1937-ci ildə fikir və söz
azadlığına qarşı terror
Repressiya görkəmli
alimləri, şair və yazıçıları məhv elədi
I yazı
Artıq
tarixə dönmüş Sovet totalitarizminin insanların fikir,
söz və məlumat azadlığına qarşı
olması yaşanmış
gerçəklikdir. 1937-ci il hadisələri buna ən
gözəl sübutdur.
Bu,
acı bir tarixdir: 1937-ci il oktyabrın 12-dən 13-nə
keçən gecə Azərbaycanın tanınmış
yaradıcı adamları Əhməd Cavad, Bəkir
Çobanzadə, Böyükağa Talıblı, Vəli
Xuluflu, Məmmədkazım Ələkbərli, Hənəfi
Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildi.
XX
yüzilin əvvəllərində dövlətsizlik fəlakətini
yaşayan Azərbaycanın bu fəlakətə son qoyması
üçün tarixi şans yaranmışdı. Azərbaycanın
uca millətçi ziyalıları — M.Ə.Rəsulzadə,
F.X.Xoyski, M.Topçubaşov və başqaları belə bir
gərgin zamanda milli mücadilənin önündə
dayanır, xalqı dövlətçilik ruhunda kökləməyə
çalışırdılar. Lakin onların bütün cəhdlərinə
baxmayaraq dövran Azərbaycanın müstəqilliyinə
qarşı idi. Azərbaycan hərtərəfli şəkildə
ölüm halqasına alınmışdı. 1920-ci il 28
aprel işğalından sonra Rusiya Azərbaycanda illərlə
kütləvi həbslər apardı, dəhşətli qətllər,
qarətlər törətdi. Bu, Stalinin amansız repressiya
maşınının bütün gücü ilə işə
düşdüyü zamanlarda daha da tüğyan etdi. Azərbaycanın
işğalından sonra müxtəlif ölkələrdə
ağır mühacirət həyatı yaşamağa məcbur
olan Məhəmməd Əmin Rəsulzadə yazırdı:
«Bolşeviklərin qarşılaşdığı ən
böyük çətinlik ədəbiyyat sahəsində
idi. Onlar Azərbaycanda «proletar mədəniyyəti»ni bərqərar
etmək istəyirdilər. Qısaca «proletkul»
adlandırılan bu formulun mənası «formaca milli, məzmunca
kommunist» olan bir ədəbiyyatdır. Lakin bolşeviklər bu
arzularına heç cür çata bilmirdilər.
Çünki bu iş üçün hazırlanmış
kadrlar yox idi. Məktəb kimi ədəbiyyat da uzun müddət
kommunizmə yabançı olan ideoloqların təsiri
altında qaldı. 1937-ci ilə qədər bu sahədəki
əsil hakimiyyət «inqilabdan» əvvəlki qələm sahiblərinin
əlində idi. Bu iddianı təsdiq edən dəlil və
hadisələr «Çağdaş Azərbaycan ədəbiyyatı»
mövzusunda oxuduğumuz məruzədə
danışıldığından burada təfsilata varmayaraq
yalnız sovet ədəbiyyatından mövzuya aid olan bir
neçə sətri nümunə gətirəcəyik…»
M.Ə.Rəsulzadə
daha sonra yazır ki, 1929-cu ilin 5 oktyabr tarixli Bakıda
çıxan «Kommunist» qəzetində o zamankı maarif
nazirinin yazıçıların qurultayındakı
çıxışında belə məqama rast gəlirik:
«Azərbaycan işçiləri arasından çıxan
şair və yazıçıların sayı gündən-günə
artmaqdadır. Yazıçıların bu nəslinin
«Müsavat» dövründə xəbəri yoxsa da, yenə
Cavadın (milli şair Əhməd Cavad nəzərdə
tutulur — M.Ə.Rəsulzadə) milli məktəbi təsirinə
düşür və milli Azərbaycan ruhunda ədəbiyyat
yaradırlar. Həticədə Azərbaycanın gənc
yazıçıları uydurulmuş rus təhlükəsinə
qarşı çıxır və «Bağımsız Azərbaycan»
şüarını idealizə etməyə
başlayırlar. Almas (Almas İldırım — M.Ə.Rəsulzadə),
Əbdül, Müşviq (Mikayıl Müşviq),
Hüseynzadə. Bunlar bir-bir millətçi olaraq proletar
Yazıçılar İttifaqından və Kommunist
Partiyasından çıxırlar. İndi isə Cavadla
birlikdə üçrəngli Azərbaycan
bayrağını tərənnüm edirlər».
