«20 Yanvar faciəsi insanlığa
qarşı yönəlmiş qatı cinayətdir»
Elmira
Süleymanova: «Bu tarix həm də Azərbaycanın ərazi
bütövlüyü uğrunda mübarizə aparan
xalqımızın həmrəyliyi günüdür»
Ərəstun
Baxşəliyev: «20 yanvar xalqımızın tarixində bir qəhrəmanlıq
səlnaməsidir»
Üzeyir
Cəfərov: «1990-cı iıin məlum hadisələrində
həm qəhrəmanlıq, həm də işğal faktoru
daha çox olub»
Mərdan
Seyidbəyli: «Bu xalqımızın qəhrəmanlığının
təsdiq olunduğu gündür»
Hər il yanvarın 20-i ölkəmizdə ümumxalq
hüzn günü kimi anılır. İnsan
Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira
Süleymanova 20 Yanvar faciəsinin 24-cü ildönümü
ilə bağlı ənənəvi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, 24 il əvvəl törədilmiş
20 Yanvar faciəsi insanlığa qarşı yönəlmiş
qatı cinayətdir. Xalqımızın yaddaşına Qara
Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin
anım günü, həm də Azərbaycanın ərazi
bütövlüyü uğrunda mübarizə aparan
xalqımızın birliyi, həmrəyliyi günüdür:
«Bütün cinayət hadisələri kimi, bu qanlı
aksiyanın da sifarişçiləri və
icraçıları var. 1988-ci ildən başlayaraq
Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən
erməni separatizminə keçmiş sovet dövləti tərəfindən
rəvac verilməsi, Azərbaycana qarşı qərəzli
mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının
tədricən respublikamızın tabeliyindən
çıxarılması, azərbaycanlıların Ermənistandakı
tarixi-etnik torpaqlarından deportasiya edilməsi
xalqımızın səbrini tükəndirmişdi. Məhz xalqın etirazına cavab olaraq, sovet hökuməti
Azərbaycanı cəzalandırmaq üçün bu
qırğını törətdi». Elmira
Süleymanovanın sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
sovet ordusunun hərbi hissələri və zirehli texnikası
heç bir xəbərdarlıq etmədən Bakı və
Sumqayıt şəhərlərinə, habelə ölkəmizin
bir çox şəhər və rayonlarına yeridilmişdi:
«Hərbi gəmilərdən çıxarılan desant
qrupları da şəhər üzərinə hücuma
keçib, ağır hərbi texnika dinc əhalinin qurduğu
barrikadaları asanlıqla dağıtmışdı. Stavropol, Rostov və Krasnodardan erməni əsilli
zabit və əsgərlər hərbi əməliyyatlara cəlb
edilmişdi. Nəticədə beynəlxalq hüquq
normaları, keçmiş SSRİ-nin və Azərbaycan
SSR-nin konstitusiyalarının müvafiq müddəaları
kobudcasına pozulub, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə
divan tutulub. Keçmiş SSRİ rəhbərlərinin
göstərişinə əsasən, Bakıya daxil olan
silahlı qoşunlar milliyyətindən, yaşından və
cinsindən asılı olmayaraq, 147 nəfər silahsız
mülki şəxsi amansızcasına öldürüb,
paytaxtda, şəhərətrafı qəsəbələrdə
və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə
adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib.
Ölçüyəgəlməz dağıntılar törədilib,
yüzlərlə silahsız, sülhpərvər insan, o cümlədən
yaşlılar, qadınlar, gənclər və uşaqlar
xüsusi qəddarlıqla, qətlə yetirilmiş, şəhərin küçələri qana qərq olub». Ombudsmanın
fikrincə, beynəlxalq hüquqa əsasən insanlıq əleyhinə
cinayətin bütün əlamətlərini özündə
əks etdirən bu hadisə insan hüquqlarının kobud və
kütləvi şəkildə pozulması ilə törədilib:
«Ümid edirik ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın
haqlı tələblərini dəstəkləyəcək,
bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə
beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız
qalmayacaq».
Politoloq
Ərəstun Baxşəliyev hesab edir ki, 20 yanvar
xalqımızın qəhrəmanlıq səlnaməsidir: «O
zaman insanlar ölümün üzərinə qorxmadan, çəkinmədən
gediblər. Azadlıqlarını istəyiblər.
