Dini plüralizm

 

Müxtəlif dinlərin Allah barədə ziddiyətli təsəvvürlərini eyni vaxtda həqiqətə uyğun hesab etmək olarmı?

Biz müxtəlif əqidə və mədəniyyətlərin zühur etdiyi əsrdə yaşayırıq. Bu gün insanlar planetin ən ucqar nöqtələrinə səyahətə çıxır, fərqli adət-ənənələr və mədəniyyətlərlə tanış olurlar. Müasir həyatın bütün sahələri kimi dini etiqad sahəsi də rəngarəngliyi ilə insan üçün adiləşib.

Fəlsəfə doktoru Mail Yaqubun fikrincə, bu gün insan təfəkkürünü nisbiliyin kuliminasiya nöqtəsində bilsək, yanılmarıq. Müasir postmodernist filosoflardan olan Jak Derrida postmodernizm dövrünün ən əsas cəhətini onun tam şəkildə nisbiliyi təbliğ etməsində görür. Derridanın fikrincə, müasir təfəkkürə əsasən, indiyə qədər yaxşı və pis adlandırdığımız məfhumları daha bu adla hissələrə bölə bilmərik. Postmodern sistem hər hansı predmetə birmənalı münasibət bildirməyi mənasız hesab edir. Əvvəllər pis adlandırdığımız insanlar və onların çirkin əməlləri indi normal təqdimat və qürurlanmaq hüququ qazanıb.

İnsanların aksiom şəklində təsdiq etdikləri qanunlar bu qədər nisbilik hücumuna məruz qalırsa, dini etiqad və ayinlərin vəziyyəti tam aydındır. Bəşər həyatının müxtəlif sahələrindəki çoxluğu və müxtəlifliyi təbliğ edən, eyni zamanda onların hamısını eyni vaxtda təsdiqləyən baxış plüralizm adlanır. Plüralizm latın dilində «plüral» sözündən götürülüb və «çox» mənasını ifadə edir. Məqsədimiz plüralizmin din sahəsindəki cərəyanı və bu cərəyanın digər dini baxışlarla fərqini araşdırmaqdır.

Dini plüralizm yeni ilahiyyatın və din fəlsəfəsinin mühüm bəhslərindən biri sayılır. Bütün dinlərin haqq olduğunu israr edən bu cərəyanın banisi keşiş və filosof Con Hikdir. O, XX əsrin ortalarında bu məsələni din fəlsəfəsində müzakirəyə çıxarıb. Onun plüralist görüşlərlə çıxış etməsinin əsas səbəbi bir çox dinlərə mənsub insanlarla həmkarlıq etməsi idi. Bu əlaqələr onu müxtəlif dinlər barədə düşünməyə vadar etdi və nəhayət, Hik xristianlıqla bağlı əqidələrindən daşınaraq bütün dinlərə sitayiş edən insanların səadətə çatacağına inandığını bildirdi.

Con Hikin dini plüralizm haqqında fikirlərinin izahına keçməzdən öncə müqəddimə olaraq deməliyik ki, din fəlsəfəsinin ən aktual mövzularından birinə çevrilən dini plüralizm bəhsi etika və ya sosiologiya mənzərəsindən tədqiq olunmur. Burada ortaya qoyulan suallar sırf rasional xarakter daşıyır. Yəni dinin çoxluğunu təsdiq etməkdə məqsəd müxtəlif dinlərə etiqad edən şəxslərin bir-biri ilə tolerantlıq şəraitində yaşaması deyil. Çünki dini plüralizmi rədd edənlər belə başqa dinlərə mənsub insanlarla sülh şəraitində yaşamalıdırlar.

Con Hik (1922) din çoxluğu mövzusundakı nəzəriyyələri üç hissəyə ayırır. Bunlar inhisarçı baxış, (eksklüzivizm,) dinin çoxluğunu tam təsdiq edən baxış (pülüralizm) və hümullu baxışdan (inklusivizm) ibarətdir.

