İnternetdə fikir və söz azadlığı

 

Dövlət sosial şəbəkələrdə məmur-vətəndaş virtual əlaqələrinin davamlı olmasına dəstəyini davam etdirəcək

Razi Abbasbəyli: «Hər bir vətəndaş özünü virtual məkanda təhlükəsiz hiss etməlidir»

Rəşid Hacılı: «Vətəndaşların hüquqlarını müdafiə edən, onlara virtual məkanda daha çox fikir azadlığı və plüralizm tanıyan tənzimləmələrin tərəfdarıyam»

Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlər olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdən biridir. Heç də təsadüfi deyil ki, bir çox ekspertlər də müxtəlif cəmiyyətlərdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında KİV-in aparıcı rol oynadığını bildirir, bir çox hallarda demokratiyanın vəziyyətini də KİV-in azadlıq səviyyəsi ilə ölçürlər. Bu zaman informasiya resurslarının formalaşdırılması, yayılması və istifadəsi sistemləri, informasiyanın azad dövriyyəsinin təmin olunması, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılması kimi bir-biri ilə sıx bağlı olan ardıcıl mərhələlərin təmin olunması kimi məsələlər icra strukturlarının başlıca vəzifələri sırasındadır.

Bütün bunların cəmiyyətin demokratikləşməsində çox böyük rol oynadığını dərk edərək mətbuatın hüquqi tənzimlənməsinə xüsusi diqqət yetirilir. Bu hüquqi tənzimlənmənin yüksək effektivliklə həyata keçirilməsi məqsədilə yeni qanunların yaradılması və möcvud qanunvericilik bazasının sivil cəmiyyətlərin tələblərinə uyğunlaşdırılması prosesi bu gün də aktuallığını qorumaqdadır. Ona görə də, müasir dövrün nəzəriyyəçiləri söz və mətbuat azadlığının əsaslarının məhz konstitusiyanın cəmiyyətə verdiyi azadlığın səviyyəsindən asılılığı fikrini müdafiə edirlər.

Bu gün internet istifadəçilərinin sayı milyonlarla ölçülür və əhalinin bir çox hissəsi buradan məlmatlar əldə edirlər. Sosial şəbəkələr də cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Belə olan halda internetdə fikir və söz azadlığı məsləsi aktuallığını saxlayır. Təsadüfi deyil ki, dövlət başçısı da bu məsələyə toxunub. Prezident İlham Əliyev Bakıda keçirilən 11-ci İnternet İdarəçilik Forumunun iştirakçılarına yazılı müraciətində qeyd edir ki, internet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. Dövlət başçısının sözlərinə görə, insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir: «İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır».

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Respublika əhalisinin təxminən 65 faizi internet istifadəçisidir. Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılıb. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir. İnternetin insanlar və xalqlar arasında dostluq əlaqələrinin yaranmasına, bərabərhüquqlu qarşılıqlı hörmət əsasında münasibətlərin qurulmasına yönəlmiş istənilən xoşməramlı fəaliyyət dəstəklənir.

Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun fikrincə, Azərbaycanda əhalinin internetdən rahat istifadə etməsi üçün konseptual dövlət siyasəti həyata keçirilir: «Hətta ucqar kəndlərin genişzolaqlı internetlə təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Bunun nəticəsində, Azərbaycanda internet istifadəçilərinin sayı 65 faizi ötüb, ölkə postsovet məkanında 3G, 4G tətbiq edən ilk dövlətlərdən biridir. Əhali həmçinin mobil telefonlarla da rahat internetə qoşulur. Hətta 2013-cü il ölkədə «İKT ili» elan olunub».

PA-nın şöbə müdiri bildirib ki, artıq Azərbaycanda elektron demokratiya formalaşıb: »Ölkədə «Elektron hökumət»in qurulması, «ASAN xidmət»in yaradılması və sürətlə genişləndirilməsi, dövlət qurumlarının və məmurların sosial şəbəkələrdə fəallığının artırılması, onların vaxtaşırı Prezidentin «Fasebook» səhifəsi vasitəsilə vətəndaşların suallarını cavablandırması və aparılan digər işlər bu iradənin bariz göstəriciləridir. Dövlət ünsiyyətin yeni forması kimi sosial şəbəkələrdə məmur-vətəndaş arasında virtual əlaqənin davamlı olması, möhkəmləndirilməsi üçün dəstəyini davam etdirəcək».

Elnur Aslanovun sözlərinə görə, Azərbaycan hakimiyyəti qanun çərçivəsində internet məkanında tənqidi baxışlarla çıxış edənlərin fəaliyyətini siyasi mübarizənin normal şərti kimi qəbul edir və bundan heç bir narahatlıq keçirmir: «Azərbaycan torpaqları işğal olunub və ölkə Ermənistanla münaqişə vəziyyətindədir. İstisna deyil ki, maliyyə mənbələri şübhəli bəzi «insan haqları müdafiəçi»lərinin vaxtaşırı ortaya atılaraq Azərbaycan Respublikası əleyhinə mənfi rəy yaratmağa çalışmaları erməni diaspor təşkilatlarının sponsorluğu ilə baş tutur. Bir daha bəyan edirik ki, Azərbaycanda istifadəçilərin internetdə fikir, söz azadlığı bundan sonra da təmin olunacaq və qorunacaq».

