AXC-nin
de-fakto tanınmasından
94 il ötdü
Azərbaycanın müstəqil dövlət kimi dünya miqyasında bərabərhüquqlu yaşaması
üçün geniş
imkanlar yarandı
XX yüzildə Azərbaycan
dövlətçiliyi tarixində
mühüm tarixi əhəmiyyətə malik
olan Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə
tanınmasından 94 il ötdü. Məhz bu tarixdən sonra Azərbaycanın müstəqil bir dövlət olaraq dünya miqyasında bərabərhüquqlu yaşaması
üçün geniş
imkanlar yarandı.
1920-ci il yanvarın
11-də Parisdə Müttəfiq
Dövlətlərin Ali Şurası
Azərbaycanın istiqlaliyyətinin
de-fakto tanınması
haqqında yekdilliklə
qərar qəbul etdi. Yanvarın 14-də Azərbaycanda bu hadisə parlamentdə qeyd edildi. Yanvarın 19-da Azərbaycan və Gürcüstanın
rəsmi nümayəndələri
Paris sülh konfransı
Ali Şurasının iclasına
dəvət edildilər.
Antanta Cənubi Qafqazın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz üzərinə öhdəliklər götürdü.
I Dünya Müharibəsinin
sonuna yaxın Avropada, habelə dünyanın başqa bölgələrində, eləcə
də Qafqazda geosiyasi durum gərginləşmişdi. Qərb dünyası
bir tərəfdən
Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını
alqışlayır, digər
tərəfdən də
Rusiya imperiyasının
caynağından qurtulmuş
dövlətlərin müstəqilliyini
tərəddüdlə qarşılayırdı.
Çünki ortada Rusiyanın
imperiyaçılıq xəttinin
cani-dildən qoruyucusu
olan bolşevik Rusiyası var idi. Birinci Dünya Müharibəsindən
məğlubiyyətlə çıxan,
ötən yüzilin
əvvəllərindən bəri
dəfələrlə inqilab
edərək əldən
düşən, vətəndaş
müharibəsinin birtəhər
səngiməyə başladığı
Rusiya Bakı neftinə, ümumiyyətlə,
Azərbaycan kimi hər mənada zəngin bir ölkəyə yiyələnməyin
gərəkliyini gözəl
başa düşürdü.
Bu baxımdan da Moskva Azərbaycanda
ötən illər ərzində tərəfdarlarını
yarada bilmişdi.
Bu şəxslər o dövrün inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər.
Professor Qüdrət Əbdülsəlimzadə
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik
tarixindəki rolu ilə bağlı bunları bildirir: «Sivil dövlətçilik
prinsiplərinə və
atributlarına — çoxpartiyalı
parlamentə, peşəkar
siyasətçi və
peşəkarlardan ibarət
hökumətə, orduya,
milli valyutaya, himnə, üçrəngli
bayrağa, gerbə malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, qədim Odlar Yurdu Azərbaycanın
keçdiyi əzablı
yolların, sərt dönüşlərin, ziddiyyətli,
ictimai-siyasi, iqtisadi-sosial,
mədəni-mənəvi inkişaf
prosesinin şərəfli
yekunu oldu. Millətlərin özünüdərk və oyanışı prosesi əvvəlki nəsillərin maarifçilik
ideyaları, yeniləşmək
arzuları, mübarizlik
çağırışları, insan hüquqlarına, onun ləyaqətinə hörmət göstərilməsi
təməlində formalaşır».
XIX yüzildən başlanan
mürəkkəb ictimai
proseslərin gedişi
Azərbaycan cəmiyyətində
zamanın tələblərinə
uyğun köklü dəyişiklikləri tarixi
zərurət kimi irəli sürmüşdü. Xüsusilə
XIX yüzilin sonu, XX yüzilin əvvəllərində
bütövlükdə beynəlxalq
aləmdə, o cümlədən
də «qan və atəş» üzərində qurulmuş
«millətlər həbsxanası»
(Mirzə Bala Məmmədzadə) sayılan
Çar Rusiyası daxilində, müxtəlif
maraqların toqquşduğu
Qafqaz bölgəsində,
Azərbaycanda baş vermiş qanlı-qadalı
hadisələrdən sonra
çətinlik, ciddi
maneələrə baxmayaraq
dünyanın siyasi xəritəsində Azərbaycan
Xalq Cümhuriyətinin
meydana çıxması,
habelə de-fakto tanınması təkcə
xalqımızın deyil,
bütün Türk Dünyasının tarixi zəfəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında
həqiqətən misilsiz
xidmətləri olmuş
Məhəmməd Əmin
Rəsulzadə, Əlimərdan
bəy Topçubaşov,
Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Həsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid
Qənizadə, Xəlil
bəy Xasməmmədov,
Şəfi bəy Rüstəmbəyov kimi kişilərin xidmətləri
sayəsində «işıqlı
ulduza» bənzətdikləri
və «bir daha enməyəcəyinə
inandıqları», «Millətin
hüquqi, İstiqlalı,
Hürriyyəti» amallı
yeni quruluşun siyasi-mənəvi varisi olmaq böyük şərəfdir».