Dini etiqadda inhisarçı mövqedən çıxış edənlərin fikrincə, xoşbəxtlik, qurtuluş, kamillik, dinin nəhayət amalı hesab olunan hər hansı bir zirvə yalnız bir din vasitəsi ilə əldə oluna bilər. Başqa dinlərin hər hansı biri müəyyən miqdarda həqiqətə malik olsalar da, təkcə bir din səadət yolunu göstərə bilər. Beləliklə, digər dinlərə pərəstiş edənlər etika baxımından doğru yolda olsalar da, öz dinləri onları xoşbəxtliyə çatdıra bilməz. Biz bəşəriyyətin qurtuluşu üçün yeganə səadət yolunu onlara təqdim etməliyik. Məhz bu inanca görədir ki, insanlar mənsub olduqları dini yüksək maraqla təbliğ edirlər.

İnhisarçılar öz əqidələrini sübut etməyə çalışırlar. Onlardan bir çoxunun fikrincə, səadət və xoşbəxtlik yalnız Tanrının insanlara mərhəmətindən asılıdır. Bu səbəbdən ilahi mərhəmətin harada təzahür etdiyini bilməliyik. Bizə qurtuluş bəxş edən ilahi mərhəmətin hansı dində zühur etdiyini bildikdən sonra səadət dalınca başqa dinlərin sorağınca getmək mənasız görünər.

Bütün dinlərdə inhisarçı baxışlar mövcuddur. Yəni hər bir dinə etiqad edən şəxs yalnız həmin dinin haqq olmasına inanır və başqa dinləri batil hesab edir. Belə olan halda dindaxili dəlillərlə insanları başqa bir dinə dəvət etmək olarmı? Burada ancaq dini inancın fövqündə dayanan rasional sübutlar ortaya qoyulmaldır. Bu isə Bartın iddialarında müşahidə olunmur.

Bartın görüşləri digər bir məsələni də həll edə bilmir. İsa Məsihin Allaha qovuşmaq və bu yolla səadətə çatmaq yeganə vasitə olduğundan xəbərsiz sadiq, fədakar və xeyirxah bir şəxsin xoşbəxtlik hüququndan məhrum qalması mehriban Rəbbimizin mərhəməti ilə bir araya sığırmı? Şübhəsiz, Allahın rəhməti belə bir şəxsin bədbəxliyi ilə bir araya sığmır. Nəticə alırıq ki, dinə bu formada inhisarçı baxış heç bir əqli meyarla izah oluna bilməz.

 

 

Plüralist baxış

 

İnhisarçı yanaşmadan uzaqlaşıb bütün dinlərin həqiqətə uyğunluğuna inansaq, dini plüralizm əqidəsinin təmsilçisi olarıq. Con Hik dini plüralizm nəzəriyyəsinin təmsilçisi olaraq bir neçə məsələni aydınlaşdırmağa çalışır.

Müxtəlif dinlərin Allah barədə ziddiyətli təsəvvürlərini eyni vaxtda həqiqətə uyğun hesab etmək olarmı? Hik bu sualın cavabında deyir: «Düzdür, bəzi dinlərdə ilahi varlıq qeyri-müəyyən, tərif verilməyən və insan həyatından xəbərsiz bir həqiqət kimi təqdim olunur. Halbuki başqa dinlərdə Tanrı həqiqəti müəyyən bir varlıqdır, yaradıcı və insan həyatında yüksək idarəedici rola malikdir. Allah həqiqətinin bu iki təqdimatı bir araya sığmır. Lakin biz mahiyyətin noumen və fenomen formalarını fərqləndirməliyik.

