20 Yanvar faicəsini lazımı şəkildə tanıda bilməmişik

 

Çünki bu faciə sovet imperiyasının Azərbaycan xalqına qarşı soyqırımı, təcavüzü kimi heç bir sənəddə yazılmayıb, hər hansı bir beynəlxalq təşkilat hadisələri soyqırım, təcavüz kimi qiymətləndirməyib

Tarix boyunca bir çox faciələr yaşamışıq. bu faciəlrimizi dünyaya yetərincə tanıda bilməmişik. Elə götürək 20 Yanvar faciəsini, bu tariximizdən hər ildönüm günlərində danışırıq, yad edirik, uzaqbaşı ayrı-ayrı ölkələrdə kiçik dairədə tədbirlər düzənləyirik. İşimizi bununla yekunlaşdırıb növbəti ili gözləyirik.

Bu işdə hökuməti günahlandıranlar da var, diaspora təşkilatlarının lazımi səviyyədə görmədiyini söyləyənlər . Ancaq mənim şəxsi qənaətim belədir ki, Azərbaycanın başına gətirilən müsibətlərin, faciələrin dünyaya tanıdılması üçün diaspora təşkilatları istənilən səviyyədə görə bilmirlər.

Hərənin gücü nəyə çatırsa, Azərbaycan həqiqətlərini-Xocalı faciəsini, 20 Yanvar qətliamını, ümumən Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. Hər kəsin üzərinə düşən bir məsuliyyət payı var hər kəs o məsuliyyəti başa düşməli, yerinə yetirməlidir. Heç kəs gözləməməlidir ki, kimsə başqaları bunu etsin.

Hər bir Azərbaycan vətəndaşının, hamımızın arzusudur ki, Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı 20 Yanvar qətliamı ilə bağlı geniş dinləmələr təşkil olunsun bu dinləmələrin yekunu olaraq Xocalı faciəsinin soyqırım aktı kimi tanınması 20 Yanvar qətliamının pislənilməsi yönündə sənəd qəbul edilsin. Bir atalar məsəlində deyildiyi kimi, «uman yerdən küsərlər». Türkiyə bizim ən yaxın dostumuz, qardaş dövlətimizdir. Biz iki dövlət, bir millətik. Eyni zamanda, bu da danılmaz faktdır ki, Türkiyə xalqı dövləti daim Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır bundan sonra da olacaq. Bununla belə, hamının könlündə olan istək budur ki, Türkiyə parlamenti Xocalı soyqırımını soyqırım aktı kimi tanısın. Ancaq bu məsələdə təkcə Türkiyə ilə kifayətlənmək olmaz. Biz Xocalı soyqırımının soyqırım aktı kimi tanınması ilə bağlı təkcə Türkiyədən, Türkiyə parlamentindən ummamalıyıq. Bunun üçün dünyanın ən müxtəlif ölkələrində işlər aparmalı, məhz həmin dövlətlərdə Xocalı soyqırımının soyqırım aktı kimi tanınmasına, 20 Yanvar qətliamının pislənilməsinə nail olmalıyıq. Bu işdə, heç şübhəsiz ki, diplomatik korpuslarımızla, səfirliklərimizlə yanaşı, həmin ölkələrdəki diaspor təşkilatlarımızın, xaricdə yaşayan azərbaycanlılarla bağlı əlaqələndirici rolunu oynayan dövlət qurumlarının üzərinə çox böyük işlər düşür. Lakin bu yerdə onu da təəssüflə deməliyəm ki, xaricdəki diasporumuzda, diaspor təşkilatlarımızda da vəziyyət heç arzuolunan səviyyədə deyil. Onların özlərində bir sıra problemlər var. Yəni diasporumuzun, diaspor təşkilatlarımızın özündə milli məsələlərə sahiblənmək prosesi hələ yeni-yeni başlayır. Əgər xaricdəki diasporumuz, diaspor təşkilatlarımız milli məsələlərə, davalara tezliklə sahiblənsə, eyni zamanda, fəaliyyətimizi genişləndirməyə, işlərimizi sürətləndirməyə nail ola bilsək, onda təbii ki, haçansa bütövlükdə dünya tərəfindən yaxın keçmişimizdə baş vermiş, özü gerçəkdən yaşanmış Xocalı qətliamının soyqırım aktı kimi tanınmasına nail ola bilərik. Eyni zamanda, 20 Yanvar həqiqətlərini dünyaya çatdıra bilərik. Təbii ki, bu işləri həyata keçirmək üçün xeyli zaman tələb olunur. Bunlara bir-iki ilin içində nail olmaq çətindir qeyri-mümkündür. Ermənilər öz uydurma «erməni soyqırımını» tanıtmaq üçün uzun illərdən bəri fəaliyyət göstəriblər bu fitnəkar əməllərini bu gün davam etdirirlər.

