20 Yanvar hadisələri
daha çox musiqidə
öz ifadəsini tapıb
Professor Qüdrət
Əbdülsəlimzadə 20 Yanvarla bağlı ayrıca kitab yazıb
Azərbaycan tarixində ən dəhşətli faciələrdən
sayılan 20 Yanvar mövzusu ötən illərdə ağlı kəsən hər bir kəsi dərindən
düşündürüb. Xalq daim
yaşayır, yaşayacaq.
Sabahımızda xalqı yalnız
faciəviliyi aşan kəslər yaşada biləcək. Fərd zamandan,
gerçəklikdən üstün
olmalıdır ki, xalqı yaratmaq qüdrətinə çatsın,
faciəni aşa bilsin. O zaman biz dünyanın indiki qarışıq əhvalını
aşıb özümüzü
təsdiq edə bilərik.
20 Yanvar faciəsinə
kimi mərkəz Moskva ermənilərlə
birləşib Sumqayıt
hadisələrini yaratmışdı. SSRİ kimi böyük imperiyanın çöküşü
artıq içəridə
başlamışdı. Yenidənqurma oyunu tüğyan
edirdi. Ancaq təəssüf ki, bizi gözləyən faciələrə hazır
ola bilmədik.
Faciələrimiz sıralandı.
1990-cı
ilin 20 Yanvar faciəsi bir sıra cəhətləri
üzə çıxardı:
ölkənin mərkəzinin
amansızcasına işğalı,
suçsuz insanların
faciəvi aldanışı
və qətli, imperiyanın əsl üzünün görünməsi,
xalqımızın sarsılması,
imperiyaçılığa qarşı mübarizə…
Əslində faciəmizdən güc ala bilmədik.
Bu səbəbdən də hiddətimiz parçalandı, yeni faciələrlə sonuclandı.
20 Yanvardan sonra
baş verən Xocalı faciəsi buna
aydın misaldır.
Həmişə düşünmüşəm:
bu boyda faciələrdən sonra bir xalq olaraq
niyə yox olmadıq? Çünki möhtəşəm fitrətimiz, ruhumuz bizi ölməyə qoymadı. Xalqın bundan sonrakı
yaşamı, özünütəsdiqi
yolunda da daim özündən keçən fərdlər,
yəni şəhidlər
olmalıdır.
20 Yanvar hadisələri
zamanı ictimai dəfn komissiyasının
sədri olmuş
professor Qüdrət Əbdülsəlimzadə
20 Yanvarla bağlı
ayrıca kitab yazıb. Onun fikrincə,
tarixi «belə eləsəydik, elə olmazdı» meyarlarıyla dəyərləndirmək düzgün
deyil: «Tarixdə hər hansı hadisə bir dəfə olur. Ümumiyyətlə, faciənin
özündə də
işıqlı cəhətlər
var. O zaman Türkiyənin,
İranın, Amerikanın,
İngiltərənin, Fransanın
özündə doğrudan
da, bizə ağlayan yox idi. Ancaq ədalət üçün
deməliyəm ki, «Qardian», «Nyu-York Times» və başqalarında 20
Yanvarla bağlı doğru yazılar dərc olunmuşdu. Bu da yalnız
xarici mətbuatın müstəqiliyi ilə bağlı idi. Onlar Moskvaya qarşı doğru ittihamlar yazmışdılar, etirazlarını
bildirmişdilər. Düzdür, dünya bizə ağlamadı, ancaq aydın düşüncəlilər
öz fikirlərini dedilər. Məsələn, Türkiyənin rəsmi hakimiyyəti hələ heç nə deməmişdi, ancaq Məsud Yılmaz öz etirazını bildirmişdi.
«Nyu-York Times» qəzetindən gələn
müxbir mənə müraciət etdi ki, deyirlər, burada fundamentalizm var, doğrudurmu? Mən də bircə fakt dedim. Söylədim ki, fundamentalist olan
bir xalq rusu, ləzgini öz ölüləriylə
birgə basdıra bilərmi? Güney Amerikadan da ispandilli bir jurnalist gəlmişdi.
O deyirdi: «Bizə Moskvada Azərbaycan haqqında ayrı məlumat vermişdilər.
Guya burada qırılanlar hamısı narkomanlardır,
siz yırtıcı millətsiniz. Mən hər
şeyi öz gözlərimlə gördüm.
Sizin millət necə təmkinlə bu hadisəni yaşaya bildi». Q.Əbdülsəlimzadə
bu hadisələr zamanı imperiyanın əlində alət olan ermənilərin sabahına qəti şəkildə inanmadığını
deyir: «Kökü, torpağı olmayan, onun-bunun əlinə baxan, diaspordan dilənən, getdikcə azalan bir millətin
bu gün tutduğu yol ona şərəf gətirməyəcək. Belə
bir xalqın heç vaxt gələcəyi ola bilməz».
Şair
Qəşəm İlqar
Ruhdaş deyir: «20 Yanvar hadisəsindən sonra eyniadlı cəmiyyət, fond və qəzet yaradıldı. Onda mən «20 Yanvar» qəzetində baş redaktorun birinci müavini vəzifəsində
çalışırdım. 20 Yanvar faciəsinə
aparan hadisələr vardı. Məsələn, 1986-cı ildə Filarmoniyada jurnalistlərin
qurultayı keçirilirdi.