Araşdırmaçı,
şair Rəhman Babaxanlı Azərbaycan ədəbiyyatının
repressiya dövründə göstərdiyi hünərlərə
görə onun rəşadətindən daim bəhs edilməli
olduğunu deyir: «İstəyirəm ki, Azərbaycan ədəbiyyatına
qiymət verən hər bir ziyalı repressiya dövrünə
qiymət verəndə M.Ə.Rəsulzadənin fikrini
xatırlasın. Qoy hər kəs, xüsusən də yeni nəsil
bilsin ki, Azərbaycan ədəbiyyatı kommunizmə
qarşı necə sinə gərərək
döyüşüb, nə qədər qurbanlar verib. Gənc
nəsil o insanların gözlərində, ürəklərində
qalan arzularını böyütməlidirlər. Belə
obrazlar bizə lazımdır. Bu tarixi xüsusən gənclərimiz
yaxşı bilməlidirlər. Hər halda bu tarixə hələ
də laqeydlik var. Təəssüf ki, unutqanlıq davam edir.
Özbək türkü Xalid Səid Xocayev Mahmud
Kaşğarlının «Divani-lüğət-it-türk» əsərini
tərcümə etdiyinə görə həmin gecə
güllələnənlər sırasında olub. Həmin gecə
xeyli başqa adamlar güllələnib. Repressiya təbiidir
ki, ilk növbədə alimlərin, aydınların
başında çatlamalıydı. Azərbaycan ruhunu
yaşadan hər bir kəs bizə doğmalarımızdan da əziz
olmalıdır. Bu şəxsiyyətlərin çəkdikləri
millət üçün olub. Bunlar Azərbaycana gələn
qada-balanın qabağına çıxan adamlar idilər. Bu,
o zaman idi ki, güllələr hamımıza
açılırdı. Bu adamlar güllə qabağında
durarkən fikirləşirdilər ki, yəqin bu millət bizi
unutmaz, yada salar. O dövrdə hansı müttəfiq
respublikada bu qədər qadın represiyaya məruz qalıb?
Güllələnənlərin hamısının
qadınları həbs olunurdu. Əhməd Cavadın
qadını Şükriyyə xanım, Bəkir Çobanzadənin
qadını Ruhiyyə xanım, Hənəfi
Zeynallının qadını Səyyarə xanım və
başqaları həbs olunub. Ermənistanda da repressiyalar olub,
amma erməni qadınları həbsxanalara, düşərgələrə
göndərilməyib. Yazıçılar
İttifaqının 60-a yaxın üzvünün 27 nəfəri
represiyaya məruz qaldı. Əgər Üzeyir bəy
axıra qədər yazıçı olsaydı, hər halda
onun taleyi o dövrdə acı bir sonluqla nəticələnəcəkdi.
1920-ci ilin aprelində bolşeviklərin gəlişindən
bir gün əvvəl «Azərbaycan» qəzetində
yazmışdı ki, ruslar Bakıya meyitimizin üstündən
girəcəklər. Bolşeviklər Üzeyir bəyi
güllələyə bilmədilər. Baxmayaraq ki, onun
adı siyahıda ilk yerdə idi. O zaman Üzeyir bəyin
yaxın qohumu Hənəfi Terequlov məlumatı alan kimi
özünü Həriman Hərimanova çatdırır. Hər
halda bu, həqiqətə çox oxşayır. Məncə,
Üzeyir bəy özünü xalqdan ötrü qorumaq
üçün ədəbiyyatdan, jurnalistikadan aralanmalı,
tamamilə bəstəkarlığa keçməli oldu».