Hikin fikirlərini izah etməzdən öncə qeyd etməliyik ki, XVIII əsrdə məşhur alman filosofu İmmanuel Kant mahiyyəti iki hissəyə, yəni noumen və fenomenə ayırmaqla nəzəri fəlsəfədə yeni söz deyib. Kanta görə, həqiqətin bizə görünən və insanların dərk edə biləcəyi tərəfi fenomen, insanın hiss orqanları tərəfindən qavranmayan tərəfi isə noumen adlanır. Kant bildirib ki, insanlar həmişə fenomenlərlə qarşılıqlı əlaqə yarada bilirlər.

Con Hik dini plüralizmdə yaranan ilk suala Kantın tezisi ilə cavab vermək istəyir. Hik bildirir ki, din öz-özlüyündə bir varlıq və noumendir. Din noumeninə müxtəlif insanlar tərəfindən pərəstiş olunub. Bu vaxt hər bir şəxs öz baxışları və dünyagörüşü ilə dini araşdırmağa başlayır və nəticədə hər bir şəxs dindən özünəməxsus fenomen əldə edir. İnsanların dinlə bağlı düşüncələri tam həqiqətə uyğun olmasa da, biz onları qınaya bilmərik. Çünki hər bir insanın öz dünyası var və o yalnız öz mövqeyindən noumenləri təfsir etmək qabiliyyətindədir. Nəticə: din vahid bir həqiqət olsa da, dindarların müxtəlif baxışları onun rəngarəng fenomenlərə bölünməsinə səbəb olur. Bu isə qaçılmazdır.

Hik öz əqidəsini tam aydınlaşdırmaq üçün fil və kor kişilər misalından istifadə edir.

Həyatı boyu ev heyvanı görməmiş bir neçə kor kişinin yanına bir neçə fil gətirirlər. Onlardan biri əlini filin ayağına çəkib deyir: «Bu canlı bir sütundur». Başqası əlini onun xortumuna çəkib, filin böyük bir ilan olduğunu bildirir. Doğrudur, onlar öz fikirlərində yanılmamışdılar. Sadəcə, onların hər biri vahid həqiqətin bir tərəfini nəzərə alır və fikir bildirirdi. Hik hesab edir ki, insanlar arasında fili olduğu kimi görən bir şəxs yoxdur. Çünki biz insanlar hamımız həmin kor kişilər timsalındayıq. Bəzi filosoflar hesab edirlər ki, insanlar öz xüsusiyyətlərini bir araya gətirərək onları ülviləşdirib və dini məfhumları icad ediblər. Hik bu fikirlə müvafiqdir. Amma razılaşmır ki, din mənasız bir həqiqət kimi qələmə verilsin. İnsanların dinlə bağlı bu səyi onların ilahi varlığı dərk etmək istiqamətində düzgün çalışmalarıdır.

Bəs Hik plüralist görüşlərini təqdim edərkən Karl Bart kimi inhisarçı fikirli filosoflara necə cavab verir?

Hik inhisarçıların nəzəriyyələrinə əks olaraq səadətin təkcə insan nəslinə aid olmadığını vurğulayır və bildirir ki, xristianlığın bu barədə rəsmi mövqeyini qəbul etmir. Hik deyir: «İlahi ruh bütün insanlara təsir bağışlayıb, onları ilahiləşdirə bilər. İsa da digər peyğəmbərlər kimi insanın ilahi ruhla yaşamaq qabiliyyətini dirçəltməkdə ona köməkçi olur».

Hik burada digər bir məsələni önə çəkir. Bu hazırda din fəlsəfəsində müzakirə olunan əsas mövzulardandır. Dinin cövhəri nədir? Hik bu məsələyə öz münasibətini bildirir. Onun fikrincə, dinin cövhəri insanların daxili aləmini və mənəviyyatını, bir sözlə, şəxsiyyətini düzgün şəkildə formalaşdırmaqdan ibarətdir. Bu səbəbdən də o müxtəlif dinlərdə icra olunan dini ayinləri dinin əsl həqiqəti və cövhəri hesab etmir. Müxtəlif mədəniyyətlərə mənsub insanlar üzləşdikləri həqiqətlər qarşısında fərqli mövqe tuturlar. Din də belədir. Məhz buna görədir ki, onların həqiqət barədə təsəvvürlərindən müxtəlif dini təlimlər yaranır.

