«20 yanvar» şahidlərin dili ilə

 

Xalqımızın tarixinə qanla yazılmış səhifələrindən biri də 20 Yanvar faciəsidir və bu hadisədən artıq 22 il keçir. Düz 22 il bundan əvvəl — 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə Sovet hərbi hissələri Azərbaycana daxil olmuş və xalqımıza qarşı vəhşi terror aktını törətmişdilər. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni bu dəfə Qorbaçovun rəhbərliyi altında Azərbaycana qarşı həyata keçirirdi. Digər SSRİ ölkələrinə edilən müdaxilələrdən Azərbaycana edilən müdaxilənin fərqi o idi ki, həmin vaxt Azərbaycan həm də Ermənistanın təcavüzünə məruz qalmışdı və SSRİ bu münaqişənin qarşısını almağa heç bir cəhd göstərmirdi. SSRİ rəhbərlərindən və onun Azərbaycandakı əlaltılarından heç bir kömək görməyən xalq öz haqlarının müdafiəsinə qalxmışdı. Bəzi məlumatlara görə Azərbaycana yeridilmiş qoşun kontingentinin sayı 60 min nəfərə çatırdı. Onların tərkibində Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da var idi.

Əməliyyatdan qabaq Almaniyanın birləşdirilməsindəki xidmətlərinə görə Nobel Sülh mükafatına layiq görülən Qorbaçov hərbi əməliyyata başlamaq siqnalı verildi və Bakıya hücumla bağlı «İspaniyanın səması buludsuzdur» parolu da eşidildi.

Bakıya ağır tankların müşayiətilə edilən hücum nəticəsində 133 nəfər qəddarlıqla qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər həbs olundu, 5 nəfər itkin düşdü, 200-dən artıq ev və mənzil qarət edildi, yandırıldı. Eyni zamanda 80 avtomobil, həmçinin təcili yardım maşınları zirehli döyüş maşınları ilə əzildi. Dövlət müəssisələrinin dağıdılması, partladılması nəticəsində dövlət büdcəsinə 5 milyon 637 min 286 manat ziyan dəydi. Əməliyyatı həyata keçirməklə sovet rəhbərliyi SSRİ Konstitusiyasının 119-cu maddəsini və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozdu.

Yanvarın 22-də xalqımız öz şəhid övladlarını Dağüstü parkda dəfn etdi. O gündən bura «Şəhidlər Xiyabanı» adllandırıldı və xalqımızın and yerinə çevrildi. 1937-ci ildə SSRİ rəhbərliyi tərəfindən buradakı 1918-ci il şəhidlərinin məzarlarının yerində park salınmışdı. Bu xalqa öz tarixini, tarixi kimliyini və düşmənlərini unutdurmaq siyasətinin təzahür forması idi…

1990-cı il 20 Yanvar şəhidlərinin və 1918-ci il şəhidlərinin ruhları o gün bir-birinə qovuşurdu…

Üstündən 22 il keçməsinə baxmayaraq xalqımız və dövlətimiz 20 Yanvar faciəsini və şəhidlərini unutmur, hər zaman yad edir. Dövlətimiz bu faciənin əsl mahiyyətinin, nəticəsinin və onun səbəbkarlarının kimliyini xalqımıza, xüsusən də gənc nəslə çatdırılması məqsədilə çoxsaylı tədbirlər həyata keçirir.

Bəs şahidlər o günü nücə xatırlayırlar?

«20 yanvar» hadisəsinin şahidi, həmin günlərdə fotoçəkilişlər aparan fotoqraf Tahir Cəfərov: «Əslində 20 yanvar günü 1990-cı il 19 yanvardan başlayıb. Baxmayaraq ki, Bakıda komendant saatı elan olunmuşdu, mən fotokamera ilə küçələrdə çəkilişlər aparırdım. Şəhərdə patrullar gəzirdilər. Çalışırdım ki, onlar kameranı görməsinlər. Mən rus əsgərlərindən biri ilə söhbət etməyə çalışdım, lakin bu elə də asan məsələ deyildi. Onlar əlisilahlı, üzü tüklə örtülmüş, insanlıqdan kənar şəxslər idi. 19 yanvar idi, hələ axşam düşməmişdi. Avtomatlılardan birilə birtəhər danışa bildim. Onlar xüsusi hazırlanmış desantlar idi, Krasnodar tərəfdən idilər. Artıq yanvarın 19-dan 20-nə keçən zaman atəş səsləri eşidilməyə başladı. Bakıda ən dəhşətli mənzərələrdən biri indiki «20 yanvar» metrosu yaxınlığında baş verdi. Orada meyitləri çəkəndə keçirdiyim hissləri heç sözlə demək olmaz. Çəkiliş apardığım zaman güllələr yanımdan vıyıldayıb keçirdi. O zaman qorxu hiss keçirmirdim. Orada bir şəkil çəkmişdim, bu heç vaxt yadımdan çıxmayacaq. Əvvəlcə iki insan meyiti sandığım cənazələrin sonradan bir neçə insana məxsus olduğunu anladım. Bədənlər tanınmaz vəziyyətdə idi. Tankın altında əzilən cəsədlərdən 4 əl deyil, 6-7 əl görünürdü. Mənimlə birgə bir çox çəkiliş aparanlar vardı. Vaxtı ilə «KVN» iştirakçısı olmuş Ənvər Mansurov da kamera ilə çəkiliş aparırdı. Onun atası məndən xahiş etdi ki, Ənvəri oradan çıxarım. Gördüm gəlmir, axırda Ənvərə dedim ki, atanı yaralayıblar. O inandı və məcbur olub evə qayıtdı. Artıq 20 yanvarın səhəri əhali «Təzə Pir» məscidinə şəhidlərini gətirirdi. Səhər tezdən təxminən 50-yə yaxın adamın meyitini tapdıq. Onların ailə üzvləri gəldi, lakin elə meyitlər vardı ki, sahibsiz qalmışdı».

