaranıb. Bu da təsadüfi deyil. Çünki qıpçaqdilli xalqların (türk xalqlarının — Ə.T.) həyatında heyvandarlığın, xüsusilə dəvə, at, qoyun kimi ev heyvanlarının o qədər müstəsna rolu olub.

Atla bağlı atalar sözləri müasir türk dilləri üçün də səciyyəvidir: «Həm də bu cür atalar sözlərinin əksəriyyəti «Kitab» və digər qədim türk mənbələrindən süzülüb gələn vahidlərdir. Müasir Azərbaycan dilində:

At min, ad qazan; At alsan başından, qız alsan saçından; Atını dost kimi saxla, düşmən kimi min; At yeriməklə, insan bilməklə; Yaxşı at özünə qamçı vurdurmaz; Atdı, arvatdı, papaqdı, kişiyə urvatdı; Atı yolda, igidi zorda sınayarlar;

At yerişindən, igid duruşundan tanınar; Atını əldən verən ismətini də itirər; Atı bir aya, insanı illərlə sınayarlar; At təpiyinə at dözər; At muraddır; At igidin qardaşıdır; At igidi darda qoymaz; At ölər meydan qalar, igid ölər ad-san qalar.

Müasir türkmən dilində: At almankağ əyər al; At bolmak — taydan, yigit bolmak — soydan; At, dört ayak bolsa da, büdrər; Atlı atını tanar; At — mırat; At özi yol tapar; Atını harlan — atasını harlar; At — yortuşda, qurt — yırtışda; At dostı — ata dostı; At ağnan yerdə toy bolar; Atı kişğən tarapına sür.

Atla bağlı sözlərin leksik-semantik çalarlarına baxaq: Ayğır: «Erkək at, döllük at» mənasında olan türk mənşəli ayğır sözü də «Kitab»da intensivliyi ilə fərqlənir. III «boy»un sonrakı hissələrində isə həm antroponimik modeldə ləqəb kimi (Boz ayğırlu Bamsı Beyrək), həm də zoonim kimi (…Boz ayğır bunda otlanub turar) işlənib. Maraqlıdır ki, Baybörənin oğluna (Beyrək nəzərdə tutulur) III «boy»da ad verilir. Ancaq həmin antroponimik modelə II «boy»da da təsadüf edilir: …Qazan bəgin yınağı, Boz ayğırlu Beyrək çapar yetdi. Bu isə «Kitab»ın «boy»larını bir-birinə bağlayan detallardan biri kimi dəyərləndirilə bilər. «Ayğır» zooleksemi təkcə Boz ayğır yox, həm də Al ayğır, Qara ayğır, Təpəl qaşqa ayğır kimi zoonimlərdə də iştirak edib. «Ayğır» sözü «Kitab»ın dilində işlənmiş Ayğırgözlü hidroniminin tərkibində birinci komponent kimi çıxış edir: … eldən çıqub Ayğırgözlü suyından at yüzdürən… «Ayğır» sözünün zoonimik modellərdə dördüncü komponent kimi işlənməsinə də təsadüf olunur: Keçi başlu Keçər ayğır, Toğlu başlu Turı ayğır. Bu zoonimlərdə «keçi başlu» başı keçiyə bənzəyən, «toğlu başlu» isə «başı toğluya bənzəyən» mənasındadır.

«Keçi başlu Keçər ayğır» və «Toğlu başlu Turı ayğır» adlarını «Kitab» və «Koroğlu» dastanı müstəvisində nəzərdən keçirək. Məlumdur ki, Banıçiçəyi Beyrək üçün diləməyə gedən Dədə Qorquda Bayındır xanın tövləsindən iki at verirlər: «Bari Bayındır xanın tövləsindən eki şahbaz yügrək at gətürün. Bir Keçi başlu Keçər ayğırı, bir Toğlu başlu Turı ayğırı». Deməli, «Kitab»ın baş qəhrəmanı Dədə Qorqud iki məşhur atla birlikdə təqdim olunur. Bu atlardan birinin — Turı ayğırın nisbətən zəif, digərinin — Keçi başlu Keçər ayğırın isə daha güclü olması «Kitab»da aydın şəkildə ifadə edilir: Toqlu başlu Turı ayqır yoruldu; Dədə Qorqud Keçi başlu Keçər ayğıra sıçradı, bindi.

Bu cür detallar «Koroğlu» eposu baxımından da səciyyəvidir. Birincisi, dastanın baş qəhrəmanı Koroğlunu Qırat və Düratsız təsəvvür etmək mümkün deyil. İkincisi, Koroğlunun əsas zərbə qüvvələrindən olan Qırat və Düratın Həsən xanın ilxısından olması eposdan xüsusi xətt kimi keçir. Üçüncüsü, eposda Qırat tayı- bərabəri olmayan, çox güclü atdırsa, Dürat nisbətən zəif və gücsüzdür. Dördüncüsü, Dədə Qorqud ən kamil ozandırsa, Koroğlu da ustad aşıq statusundadır.

Dədə Qorqud və Koroğlu baş qəhrəmanlardır, hər ikisi həm də ozan-aşıq statusundadır; Dədə Qorquda verilən Keçi başlu Keçər ayğır və Toğlı başlu Turu ayğır Bayındır xanın tövləsindəndirsə, Koroğlunun atları — Qırat və Dürat Həsən xanın ilxısındandır. Yəni hər iki eposda atların sahibi əslində xanlardır (Bayındır xan və Həsən xan);

«Dədə Qorqud kitabı»ndakı Keçi başlu Keçər ayğır və «Koroğlu» eposundakı Qırat tayı-bərabəri olmayan atlardır;

«Dədə Qorqud kitabı»ndakı Toğlu başlu Turı ayğırla «Koroğlu» dastanındakı Dürat nisbətən zəif və gücsüz atlardır. Dədə Qorqud Beyrəyə, Koroğlu da Gürcüoğlu Məmmədə qız almaq üçün elçilik edir.

Bamsı Beyrək təkcə döyüşçü yox, həm də ozandır. Koroğlu da döyüşçü və ozan-aşıq statusundadır. Beyrəyin Boz ayğırı adi at deyil, dəniz qulunudur, Koroğlunun Qırat və Düratı da dəniz ayğırından əmələ gəlib. Beyrək Boz ayğırı, Koroğlu da Qıratı tərifləyir. Koroğlunun dilindən verilmiş «…At iyidin qardaşıdır» kimi misralar semantika baxımından Beyrəyin dilində işlənmiş «At deməzəm sağa qartaş deyərəm, Qartaşımdan yeg misralarının məntiqi davamıdır.

Beyrəyin yayı, Koroğlunun misri qılıncı sirli-sehirlidir. Hər ikisinin atası kor olub: Beyrəyin atası Baybörənin gözləri ağlamaqdan tutulubsa, Koroğlunun atası Alı kişinin gözlərini Həsən xan çıxartdırıb. Hər iki ata (Baybörə və Alı kişi) gözlərinin açılması arzusundadır. Baybörənin gözləri Beyrək dustaqlıqdan qayıtdıqdan sonra açılır: «Oğlım idigin andan biləyim, sırça parmağını qanatsun, qanını dəstmala dürtsün, gözümə sürəyin; açılacaq olursa, oğlım Beyrəkdir — dedi…

 

Əzizxan Tanrıverdi,

professor

Xalq Cəbhəsi.- 2013.- 9 yanvar.- S.14.