1937-ci ildə fikir və söz
azadlığına qarşı terror
Repressiya görkəmli
söz adamlarını — şair və
yazıçıları məhv elədi
II yazı
Ötən
sayımızda fikir və söz azadlığına qarşı
1937-ci il hadisələrində Azərbaycan
ziyalılarının üzləşdiyi
faciəvi məqamlar haqqında yazı təqdim etmişdik.
Professor Bədirxan Əhmədov bildirir ki, bütün bu
mürəkkəbliklər repressiyanın xarakterini
açmağın, Azərbaycan ədəbi prosesində
oynadığı məşum rolu ortaya
çıxarmağın asan olmadığını göstərir:
«Birdən-birə 1937-ci ildə siyasi hərarətin bu qədər
qalxması, cəmiyyətdə «kim kimi» məsələsinin
qarşıda kəskinliklə dayanması cəmiyyətin
özünün deyil, siyasi hakimiyyətin problemi idi. Bu gün
dost olan sabah «düşmən»ə və
yaxud əksinə çevrilə bilərdi. Dünən
«nazir», MK katibi olan bu gün «terrorçu», yaxud «imperalizm
agenti», «müsavatçı», «millətçi»,
«pantürkist» və ya «panislamist» kimi damğalanırdı. Bu istiqamətdə keçirilən tədbirlər
yalnız şəxsiyyətlərə qarşı yönəlmir,
xalqın milli-mənəvi, mədəni genosidinə səbəb
olurdu; tarixi mədəniyyət abidələri
dağıdılır, yüzillərlə yaşı olan məscidlər,
minarələr, abidələr uçurulur, qiymətli əlyazma
və kitablar yandırılır. Kommunist
S.M.Kirova qarşı terror ölkədə «əksinqilabçılar»a,
«millətçilərə» (müxalifət yox idi)
qarşı mübarizəni bir qədər də gücləndirir.
«Xalq düşmənləri»nin
aşkarlanması prosesi Azərbaycanın bütün ərazisində
həyata keçirilir və xalqın başı üzərində
«qara kabus» dolaşmaqda davam edir. Əvvəlcə elə Azərbaycanda
sovet hakimiyyətinin yaradılmasında «müstəsna» xidmətləri
olan Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, H.Sultanov,
D.Bünyadzadə, R.Axundov həbs edilir, mətbuatda onların
«xalq düşməni» obrazı yaradılırdı.
Ayrı-ayrı şəhər, rayon zəhmətkeşlərinin
bütün detallarına qədər hazırlanmış
mitinqlərində bu insanlara «lənətlər
yağdırılır», onların məhkum olunmasını
tələb edir, yaxud əgər həbs olunmuşsa, bu hərəkəti
«alqışlayırdılar». Bütün
ölkə üzrə fasiləsiz mitinqlər gedir, hər
gün yeni məhkəmələr qurulurdu».
Araşdırmaçı
hesab edir ki, yaradıcılıq təşkilatlarında da
eyni ab-hava davam edirdi; ittifaq üzvləri bir-birinə
qarşı qaldırılır, iclas və plenumlarda
yaradıcılıq işindən daha çox siyasi mövqe
ortaya qoyulurdu: «Azərbaycan ədəbi mühitində
repressiya hərarəti 1937-ci ilin əvvəlindən yüksəlir.
Yazıçılar İttifaqının
iclası (28 yanvar) özünün siyasi fonunun kəskinliyi ilə
əvvəlkilərdən fərqlənir.
Yazıçılar «antisovet trotskiçi, ziyançı,
diversiyaçı, cəsus» və s. haqqında
danışaraq bu cür hadisələrə nifrət hisslərini
bildirirlər. İclasın axırında qərar
qəbul edilir. Qərarda deyilirdi: «Biz insan ruhunun mühəndisləri
(bu ifadə İ.V.Stalinə məxsus edilirdi) olan
yazıçılar Stalin adı ilə nəfəs alır,
Stalin epoxası ilə qidalanırıq. Biz
Stalinizmi canımızdan artıq sevirik, ona qarşı qalxan
xain, murdar və çirkin əllərin kəsilməsini onun
həyatına terror hazırlayan zəhərli ilanların
başının kəsilməsini tələb edirik. Biz yazıçılar gələcək əsərlərimizdə
sinfi düşmənlərin bu həyasız
metodlarını bədii obrazlarla ifadə edərək onların
bütün qalıqlarını ifşaya qalxacağıq».
Həmin ilin martında Yazıçılar
İttifaqında keçirilmiş plenumda 4 məsələ
müzakirəyə qoyulmuşdu. H.Cavid məsələsi,
M.Müşfiq məsələsi, Ə.Cavad məsələsi,
Y.Vəzir məsələsi. Plenum
üç gün davam etmiş, demək olar, bütün
yazıçı və şairlər özünütənqid
ruhunda çıxış etmişdilər. Şübhəsiz, əsas tənqid hədəfləri
H.Cavid, M.Müşfiq, Ə.Cavad və Y.Vəzir olur. Bu da plenumun gündəliyindən irəli gəlirdi.
