Baş ağrılarının səbəbləri
Neyrocərrah Fərid Qaralov: «Əhəmiyyətsiz
sayılan baş ağrısı ciddi bir xəstəliyin əlaməti ola
bilər»
«İnsanlar bir sıra hallarda baş ağrılarını
əhəmiyyətsiz sayırlar. Lakin xroniki
baş ağrıları
adi hal deyil.
Bu ağrılar hansısa
ciddi bir xəstəliyin əlaməti
də ola
bilər. Stress, depressiya baş ağrılarının yaranmasında
mühüm amildir.
Çox
səs-küylü yerdə
işləmək, gün
boyu heç bir qida qəbul
etməmək, qapalı
şəraitdə və
eyni vəziyyətdə
oturmaq da baş ağrıları yaradır. Ofis şəraitində, kompüter arxasında, havasız otaqda çox olan şəxslər daha çox baş ağrılarından şikayət
edirlər».
Bunu APA TV-nin
«Öncə sağlıq»
proqramının qonağı
neyrocərrah, Tibb Universitetinin Tədris-Cərrahiyyə
Klinikasının Neyrocərrahiyyə
şöbəsinin müdiri,
uzman doktor Fərid Qaralov deyib. Onun sözlərinə
görə, bir sıra hallarda baş ağrıları beyinlə deyil, ondan kənar faktorlarla bağlı ola bilər:
«Məsələn, dişlərdə
olan problem də baş ağrılarına
səbəb olur. Gözlərdə olan təzyiq,
başın ön hissəsində olan ciblərdə — hava boşluqlarında olan iltihab da güclü
baş ağrıları
yaradır. Qan təzyiqində
dəyişkənlik də
xroniki baş ağrılarına səbəb
olur. Ümumiyyətlə, baş ağrılarından
şikayət edən
xəstələrin qan
analizlərinə də
baxmaq vacibdir. Məsələn, baş ağrısının səbəblərindən
biri də insanların «qan azlığı» kimi tanıdığı anemiya
ola bilər.
Belə xəstələr uzun müddət baş ağrılarından əziyyət
çəkir, ağrıkəsici
qəbul edir, nevroloji müalicə alır, amma baş ağrıları keçmir. Laborator analizlər aparan
zaman həmin insanda anemiya ortaya çıxar. Qanda olan problem aradan qalxarsa, xəstənin baş ağrıları keçər».
F. Qaralov qeyd edib
ki, boyun bölgəsində olan osteoxondrozlar, fəqərəarası
disk yırtıqları da
kəskin baş ağrılarına səbəb
olur. Belə olan halda ağrılar özünü
xroniki olaraq başın ənsə və təpə nahiyəsində büruzə
verir.
Neyrocərrahın sözlərinə görə,
beyin şişi, beyində olan damarların qanaması, xalq arasında «beyinə su yığılması» kimi
ifadə olunan hidrosefaliya nəticəsində
xəstədə ciddi
baş ağrıları
müşahidə olunur:
«Bu hallarda mütləq
neyrocərrah müayinəsi
aparılmalıdır. Belə
problemlər olanda xəstə başın hər hansı bir yerində ağrı hiss edə bilər. Beyin qapalı bir orqandır, onun içində olan hər hansı bir proses, yəni
qanaxma, şiş, su yığılması
beyinə xas olmayan həcm sayılır. Bu əlavə
həcm başın hər tərəfində
olan ağrı kimi ortaya çıxır».
Həkim
uzun müddətli baş ağrıları zamanı xəstələrin
nevroloq və neyrocərraha müraciət
etmələrinin vacibliyini
vurğulayıb: «Başı
ağrıyan şəxslərin
nevroloq və neyrocərrah müayinəsindən
keçmələri mütləqdir.
Sadə bir baş ağrısı ciddi bir xəstəliklə
bağlı ola
bilər. İstənilən halda başı
ağrıyan insan, bunu əhəmiyyətsiz hesab etsə belə, ən azı bir dəfə
də olsa nevropatoloqun və yaxud neyrocərrahın yanında olmalıdır.
Təbii
ki, başı ağrıyan şəxs ağrıkəsici qəbul
edə bilər.
Amma ciddi bir xəstəliklə
bağlı olan baş ağrıları zamanı təkcə ağrıkəsicilərdən istifadə çox yanlışdır. Ağrıkəsicini də kontrolsuz içmək fəsadlara yol açır. Hər şeydən əvvəl bu, mədə-bağırsaqda
problemlər yaradır.
