Görkəmli türkoloq

 

Ramiz Əsgərə həsr olunmuş tədbir keçirilib

Ötən həftənin sonunda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun zalında Folklor İnstitutunun təşkilatçılığı ilə tanınmış türkoloq, professor Ramiz Əsgərin 60 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu (İmanov) açıb, yubilyarın elmi uğurları haqqında danışıb: «Ramiz Əsgərin müxtəlif qəzetlərə redaktorluğu, Türkiyənin «Hürriyyət» kimi nüfuzlu mətbu orqanında Azərbaycanı təmsil etməsi, məfkurə, əqidə jurnalistikasını ortaya qoyması, türk mədəniyyətinin ən nadir nümunələrini dilimizə tərcümə etməsi, sanballı elmi əsərlər yazması bu tədbirin bayram səviyyəsində qeyd olunmasına əsas verir. Onun jurnalistikası Azərbaycançılıq, dövlətçilik, türkçülük jurnalistikasıdır. Elmə gəldiyi qısa müddətdə R.Əsgər özünü görkəmli türkoloq kimi tanıda bilib. O, böyük bir əziyyətə qatlaşaraq təkcə «Divani-lüğət-it-türk»ün tərcüməsi ilə məşğul olmayıb, həm də onun biblioqrafik göstəricisini, tənqidi mətnini hazırlayıb. O, heç birimizin bacarmadığımız, Sabir Rüstəmxanlının ifadəsi ilə desək, dərvişvari bir gediş elədi: kitablardan haqqında oxuduğumuz, şəkillərini gördüyümüz Orxon-Yenisey abidələrinin izi ilə getdi. Monqolustana, Xakasiyaya, Tuvaya səyahət elədi. Türk məmləkətlərini qarış-qarış gəzib, öz gözləri ilə gördüyü qədim abidələri yenidən tədqiq etdi, bu haqda kitab yazdı. R.Əsgər 40 tərcümə kitabının müəllifidir. Bunların bir hissəsi türkmən ədəbiyyatını əhatə edir».

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli R.Əsgərin yaradıcı insan olaraq özünəməxsus keyfiyyətlərini belə xarakterizə edib: «O, ömrünün bütün mərhələlərini ləyaqətlə keçmiş ziyalımızdır. Xatırlayıram, R.Əsgər «Vətən» Cəmiyyətinin nəşri olan «Odlar Yurdu» qəzetinə rəhbərlik edirdi. O illərdə bu qəzet həqiqətən Azərbaycanla dünya arasında bir mətbuat körpüsü idi. Ramiz Əsgər dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıları kəşf etdi. «Divan»ı Azərbaycan dilinə çevirib çap etdirmək tarixi bir işdir, Azərbaycan türkologiyasına şərəfli bir xidmətdir. R.Əsgər «Oğuznamə»ni, «Qutadğu bilig»i, Türkmən, Krım-tatar, Orta Asiya ədəbiyyatından nümunələri dilimizə çevirməklə çap etdirib. Bu və başqa işlərdə Ramiz Əsgərin izi, böyük zəhməti var. O, bütün həyatını bu şərəfli işə — Azərbaycan türkologiyasının, ictimai fikrinin, milli məfkurəsinin inkişafına həsr eləmiş görkəmli ziyalımızdır. Türk Dünyasında onu yalnız tanımırlar, həm də qəbul edirlər. Ramiz həmişə Azərbaycan türkologiyasını dünyada ləyaqətlə, böyük elmi səviyyədə təmsil edib».

Türkoloq-alim, professor Firidun Cəlilov R.Əsgərin türkologiyadakı xidmətlərini yüksək dəyərləndirib, bildirib ki, o, müxtəlif elm sahələrində öncül olmaqla alim vətəndaşlığını təsdiq edib: «Ramizin tərcümə etdiyi M.Kaşğarlının «Divan»ı stolüstü kitabımdır. O, həm də ciddi redaktordur». Professor Əzizxan Tanrıverdi R.Əsgəri dilçi-türkoloq, ədəbiyyatşünas, ensiklopedist alim kimi xarakterizə edib: «O, «Divan»ın tərcüməsini ləyaqətlə başa çatdırdı».

AMEA Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Əlioğlu da alimin əsərlərinin əhəmiyyətindən, türk xalqları ədəbiyyatının qarşılıqlı şəkildə öyrənilməsində mövcud boşluğun doldurulmasına nail olduğunu söyləyib: «R.Əsgərin ortaya qoyduğu mətnlər çox ciddidir. Əsas məsələ insanın məqsədinin aydınlığıdır. Ramizin aydın vətəndaş mövqeyi var».

Araşdırmaçı Ədalət Tahirzadə bildirib ki, sovet dövründə  ADR haqqında ilk dəfə sistemli şəkildə yazan Ramiz Əsgər olub: «Onun kitabları onlarla dissertasiyaya qaynaq olacaq».

