Söz azadlığı və jurnalistlərin peşə davranışı normaları

 

Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri — qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar vardır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilib. Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması mərhum prezident Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır.

Bu gün mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasət uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən Azərbaycan Prezidenti deyib: «Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir». Ekspert Hafiz Mirzənin fikrincə, azadlıq insan üçün ən ali, xoş və ən müqəddəs mənəvi nemətdir. İbtidai icma quruluşundan ta sivil cəmiyyətədək qətl və edamdan sonra ən ağır cəza növü məhz insanın azadlıqdan məhrum edilməsi hesab olunmuşdur. Onun insan həyatında bu qədər mühüm əhəmiyyət kəsb etməsinin bir əsas səbəbi insan ruhunun, şüurunun, düşüncəsinin təbiətən azad yaranışından qaynaqlanır və insanlığın təbii haqqına çevrilir. Amma insan şüurlu varlıq kimi təşəkkül tapdıqca heyvanlar, quşlar və balıqlar qədər tam təbii azadlıqlarını yaşaya bilmədi. Bəşəriyyət özünün bir sıra azadlıqlarını verərək, birləşdirərək insan cəmiyyətini yaratdı. Bu cəmiyyətdə toplanmış azadlıqlar ictimai xarakter daşıdı və yeni forma və məzmun kəsb etdi. Özünütəsdiq və özünü ifadə etmək ehtiyacı isə şüurlu insanın heç vaxt, heç kəsə verə bilməyəcəyi fitri xüsusiyyətləri idi. Bunlar ideya, söz və əməl ilə ifadə olunur. İnsan azad halda çox şeylər düşünə bilər, ancaq bu fikir və ideyaların gerçəkləşməsi üçün birinci növbədə bunları ifadə edəcək söz azadlığına malik olmalıdır. Söz azadlığını təkcə XVII əsrdə anqlo-sakson hüququnun ortaya çıxartdığı doktrina kimi qəbul etmək doğru olmazdı. Onu bütünlüklə insanlığın təbii haqqı və bir əsas mübarizə və yaşam hədəfi olaraq qəbul etmək lazımdır.