Onun sözlərinə görə, bu gün informasiya texnologiyaları elə inkişaf edib ki, internetdə xüsusi nəzarət altında danışmaq çox çətindir: «İstənilən halda bütün sivil və inkişaf etmiş ölkələrdə irqçi, millətçi, gənc nəslin mənəvi tərbiyəsinə zərər verən məlumatların yayılması məhdudlaşdırılır. ABŞ-da 1966-cı ildən kommunikasiyalarda əxlaq normalarına dair qanunun müzakirəsi davam edir. Avropa Birliyində də bu məsələ ətrafında müzakirələr gedir. İnternet çox sürətlə inkişaf edən məkandır. İnformasiya texnologiyaları günbəgün dəyişir. Bu mənada hər bir dövlət bu sahəni müəyyən mənada tənzimləmək istəyir. Söhbət qətiyyən fikir azadlığın məhdudlaşdırmasından getmir, sadəcə internetin milli seqmentin normalarına uyğunlaşdırılmasından gedir».

Şöbə müdiri əlavə edib ki, əgər kimsə tənqid deyil, təhqir edirsə, bu, cəzasız qalmaya bilməz, əks halda proseslər anarxiyaya gətirib çıxara bilər.

Ekspert Razi Abbasbəylinin fikrincə, internet bütün dünyada azad məkandır. Bu məkanda azadlıqları məhdudlaşdırmaq demokratik inkişafa vurulan ən böüyk zərbə ola bilər: «İnternet üzərindən yayımlanan televiziyaların lisenziyalaşdırılması zərərlidir. Buna ehtiyac yoxdur. İnternet üzərindən edilən cinayətlər mövcud qanunvericiliklə tənzimlənə bilər. Yeni komissiyalara, idarələrə, mexanizmlərə ehtiyac yoxdur. Bununla bərabər, internet üzərindən edilən cinayətlər, təhqirlər, aşağılamalar və təhdidlər var. Bu yolverilməzdir və hər bir vətəndaş özünü virtual məkanda da təhlükəsiz hiss etməlidir. Bununla razıyam. Vətəndaşların hüquqlarını müdafiə edən, onlara virtual məkanda daha çox fikir azadlığı və plüralizm tanıyan qanunvericilyin, mexanizmlərin və tənzimləmələrin tərəfdarıyam».

Media Hüququ İnstitutunun (MHİ) direktoru Rəşid Hacılı bildirib ki, internet üzərində səsləndirilən çox sərt ifadələr ağır nəticələrə gətirib çıxarır: «İnternet üzərində hər kəsə ifadə azadlığı verilib. İnternet vasitəsilə fikirlərimizi azad şəkildə səsləndirmək üçün hər kəsə geniş şərait yaradılıb. Əgər əvvəllər hər hansı bir yazını çap etmək və ya yaymaq üçün redaksiyalara üz tuturduqsa, hazırda buna ehtiyac yoxdur. Hər kəs sərbəst şəkildə öz yazısını internet vasitəsilə yaymaq imkanına malikdir. Amma bunun müsbət və mənfi tərəfləri var. Ona görə ki, internet üzərində fikir azadlığı həbsə, cinayət məsuliyyətinə qədər gətirib çıxara bilər. Ölkə qanunvericiliyimizdə də bu məsələlər öz əksini tapır. Ona görə də hər kəs mənzum azadlığına xüsusi fikir verməlidir. İnternet üzərində azadlıq deyəndə o demək deyil ki, kiminsə şərəf ləyaqətinə toxunmaq, təhqir etmək, müharibə çağırışları etmək, pornoqrafiyaya yol vermək olar. Bütün bunlar Cinayət Məcəlləsi və digər qanunvericiliklə tənzimlənir. Bundan əlavə, ölkəmiz Kibercinayətkarlıqla bağlı Konvensiyaya qoşulub ki, bu da internet azadlığımız üçün mühüm əhəmiyyətə malikdir».

Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, yaşantımızın böyük hissəsini internet təşkil edir: «Gündəlik yaşantımızda hüquqlarımız necə qorunursa, internet üzərində də hüquq və azadlıqlarımız qorunmaqdadır. Hər bir ölkədə məsələ ilə bağlı qanunvericilik fərqlidir və internet üzərində yaranan problemlər müxtəlif üsullarla həll edilir».

Vətəndaş cəmiyyətinin, fikir və söz azadlığının inkişafı demokratik idarəetmə ilə birbaşa bağlı olan mühüm məsələdir. Hər bir ölkə daha demokratik idarəetməyə can atmalıdır ki, cəmiyyət də demokratikləşsin, vətəndaş azadlıqları bərqərar olsun, vətəndaş cəmiyyəti institutları formalaşsın, fikir və söz azadlığı təmin olunsun və s. Ümumi hüquqda hüquqi dövlət prinsipi idarə olunanların azadlıqlarının təminatı vasitəsi kimi qəbul edilir. Bu baxımdan demokratik idarəetmə fikir və söz azadlığına da geniş imkanlar açır.

 

Əli

Xalq Cəbhəsi.- 2014.- 18 yanvar.- S.11.