Çoxlu ağrıkəsici
qəbulu mədədə
olan xoranın deşilməsinə və
ciddi qanaxmalara səbəb ola
bilər. Bir məsələni də yadda saxlamaq
lazımdır ki, ağrıkəsicini mütləq
dolu mədəyə,
yəni yeməkdən
sonra qəbul etmək lazımdır.
Çoxlu sayda ağrıkəsici
içmək qanda laxtalanma problemi də yarada bilir. Ona görə də
kontrolsuz ağrıkəsici
içmək qəti
şəkildə tövsiyə
olunmur».
Mütəxəssis onu da deyib ki, təkrarlanan baş ağrıları mədə bulantısı, qusma, qıcolma halları, yuxuya meyllilik, özündən getmə ilə müşayiət olunursa, bu, ciddi problemlərdən xəbər verir. Gecələr yaranan baş ağrıları barədə danışan F. Qaralov bunun əsasən kəllədaxili təzyiqin artması ilə bağlı olduğunu qeyd edib: «Bu zaman insan uzanmağa deyil, ayaq üstə durmağa çalışır. Gecə olan baş ağrıları miqrenlə də bağlı ola bilər».
Neyrocərrah miqrenin müalicəyə tabe olmaması barədə fikirlərə də aydınlıq gətirib: «Miqren müalicə olunur. Ən azı, bunun profilaktikası var. Miqrenin provokasiya edən faktorlara diqqət yetirmək lazımdır. Məsələn, xəstələr «mən bu şeyləri edəndən sonra başımın ağrısı artır» dediyi məqamlara diqqət yetirməlidirlər. Həyatı o kontekstdə qurmaq lazımdır. Pendirin tərkibində tiramin deyilən bir maddə var, həmin maddə miqren ağrılarını provokasiya edir. Miqreni provokasiya edən çoxlu faktorlar ola bilər. Kofeinli, duzlu qidaların, spirtli içkilərin qəbulu da buna daxildir. Belə problemi olan insanlar qəti şəkildə bu qidalardan imtina etməlidirlər».
Beyin şişləri ilə bağlı yaranan baş ağrıları barədə danışan neyrocərrah bunları deyib: «Beynimiz insanın idarəetmə mərkəzidir. Bütün bədəni beyin nizamlayır. Beyinin çoxsaylı bölgələri bədənimizin fəaliyyətini tənzimləyir. Məsələn, elə mərkəz var ayağımızı, eləsi var qolumuzu, digərləri danışığımızı, görməmizi, eşitməmizi idarə edir. Beyində olan şiş, iltihab, yəni həcmli proses hansı idarəetmə mərkəzinin yaxınlığında yerləşibsə, ora uyğun əlamətlər ortaya çıxa bilər. Məsələn, ola bilsin ki, xəstənin baş ağrıları var və eyni zamanda nitqi də dəyişib, danışanda dili dolaşır. Bu, beyində şişin və ya hər hansı həcmli prosesin nəticəsi ola bilər».
ATU-nun Tədris Terapevtik Klinikasının əməkdaşı, nevroloq Aygün Musayeva «Öncə sağlıq» proqramına açıqlamasında deyib ki, baş ağrıları 50-dən çox xəstəliyin əlaməti ola bilər: «Miqrenlə bağlı yaranan baş ağrılarına daha çox rast gəlinir. Miqren qadınlar arasında geniş yayılmış xəstəlikdir. Miqren baş ağrıları adətən başın bir yarısını əhatə edir. Bu ağrılar müəyyən faktorlarla provokasiya oluna bilər. Məsələn, soyuqdəymələr, hər hansı bir içkinin qəbulu, gərgin iş rejimi, səsli-küylü yerlərdə olmaq baş ağrılarına təkan verə bilər. Tez-tez təkrarlanan baş ağrısı zamanı mütləq həkimə müraciət etmək lazımdır. İlk olaraq nevroloqa müraciət olunması daha məqsədəuyğundur. Çünki baş ağrıları daha çox sinir sistemi ilə bağlı ola bilər. Təbii ki, daxili orqanların xəstəlikləri zamanı da baş ağrıları yarana bilər. İstənilən halda, başı ağrıyan şəxs həkimə müraciət etməlidir».
Xalq Cəbhəsi.- 2014.- 14 yanvar.- S.15.