Söz azadlığının formalaşdırılması sahəsində daha zəngin tarixi proses yaşamış İngiltərə və Fransada bu məsələni müxtəlif və dolanbac ifadələrlə təsbit etməyə çalışdılar. «İdeya və rəylərin azad ifadə olunması insanın ən qiymətli hüquqlarından biridir. Müvafiq olaraq, hər bir vətəndaş azad şəkildə danışa, yaza və çap edə bilər. Lakin vətəndaşlar qanunların müəyyən edəcəyi sui-istifadə hallarına görə məsuliyyət daşıyacaqlar». Bu maddə digər tərəfdən azad sözə qoyulan bir qadağa idi. Azad sözün çap üsulu ilə kütləvi şəkildə ifadəsi ona nəzarət mexanizmini — senzuranı yaratdı. Təyin edilmiş məmurun çapdan əvvəl verəcəyi rəyi ifadə edən bu senzura aradan qaldırılsa da, əvəzində azad dərc edilənləri sonra isbata yetirmək tələbi yarandı. Ən doğrusunu isə İngiltərənin kaloniyaları sayılan dövlətlər formalaşdırdı. ABŞ öz müstəqilliyini elan etdikdən bir neçə il sonra- 1791-ci ildə konstitusiyasına 10 əlavə etdi. Məhz birinci əlavə dinin dövlətdən ayrıldığını və söz azadlığını təsbit edirdi. Konqres söz və mətbuat azadlığını məhdudlaşdıracaq heç bir qanun verməyəcəyi barədə qəti öhdəlik götürürdü. Lakin bu, söz azadlığının anarxiya, xaos və başqalarının azadlıqlarını məhdudlaşdıracaq həddə qalxmayacağına təminat vermirdi. Qərb ölkələrində bu prosesə dörd aspektdən yanaşmağa çalışdılar: həqiqət, demokratiya, aftonomluq və neqativ nəzəriyyələr. «Hər bir nəzəriyyə cəmiyyətə açıq şəkildə təqdim edilməlidir və bundan qorxmaq lazım deyil, məhz ona faydalı olanı cəmiyyət özü seçib götürəcək»- xarici ölkələrdə indi də belə düşünürlər. Azərbaycan prizmasından baxdıqda bunun doğru və haqlı tərəfləri ilə yanaşı gəncliyi çaşdıracaq, yolundan azdıracaq və ya milli-mənəvi dəyərlərə qarşı qərəz ifadə edəcək tərəfləri də çılpaq formada görünməkdədir. Xüsusən də müharibə şəraitində yaşayan bir ölkə ilə tam rahat, firavan, təhlükəsiz həyat yaşayan və dini dəyərləri tamam fərqli olan ölkələri eyniləşdirmək doğru olmazdı. Amma ideyanın məqbul tərəfləri də yox deyil: insanların öz fikirlərini azad ifadə edə bilmədikləri cəmiyyətdə özünü təsdiq imkanları və demokratik, azad seçkilər ola bilməz. Bu da bir həqiqətdir ki, hökumətlərin özünə özü tərəfindən nəzarət düzgün icra edilə bilməz. Bu yalnız azad sözlə ediləcək tənqidi yolla mümkündür. Onu tənqid edəcək söz — mətbuat isə hökumətdən asılı olmamalıdır. Yalnız bu halda azad mətbuat ictimai nəzarət funksiyasını tam uğurla daşıya bilər. Lakin bu da söz azadlığının heç bir sərhəd tanımadığını ifadə etmir. Söz azadlığı başqa birisinin söyülməsinin mümkünlüyünü təqdir etmir. Amma bundan əvvəl cəmiyyət nəyin söyüş, təhqir, nəyin isə tənqid ola biləcəyini dəqiq müəyyən etməlidir. Azad söz cəbhəsində siyasət, ədəbiyyat, incəsənət, reklam daha öndədir və bu zaman ona heç bir müdaxilə qəbul edilmir. Bunlardan sonra gələn söyüş, ədəbsiz, nalayiq jarqon ifadələrə görə isə azad söz cavabdehlik daşımır və bu hal məhkəmə araşdırmasına qədər yol keçə bilər. Real vəziyyət xarici ölkələrdə də, Azərbaycanda da eynidir. Bir prinsipial fərq orasındadır ki, xarici ölkələrdə həyat tərzi, milli, mənəvi və dini dəyərlər hər nalayiq ifadəni, hətta aşkar söyüşü də təhqir kimi qəbul etməyə bilir. Qərbdə konkret şəxsi qıcıqlandırmayacaq, onu əks, radikal, kəskin fiziki cavaba təhrik etməyəcək söyüş müəllifə məhkəmədə həbs qəti imkan tədbiri qazandırmır. Azərbaycanda isə xalqın bir çox ifadələrə yanaşma tərzi, ifrat söz azadlığına ictimai mövqeyi bir qədər fərqlidir. Məhz Azərbaycanda «Söz var xalq içində, söz də var xılx içində» ifadəsi dolaşır və böyük əksəriyyət tərəfindən məqbul fikir kimi qəbul olunur. Yəni, söz azadlığı bütün qanunlarla təsbit olunsa da, hər söz, hətta bu aşkar həqiqətdirsə belə geniş ictimaiyyətin müzakirəsinə çıxarıla bilməz.

