Ucundadır dilimin həqiqətin
böyüyü…
«Dildə,
fikirdə, işdə
birlik» ideyasının
müəllifi Əli
bəy Hüseynzadədir
İlk dəfə
Əli bəy Hüseynzadənin adını
1970-ci illərdə müəllimlərimdən
eşitdim. Azərbaycan Dövlət Unversitetinin
jurnalistika fakültəsində
oxuyurdum. Qəribə idi ki, dildən
dərs deyən də, mətbuat tarixini tədris edən də, elmi ateizmi fənni
müəllimi də,
başqaları da onun ictimai fəaliyyətini,
yaradıcılığını kəskin tənqid edirdilər. Bu da gənclərin Əli bəy Hüseynzadəyə marağını
artırırdı. Köhnə qəzet
və jurnallarda onun əsərlərinə
rastlaşanda üzünü
köçürüb yoldaşlarımızı
arasında yayardıq.
Görürdük ki, müəllimlərimiz
və dövrü mətbuatdakı ara-sıra
çap olunan məqalələrdə xalqdan
uzaq düşmüş
burja millətçi yazıçısı, əsərlərinin
dili anlaşılmaz adlandırılan Əli bəyin sadə xalq dilində yazılmış şeirləri
var. Əsərləri başdan-başa
millətinin oyanışına,
azadlıq mübarizəsinə
həsr olunub. Tez və asanca əzbərləyirdik. Əlibəy
Hüseynzadə yazırdı:
Ucundadır dilimin
Həqiqətin böyüyü.
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi…
Bilirmisin
cahillər
Nə etdilər Vətənə-
Nə qoydular uyuya,
Nə qoydular oyana…
Yüksək vətənpərvərliklə yazılmış əsərlərini
oxuduqca qadağa və təzyiqlərə
baxmayaraq ömür yolunu da öyrənirdik. Mirzə Fətəli
Axundovun əsərlərində
adı hörmətlə
çəkilən Qafqaz
şeyxülislamı Əhməd
Səlyaninin nəvəsi
olan Əli bəy uşaq yaşlarında valideynlərini
itirdiyindən babasının
yanında böyümüşdü.
Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda dünyaya göz açmış, babasından fars, ərəb dillərini, ədəbiyyatlarını dərindən
öyrənmiş və
Tiflisdə rus dilində gimnaziyanı bitirmişdi.
Qərb və Şərq tarixini, mədəniyyətini
dərindən öyrənən
Əli bəy ictimai-siyasi fəaliyyətə
çox gənc yaşlarında başlayıb. 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika və təbiət fakültəsində oxuyarkən
dövrün məşhur
elm xadimləri — Mendeleyev, Baqner,
Menşutkin, Jukovski və başqalarından dərs almaqla yanaşı imperiyanın
paytaxtında gedən
ictimai-siyasi proseslərlə
də yaxından iştirak edir. Rusiyadakı
«xalqçılar» hərəkatına
rəğbət bəsləyir.
1887-ci ildə tələbə yoldaşlarından
biri, Leninin qardaşı Aleksandr Ulyanov başda olmaqla bir qrup
gənc çar III
Aleksandra terror təşkil edirlər. Ertəsi gün onun üzv olduğu dərnəkdə də axtarış aparır və həmyerlisi Aslan bəy Aslanovu həbs edirlər.
Peterburq Universitetində təhsil aldığı illərdə
Rusiya Türklərini
imperiya əsarətindən
xilas etməyin yollarını arayan Əli bəyə universitetdə işləməyi
təklif etsələr
də razılaşmır. Bir sıra
inqilabçı tələbələr
kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır.
Ə.Hüseynzadə İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə
fakültəsində oxumaqla
dermatoloq (dəri-zöhrəvi
xəstəliklər) ixtisası
və yüzbaşı
hərbi rütbəsi
qazanır. 1897-ci ildə o,
«Qırmızı ay» heyətinin
tərkibində İtaliyaya
gedir, üç il sonra
geri qayıdır və müsabiqə yolu ilə İstanbul
darülfünunda əsgəri-tibb
fakültəsində professor köməkçisi işləyir.
O, burada da təqib olunur, çünki darülfünun
tələbəsi ikən
artıq inqilabçı
gənc türklər
hərəkatına qoşulmuş,
«İttihad və tərəqqi» partiyasının
ilk özəyini yaradanlardan
biri olmuşdu.
Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə geniş
maraq doğuran ilk türkçü-turançı məqaləsini 1904-cü ildə
Misirdə çıxan
«Türk» qəzetində
«Ə.Turan» imzası ilə çap etdirir. Bakıya gəldikdən
sonra «Kaspi» qəzeti ilə əməkdaşlıq edən
Əli bəy «Gənc Türkçülük
nədir?» adlı məqaləsi ilə türk tənzimat hərəkatının
mahiyyətini açıqlayır.
Az zamanda
o, islahatçı-reformist ideya adamı kimi tanınır.
Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsiylə «Həyat»
qəzetinin nəşrinə
başlayır. Senzuranın ardıcıl təzyiqi ilə qarşılaşmasına
baxmayaraq «Türklər
kimdir və kimlərdən ibarətdir?», «Bizə hansı
elmlər lazımdır?»,
«Yazımız, dilimiz,
«İkinci il»imiz» və başqa məqalələrini burada
çap etdirir. Onun Azərbaycançılıq ideologiyasının
əsaslarını müəyyən
edən «Türkləşmək,
islamlaşmaq, avropalaşmaq»
şüarı da ilk
dəfə məhz «Həyat» qəzetində işıq üzü görür.
