Əlilliyi olan uşaqların problemləri

 

Onların əksəriyyəti həmyaşıdları ilə birlikdə bir çox imkanlardan yararlana bilmirlər

Rəsmi statistikaya görə, Azərbaycanda 60 minə yaxın əlilliyi olan uşaq var. Onun 12 minə yaxını təhsilə cəlb olunur, böyük əksəriyyət isə təhsildən kənarda qalır. Statistikaya görə əlilliyi olan uşaqların böyük bir hissəsinin yaş həddi məktəbəqədər yaş dövrünü əhatə edir. Lakin ölkədə fiziki qüsurlu uşaqların əksəriyyəti həmyaşıdları ilə birlikdə təhsildən yararlana bilmir. Məktəbəqədər təhsildən yararlana bilməmələri onların ümumi məktəb həyatına da əngəl törədir və cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Çünki məktəbəqədər təhsil hər bir uşaq üçün önəmlidir. Belə ki, məktəbdən əvvəl bağçada təhsil almış uşaqlar oxumağı, yazmağı digərlərinə nisbətən daha tez qavrayırlar. Xüsusilə əlilliyi olan uşaqların məktəbəqədər təhsil formasından yararlanmadıqda ümumi təhsilə keçmələri onların qavramalarında müəyyən çətinliklər törədir.

Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin reabilitasiyası ilə məşğul olan «Göy qurşağı» yardım mərkəzinin direktoru Yeganə Məmmədəliyeva bildirir ki, ölkədə əlilliyi olan uşaqların məktəbəqədər təhsil səviyyəsi yox dərəcəsindədir: «Azərbaycanda əlilliyi olan uşaqların məktəbəqədər təhsildən yararlanmaları üçün xüsusi uşaq bağçaları yox səviyyəsindədir. Biz Təhsil Nazirliyi və UNİSEF-in xətti ilə normal uşaqların oxuduğu bağçalarda bir neçə qrup yaratdıq. Amma onların kütləvi şəkildə təhsil almaları üçün bu qruplar kifayət etmir. İnkluziv təhsil proqramını tətbiq etdikdə isə valideynlərin münasibəti birmənalı olmur. Düzgün inkişaf etmiş uşaqların valideynləri övladlarının əlil uşaqlarla birlikdə təhsil almalarına qarşı çıxırlar. Bunun əsas səbəbi isə onların bu istiqamətdə düzgün yönləndirilməmələridir. Buna görə də bu mövzuda valideynlər arasında maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Çünki əgər tərbiyəçilər, ümumi qrup hazırdırsa, əlilliyi olan uşaqları ora cəlb etmişiksə, lakin normal uşaqların valideynləri bunu qəbul etmirsə, biz bunu tətbiq edə bilmərik».

Xatırladaq ki, inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrində sağlam uşaqlarla birgə təhsil almasıdır. Proqrama görə, əgər bir qrupda 20 nəfər uşaq varsa, bunların ikisi və ya üçü fiziki qüsurlu uşaqlar olmalıdır. Fiziki qüsurlu uşaqların təhsilə cəlb edilməsində əsas problemlər haqqında məlumat verən Yeganə xanım təhsildən kənar qalan əlillərin insanlarla ünsiyyətdə çətinlik çəkdiyini deyir: «Əlilliyi olan uşaqların təhsilə cəlb edilməsində əsas problemlərdən birincisi valideynlərin uşaqların hüquqlarını bilməməsindən irəli gəlir. Onlar elə hesab edirlər ki, əgər uşaqları qüsurludursa təhsil ala bilməz. Bir çox hallarda qüsurlu uşaqlar məhz bu səbəbdən təhsildən kənarda qalır və cəmiyyətə inteqrasiyası zəif olur».

