Zəncandan toplanmış bayatılar
Azərbaycan folklorunun mühüm
tərkib hissəsi olan Zəncan folklor mühitində 4 misralı, 7 hecalı şeir forması «bayatı» adlandırılır
və bu mühitdə bayatılar çox geniş yayılıb. Mərhum folklorşünas Mürsəl
Həkimovun fikrincə,
folklorşünaslıqda «bayatı»
sözünün etimologiyası
ilə bağlı müxtəlif bir-birinə
zidd olan fikirlər var: yer adı, qəbilə,
ad-titulu, ərəbcədən
keçmə söz
— «bat» — köhnə; insan
yaşayışının tələbatını ödəyən
ərzağın köhnəlmiş,
qalmış, durmuş
mənasını ifadə
edən — «bayat» (qalmış, köhnəlmiş
durmuş xörək,
su); Allahın min bir adından biri — «Bayat»; körpənin boy atması,
inkişafı ilə
əlaqədar söylənən
layla, oxşama, nəvaziş — «bayatı».
Mülahizələrdən birinin tərəfdarları
«bayatı» adını
köhnə, əski mənasını verən
«boyat» sözü ilə əlaqələndirirlər. Lakin bu fikir o qədər də inandırıcı
görünmür. Çünki daha çox insan həyatının mövcud vəziyyətini,
yaşadığı şəraiti
və bununla bağlı olan müxtəlif hiss və həyəcanlarını əks
etdirən bayatıları
«köhnə, vaxtı
keçmiş» mənasında
izah etmək düzgün olmazdı.
Bizə elə gəlir ki, bu sözlər
arasında yalnız təsadüfi səs uyğunluğu var. Digər
bir mülahizəyə
əsasən «bayatı»
sözü totem adıdır.
Professor Ə.Dəmirçizadə
hesab edir ki, kosmik şüur
stadiyasında olan insan mənsub olduğu kollektivi, qəbiləni həm özündən, həm də totemdən ayıra bilməyib. Buna görə də
bu insan əmək prosesinin də eyni adı
daşıyan həm kollektivi, həm də totemi «Bayatı» çağırıb.
Folklorşünaslıqda ən çox
müdafiə olunan mülahizə bayatı sözünün oğuzların
boylarından biri olan «bayat» boyunun
adı ilə bağlı olmasıdır.
İlk dəfə S.Mümtaz tərəfindən söylənilən
bu fikir Ə.Abid, F.Körpülü,
M.Həkimov tərəfindən
də müdafiə olunub. S.Mümtaz bu nəticəyə
gəlir ki, Bayat Oğuz xanın nəvəsi, Gün xanın ikinci oğlu imiş. Ağıllı, fərasətli olduğuna
görə ona «adlı-sanlı, məşhur»
anlamını daşıyan
«Bayat» adını vermişlər. Müəllif buna əsasən hesab edir ki,
Bayat tayfasının da adı elə
buradan götürülüb
və «bayatı» sözü də buradan meydana gəlib. Baxmayaraq ki, hətta
avropalı türkoloqlar
da bu mülahizəyə
tərəfdar çıxırlar,
ancaq buna qarşı olanlar da var. Lakin bir
məsələni nəzərə
almaq lazımdır ki, dildə bütün proseslər heç də həmişə dilin mexaniki qanunlarına uyğun getmir. Bəzi istisnalar mövcuddur və bu, təbiidir.
Həmçinin folklorumuzda şeir
formasının adının
onu yaradan tayfanın adı ilə adlandırılması
ənənəsi mövcuddur.
«Bayat» etnonimi ilə bağlı toponimlər xüsusilə
Zəncan regionunda geniş yayılıb. İranda
toponimlərlə bağlı
araşdırmalar aparmış
V.İ.Savinanın verdiyi
məlumatlardan aydın
olur ki, bu ərazilərdə Bayat, Bayatlar (Azərbaycan), Bayatansüxtə,
Bayatlı, Qızıltəpəbayat
(Zəncan), Bayatan, Keşləkbayat (Zurestan),
Əlibayat (Mərkəzi
İran), Bayatan (Zurestan) adları yayılıb. Bayatı ağız ədəbiyyatının
ən müxtəlif informasiyaları özündə
kodlaşdıran bir janrı olmaqla çeşidli mövzuları
— xalqın həyatını,
məişətini, gündəlik
qayğılarını ifadə
edir. Bayatı janrı geniş
mövzuları əhatə
edir. Bayatının
təfəkkürdəki
yerini bu cür müəyyənləşdirməyi
daha məqbul hesab edirik: holavarda
heyvanlar, sayaçı
sözlərdə qoyunlar,
laylalarda uşaqlar, ağılarda ölü,
bayatılarda isə canlı, sağ, gündəlik məişət
problemlərilə qarşılaşan,
sevgi macəraları ilə yaşayan, müxtəlif ictimai-siyasi
hadisələrdə iştirak
edən insanların duyğu və düşüncələri poetik
söz vasitəsilə
ifadə olunur.
Bayatı
janrının xüsusiyyətləri
ilə bağlı Zəncan ərazisindən
topladığımız nümunələrə
diqqət edək:
Əzizim
suda yandı,
Sel gəldi su dayandı,
Eşq oduna su səpdim,
Alışdı su da yandı;
Əzizim
daşa çalar,
Su özün daşa çalar,
Yemə
namərd çörəyin,
Qayıdar başa çalar.