Con Hik dində plüralizm nəzəriyyəsini başqa bir formada sübuta yetirmək istəyir. Burada Allahın insanlara qarşı mərhəmətli olmasına önəm verilir. Hik deyir: «Allahın öz bəndələrini (insanları) sevməsi inkarolunmaz bir həqiqətdir. Əgər Allah bizə qarşı çox mehribandırsa və bizi sevirsə, mütləq doğru yola hidayət etməlidir. Allah elə xüsusiyyətlər tələb edir ki, bütün dinlərə sitayiş edənlər səadət və nicat əhli olsun. Təkcə bir dinə pərəstiş edən insanları xoşbəxt saymaq Allahın insanlara qarşı hədsiz sevgisi ilə bir araya sığmır. Başqa sözlə, dini çoxluq məsələsində ənənəvi dini nəzəriyyənin (inhisarçı baxışı) qəbul etsək, dindaxili paradoksla üzləşəcəyik.

Xristianlıq təlimlərində Allah yaradan, bütün varlığın maliki, bütün insanların səadətini istəyən və hədsiz xeyirxah bir varlıq kimi göstərilir. Digər tərəfdən isə insanın yalnız İsa Məsih vasitəsilə Allaha mömincəsinə cavab verməsi onun üçün xoşbəxtlik sayılır. Bu o deməkdir ki, Allahın insanlara qarşı hədsiz istəyinə baxmayaraq insanların çoxu səadət payından məhrum olunmuşlar. Çünki dünyaya göz açan insanların çox hissəsi ya Məsihdən qabaq yaşamışlar, ya da xristianlıq hüdudlarından kənarda qalmışlar».

Dini plüralizmin nəzəriyyəsinin Con Hikdən əlavə təmsilçiləri öz müddəalarını izah etmək üçün digər bir məsələni önə çəkiblər. Bu, hermenevtika elmində qəbul olunan bir nəzəriyyə ilə bağlıdır. Qeyd etməliyik ki, hər hansı bir mətnin obyektiv (qrammatik mənanı aydınlaşdırmaq) və subyektiv (müəllifin niyyəti) əsaslarla şərhini təqdim edən elm hermenevtika adlanır.

Mətnin şərhi ənənəsi qədim yunan fəlsəfəsindən başlasa da, yeni hermenevtika elmi XIX əsrdə alman filosofu Şileyer Maxer (1768-1834) tərəfindən yaradılıb. Hermenevtika elmindəki bir nəzəriyyədə bildirilir ki, izah edəcəyimiz hər bir mətn, xüsusilə müqəddəs mətnlər samit, yəni dinməzdir. İnsanlar bu mətnlərlə üzləşərkən onları öz təsəvvürləri ilə şərh edə bilərlər. Bu nəzəriyyəni təklif edənlərin fikrincə, mətn təbiətə bənzəyir. Təbiət öz-özlüyündə qaranlıq bir həqiqətdir. Mətn də bu xüsusiyyətə malikdir. Müasir yazıçılardan biri bu barədə fikirlərini belə izah edir: «Biz mətn dünyasında belə bir qeyri-müəyyənliklə üzləşirik: mətnin şərhinə diqqətli olsaq da, məna dünyası plüral dünyadır. Müəyyən bir mətndə istisna olaraq vahid məna əldə edə bilərik. Lakin bu, qayda deyil, istisnadır.

 

Qayda budur: vahid və həqiqi məna mövcud deyil, araşdırmada müxtəlif düzgün mənalar alına bilər. Mətn dünyasında müəllifin niyyətinə uyğun mənanı həqiqi məna hesab edə bilmərik. Hər hansı bir mənanı ifadə etmək istəyən müəllif yalnız mətnin bir mənasını anlaya bilmişdir. Başqa mənalar isə onun düşüncəsindən kənarda, mətnin şərhində verilə bilər.