Sovet imperiyası daha da azmanlaşdıqca məhvini yaradırdı, ancaq anlayırdı ki, yerində saymaq daha pis ölümdür. Bütün imperiyaların axırı yoxdur, amma imperiyalar çökərkən balaca sayılan, yüzillər boyunca qanı sorulan xalqların üstünə yıxılanda vəziyyət daha da acınacaqlı olur. Əslində tanınmış marksist fəlsəfəçisi Heydər Hüseynov da repressiyaya məruz qalmışdı. Fitrəti ona deyirdi ki, ləyaqəti məhz zamandan, gedişatdan uca olmaqla qorumaq mümkündür. Əvvəlcə sürətlə vəzifədən uzaqlaşdırıldı, sonra isə cəmiyyyətdə onun gözdən salınma kampaniyasına başlandı. Bütün bunlar isə Heydər Hüseynovun xarakterindəki problemin daha da düyünlənməsinə səbəb oldu. Nəticədə cəmiyyətin gözündən salınan, vəzifəsindən uzaqlaşdırılan, psixi durumu gərgin vəziyyətdə olan Heydər Hüseynov 42 yaşında intihar etdi. Sovet dövründə, xüsusən də 30-cu illər repressiyası zamanı yazıçıların müstəqilliyinə hər mənada qadağalar qoyulması onların yaradıcılıqlarına, hər şeydən əvvəl isə psixikalarına olduqca mənfi təsir edib. Sovet dövründə yazıçının nəzarət altında saxlanması şübhəsiz, onun idraki-bədii keyfiyyətlərini istədiyi kimi, azad şəkildə ifadə etməsinə ciddi əngəl törədirdi. Yalnız Hüseyn Cavid zamanın tələbinə boyun əymədi, axıradək dəyişməz qaldı. Repressiya dövründə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli simaları məhv edildi. İmperiya yaradıcı insanları sıradan çıxarırdı, amma Üzeyir Hacıbəyovu, Səməd Vurğunu saxlayırdı. Həmin fərdlərin yaradıcılığının imperiya yönündə köklənməsi üçün onların qarşısında amansız şərtlər qoyulurdu. Bu tipli yüksək bədii — yaradıcı keyfiyyətləri özündə daşıyan insanların müəyyən dövrdən sonra stress, psixoloji gərginliklər ucbatından rastlaşdıqları xəstəliklər ictimaiyyətə məlumdur.
Krımtatar ədəbiyyatının araşdırıcısı Mahmud Allahmanlı deyir ki, 37-ci ilin ilk məşəqqətlərini yaşayanlardan biri də Bəkir Çobanzadə olub. Krımda burjua ideoloqu kimi təqib olunan Bəkir Çobanzadəyə hücumların növbəti dalğası Bakıda başlandı. Bu ittihamla da böyük işgəncələrə məruz qaldı, nəticədə 1937-ci il oktyabrın 13-də güllələndi. Eyni zamanda onun neçə-neçə çap olunmamış əlyazması təqib olundu, itdi-batdı. Bu da Bəkir Çobanzadənin güllələnməsinin davamı idi: «Dədə Qorqudun dili» adlı əsəri, Füzuli, Nəvai, Xətai haqqında çap olunmamış monoqrafiyaları yox edildi. Bütün bu fəaliyyəti və taleyi ilə Bəkir Çobanzadə araşdırmalara daha çox ehtiyacı olan tədqiqatçıdır.
Ötən yüzilin 20-30-cu illərində Azərbaycanda həyata keçirilən repressiya ədəbiyyata təsirini göstərdi. Professor Bədirxan Əhmədov «Ədəbiyyat və repressiya: xarakteri, genezisi və yanaşma meylləri» mövzusunda araşdırma aparıb. O, bildirir ki, 30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi, şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır: «Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi həbsi və məhvi ilə nəticələnmişdi. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü. Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar Stalin və Beriyanın repressiya «sunamisi» bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltəraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu. Repressiya — bir fərdin digərinə qarşı törətdiyi lokal hadisə deyil, sovet dövlət aparatı tərəfindən törədilmiş ictimai-siyasi məzmunlu kütləvi hadisədir. Repressiya — ədəbi hadisə deyil, cəmiyyətin bütün təbəqələrini əhatə edən siyasi aksiyadır. Repressiya — milli hadisə olmadığı üçün onun nədənlərini yalnız milli coğrafiya ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bu gün mötəbər sənəd kimi istinad etdiyimiz istintaq sənədləri tamamilə yalan və saxta faktlara əsaslandığından oradakı ifadələrin doğrudanmı həmin şəxsə mənsub olub-olmadığı, ona məxsus olsa belə hansı yollarla alındığı nəzərə alınmalıdır».
İstintaq sənədlərinin əksəriyyətində insanların böyük bir qismi Mərkəzdə Stalinə, yerlərdə (Azərbaycanda M.C.Bağırov) I katiblərə olunan sui-qəsdlərdə iştirakına görə günahlandırılırdı. Buna baxmayaraq istintaq zamanı dindirmələr, demək olar, bu aspektdə gedir və repressiya karuselinin tipik əsasını təşkil edirdi. O ki qaldı şair və yazıçılara, xalq içərisində məşhur olan sənətkarlara, onlarla da eyni metodla istintaq aparılıb, saxta ittihamlarla günahlandırılıblar. Araşdırmalar göstərir ki, bütün bu ittihamların əsasında saxta və yalançı şahidlər, təsdiq olunmayan müstəntiq xəyalının məhsulu olan «faktlar» dayanırdı».
Uğur
Xalq Cəbhəsi.-
2014.- 10 yanvar.-S.11..