Zəncan
bayatılarında sevgi,
eşq, əxlaqi-didaktik
fikirlər, Vətənə
məhəbbət və
s. ifadə olunur. Sözügedən bayatıların
böyük qismi bayatılar üçün
poetik qəlibə çevrilən «mən aşıq», «əzizinəm»,
«Eləmi» sözləri
ilə başlayır.
Bayatılarda işlənən
«Mən aşiq», «Əzizinəm», «Eləmi»
kimi sözlər auditoriyaya təsir etmək, qarşıdakının
diqqətini cəlb etmək üçün istifadə olunan bayatı janrının özünəməxsus poetik
söz qəlibi olub, müxtəlif məna çalarlarını
ifadə edir. Diqqət yetirsək, görərik ki, bu söz
qəlibinin hər birinin özünəməxsus
mənası var ki, bunlar da
auditoriyaya müraciətlə
deyilir. «Mən aşiq» sözü isə haqqında danışılan
obyektin söyləyənə
yaxın, doğma olduğunu bildirərək
dinləyicinin diqqətini
cəlb etməyə xidmət edir. Bayatı janrı həm məzmun, həm də forma baxımından
sabit quruluşa malik olmaqla məzmun
baxımından çox
zəngindir. Bu mənada bayatıların
məzmunu onun qruplaşdırılmasında əsas
götürülməlidir. Lakin Güney Azərbaycan ərazisindən toplanmış
bayatılar divan ədəbiyyatı
ənənəsinə uyğun
olaraq bayatıların
ilk misralarının ilk hərfinə
uyğun olaraq qruplaşdırılıb.
Zəncan
bayatılarını aşağıdakı
kimi qruplaşdırmaq
olar: əxlaqi-didaktik məzmunlu; Vətən məhəbbətilə bağlı;
sevgi, eşq ilə bağlı, zülm və ədalətsizliklə bağlı.
Zəncan ərazisindən
toplanmış bayatıların
həcmcə ən sanballı
nümunələrini əxlaqi-didaktik
məzmunlu bayatılar
təşkil edir. Bu məzmunlu bayatılarda
minilliklər boyu toplanan həyati təcrübələr, dəfələrlə
sınaqlardan çıxarılmış
nəticələr poetik
şəkildə ifadə
olunur. Bu baxımdan Zəncan bayatıları ilə Zəncan atalar sözlərinin bəzilərinin
semantik yükü bir-birilərinə bərabərdir.
Lakin fərq ondadır ki, bayatılarda əxlaqi-didaktik
məzmun konkret biçimdə — 7 hecalı,
4 misralı şeir formasında təqdim olunur və bu da nəticə
etibarilə məzmuna
emosionallıq verir, təsir imkanını
daha da gücləndirir:
Əzizim
quzi qurban,
Qoç qurban, quzi qurban.
Mərdin
bircə sözünə,
Namərdin yüzü qurban.
Ümumiyyətlə, hər bir folklor
nümunəsinin yarandığı
tarixi şərait
var. Bunu zülm və ədalətsizliklə
bağlı bayatılara
da aid etmək olar. Zəncan bayatılarında
zülm və ədalətsizliyə kəskin
tənqidi yanaşmanı
üç aspektdə
araşdırmaq mümkündür:
birincisi, ümumtürk
aspektidir ki, bu, türk xalqlarının
zaman-zaman yaşadığı
bəlaların folklor
materiallarında, o cümlədən
bayatılarda əksidir.
Folklor materiallarındakı bu məzmunu türk xalqlarının differensiyasına
qədərki dövrlərə
aid hadisələrin ifadəsi
hesab etmək olar. İkincisi, ümumi Azərbaycan
aspektidir ki, bu məzmunlu bayatılar həm quzey, həm də Güney Azərbaycanda müştərək
baş verən müxtəlif ictimai-siyasi
proseslərin doğurduğu
zülmə, ədalətsizliyə
qarşı münasibətin
ifadəsidir. Üçüncüsü,
sırf regional aspektdir
ki, bu, konkret
ərazidə baş verən ictimai-siyasi hadisələrlə bağlı
yaranır. Lakin folklorda konkret
tarixi müəyyənləşdirmək
mümkün olmadığı
üçün bugünkü
folklor materiallarında,
eyni zamanda bayatılarda bu üç aspektin vəhdətini, bir-birinə
tam qovuşmasını görmək
mümkündür. Bütün bu
dediklərimizi Zəncan
folklor materiallarına
da aid etmək olar. Zəncan ərazisindən topladığımız
zülm və ədalətsizliklə bağlı
bayatılarda əsasən
iki münasibət özünü göstərir:
birincisi, zülm və ədalətsizlik edənlərə qarşı
kəskin etirazın ifadə olunması; ikincisi isə zülmün, ədalətsizliyin
ağrı və acılarının emosional
ifadəsi. Zülm və ədalətsizliklə
bağlı bayatılarda
zülmkarlara, ədalətsizlərə
qarşı kəskin
etiraz güclüdür.
Səid Rza Bayat,
araşdırmaçı
Xalq Cəbhəsi.- 2013.- 10 yanvar.- S.14.