Qeyd edək ki, Avropada əlilliyi olan uşaq anadan olubsa, artıq doğum evindən müvafiq qurumlara məlumat verilir. Orada 0-dan 3 yaşına qədər ailələrə sosial işçilər cəlb olunur. Onlar uşağın valideynləri ilə söhbət aparır, onlarla nə etmək, necə işləmək, övladlarının hansı bacarıqlarını inkişaf etdirmək lazım olduğu haqqında məlumat verirlər. Üç yaşına qədər uşağın tədrisi ev şəraitində aparılır. 3 yaşından 6 yaşına qədər olanlar uşaq bağçalarına göndərilir, 6 yaşından 18 yaşına qədər olanlar məktəblərə göndərilir, sonra ali təhsil, daha sonra iş yerlərinə ezam edilir. Əgər uşağın təhsili qavrama səviyyəsi aşağıdırsa, bu zaman o, hansısa texniki peşəyə yiyələnir.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri Nazir Quliyev deyir ki, bununla bağlı qanunvericilikdə boşluq var. Bu səbəbdən fiziki qüsurlu uşaqların təhsilə cəlb olunması və inkluzivliyi təmin olunmur: «Araşdırmalar göstərir ki, təhsilə cəlb olunan əlil uşaqların böyük əksəriyyəti evlərində təhsil alırlar. Lakin evdə təhsil almaq üsulu müasir dövrdə səmərəli deyil. Burada əsas məsələ onların cəmiyyətə inteqrasiya olunmasıdır, bunun üçün də əlil uşaqlar öz həmyaşıdları birlikdə təhsil almalı və ünsiyyətə girməlidirlər. Bundan əlavə, qanunvericilikdə boşluqlar olduğu üçün fiziki qüsurlu insanların infrastruktur baxımından problemləri var. Onların hərəkəti üçün lazımi şərait yaradılmır və nəqliyyatdan rahat istifadə edə bilmirlər. Burada kompleks təminetmə olmalıdır. İnfrastruktur düzgün qurulmalıdır. Onların cəmiyyətə inteqrasiyası üçün əsas məsələlərdən biri isə valideynlərin maarifləndirilməsidir. Təcrübədə göstərilir ki, əlilliyi olan uşaqların valideynləri uşaqların cəmiyyətə qaynayıb-qarışmasında, təhsil almasında və gələcəyinin düzgün təməl üzərində qurulmasında böyük rol oynayır».

Nazir Quliyevin sözlərinə görə, əlil uşaqların təhsil almaması onların gələcək həyatında böyük fəsadlar yaradır: «Əlil övladı olan hər bir ailə bilməlidir ki, uşaqların kiçik yaşlarından təhsil almaları olduqca vacib məsələlərdəndir. Çünki uşaq təhsil ala bilməyərək cəmiyyətdən kənarda qalır və gələcəkdə ailənin üzərinə yük olur, özünü cəmiyyətə yararsız insan kimi hiss edir. Ailənin gəlir gətirən üzvü isə məcbur olur ki, əmək fəaliyyətini saxlayıb uşağa baxsın. Bundan əlavə, əlillərin əmək fəaliyyəti ilə məşğul olmamaları cəmiyyətdə sosial yükün ağırlaşmasına gətirib çıxarır. Amma onlar peşə təhsili alsalar, lap kiçik yaşlarından əmək fəaliyyətinə cəlb olunsalar, cəmiyyətə faydalı insan olarlar və yükə çevrilmirlər. Təcrübələr də göstərir ki, təhsili olan fiziki qüsurlu insanın digər insanlardan heç bir fərqi yoxdur, sadəcə, onlara uşaqlıqdan qayğı göstərərək düzgün yönləndirmək lazımdır».

Yeganə Məmmədəliyeva xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə uğurla inteqrasiya olmaları üçün «Finlandiya» təhsil modelinin örnək olaraq götürülməsini təklif edir. Mərkəz direktorunun fikrincə, «Fin» modelinin tətbiqi əlil uşaqların təhsil alması üçün uğurlu variant ola bilər: »Ölkədə əsasən, inklüziv bağçalar var ki, bunların da sayı azlıq təşkil edir. Amma son dövrlərə qədər mövcud olan xüsusi bağçaların hamısı özəlləşdirilib, ağır dərəcəli xəstə uşaqlar isə inklüziv təhsilə qəbul edilmir. Nəticədə, belə uşaqlar cəmiyyətdən təcrid olunur və evə qapanır. Üstəlik, problemli uşaqlar ümumi bağçaya qəbul edilmir. Nəticədə ağır dərəcəli əlil uşaqların yalnız 1-2 faizi ali təhsil ala bilir. Ağır dərəcəli əlil uşaqlar məktəb dövründə elə də böyük problemlərlə üzləşmirlər. Lakin məktəbi bitirən belə uşaqların ancaq 1-2 faizi peşə və ali təhsil ala bilir. Digərləri təhsildən kənar qalırlar, əldə etdikləri bacarıqları həyatda tətbiq edə bilmirlər. Çünki onlar üçün iş yerləri yoxdur. Bizim sərf etdiyimiz əmək də nəticəsiz qalır. Amma məsələn, «Finlandiya» modelində bu cür uşaqlar üçün də iş yerləri nəzərdə tutulub. Ağır dərəcəli uşaq və yeniyetmələr üçün iş yerləri açmaqla, onların cəmiyyətə yararsız olmadıqlarını hiss etdirmək mümkündür. Düzdür, «Finlandiya» modelinin tətbiqi böyük maliyyə vəsaiti tələb edən işdir, bu baxımdan biz hökumətin tərəddüdünü də anlayışla qarşılayırıq. Bununla belə ümid edək ki, 5-10 ilə bu modeli ölkəmizdə reallaşdırmaq mümkün olacaq. Çünki dövlətin əlillərə münasibəti onun mədəniyyətinin və müasirliyinin göstəricisidir. Məsələn, xaricdə əlil uşaq və yeniyetmələrin reabilitasiyasına maliyyə vəsaiti ayıran şəxslərin müəyyən qədər vergiləri azaldılır. Bizdə də bu metoddan yararlanmağın faydası olardı».