Beləliklə, dini plüralizm nəzəriyyəsi hermenevtika elmindəki bir nəzəriyyə ilə başqa bir formada sübuta yetir. Belə ki, hər bir dində müqəddəs mətnin izahı müxtəlif aspektlərdən həyata keçə bilər. Nəticədə müxtəlif dinlər yarana bilər. Bu isə tam məntiqəuyğundur.

 

Tənqid və mülahizələr

 

Dini plüralizm nəzəriyyəsi tolerant həyata uyğun baxış olsa da, bu nəzəriyyə fəlsəfi baxımından araşdırılır. Bu vaxt dini plüralizm baxışı bir neçə cəhətdən tənqid obyektinə çevrilir. Öz mülahizələrimizi üç müxtəlif cəhətdən təqdim edəcəyik.

 

a) Houmen və fenomen

 

Plüralistlərin sözlərindəki birinci məqam dini təfsir və təsvirləri əsas götürmək, dinin əsas mahiyyətini noumen hesab edərək onu insanların dindən əldə etdikləri təsvirdən, yəni fenomendən fərqləndirmək idi. Onlar deyirdilər ki, bütün insanlar bir həqiqətlə üzləşirlər. Dini rəngarənglik isə insanların idrakındakı təbii fərqlərdir.

Burada plüralistlərin qarşısında mühüm bir sual qoyulur: bu nəzəriyyəyə görə hansı vasitə ilə müəyyən etmək olar ki, bütün dinlər yalnız bir varlıq barədə danışırlar. «Fil və kor kişilər» dastanında kor kişilər necə yəqinləşdirə bilərlər ki, onların hamısı bir varlıq barədə şərh verirlər? Hərçənd bu şərh müxtəlif aspektlərdən verilir. Bu sualın cavabı qaranlıqdır. Çünki kor kişilərin təkcə bir yolu var. Onların inandığı bir şəxs gözü ilə fili görür və onlara bu məsələni açıqlayır. Yəni onlara deyir ki, siz hamınız bir heyvan barədə danışırsınız. Bu zaman onlar öz ixtilaflarını həll etməyə başlayırlar və yaxud buna cəhd edirlər.

Dini çoxluq məsələsinə qayıdırıq. Müxtəlif dinlərə sitayiş edən insanlar hansı yolla yalnız bir məbuda sitayiş etmələrini kəşf edirlər? Yalnız bir yol var. Bu yol vahid həqiqəti olduğu kimi müşahidə edən şəxsin insanlara bunu xəbər verməsidir. Lakin bu ehtimal plüralistlər tərəfindən rədd olunur. Onlar bütün insanları istisnasız olaraq kor kişilər timsalında görürlər. Belə çıxır ki, həqiqəti müşahidə edən şəxs mövcud deyil.

Digər bir tərəfdən plüralistlərin noumen və fenomen formulu əsasında dini plüralizmi izah etmələri skeptisizmlə nəticələnir. Skeptsizm eramızdan əvvəl IV əsrdə yaranmış, obyektiv gerçəkliyin dərki imkanını inkar edən fəlsəfi konsepsiyadır. Bu ideyaya görə insanlar xarici dünyadakı varlıq barədə həqiqi təsəvvür və biliyə malik ola bilməzlər.

Con Hikin plüralist görüşlərində, eynilə skeptsizmdə olduğu kimi, insan zəkasının ilahi varlığı dərk edə bilməsi rədd edilir. Plüralistlər düşünürlər ki, insan obyektiv varlığı dərk edərkən yalnız fenomenləri (varlığı olduğu kimi yox, təkcə onun təzahürünü) zehnində canlandıra bilir.