Hadisənin şahidi, II dərəcəli «20 yanvar» əlili, «20 yanvar» Cəmiyyətinin sədri Soltan Əzimzadə: «Bir neçə gün öncədən qoşunların Bakıya gəlməsi haqqında məlumatlar vardı. Yanvarın 16-dan Biləcəridən şəhərə gələn yolda, o zamankı «İskra» zavodunun qarşısında piket qurulmuşdu. Qoşunların şəhərə girməsinin qarşısını almaq istəyirdik. 4 gün növbəlilik əsasında piketlər davam etdi. 19-dan 20-nə keçən gecə qoşunların axşam saatlarında şəhərə girməsi gözlənilirdi. Tanklar birinci Salyan kazarması tərəfdən hücuma keçdi. Bir tank indiki 20 yanvar (o zaman Suvorov — müəl.) küçəsilə Tbilisi prospektinin kəsişdiyi yerdən tramvay xəttinin üzərindən gəldi. İnsanların dağılması üçün bir zabit danışmaq istədi. Camaat onlardan geri dönməyi tələb etdikdə, mübahisə yarandı. 5-6 dəqiqəlik mübahisədən sonra tankdan başımızın üstündən qarşıdakı binaya atəş açdılar. Hərbçilər adi əsgərlər deyildi. Çoxu Stavropol vilayətindən gəlmişdi. Camaat tankların qarşısında oturdu. Onlar bizə qaz bombaları (şaşkaları) atdılar. Ətrafı tüstü bürüdü. Qazdan boğulduğumuza görə, yerimizdən qalxıb dağılışmaq istədik. Lakin hərbçilər bizə arxadan atəş açdı. Tbilisi prospektinə kimi silahsız onların qarşısını bir neçə dəfə alsaq da, artıq mənim kimi çoxu güllə ilə yaralanmış, bəziləri isə həlak olmuşdu. Mən qarın nahiyəsindən yaralandım. 21 ildir, güllələrdən biri hələ də bədənimdədir. Mən yaralanana qədər artıq bir neçə nəfərin öldüyünü gördüm. Sonra isə huşum özümdə olmadı».

Hadisə şahidi, «20 yanvar» əlili Akif Nəsirov: «Həmin ərəfədə biz küçələrdə otururduq. İnanırdıq ki, canla-başla xidmət etdiyimiz Sovet ordusu bizə silah çəkməz. Lakin yanıldıq. Düzdür, əvvəlcə onlar şəhərə daxil olmaq üçün camaatla danışıqlar apardılar. Amma xoşluqla buna nail ola bilməyəcəklərini görüb, havaya atəş açdılar. Daha sonra Azərbaycan xalqının əzmini qırmaq üçün əliyalın insanları gülləyə tutdular. İnsanların çoxu indiki «20 Yanvar» metrosuna tərəf qaçdı ki, keçidə girsinlər. Lakin tanklar buna imkan vermədi. Qaranlıqda, ağacların arxasında, hətta ağaca çıxaraq gizlənən insanları projektorlar vasitəsilə tapıb güllələyirdilər. Yanımda iki nəfər qətlə yetirildi. Məni də yaraladılar. Yaralıları tankların altından çıxarmaq istəyən zaman qarnımda nəyinsə yandığını hiss etdim. Ağrıya baxmayaraq bir nəfəri yolun ortasından çıxartdım. Lakin sonradan huşumu itirdim. Ayılan zaman özümü qanlı xərəkdə uzanan, yanımda isə ağxalatlıları gördüm. Kiçik otaq idi. Mənim yanımda iki meyit də vardı».