H.Cavid haqqında tənqidi fikirlərdən biri belə idi:
«Yazıçılar içərisində Azərbaycanın
həyatı ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin
mübarizəsinə yad olan əsərlər yazmaqdan əl
çəkməyən Hüseyn Caviddir. Biz
bilirik ki, Hüseyn Cavid burjua romantizminin məktəbində
yetişib. Bununla bərabər, o, Azərbaycan
sovet və partiya təşkilatlarının onun
üçün yaratdığı imkanlara və hətta əsərinə
verdiyi mükafatlara baxmayaraq, yenə Azərbaycan əməkçilərinin
mübarizəsinə dair bir şey yazmayıb».
Bütün çıxışlar əsasən tənqidi
notlar üzərində qurulsa da, sənətkarlar haqqında
müsbət fikirlər də səslənirdi: «Bununla belə
Cavidin ikinci əhəmiyyətini qeyd etmək lazımdır.
O, bizim kinoya gəlib qeyd etmiş ki, o, «Koroğlu» teması
(burada H.Cavidin yazmaq istədiyi «Koroğlu» nəzərdə
tutulur-B.Ə.) üzərində işləmək istəyir.
Söz ustası Cavid kino üçün müəyyən
iskeleti olan inqilabi nöqteyi-nəzərlə bizim xalqın
inqilab mübarizəsini göstərən bədii əsərin
üzərində danışmaq istəyirəm…» Maraqlıdır ki, bütün tənqidlərə
baxmayaraq ədəbi cameənin Cavidə şəxsi
münasibəti həmişə yaxşı olub, ona
böyük hörmətlə yanaşılıb.
Y.V.Çəmənzəminli
«Studentlər» romanını «kontrevolyunsion» mahiyyətli əsər
hesab edənlərə özünümüdafiə məqsədilə
deyirdi: «İndi bu gün Oktyabr inqilabının XX illiyinə
aid iki əsər hazırlayıram. Birisi Vaqif
dövrünə aid 15 peçatlıq list romandır (sonralar
«Qan içində» adı ilə dərc olunan əsərini nəzərdə
tutur-B.Ə.). İkinci, Mingəçevir
məsələsi barəsində ən aktual məsələdir.
Mən zənn edirəm ki, aktual sahədə nə
qədər əsər yazmışam, hamıdan yaxşı
olacaqdır». Çıxış edənlərin
əksəriyyəti H.Cavid, Ə.Cavad, Y.Vəzirə olan
münasibətdən fərqli olaraq M.Müşfiq
yaradıcılığına qayğı ilə
yanaşmağın vacib olduğunu vurğulayıblar. Hətta plenumda iştirak edən MK nümayəndəsi
Ayna Sultanova özü Müşfiq haqqında müsbət
fikirlər söyləmişdi. Plenumun ikinci günü
(19 mart) M.Müşfiq öz çıxışında «dərin
bir səmimiyyətlə» özünün keçmiş səhvlərini
«etiraf etmiş» və özünü yenidən qurmaq istədiyini
söyləmişdi.
Ən maraqlı cəhətlərdən biri-plenum
iştirakçılarının həmin gün axşam xalq
xanəndəsi Xanın konsertinə birgə getmələridir. Göründüyü kimi,
Yazıçılar İttifaqının bir neçə
gün (18-21 mart) davam edən plenumu qərəzli
tənqidlər, ittihamlarla yanaşı mədəni tədbirlərlə
də müşayiət olunur. Daha bir neçə
ay keçir, ədəbi təşkilatda repressiyanın
aparılması üçün məqam gözlənilir.
Belə bir məqam Azərbaycan K(b)P XIII
qurultayında reallaşır. İyunun 3-də M.F.Axundov
adına Opera və Balet Teatrının binasında öz
işinə başlayan qurultayda M.C.Bağırov S.M.Əfəndiyev,
H.Sultanov və başqalarını «əksinqilabçı»,
«xalq düşməni» elan edir. O, öz nitqində Yazıçılar
İttifaqını da yaddan çıxarmır: «Bir baxın,
Yazıçılar İttifaqında kimlər əyləşmişdi:
hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad,
Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa
Talıblı, Tağı Şahbazi, Əhməd Triniç və
başqa əclaflar! Xalqın qəddar
düşməni Ruhulla Axundov nüfuzundan istifadə edərək
Yazıçılar İttifaqını bərbad vəziyyətə
salmışdı».