Yeganə xanım cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan uşaqlara biganə münasibət bəslədiyini də qeyd edir. Onun sözlərinə görə, bəzi valideynlər əlil övladlarının qınaq obyektinə çevrilməməsi üçün onları evə təhkim edirlər. Mərkəzin əsas məqsədlərindən biri də məhz valideynlərin maarifləndirilməsidir.

«Ümidli gələcək» Gənclər Birliyinin sədri Nabil Seyidov təhsil müddətində də uşaqlarda əlilliyin yaranma ehtimalı olduğunu bildirir: «Məktəbli uşaqlar arasında təşkilatımız monitorinq keçirmişdi. Monitorinq nəticəsində məlum oldu ki, məktəblilərin çantası onların çəkisi ilə uyğunlaşmır. Çantalarda kitab və dəftər ləvazimatlarının çəkisi 5 kq-dan artıq olur. Nəticədə məktəbli uşaqların bir çoxunda sikaliyoz, kipnoz və bir çox onurğa xəstəlikləri yaranır. Əlbəttə bu çox ciddi məsələdir, əlilliyə səbəb olan faktlardan biridir.

Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilov isə əlil uşaqların məktəbdə təhsil almasında maneələr olduğunu deyir: «Məktəbə getmək istəyən əlil uşaq ictimai nəqliyyatdan necə istifadə edə bilər? Elə uşaq var ki, əlil arabasına möhtacdır. Fiziki qüsuru olan uşaqlar gərək daim valideyn nəzarətində olsunlar. Uşaq mütləq kiminsə köməyi, yardımı ilə hərəkət etməlidir. Bəlkə məktəbdə onun hansısa bir ehtiyacı yarandı. Ona kim kömək edəcək? Həm də ümumilikdə məktəb-şagird timsalında cəmiyyətin əlilliyə münasibəti normal deyil. Bilirsiniz, nəinki şagirdlər, uşağın həmyaşıdları, eyni zamanda müəllimlər, pedaqoji kollektiv əlil uşaqla davranış, ünsiyyət qaydalarını bilməli, onların cəmiyyətin ayrılmaz bir təbəqəsi olduğunu qəbul etməyə hazır vəziyyətə gətirilməlidir.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimlinin sözlərinə görə, dünya ölkələrinin əksəriyyətində əlillərin sayı ölkə əhalisinə nisbətdə 10-15 faiz təşkil etdiyi halda Azərbaycanda bu göstərici 5 faizdən artıq deyil. Bu statistikanın Azərbaycan üçün o qədər də təhlükəli olmadığını deyən Davud Rəhimli qeyd edir ki, ölkənin əlil vətəndaşlarının ən vacib problemlərindən biri təhsillə bağlıdır. Onun sözlərinə görə, hazırda Azərbaycanda rəsmi qeydiyyatda olan 60 minə yaxın əlil uşaqların yalnız 7 min nəfərə yaxını təhsil ala bilir. Bundan başqa, fiziki sağlamlığı məhdud olan uşaqlardan 268-i inklüziv təhsilə cəlb edilib. Davud Rəhimlinin fikrincə, «Təhsil haqqında» qanunda fiziki sağlamlığı məhdud olan məktəb yaşlı əlillərin təhsilə cəlb edilməsi ilə bağlı xeyli qüsurlar var: «Ölkə üzrə əlil uşaqların sayı ilə təhsilə cəlb olunan fiziki qüsurlu uşaqların sayının əhəmiyyətli şəkildə aşağı olmasının obyektiv və subyektiv səbəbləri var. Ancaq bizi narahat edən məsələ bu səbəblərin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməməsidir. Çünki Milli Məclisin qəbul etdiyi «Təhsil haqqında» qanunda inklüziv təhsillə bağlı məqamlar istənilən səviyyədə deyil. Bu sahədəki qanunvericilik aktlarında beynəlxalq konvensiyalara uyğun çox ciddi addımlar atılmalıdır».

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2014.- 10 yanvar.- S.13.