Professor Tərlan Quliyev bildirib ki, R.Əsgər «Divan»ı tərcümə etməklə adını Azərbaycan mədəniyyəti tarixinə həmişəlik yazdı. Profesor Çingiz Abdullayev vurğulayıb ki, o, türk dünyasının əsgəridir. Şair, manasşünas alim Adil Cəmil tələbəlik dostuna yeni-yeni uğurlar arzulayıb: «Qoy Ramiz Əsgərin ürəyi həmişə beləcə türk sevdası ilə döyünsün. Mən türk dünyasının mənəvi mədəniyyətini Ramiz Əsgərsiz təsəvvür etmirəm».

İlham Abbasov bildirib ki, R.Əsgər kitablarını yuxusuz gecələrinin hesabına yazıb. Şair, alim İslam Sadıq R.Əsgərin jurnalist və alim kimi ictimai fikrə gətirdiyi yeniliklərdən danışıb. Sonda çıxış edən Ramiz Əsgər çıxışçılara, iştirakçılara təşəkkürünü bildirib, yeni yaradıcılıq planları haqqında danışıb.

M.Kaşğarlının ünlü kitabı yüzillərdən o yana Türk Dünyası haqqında ən dəyərli mənbələrdən biridir. Bu yöndə araşdırmalar aparan Ramiz Əsgər Mahmud Kaşğarlını dahi dilçi, filoloq və ensiklopedist, türk ruhunun tərcümanı, türk soysevərliyinin və türkçülüyün bayraqdarı, türkologiyanın banisi kimi xarakterizə edir. Çoxsaylı araşdırıçıların qənaətinə əsaslanan R.Əsgər Kaşğarinin tarixdə ilk türk-islam dövləti olan Qaraxanilər xanədanına mənsubluğunu bildirir: «Onun babası Məhəmməd Yağan Təkin, atası isə şahzadə Hüseyn Əmir Təkindir. 1055-56-cı illərdə M.Y.Təkinlə öz doğma qardaşı, Şərqi Qaraxani hökmdarı Süleyman Arslan xan arasında müharibə başlayıb, nəticədə Süleyman Arslan əsir düşüb, Buğra xan Məhəmməd Yağan Təkin Şərqi Qaraxanilər taxtını ələ keçirib. 18 aylıq xaqanlıq dövründən sonra hakimiyyəti könüllü olaraq böyük oğlu Hüseyn Əmir Təkinə vermək üçün mərasim təşkil edir. Ziyafətdə Məhəmməd Buğra xanın kiçik arvadı taxta oğlu İbrahimi oturtmaq üçün xaqanı və şahzadələrin bir qismini zəhərləyir. M.Kaşğarlının da atası zəhərlənib ölənlər sırasında olur. Saray çevrilişindən sonra əsir düşən xaqan Arslan xan da boğularaq məhv edilir, xaqan İbrahim olur. M.Kaşğarlı təqibdən qurtulmaq üçün Qərbi Qaraxani dövlətinin torpaqlarına keçir. Yerini tez-tez dəyişir, uzun müddət gizli həyat tərzi keçirir, tanınmamaq üçün özünü alim və səyyah kimi təqdim etməli olur».

Alimin harada doğulması ilə bağlı mülahizələrə toxunan R.Əsgər deyir: «Mahmud Kaşğarlının əyalət şəhəri Barsğanda, yoxsa imperiyanın paytaxtı Kaşğarda doğulması haqqında da biri-birinə zidd fikirlər var. Akademik A.H.Kononov Kaşğarinin atasının barsğanlı olduğunu, Kaşğara köçdüyünü, Kaşğari nisbəsini alan Mahmudun ehtimal ki, burada doğulduğunu yazır».

R.Əsgərin qənaəti isə belədir: «Mahmud Kaşğarlı həqiqətən Barsğandan bəhs edərkən «Bu şəhər Mahmudun atasının şəhəridir» — deyə yazıb. Ancaq buradan nə anlaşılır? Barsğanda doğulmaq, yoxsa bir əmir (vali) kimi Barsğanı idarə etmək: Qaraxani şahzadəsi Hüseyn Təkinin bu mənada barsğanlı olması şərtidir. Əslində o, bütün ölkənin sahibi idi. Bu sülalənin başçılığı altında türklər 922-ci ildə Buxaranı Samanilərdən alıb, 999-cu ildə bütün Mavərvaün-nəhri zəbt edərək Samani dövlətinə son veriblər. Şübhəsiz, Hüseyn Təkin də bu savaşlarda fəal iştirak edib».

R.Əsgər bu qənaətdədir ki, bir qələm əhli olaraq «Kaşğari» nisbəsini qəbul etməsi onun heç də mütləq Kaşğarda doğulması demək deyil, burada böyümək, yaşamaq, oxumaq da bunun üçün kifayətdir: «Bir xanədan üzvü kimi ağası olduğu imperiyanın paytaxtının adını daşımaq onun haqqıdır. Hətta kiçik bir şəhər və ya kənddən çıxmış sənətkarlar da çox vaxt iri və məşhur şəhərlərin adını nisbə olaraq alıblar».