1937-ci ildə
M.Bağırovun məşhur məruzəsində adları
çəkilən yazıçıların aqibəti
haqqında danışan araşdırmaçı bildirir ki,
qurultayda adı çəkilən yazıçılar
artıq NKVD əməkdaşları tərəfindən həbs
edilərək ağır işgəncələrlə
sorğu-sual edilirdi: «Yazıçılar barəsində isə
qəzetlər düşmən obrazında yazılar dərc
edirdi. Hakim partiyanın orqanı olan mətbuatda
kəskin məqalələr yazılırdı. «Ədəbiyyat
qəzeti» də bu «yarışdan» geridə qalmır, «Azərbaycan
Sovet Yazıçılar İttifaqını hər cür əksinqilabi
millətçi, müsavatçı
tör-töküntüdən təmizləyəlim!» hökmü verilirdi. «Təmizliyə
başlanmalıdır», «Sonadək ifşa etməli», «Səhvlərimiz
haqqında», «Sıralarımızda düşmənə yer
yoxdur», «Amansız olmalı» məqalələrində isə
NKVD-nin həyata keçirdiyi təmizləmə işləri
təqdir olunaraq ictimai rəy
formalaşdırılırdı. Q.Rıklinin
«Pravda» qəzetində (8 iyun 1937) dərc olunan «Düşmənin
hiylələri» baş məqaləsi isə
bütünlüklə Azərbaycan Yazıçılar
İttifaqına həsr olunmuşdu. Ölkənin bir
saylı mətbuatının Azərbaycana, eləcə də
Yazıçılar İttifaqında düşmən
axtarışına məqalə həsr etməsi
komandanın MK-dan verilməsini göstərirdi. Məqsəd
İttifaqda nifaq yaratmaq, yaxud mövcud nifaq alovunu daha da
alovlandırmaq idi: «Trotskiçi və müsavatçı
Ruhulla Axundov (qatı kommunist, antitürkçü R.Axundov
hara, müsavatçılıq hara? — B.Ə.) mədəniyyət
cəbhəsində uzun zaman nəzarətsiz olaraq istədiyini
etmişdir. O, Elmlər Akademiyasının Azərbaycan
filialının başçısı olmuş, İncəsənət
İşləri komitəsinə rəhbərlik etmiş,
Yazıçılar İttifaqına ağalıq etmişdir.
O, bütün bu təşkilat və idarələri öz
adamları ilə gizli və açıq düşmənlə
zibilləmişdir».
Milliyyətcə
rus olan müəllif Yazıçılar İttifaqında
olan ziddiyyətləri o qədər «dərindən bilirdi» ki,
İdarə Heyətində mövcud olan iki qruplaşmadan bəhs
edir və onların tezliklə birləşərək
müsavatçıları ifşa etmələrini məsləhət
görürdü: «Burada, əsasən S.Vurğun hədəfə
götürülür və onun «Bakı olimpində»
birinciliyi əldən vermək qorxusu altında olduğu
bildirilir. Bir neçə gün sonra
yazıçıların baş tutan
yığıncağında isə ittifaqın rəhbərləri
S.Şamilov və S.Vurğun, sabiq rəhbəri M.K.Ələkbərlinin
işləri qənaətbəxş hesab edilməmişdi.
İttifaqın sədri S.Şamilov və katibi
S.Vurğun «Onlara tapşırılan işi aparmağı
bacarmadıqlarına görə (və ya «xalq düşmənlərini
ifşa etmədiklərinə görə? — B.Ə.) vəzifələrindən azad olunurlar. S.Vurğun yeganə Azərbaycan şairidir ki, onun məsələsi
respublikada deyil, SSRİ Yazıçılar İttifaqında
müzakirə edilmiş, müşavirə onun
İttifaqın üzvlüyündə qalmasında israrlı
olmuşdu. İclasda S.Vurğunun keçmişi təftiş
olunmasına rəğmən «Rus poeziyası antologiyası»nın tərcüməçilərindən
biri olması, Lenin ordeni alması və s. bağlı
yazıçıların onu müdafiə etməsi
müzakirənin müsbət sonuna gətirib
çıxarır. Bununla belə, repressiya
olunmaq təhlükəsi S.Vurğunu ömrünün
sonlarına qədər tərk etməmişdi.
Respublikanın 1-ci şəxsi Azərbaycan KP-nin 19-cu
qurultayında (1952) yüksək tribunadan S.Vurğunun
sözünü kəsərək «Sən ləngimədən
kommunizmin əlifbasından başlamalısan, yoxsa məhv
olacaqsan» deməsi şairə qarşı repressiyanın
sovuşmadığını göstərirdi. Yada salaq ki, cəmi iki il əvvəl Heydər Hüseynov
M.C.Bağırovun göstərişi ilə məhv
edilmişdi. Ümumiyyətlə,
Yazıçılar İttifaqında «düşmən
axtarmaq» (həm də tapırdılar!), «agent», «pantürkist»
tapmaq, «müsavatçı» aşkara çıxarmaq
tendensiyası bir müddət davam etmişdi. Repressiya olunan şair və
yazıçıların istintaq sənədlərini
araşdırarkən sağ qalan yaradıcıların bəzilərinin
adının bu sənədlərdən keçdiyini görmək
olur. Onların da təşkilatın
üzvü olduqları iddia edilir. Lakin
hansısa səbəblərə görə onlar repressiyadan
yaxa qurtara bilmişdilər».
Uğur
Xalq Cəbhəsi.-
2014.- 14 yanvar.- S.11.