Buna başqa bir ad vermək doğru deyil. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan
müstəqildir. Qətliam törədilsə
də, insanlar qorxmadan küçə və meydanlara
çıxıblar, baş verənlərə öz
etirazlarını bildiriblər, partiya biletlərini oda
atıblar. Sözün əsl mənasında
rejimə qarşı üsyan ediblər. İşğal
faktı onsuz da var idi. 28 aprel 1920-ci ildən
etibarən ölkəmizi işğal edən Sovet Rusiyası
20 Yanvar hadisəsi ilə sadəcə xalqımızı iradəsini
qırmağa çalışırdı. Bu isə
alınmadı… Qırx il qul kimi ömür
sürməkdənsə bir gün azad yaşamağı
şüar edən xalq, məhz həmin gün də bu fikirlərin
boşdan deyilmədiyini bir daha isbat etdi».
Hərbi
ekspert Üzeyir Cəfərov diqqətə
çatdırdı ki, 1990-cı iıin məlum hadisələrində
həm qəhrəmanlıq, həm də işğal faktoru
daha çox olub: «Qəhrəmanlıq faktoru ondan ibarət
olub ki, əlində heç bir ciddi silahı-sursatı olmayan
xalq əliyalın son dərəcə azğın, hərtərəfli
silahlanmış qoşun qarşısına
çıxmağı bacarıb. İşğal
faktoru isə ondan ibarət oldu ki, keçmiş SSRİ rəhbərliyi
ermənilərin fitvası ilə Bakını və ətraf
rayon və şəhərlərə qeyri-qanuni qoşun hissələri
yeritdi. Hadisələrdən kifayət qədər
vaxt keçib. Lakin bu günə kimi bu
faciənin səbəbkarları məsuliyyətə cəlb
edilməyiblər. Məhz buna görə
də hələ də bizə yuxarıdan aşağı
baxan keçmış SSRİ respublikaları, başda Ermənistan
olmaqla, Rusiya və digərləri qalmaqdadır. Çox təəssüflər olsun ki, ölkəmizdə
20 Yanvar hadisələri də yalnız bu faciə ərəfəsində
yada düşür və bu haqda bəzi təbliğat
işləri aparılır».
Jurnalist Cəmaləddin
Həsənoğlu dedi ki, 20 Yanvara bir şəhid ailələrinin
və 20 Yanvar əlillərinin baxışı var, bir də
sırf hüquqi baxış: «O zaman hərəkatda bu və
ya digər şəkildə iştirak edən, yaxud bu hərəkata
rəğbət bəsləyən hər kəs
üçün, ilk növbədə isə ölümü
göz önünə alaraq rus tanklarının qarşısına
çıxanlar üçün bu birmənalı şəkildə
qəhrəmanlıq səhifəsidir: «Sovet
imperiyasının dağılmasının fərqli ssenarilərinin
modelləşdirildiyinə inanıram. Bu
dağılma fərqli macrada gedə, biz daha uduşlu və
ya daha uduşsuz qaydada Sovet İttifaqından çıxa bilərdik.
Amma tariximizin məhz bu cür inkişafı
birmənalı olaraq 20 Yanvar qəhrəmanlarının — həm
həyatda olanların, həm də şəhid olanların
xidmətidir. Mən 1990-cı ilin parlamnet
seçkilərində Bakı küçələrini bəzəyən
seçki platformalarının məzmununu xatırlayıram.
Hətta o çağacan qatı kommunist kimi
tanınan namizdələr, Sovet imperiyasının
çılğın tərəfdarları belə
platformalarında Azərbaycanın müstəqil
olmasının zərurətindən, heç olmasa iqtisadi
suverenlikdən dəm vururdular. Hamı
anlamışdı ki, daha Azərbaycan o imperiyanın tərkibində
qala bilməz, buna məcbur olsaq belə, imperiya o formatda davam
edə bilməz. Hüquqi tərəfə gəlincə,
bir müttəfiq respublikanın ali idarəedici
orqanı ilə razılaşmadan paytaxta qoşun yeridilməsi,
dinc əhalinin gülləbaran edilməsi, hətta təcili
yardım həkimlərinin belə öldürülməsi qətliamdır.
Bu, barədə Azərbaycan parlamentinin qəbul
etdiyi hüquqi aktlarda belə qiymətləndilir, belə də
qiymətləndirilməlidir».
Şair
Vüqar Əhməd bildirdi ki, 20 Yanvar rus-sovet
imperiyasının, erməni daşnaklarının Azərbaycan
türklərinə qarşı qətliamıdır: «Eyni
zamanda xalqımızın mücadiləsi, qəhrəmanlıq
salnaməsidir».
«Bütöv
Azərbaycan Ocaqları» konseyinin təşkilat məsulu Mərdan
Seyidbəyli dedi ki, 20 Yanvar Azərbaycan xalqının rus
imperiyasına qarşı İstiqlal savaşıdır: «Bu
gün bizim qürur günümüz, xalqımızın qəhrəmanlığının
təsdiq olunduğu gündür. Allah
bütün şəhidlərimizə rəhmət eləsin».