Q.Əbdülsəlimzadə daha sonra bildirir ki, babalarımızın bünövrəsini qoyduqları
işi, arzularını
başa çatdırmalıyıq:
«Təbii ki, o çətin şəraitdə
hansısa işlərisə
yerinə yetirməmək,
başa çatdırmamaq
halları olub. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə
hələ də kökünü kəsə
bilmədiyimiz rüşvətxorluq,
korrupsiya, məmur harınlığı, israfçılıq
halları, kəskin təbəqələşmə, hərisliklə mal-dövlət
toplamaq, başqalarından
seçilmək meylləri
olmamışdı». O, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının
əməllərinin ürəklərdə
daha dərindən kök salması üçün millli yaddaş tərbiyəsinin,
ənənəsinin gücləndirilməsini
arzulayır: «Bir anlıq o mürəkkəb,
ziddiyyətli günlərə
qayıdaraq siyasətin
imkanı gerçəkliyə
çevirmək bacarığı
— sənəti olduğunu,
habelə hökmən
müəyyən güzəştlər
müstəvisində reallaşması
zəruriliyini nəzərə
alaq».
Məhəmməd Əmin Rəsulzadə
yazırdı: «Zaman ağır, gedəcəyimiz
yol çox tikanlı və əngəllidir. İrəlidə bir çox
müşkülat və
maneələri dəxi
nəzərə almalıyıq.
Dumanlı yollar keçmək
və son məqsədə
çatmaq üçün
bir çox fədakarlıq etməli,
səbat göstərilməlidir».
Məhəmməd Əmin
Rəsulzadə «Əsrimizin
Səyavuşu» əsərində
hər bir yeni hakimiyyyət üçün aktual əhəmiyyət daşıyan
mülkiyyət, torpaq,
əmlak məsələlərinə
dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər
yolu ilə irəliləmək siyasətini
aydınlaşdıraraq yazırdı
ki, əsas məqsəd cəmiyyətin
bütün vətəndaşlarının
bərabər yaşamaq
hüququ əsasında
qurulması idi: «Burada bir sinif
digər sinfə hakim
deyildi. İnsan nə varına görə varlı, nə də yoxsulluğuna görə haqsız sayılırdı…
Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən
bəri insanların yaşayış və iqtisadiyyatında qarşılaşdıqları
ədalətsizliyi birdən-birə
ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti aradan götürmək mümkün
deyildi. Bundan anarxiya, daha çox səfalət çıxar və iç qarışıqlıqlardan
başqa ayrı bir nəticə alına bilməzdi».
Q.Əbdülsəlimzadənin fikrincə, Şərqin astanasında
müstəqillik, demokratik
dəyişikliklər, Azərbaycançılıq,
müasirləşmə ideyalarının
carçısı və
onun əməli nümunəsi kimi yaradılmış Azərbaycan
Xalq Cümhuriyyəti
öz gərgin, səmərəli fəaliyyəti
ilə əsil Milli Hökumət olduğunu sübut etdi. İllər keçəcək, qərinələr dolanacaq,
yüzillər ötəcək,
o unudulmaz günlərin,
onun iştirakçılarının
liderlərinin parlaq şöhrəti solmayacaq.
Tarixi hadisələrin və siyasi xadimlərin, habelə əsil şəxsiyyətlərin dəyəri,
onların ümumiyyətlə,
nə etdikləri ilə deyil, ilk növbədə əvvəlki
nəsillərə, öz
sələflərinə nisbətən
yeni nələr etdikləri, qurduqları, yaratdıqları ilə müqayisədə ölçülüb
qiymətləndirilir. Bu mənada Azərbaycan cəmiyyətinin milli-azadlıq
hərəkatını canlandıran,
proseslərə yeni nəfəs gətirən,
onun önündə gedən, idarə edən, millətinin istiqlalı yolunda çalışan, «İstiqlal
Bəyannaməsi»ni elan
edən, hökumət
quran, parlament yaradan, müstəqilliyini
beynəlxalq aləmdə
tanıdan Vətən
övladlarının adları,
xidmətləri unudulmazdır».
Xalq Cümhuriyyətiinin
dünyada rəsmən
tanınmasından bir
neçə ay sonra ölkəmiz Rusiya imperiyasının təməli
üzərində qurulmuş
bolşevik Rusiyası
tərəfindən amansızcasına
işğal olundu. Azərbaycan Xalq
Cümhuriyyəti dövlətçilik
tariximizin ləyaqət
səhifələrindən biridir.
Uğur
Xalq Cəbhəsi.-
2014.- 16 yanvar.- S.13.