Hikin «fil və kor kişilər» misalına qayıdırıq. Bu misaldan nəticə alırıq ki, biz həqiqətən də fil haqqında heç nə dərk edə bilmərik. Hətta xarici aləmdə fil adlı bir varlığın olmasını da yəqinləşdirmək imkanında deyilik. İlahi varlığın idrak prosesində də məsələ oxşardır. Bu misalı diqqətlə araşdırsaq görərik ki, Hikin bu təmsili bizə kor kişilərin həqiqəti düzgün dərk etmələrini yox, onların tam yanlış vəziyyətdə olduqlarını öyrədir.

Hik bu iradı rədd etmək üçün deyə bilər ki, bu təmsildə o filin varlığını öncədən təsdiq edib. Habelə ilahi varlığın gerçəkliyini əvvəlcədən qəbul edib. Lakin bu müddəa da iradsız deyil. Hikin dediyinə görə, insan zəkası ilahi varlıq barədə həqiqi idraka malik deyil. Bəs o bunu necə sübut edir? Başqa sözlə, plüralistlər iki yol ayrıcındadırlar. Bir tərəfdən biz Allah həqiqətindən aydın idraka çata bilmiriksə, dini etiqadımız əqidəsizliyə olduqca yaxınlaşır. Digər tərəfdən əgər biz Allahdan tam idrakla danışa biliriksə, bu vaxt ona tərif vermək üçün bir sıra müntəzəm cümlələrdən istifadə etməliyik. Nəticədə biz elə bir mövzu ilə üz-üzəyik ki, onun barəsində danışa bilirik. Deməli, tamamilə kor insanlar kimi deyilik və kor kişilərin hansı iddiasının düzgün olduğunu anlayırıq.

 

b) ilahi mərhəmət və insan hidayəti

 

Plüralistlərin fikirlərinin sübutu üçün ikinci dayaq nöqtəsi bu idi ki, Allahın insanlara qarşı həqiqi istəkləri və onlara doğru yol göstərmək lüzumunu nəzərə alsaq, təkcə dinə sitayiş edən bir qrup insanın xoşbəxt, qalanlarının isə bədbəxt olacağını inana bilərik. Bu prinsipi əsas götürənlərdən soruşuruq: Allahın mərhəmət sifəti nəyi bildirir? Allah insanları doğru yolla getməyə məcbur edir, yoxsa onlar öz iradə və istəkləri ilə hidayət olurlar? İnsanın həyat yolu seçimində azad olması onu bildirmirmi ki, bütün insanlar kafir olmaq istəsələr də, bunun qarşısını alacaq maneə yoxdur?

Bilməliyik ki, Tanrının insanlara qarşı mehribanlığı və onları düzgün yola dəvət etməsi bütün insanların düz yolda olmasına zəmanət vermir. Ümumiyyətlə, Tanrı insanları öz istəyincə yaşamağa məcbur etməyəcək.

 

c) müqəddəs mətn və onun şərti problemi

 

Öncə qeyd etdiyimiz kimi, plüralistlərin əsas götürdüyü üçüncü məsələ hermenevtika sahəsinə aiddir. Bu yöndə bir neçə həqiqəti nəzərə almalıyıq. Hermenevtikada qəbul olunan nəzəriyyənin dini plüralizmə tətbiqi dini çoxluğu yox, təkcə dindəki məzhəb çoxluğuna əsas ola bilər. Dini plüralizmdə mətnin müxtəlif aspektlərdən şərhi və bunun təsdiqi dini plüralizmdə həlledici rol oynamır. Biz burada heç bir müqəddəs mətnlə üzləşmirik. Ümumiyyətlə, müqəddəs mətn və onun şərhi məsələsi müəyyən bir dini qəbul etdikdən sonra gündəmə gəlir. Halbuki dini plüralizmdə müəyyən bir din rəsmləşdirilmir. Burada müxtəlif dinlər və müqəddəs kitablardan söhbət gedir.