Azərbaycan Gənclər Klubunun idarə heyətinin üzvü Vüqar Nuriyev bildirib ki, 1990-ci ildən başlayaraq milli şüur və təfəkkürümüzün möhkəmlənməsi istiqamətində ciddi tarixi addımlar atıldı: «Həmin dövrdə azadlıq və müstəqilliyimizin təminatına yönəlik ciddi, dinamik cəhdlər etdik. Bu yolda tarix və zaman xalqımızı çox çətin imtahanlarla sınağa çəkdi. Müasir Azərbaycan tarixinə ağrı-acılı, amma şanlı və şərəfli səhifələr yazıldı. Axıdılan qanımız, göz yaşlarımız, faciələrimiz bizi daha da möhkəmlətdi. Xalq-millət olaraq əzm-iradəmiz, özünə inamımız yüksəldi. Daha möhkəm, sıx birliyimiz yarandı. Milli tariximizin qanlı 20 Yanvar faciəsi xalqımızın həm də milli birlik, güc və özünütəsdiqinin ifadəsi idi. Həmin gün Azərbaycan övladlarının qanı, cismi bu torpağa qarışdı. Əliyalın-başıaçıq qardaş-bacılarımız süqut etməkdə olan sovet hərbi qüvvəsinin nişangahına çevrildi. Həmin gün ağır, əfsanəvi sovet texnikasının tırtılları altda əzildik. Bu gün qürur-şərəf yerimiz olan «Şəhidlər xiyabanı» vətənpərvərlik ruhumuzun layiqli nümunəsi və yadigarıdır. Azadlıq və müstəqillik dalğası olan Qanlı Yanvar — millətimizin qurur, şərəf səlnaməsidir. 20 Yanvar — sovet imperiyasının süqutuna faciəli əsas, amma millətimizin azadlığa çağırış səsi idi. Həmin tarixdə dünya və bəşəriyyət insanlığa sığmayan daha bir faciənin şahidi oldu. Həmin gün xalqımız azadlıq və müstəqilliyə doğru inamlı daha bir addım atdı. Sovet impariyası isə əksinə, öz sarsılmış sonluğuna daha bir addım yaxınlaşdı. 1991-ci ildə bu nəhəng imperiyanın dayaqları çökdü. Bununla da dünyanın kommunist-sosialist ideyalarının qranit təməli süqut edərək tənzəzzülə uğradı. Əvəzində azadlıq və müstəqilliyimizin nəhəng təməl daşları yarandı. Xalqımız son 20 ildə çətin, amma şərəfli yol keçdi. Bu dövrdə ağrılarımız təkrarlandı. Azərbaycan övladları azadlıq-müstəqillik yolunda çarpışdılar, torpaqlarımız uğrunda canlarını fəda etdilər. Ərazilərimizin bütövlüyü yolunda qanlı müharibə yaşadıq. Bu savaşda on minlərlə bacı-qardaşımızı itirdik. Erməni işğalçılarının qəfil, amansız və tükürpədici təcavüzünə məruz qaldıq. Xocalı soyqrımı bizi sarsıtdı. Ədalətli dünya dövlətləri ermənilərin soyqrım törətməsi faktını bəyan etdilər. Çətin də olsa, amma sonrakı illərdə qazandıqlarımız daha dəyərli oldu. Sülh və sabitlik, azadlıq və müstəqilliyimiz təmin edildi. Müasir qüdrətli və yeni Azərbaycan quruldu. 20 Yanvar şəhidlərimiz xalq və millət adına sonsuz sevgisiylə hər kəsə nümunə oldular. Onların adı xalqımızın vətənpərvərlik tarixinə əbədi həkk olundu. 20 Yanvar şəhidləri, Qarabağ savaşı qəhrəmanları Azərbaycan gənclərinə vətənpərvərlik ruhu aşıladı, bu yöndə dərin əsaslar yaratdılar. Bu, bizim yeni tariximizdir. Yeni Azərbaycan tarixi — vətənpərvərlik ruhumuzun təməlidir. Biz bu vətənpərvər təməl üzərində böyüdük, formalaşdıq. Bugün beləcə davam edir, sonsuz şərəfli tariximizlə öyünür, qürur duyuruq. Vətənpərvərlik ruhumuzu gələcək nəsillərə ötürməyə borcluyuq».
Əli
Xalq Cəbhəsi.-
2014.- 17 yanvar.- S.5.