Digər bir məqam isə bundan ibarətdir ki, ümumiyyətlə, Azərbayan tarixinin təbliği düzgün təqdim olunması ilə bağlı ciddi problemlər var. Bu baxımdan 20 Yanvar faicəsi də istina deyil.

Əgər bu faciə sovet imperiyasının Azərbaycan xalqına qarşı soyqırımı, təcavüzü kimi heç bir sənəddə yazılmayıbsa, hər hansı bir beynəlxalq təşkilat hadisələri soyqırım, təcavüz kimi qiymətləndirməyibsə, bu o deməkdir ki, biz 20 Yanvar faicəsini lazımı şəkildə tanıda bilməmişik. Amma 20 Yanvar faicəsinin tanıdılması ilə bağlı heç bir işin görülmədiyini də söyləmək doğru olmazdı. Baş verənlərin təcavüz, soyqırım kimi tanıdılması üçün kifayət qədər işlər görülüb. Məsələ araşdırılıb, respublika televiziyasında müəyyən məqamlar kifayət qədər açıqlanıb. Ölkəmizdə 20 Yanvar faciə kimi qeyd olunur. Dövlət səviyyəsində hər il şəhidlərin uyuduğu məzarlıq ziyarət olunur. Şəhidlər Xiyabanına xüsusi diqqət yetirilir. Faciənin qurbanlarının ailələrinə kifayət qədər diqqət göstərilir. Bütün bunlar hamısı baş verən hadisəyə münasibətdir. Buna baxmayaraq faicənin dünya səviyyəsində tanıdılması üçün kifayət qədər addımlar atılmalıdır. Artıq Azərbaycan müstəqil ölkədir, bütün beynəlxalq təşkilatların üzvüdür. Bu faciəni törədən isə Kommunist Partiyası, partiyanın baş katibi Mixail Qorbaçov olub. Qorbaçovu beynəlxalq məhkməyə verməyin vaxtı çoxdan çatıb. Müharibədə yəhudilərə qarşı törədilən qırğınlara görə üstündən 30-40 il keçməsinə baxmayaraq məhkəməyə müraciət edildi. Eyni ilə Qorbaçov da 20 Yanvar faciəsinin üzərindən 23 il keçməsinə baxmayaraq məhkəmə qarşısında oturub cavab verməlidir. Təbii ki, əgər buna gücümüz çatarsa… Digər tərəfdən 20 Yanvar faicəsilə bağlı yazılan yazıları, videolentləri, çəkilmiş şəkilləri beynəlxalq aləmə çatdırmaq üçün səylərin göstərilməsi vacibdir. Yazıları dünyanın bütün dillərinə tərcümə edib yaymaq lazımdır. Xaricə gedəndə söhbət əsnasında 20 Yanvar faciəsindən danışmaq da faciənin təbliği baxımından əhəmiyyətli olardı. Xarici jurnallarda, qəzetlərdə bu məsələrlə bağlı çıxışlar etmək lazımdır. Ermənilərdən fərqli olaraq bizim diaspora təşkilatları təzə yaranmağa başlayıb, onların təcrübəsi o qədər də çox deyil. Təzə müstəqillik əldə etmişik, Azərbaycana qarşı münasibət birmənalı deyil, hansısa problemi həll etmək üçün erməni bir qapı açmaq məcburiyyəti qarşısında qalanda, biz iki qapını açmalı oluruq. Yetər ki, bu qapıları açaq. Bu qapıları isə ildə bir dəfə yox, dönə-dönə açmaq lazımdır.

 

Arzu Şirinova

Xalq Cəbhəsi.- 2014.- 18 yanvar.- S.8.