Heç kəs və heç bir qrum səhvlərdən sığortalanmayıb. Hər bir şəxs və qurum, hətta məhkəmələr də səhv edə bilər. Eləcə də jurnalistin bəzən səhv buraxması mümkündür və buna görə onun kəskin ittiham olunması, qəzetlərin cərimələnməsi, bağlanması azad sözə qarşı basqı sayılır. Lakin mətbu orqan və ya jurnalist ardıcıl olaraq və qəsdən yalanlara, təhriflərə yol verirsə, bu artıq qərəzdir, düşünülmüş yalan və böhtandır. Eyni zamanda şəxsin söz azadlığına güvənərək birbaşa və aydın şəkildə ictimai itaətsizliyə, təşvişə, xaosa, zorakılıq, terror və diversiyaya səbəb olacaq çağırışlar etməsi də yolverilməzdir. Bütün bu cür hallar baş verməsin deyə jurnalistin peşə davranış normaları müəyyən edilməli və buna riayət olunmalıdır. Mərkəzi Brussel şəhərində yerləşən Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) belə bir sənəd hazırlamışdır. BJF-a daxil olan 121 ölkə bu kodeksi qəbul və bunun əsasında özünün milli peşə davranış qaydalarını tərtib etmişdir. Eləcə də ölkə jurnalistlərinin I qurultayında (2003) Mətbuaat Şurasının (MŞ) təqdimatı ilə «Azərbaycan jurnalistlərinin Peşə Davranış Qaydaları» adlı sənəd qəbul edilmişdir. 160 min jurnalisti birləşdirən BJF-nin və eləcə də 20 min jurnalisti birləşdirmiş Britaniya Milli Jurnalistlər Birliyinin davranış və əxlaq kodekslərində çox ciddi müddəalar təsbit olunmuşdur. Hər bir əcnəbi jurnalist ictimaiyyətin həqiqəti bilmək hüququna hörmətlə yanaşmalı, xəbərlərin obyektiv toplanmasına, onu vicdanla və dəqiq ötürməyə, tənqid və şərh zamanı ədalətli olmağa çalışmalı, mühüm məlumatların gizlədilməsinə, saxtalaşdırılmasına, plagiatlığa yol verməməli, xəbər, şəkil, sənəd əldə edərkən qanuni yollara istinad etməli, gizli yolla əldə olunan məlumatın mənbəyini məxvi saxlamalı, qeyri-dəqiq və yanlış informasiya yaydığı müəyyən edildikdə isə jurnalist onu düzəltməkdən ötrü konkret tədbirlər görməlidir. Bunlarla yanaşı beynəlxalq aləmdə jurnalist üçün plagiat, hər, böhtan, iftira, əsassız ittihamlar, qərəzli, yanlış şərh və əldə etdiyi məlumatın nəşr edilməməsi müqabilində pul alması ciddi peşə xətası hesab olunur. Eyni zamanda jurnalist öz peşə davranış qaydalarına əməl edərək, hər hansı bir şəxsin yaşı, cinsi, irqi, hüquqi və ailə statusu, hətta cinsi orientasiyası barədə nifrətə və ayrı-seçkiliyə aparıb çıxaran materiallar yaymamalıdır. Lakin bu heç də o demək deyil ki, beynəlxalq jurnalistikanın ən aparıcı ölkələrində belə bunlara tam əməl olunur. Britaniya şahzadəsi Diananın qəzaya düşərək həlak olmasına məhz elə onun şəxsi həyatına jurnalistlərin ciddi müdaxiləsi səbəb olmuşdu. «Paparazi» adlanan xüsusi qrup jurnalistlərin məşhurların şəxsi həyatına kobud müdaxiləsi də məhz xarici ölkə jurnalistlərinə aiddir. «Azərbaycan jurnalistlərinin Peşə Davranış Qaydaları» özündə həqiqətə xidməti, dəqiqlik və obyektivliyi, informasiya qaynaqlarına hörmətlə yanaşmanı, özünün və çalışdığı orqanının təmiz adının, şərəf və ləyaqətin qorunmasını, şəxsi həyatın toxunulmazlığına riayət olunması prinsiplərini ifadə edir. Bu günlərdə BMT-nin İnsan Hüquqları Şurası İnternetdə söz azadlığı haqqında ilk qətnamə qəbul etmişdir. İlk baxışdan nə qədər mütərəqqi görünsə də, internetdəki Facebook sosial şəbəkəsi vasitəsilə Şimali Afrika ölkələrində başlanmış və hələ də davam edən süni qarşıdurmalar, itaətsizlik, qiyam və çevrilişlər nəzərdən yayına bilməz. Qondarma Wikileaeks saytı və onun rəhbəri Culian Assanc vasitəsilə ABŞ xüsusi xidmət orqanlarının öz məxfi, qismən də qondarma informasiyaları ilə virtual aləmdə beynəlxalq şantaj və kompromantla çıxış etməsi də, əslində bu sayt sahibi və admini sayılan jurnalistlərin virtual aləmdə heç bir davranış qaydaları və kodeks tanımadıqlarını ifadə edir. Bir yandan məhkəmələr guya ki, Assancın həbsinə qərar verir, digər bir yandan isə BMT səviyyəsində onun kimi şəxslər müdafiə olunur. Wikileaks saytının serverlər və ya xakerlər tərəfindən dayandırılmasının mümkünsüzlüyü də absurddur. Bu halda beynəlxalq qüvvələrin əsil niyyətlərini anlamaq çətin deyil. Şəxsi saytlar, bloqlar, müxtəlif maraq qruplarının informasiya portalları, sosial şəbəkələr qəzetlərdən daha böyük əhatəyə malikdir və virtual aləmdə daha çox jurnalist çalışır. Lakin virtual aləmdə müxtəlif qondarma adlar və niklər altında çıxış etmək imkanları olduğu üçün jurnalistin peşə davranış qaydalarına əməl etməsi nəzarətdən kənardadır. Kiber cinayətkarlığa qarşı mübarizə işini yüksəltməklə bu sahədə mühüm uğurlar qazanmaq olardı. Virtualda kodeks işləmir deyə qəzetdə edə bilmədiyini bəzi qərəzkar jurnalistlər virtual aləmdə rahatlıqla gerçəkləşdirirlər. Davranış qaydalarını işlək və təsirli etməkdən ötrü virtual inspektor proqramlarını hazırlatmaq da mümkündür. Ən optimalı olanı isə cəmiyyətin ideya-siyasi tərbiyə işini daha düzgün formalaşdırmaqdır. Axı jurnalist də cəmiyyətin bir üzvüdür.

 

Cavid

Xalq Cəbhəsi.-2014.- 15 yanvar.- S.11.