M.Kaşğarlı dövrünə görə mükəmməl təhsil alıb: «Həmin dövrdə Kaşğarda çoxlu məktəb və mədrəsənin mövcud olduğu haqda tarixi məlumatlar mövcuddur. Onun Səmərqənddə, Hişapurda və Buxarada oxuduğu haqqında məlumatlara da rast gəlirik. Deməli, Kaşğari bu yerlərdə olub. O, buralara yerli türk ləhcələrinin xüsusiyyətlərini öyrənmək üçün gələ bilərdi. Ancaq o dövrdə Hişapurda türk yaşamaması belə qənaətə gəlməyə əsas verir ki, Kaşğari bu yerlərə təhsil almaq üçün gəlib. Kaşğari dövrünün bir çox elmlərini mükəmməl şəkildə öyrənib, o zamanlarda mədrəsələrdə tədris olunan riyaziyyat, hesab, həndəsə, astronomiya, dil, ədəbiyat, tarix, coğrafiya, fəlsəfə, hüquq, təbabət, ilahiyyat, pedaqogika, psixologiya, hərb sənəti, məntiq, siyasət, etika və başqa elmləri öyrənib. Eləcə də o, bir neçə dili mükəmməl bilirmiş».

Kaşğarlının doğum, ölüm tarixi ilə bağlı müxtəlif mülahizələr olsa da, Ramiz Əsgər onun 1008-ci ildə anadan olması, 1105-ci ildə vəfat etməsi mülahizəsini doğru sayır. Mahmud Kaşğarinin qəbrinin tapılmasının maraqlı tarixçəsi haqqında danışır: «1983-cü ildə Çinin «Sinxua» agentliyi Urumçi müxbiri Van Yufu tərəfindən göndərilən «Mahmud Kaşğarinin qəbri tapıldı» başlıqlı teleqram yaydı. Əslində qəbrin yeri hələ 1930-cu ildən məlum idi. 1957-ci ildə Urumçi muzeyinin əməkdaşı İsmayıl Mahmud Kaşğarlının Opalda dəfn olunduğunu qeyd etmişdi. Ən sonda isə 700 il öncə tərtib edilmiş bir torpaq alqı-satqı sənədində və 1836-cı ildə Emin Həsən Qazi tərəfindən yazılmış bir vəqfiyyə sənədində Mahmud Kaşğarlının adına rastlandı. Məzarın yeri dəqiqləşdirildikdən sonra hökumətin xüsusi qərarı ilə 500 min yuanlıq büdcə ayrıldı, Mahmud Kaşğarlının qəbri üzərində möhtəşəm türbə tikildi. Kaşğarinin qəbrinin yanında təqribən min yaşı olan «hay-hay tərək» adlı qocaman qovaq ağacı ucalır. Rişəsini türk torpağından alan bu ağac neçə yüz ildən bəri tarix boyu gəlib keçmiş ən böyük türklərdən birinin məzarına keşik çəkir».

«Divani-lüğət-it-türk» əsərini Mahmud Kaşğarlı 1074-cü ildə yazıb. Lüğətdə 9 mindən çox söz verilir, hansı yarımqrupa aid olduğu göstərilir. Bu, ortaq türkcə ilə bağlı tədqiqatçılara ciddi qənaətlər verəcək: «Bu əsər əlimizdə olmasa, «Dədə Qorqud dastanları»nı, «Kutaqdu-bilik»i və başqalarının yaxşı oxuyub anlaya bilmərik. Bu əsər min il əvvəlki Türk Dünyasının aynasıdır. Lüğətdəki bütün titullar, ləqəblər, kişi, qadın adları, flora, fauna, silah, parça adları, saray titulları, bir sözlə, hər sahəyə aid adlar orada var. Kaşğarlı öz dövründəki bütün sözləri lüğətinə yazıb: «Bu, elə-belə yox, ensiklopedik lüğətdir. Burada 318 atalar sözü verilib. Bu, o dövrdən soraqvermə baxımından çox böyük xəzinədir. 240 beyt və bənd şeir, 40-a yaxın yemək, içki reseptləri verilib. Bunlar türk mədəniyyəti tarixi üçün əvəzsiz xəzinədir. Bu əsərin orijinalı 1914-cü ildə tapılıb, 1915-1917-ci illərdə İstanbulda nəşr olunub». Bir neçə il əvvəl Azərbaycanda işıq üzü görən kitabın birinci cildi 512, ikinci, üçüncü cildlərinin hər biri 400, dördüncü cild isə 752 səhifədir. Kaşğarlı uyğur, oğuz, qıpçaq, türkmən, qırğız, yağma və başqa türk soylu xalqları Türk adı altında birləşdirən bir türkoloq sayılır. Türklərin yaşadıqları ölkələri, şəhərləri, kəndləri tanış edən, təfərrüatlı məlumat çatdıran qiymətli əsəri xəritə ilə də Türk coğrafiyaşünası adına layiq görülüb.

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 14 yanvar.- S.14.