Moskvadan
— Mərkəzi Komitədən
Mixaylov soyadlı bir nəfər orda iştirak edirdi. Gəncədən
gələn Nüşabə
Məmmədova adlı
bir xanım dedi ki, gəncəlilər
adından jurnalistlər
qurultayına təklif
edirəm, Kirovabad adı
götürülsün, Gəncəmizin
adı özünə
qayıtsın. Bunu deyəndə Azərbaycan
KP MK-nın birinci katibi Kamran Bağırov
yerindən dik atıldı, əsəbi
şəkildə onun
sözünü kəsdi
ki, belə şey ola
bilməz. Heç Mixaylov bilmirdi ki, söhbət nədən gedir…»
Yeri gəlmişkən,
qeyd edək ki, xalqın yaşamını özündə
bütünlüklə ifadə
edən folklorumuzda faciəvilik mövzusu son dərəcə nikbin əks olunub. Xüsusən faciəvilik mövzusunun daha çox ifadə olunduğu bayatılarımızda bir
xalq olaraq zarımağımız yoxdur,
əksinə, faciəviliyimizi
aşmaq qüdrətimiz,
inamımız, inadımız
var. Faciəvilik dünyanın
gedişatındadır, bəşərin,
xalqın mayasında deyil. Deməli, faciəvilikdən bir xalq olaraq
üstün olmaq imkanımız var və bu imkanı
gerçəkləşdirməliyik.
Bir millət olaraq ömrümüzün müəyyən
məqamlarında özümüzdən
ayrılsaq da, ruhumuz bizi daim
kökləyib, məhv
olmağa qoymayıb.
Bu mənada ümid
səsi olan musiqi bizə daim faciələrimizdən
güc almaq dərsi öyrədir.
Musiqi qədər insanın ruhunu qanadlandıran, yaşadan möcüzə
yoxdur. Tərəddüdsüz demək olar
ki, 20 Yanvar Faciəsi daha çox musiqidə ifadəsini tapıb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin fikrincə, Azərbaycan bəstəkarları tərəfindən bu mövzuda ciddi, yaddaqalan əsərlər yaradılıb: «Adətən yaradıcı adamlardan, xüsusən də bəstəkarlardan bu kimi mövzularda müəyyən bir dönəmdə əsər tələb etmək mümkün deyil. Gərək zaman ötsün, yaradıcı adam hadisələri dərindən təhlil etsin. Biz bəstəkarlarımızın qarşısında bu mənada tələb qoymuruq, qoya bilmərik, bayaq da vurğuladığım kimi, bu, yaradıcılıq məsələsidir. Ancaq deməliyəm ki, bəstəkarlarımız bu mövzuda daim çalışırlar».
Firəngiz xanım bu sırada xeyli bəstəkarın adını çəkdi, onların yaradıcılığını yüksək dəyərləndirdi: «Bəstəkarlarımızın əksəriyyəti 20 Yanvar mövzusunda əsərlər yaradıblar. Bu əsərlərin nümayişi də uğurlu olub. Vasif Adıgözəlovun «Qarabağ şikəstəsi» oratoriyası, Azər Rzayevin «Bakı-90″ simfoniyası, Məmməd Quliyevin «Xor və orkestr üçün «Matəm harayı» və başqa əsərlər bu sıradandır».
Ötən illər ərzində Azərbaycan bəstəkarları həm simfonik əsərlər, simfonik poemalar, vokal instrumental əsərlər, kantatalar, həm də mahnılar, fortepiano üçün əsərlər yazıblar. Görkəmli bəstəkar Cövdət Hacıyevin «Şəhidlər simfoniyası» var. Habelə Oqtay Kazımi da bu adda sinfoniya yazıb. Ramiz Mustafayevin «Bu qan yerdə qalan deyil», Mobil Babayev kantata, Aydın Əzim Kərimoğlu orkestr üçün «Qətl günü», Sərdar Fərəcov simfonik poema, Sevda İbrahimova səs bariton və orkestr üçün vokal simfonik «Vətən şəhidləri», Arif Mirzəyev orqan üçün «Yanvar mərsiyələri» yazdı. Eyni zamanda bəstəkar Faiq Hağıyev «Şəhidlərdən şəhidlərə» filminə musiqi yazıb. Professor Ramiz Zöhrabovun fikrincə, Cavanşir Quliyevin xor üçün «Şəhidlər»i gözəl alınıb. 20 Yanvar faciəsi mövzu kimi mahnı yaradıcılığına da təsir edib. Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə «Şəhidlər ağısı» yazdı. 1991-ci ildə Vasif Adıgözəlov Fikrət Qocanın sözlərinə «Bir şərqi de» yazıb. Faiq Sücəddinov fortepiano üçün xüsusi bir əsər yaradıb. O, həm də gözəl pianoçu kimi «Şəhidlər Xiyabanı» adlı əsərdə bəstəkar duyğularını ifadə edib. Ruhəngiz Qasımovanın «Şəhid oğullara» mahnısı, Hacı Xanməmmədovun Əzizə Cəfərzadənin sözlərinə (bayatılarına) yazdığı «Əlimdə sazım ağlar» adlı əsəri də yaddaqalan nümunələrdəndir.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 18 yanvar.-
S.14.