20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı, hadisə şahidi Elxan Allahverdiyev: «20 yanvar 1988-ci ildə xalq hərəkatının, müstəqillik uğrunda başlamış savaşın kluminasiya nöqtəsi idi. Yanvarın 18-dən Biləcəri yolu bağlanmışdı. Evimiz II Alatavada idi. 19 yanvarda hava çox soyuq idi. Camaat küçədə növbə çəkirdi. Biz Sovet ordusunda xidmət etmişdik deyə, düşüncəmizdə şanlı Sovet ordusu kimi ifadələr qalmışdı. Mən heç vaxt inanmazdım ki, qulluğunda durduğum Sovet ordusu öz süngüsünü, güllələrini xalqına qarşı çevirər. Amma yanılmışdıq. 19-dan 20-nə keçən gecə saat 1-ə işləmiş Biləcəri tərəfdən 20 yanvar istiqamətinə iki tank gəldi. Göyə 2 fişəng buraxdılar. Daha sonra 2 güllə atdılar. Yanımda oğlan dayanmışdı. Gördük ki, tanklar maşınları əzib keçdilər. Yanımda dayanan Vaqif adlı oğlanın qanı axırdı. Oradakı cavanlar başladılar hərbçilərə daş atmağa. Onlar da başladılar gülləborana. İlham əvvəl yanımda olsa da, sonradan onu tapmadım. Mənə dedilər ki, «Salyanski» kazarma yaxınlığında tanklar camaatı yarıb keçib. Ora kömək lazımdır. Ona görə də İlham və yanındakı adamlar ora gedib. Sonradan dedilər ki, əliyalın camaatla birgə İlham keçmiş XI Qızıl Ordu meydanında tanklarla qarşılaşıb. İlham əllərini qaldıraraq tankların üstünə gedib və deyib: «Soldatı ne vstrlyayte, lyudi bez orujii». Amma onlar İlhamı vurublar. Bir güllə onun ciyərini parçalamışdı. Mən o zaman əsgərlərə yaxınlaşıb dedim ki atmayın. Oradakı desantlardan biri mənə dedi ki, «U nas prikaz». Gözümün qabağında, indiki Alov zavodunun yanında 4 tank bir «VAZ 2106″ markalı maşını qovdu və ona çataraq əzdilər. Daha sonra həmin tanklar bizə tərəf atəş açdılar. Orada hündür binanın üstündən bir oğlan yanan butulkaları tankların üstünə atırdı. Oranı gülləboran etdilər. Yanvarın 20-si səhər küçədə İlhamı və digər uşaqları gözləyirdim. Yerdə oturmuşdum və demə mürgüləmişəm. Birdən qulağıma İlhamın səsi gəldi. Tez durdum, İlhamı soruşdum. Dedilər İlham yoxdur. Sonradan öyrəndim ki, İlham o anda xəstəxanada can verirmiş. Anamla birgə xəstəxanaya getdik. Qapının ağzında, stolun üstündə İlhamın şərfini gördük. Həkim məni otağa çağırdı və İlhamın həlak olduğunu dedi. Sonra mən anamı evə aparıb, özüm morqa getdim. Otağa girən kimi bir ölü uzatmışdılar. Mən tez onu qucaqladım. Amma gördüm ki, onun bığı yoxdur. Diqqət yetirdim, gördüm ki, o deyil. Həmin insanın bud nahiyəsi yox idi. Sonra digər otağa girdim və İlhamı gördüm (ağlayır). Qarnı kəsilmiş, bağırsaqları sallanırdı. Damcı-damcı qan sızırdı… Əvvəlcə İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etdik. Sonradan onu Şəhidlər Xiyabanına köçürtdülər. İndi onun Xırdalandakı boş qalmış qəbrinin yerində oğlum Əjdər dəfn edilib. İlham Əjdəri çox istəyirdi. Ona görə də o öləndə onu orada basdırdıq».

«20 yanvar» şəhidi İlham Allahverdiyevin anası, hadisə şahidi Ofeliya İbrahimova: «Qızım Rəsmiyə gəldi ki, evimiz yıxılıb, İlham həlak olub. O anı xatırlamıram. Özümdən getmişəm. Ayılanda gördüm meyiti gətiriblər. Həmin anlar ən pis hisləri Fərizə keçirirdi. Fərizə biləndə ki, İlham həlak olub, ağlamadı. İlhamın məclisi idi, dedilər ki, Fərizə özünü yandırmaq istəyir. Üstünə neft töküb. Elxan ona yalvardı ki, özünü yandırma. Fərizənin atası, anası, bütün qohumlar ona yalvarmağa başladıq. Bizə dedi ki, mən bu evə cüt gəlmişdim, cüt də gedəcəyəm. Yanvarın 22-i gecə idi. Mən hələ də özümdə deyildim. Bir də gördüm ki, evdən qışqırtı səsi gəlir. Ayağa qalxdıq, gördük Fərizə sirkə turşusu içib. Semaşko xəstəxanasına çatanda artıq canını tapşırmışdı».

 

Cavid

Xalq Cəbhəsi.- 2014.- 18 yanvar.- S.4.