Bundan əlavə, hermenevtikadan götürülmüş nəzəriyyə təkcə əqidə çoxluğunun yaranma səbəbini açıqlayır. Lakin bütün dini baxışların həqiqətə uyğun olmasını əsaslandıra bilmir.

Üçüncü məsələ budur ki, mətndaxili «həqiqi mənadan» söhbət açarkən məna zehn dünyasında yerləşən təbii bir varlıq kimi nəzərdə tutulmur. Həqiqi məna dedikdə müəyyən bir mətnin şərhində mötəbər sayılan bir neçə mənadan birinin müəllifin niyyətinə daha yaxın olması diqqət mərkəzində olur. Məna dünyasında biz yalnız müəllifin niyyətini izləyirik. Aydındır ki, hər bir söz müəllifi danışarkən və ya yazarkən işlədilən sözlərlə müəyyən bir mənanı çatdırmaq istəyir. Mətni şərh etmək məharəti ondadır ki, müəllifin nəzərdə tutduğu məna müəyyənləşdirilsin. Belə olmazsa, hər bir şəxs öz baxışları ilə mətni şərh etməyə çalışar. Bu isə tam məntiqsiz açıqlama olar.

Digər bir məsələ bəzi mətnlərin tam aydın və aşkar şəkildə müəyyən bir mənanı ifadə etməsidir. Bəzi mətnlərin şərhində müəyyən məharətlərə yiyələnmək zəruri görünmür. Çünki bu məharətin zərurəti qaranlıq mətnin şərhində daha çox özünü göstərir. Belə olarsa, plüralistlərin hermenevtikaya söykənən əsasları belə aşkar mətnlərə tətbiq oluna bilməz.

Nəhayət, növbəti məsələ plüralistlərin ilahi kitablar barədə yanlış təsəvvürləridir. Plüralistlər müqəddəs mətnləri və bütövlükdə şəriəti samit və dinməz hesab edirdilər. Bu səbəbdən onlar bu mətnlərə müxtəlif mənaların tətbiqini təbii sayır və bu hüququ insanlar üçün qorumağa çalışırdılar. Lakin onlar danılmaz bir həqiqəti unudurlar. Din insanları doğru yola dəvət etmək üçün göndərilib. İnsanlar dini qanunların köməyi ilə təlim və tərbiyə almalıdırlar. Dinin tərbiyəvi cəhəti yalnız öz qanunlarını insanlara çatdırmaq imkanına malik olduğu zaman özünü tam göstərə bilər.

Şəriəti samit hesab edənlər bu yolu bağlayırlar. Samit şəriət hidayətedici qüvvə ola bilməz. Plüralistlərin nəzərincə, hidayət vəzifəsi insana ötürülür. Yəni insan öz baxışları və dünyagörüşləri ilə mətndəki mənanı dəyişdirə bilər. Deməli, müqəddəs mətn insanı yox, insan nüqəddəs mətni istiqamətləndirir. Bütövlükdə deyə bilərik ki, plüralistlərin dini plüralizm nəzəriyyələri heç bir əqli və fəlsəfi sübuta malik deyil.

 

Şüullu baxış (inklusivizm)

 

Con Hik din çoxluğuna aid üçüncü nəzəriyyəni inklusivizm adlandırır. İnklusivizmi qlobal baxış kimi izah etmək olar. Dini etiqada qlobal çərçivədən baxanlar iki əsas suala cavab vermək əzmindədirlər. Onlar öncə mütləq və vahid həqiqətin olmasını araşdırır, sonra isə digər dinlərə sitayiş edənlərin səadətə çatmaq ehtimalını müəyyənləşdirmək istəyirdilər. Qlobal baxışlı filosoflar inhisarçılar kimi səadət yolunun yalnız bir dində xülasələşdiyini bildirirlər. Lakin inhisarçılardan fərqli olaraq bu yolu tutanlar digər dinlərə mənsub olanların öz dinlərindəki qanunlara sadiq qalmaqla səadətə çata biləcəyinə inanır. Digər tərəfdən qlobal nəzəriyyə daşıyıcıları plüralistlərin görüşlərinə uyğun olaraq ilahi mərhəmətin müxtəlif dinlərdə cilvələnməsinə inanırlar. Deməli, qlobal baxış inhisarçı baxışın fövqündə dayanır. Çünki yeganə dinin haqq din olmasına iddia etsə də, digər dinə pərəstiş edənlərin xoşbəxt olmasını istisna etmir.