«Həyat» bağlandıqdan
dərhal sonra, yəni 1906-cı il noyabrın 1-də H.Z.Tağıyevin maddi köməyi ilə «Füyuzat» jurnalını
nəşr edir. Füyuzatçılıq, yaxud Füyuzat
məktəbi Azərbaycanın
ictimai, ədəbi-mədəni
fikir tarixində möhtəşəm hadisəyə
çevrildi və türk birliyinin nəzəri əsaslarının
müəyyənləşdirilməsində
önəmli rol oynadı. Dildə, fikirdə, işdə
birlik konsepsiyasına əsaslanan ortaq Türk dili, ədəbiyyatı və
mədəniyyətinin yaradılmasını
inkişaf etdirdi.
O, Azərbaycançılıqla Türkçülüyü əlaqələndirməyə,
hər bir türk xalqının tərəqqisinin etnososial
məkanı olaraq qəbul etməyə çalışırdı. «Füyuzat» jurnalı füyuzatçılıq ədəbi
məktəbindən əlavə,
Azərbaycanda müstəqil
dövlətçilik ideyasını,
konstitusiyalı azad vətəndaş cəmiyyətini
yaratmaqda mühüm rol oynadı.
«Füyuzat» bağlandıqdan
sonra bir neçə il
Bakını tərk etməyən Əli bəy müxtəlif işlərdə çalışır,
ədəbi-bədii yaradıcılıqla
məşğul olur,
başlıcası isə
özünün ən
mühüm əsərlərindən
biri olan «Siyasəti-fürusət» əsərini
çap etdirir. Bu əsər Türk
xalqları tarixinin haradan haraya gəldiyi, hansı problemlərlə üzləşdiyi,
Türklər içərisindən
doğan milli azadlıq hərəkatlarının
səbəbləri, gedişi
və nəticələri
barədə müəllifin
tarixi-fəlsəfi mülahizələrindən,
ümumiləşdirmələrindən ibarətdir. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə
dövlət bayrağında
üç rənglə
(mavi, qırmızı,
yaşıl) simvollaşan
Azərbaycan vətəndaşının
ideya-mənəvi dəyərləri
Əli bəy Hüseynzadənin həmin
tezisi və füyuzatçıların tarixi
xidmətləri ilə
bağlıdır.
Əli bəy Hüseynzadə 1903-1910-cu illər
ərzində Azərbaycanda
yaşadığı zaman
kəsiyində çox
dəyərli, milli istiqlalımız üçün
gərəkli bir mədəni-mənəvi intibahın
başlanmasını təmin
edib. Buna görə də Azərbaycanda mətbuat və fikir azadlığının
cəfakeşlərindən biri, milli ziyalılıq
simvolu kimi şöhrətlənib. İstanbulda isə
«Gənc Türklər»
hərəkatının vüsət
aldığını görən
Əli bəy 1910-cu ildə yenidən Osmanlı paytaxtına gedir. Türk xalqlarının birliyi uğrunda özünün, müasirləri
demişkən, «təmkinli
mübarizəsini» ömrünün
axırına qədər
aparır.
Əli bəy üçün dil məsələsi olduqca önəmli idi; o, gözəl bilirdi ki, bir-birindən coğrafiya, din, etnoqrafiya,
hətta inkişaf səviyyəsi baxımından
ayrılmış türkləri
elə bir atribut var ki,
bu birliyə ən aqressiv anti-türkçü də qarşı çıxa bilməz. Ona görə də
Türkiyədə 30-cu illərin
əvvəllərindən başlayaraq
dil məsələsinə
xüsusi diqqət yetirilməsi — dil cəmiyyətinin qurulması,
dil qurultaylarının
keçirilməsi və
s. Əli bəyi yalnız bir milli mütəfəkkir kimi deyil, bir
milli şair olaraq da maraqlandırmışdı.
1926-cı ildə Bakıda keçirilən
I Türkoloji qurultaya Türkiyə tərəfinin
nümayəndəsi olaraq
gələn Əli bəyi Azərbaycanda Osmanlı dilinin təbliğatçısı kimi
təqdim edirdilər.
Türkiyədə isə gözəl
Azərbaycan şivəsinə
görə onu sevirlərmiş. Əslində isə istər Əli bəy Hüseynzadə, istər İsmayıl bəy Kaspıralı, istər Ziya Göyalp və başqaları Türk soylarının hamısının anlayacağı
bir dildə yazmağa çalışırdılar.
Əli bəy Hüseynzadə bütün ömrü boyu şeirlər, hekayələr yazmışdı,
tərcümələr eləmişdi,
rəsm əsərləri
çəkmişdi… Bütün bunlarla
yanaşı siyasi, fəlsəfi-publisistik əsərlərinin,
demək olar ki, hamısında böyük bir bədii təfəkkür
sahibinin qüdrəti
səviyyəsində obrazlılıq
nümayiş etdirmişdi.
Dərin
romantik duyğular üzərində köklənmiş,
öz milləti ilə yanaşı beynəlmiləl dünyaya,
ümumən insana ünvanlaşmış Əli
bəy Hüseynzadə
poeziyası üsyankar
deyil, olduqca təmkinli, sülhpərvərdir.
O, həyatını bütünlüklə türkçülüyün və turançılığın fikri və milli-mənəvi inkişafına həsr etmiş və buna tam mənada, yetərincə nail olmuşdu. 1940-cı ildə öz vətəni saydığı İstanbulda vəfat edib.
Əli Şamil,
araşdırmaçı
Xalq Cəbhəsi.- 2014.- 15 yanvar.- S.14.