Katolik ilahiyyatçı Karl Rayner (1904-1984) inanırdı ki, insanlar təkcə bir etiqad sayəsində xoşbəxt ola bilərlər. Xristianlıq vahid dindir və başqa bir dinə bağlanmaqla səadətə nail olmaq mümkünsüzdür. Bəli, Allah bütün insanların xoşbəxtliyini istəyir. Elə bu səbəbdən də tarixi baxımdan xristianlıq civarında yaşayanları da ilahi varlıqla təmas yaratmağa dəvət edib və onlara xoşbəxtlik imkanı yaradıb.

Rayner deyir ki, tarixi baxımdan xristianlıq dini İsa Məsihlə başlasa da, xristianlıqdan əvvəlki dövrdə yaşayan insanlar, yəni yəhudilər və başqa dinlərə sitayiş edənlər öz əqidələrinə sadiq qaldıqları üçün nicat əhli hesab olunurlar. Xristianlıqdan öncə yaşayan dindarlar səadət əhli hesab olunurlarsa, xristianlıqdan sonrakı dini təriqətlərin də insanları səadətə aparması məntiqəuyğundur. Əgər Allah insanları xoşbəxt etmək əzmindədirsə, bütün dinlərə sitayiş edən həqiqi möminlərin ilahi xoşbəxtliyə çatacağı məntiqli görünür. Rayner belə dindarları «Adsız xristianlar» adlandırır. Çünki zahirdə xristian dininə mənsub olmasalar da, həqiqətən sitayiş edir və iman bəsləyirlər.

Xristianlıq xalis və həqiqi din kimi qəbul edildiyi halda digər dinlərə aid insanları nicat əhli hesab etsək, bu vaxt qeyri-xristianlar öz dinlərində qalmağa haqlıdırlarmı? Rayner cavab verir: «Dini etiqad və iman təkcə daxili proses deyil. Bundan əlavə dini əqidənin ictimai təzahürü var. Hər bir dinin ictimai cəhəti onun şəriət qanunlarında ciləvələnib. Müxtəlif dinlərin hər biri həqiqəti müəyyən həddə əks etdirdiyi kimi onların özünəməxsus şəriət qanunları var. Həmin dinlərin ictimai qanunlarına riayət edən insanlar da ilahi mərhəmətə çatacaqlar. Hərçənd bu mərhəmətin kamil dərəcəsi xristian dinində təzahür edib?.

Burada digər bir məsələ bizi düşünməyə vadar edir. Raynerin əqidəsinə görə, digər dinlərə etiqad edən insanlar səadət imkanı qazansalar da, ilahi mərhəmətin tam forması yalnız xristian dinində olanlara aiddir. Belə olan halda başqa dinlərə mənsub olanlar da eyni əqidə ilə çıxış edə bilərlər. Məsələn, müsəlman mütəfəkkir yalnız islam dininə iman gətirən şəxsin kamillik dərəcəsinə çatmasına inanar və digər dinlərin sadiq insanlarını adsız müsəlman adlandırar. Bu zaman müxtəlif dinlərdən birini seçmək zorunda qalan şəxs nə etməli və hansı meyarla öz dinini doğru sayıb ona etiqad etməlidir?

Deməli, Raynerin təklif etdiyi yol problemi həll etmir, hətta onu bir addım geri çəkir…

 

Cavid

Xalq Cəbhəsi.- 2014.- 11 yanvar.- S.10-11.