Qan yaddaşımız
Xalqımızın
düşüncəsinin təməlində insana, xalqa, bəşərə
dərin sevgi var
Yüzillərdir Azərbaycanda əmin-amanlıq şəraitində
yaşayan müxtəlif xalqların nümayəndələrinin
əsas etnosun — Azərbaycan türklərinin onlara bənzərsiz
insansevərlik nümunəsi göstərməsindən
razılıq edir, dünyanın plüralçılıq,
fikir azadlığından artıq olan bu gerçək, həqiqi
yanaşmanı dünyanın özündən razı
dövlət və xalqlarına nümunə göstərir. Bu
yanaşmanın köklərinə varanda aydınca görmək
olur ki, sözügedən xüsusiyyət, insani yanaşma Azərbaycan
Türklərinin bir millət olaraq halındadır.
İslamaqədərki
Azərbaycan türk mədəniyyətini sistemli şəkildə
araşdıran professor Elmədin Əlibəyzadə mənəvi
mədəniyyətimizin, ciddi, məntiqli, insansevər
inancımızın kökünün daha qədim dövrlərə
gedib çıxdığını bildirir: «Azərbaycan mədəniyyətini
ümumtürk mədəniyyətindən ayrı, təcrid
edilmiş şəkildə təsəvvür etmək olmaz.
Azərbaycan mədəniyyətinin tarixi kökləri
çox qədimlərə, Şumer mədəniyyətinə
gedib çıxır. Ötən yüzilin
araşdırmaları göstərdi ki, dünya
sivilizasiyasının əsasları Şumerdən
başlanır. Şumerlər müasir
türk xalqlarının əcdadlarıdır. Dünyanın məşhur alimləri bu barədə
fikirlər söyləyiblər. Amerika
alimi S.Kramerin «Tarix Şumerdən başlanır» adlı məşhur
əsəri var. İnsanlıq məhz şumerlərlə
başlayır.
İnsanlıq
— dili, mədəniyyəti, yüksək ali
əxlaqı olan xalq, insan toplusu deməkdir. Dünyanın məşhur
alimləri — fransız alimi E.Reklü, alman alimi Q.Vinkler, polyak
alimi Z.Kasidoloki, ingilis alimi Vulli, türk alimi Əhmet Cavad, rus
alimi Reder və başqaları bu fikirlə həmrəydirlər.
Məlum olur ki, ilk dəfə din də qədim
Şumerdə yaranıb. Maraqlıdır ki, qədim
Şumerdə tapılan mixi oxşəkilli yazıların
içərisində olan mətnlərdən biri «Kainatın
və insanın yaranması haqqında mif»dir. Dünyanın
bütün tanınmış alimləri bu qənaətdədir
ki, bu, türk mədəniyyətidir. Oljas
Süleymenovdan başlamış türk alimlərinə qədər
şumerlərin sözlərilə müasir türk
xalqlarının sözləri müqayisə edilib, 300-dən
artıq söz ortaya çıxarılıb».
Zərdüşt
haqqında danışan araşdırmaçı deyir ki,
onun yaşı e.ə. VII-VIII, hətta IX minilliklərə
gedib çıxır:
«Bu fikri təkcə
bir nəfər demir. Zərdüştçülük
Midiya dövlətinin ideoloji-dini əsasları olub. Heç şübhəsiz, bundan əvvəl Turan,
eləcə də başqa türk dövlətlərinin də
ideologiyası bu olub. Midiya süquta
uğrayandan sonra farslar Zərdüştçülüyü
dövlətin ideoloji əsası kimi qəbul ediblər.
Farslar Zərdüştün
ardıcılları olan muğları öz tərəflərinə
çəkiblər. Muğların
razılaşmasının səbəbini belə izah etmək
olar: hər şeydən əvvəl burada məcburiyyət
olub. Heç olmasa dinləri yaşayacaqdı.
Qaldı ki, farslaşdırma məsələsinə,
farslar özlərinə qədər mövcud olan dini
ideyaları, təsəvvürləri, rəvayətlərin
hamısını götürüb qədim pəhləvi
dilinə çeviriblər. Qədim
«Avesta» dilində olan bütün sənədləri
yandıraraq məhv ediblər, özlərindən yeni rəvayətlər
uydurublar. Guya Zərdüşt filan hökmdarın vəziri
olub və s. Onun yaşının azaldılması da buradan
başlayıb. Əgər Makedoniyalı İsgəndər
«Avesta»nı yandırmasaydı, eləcə
də Midiya kimi böyük dövlətçiliyimizi əlimizdə
saxlasaydıq, hər halda dünyanın durumu indikindən
çox yaxşı olardı. İsgəndərin «Avesta»nı yandırması çoxdan tarixə
çevrilib, ancaq bu gün də Qərbin Şərqə
münasibəti mahiyyətcə əvvəlki kimidir. Qərb bütün tarix boyu Şərqə
yuxarıdan aşağıya baxıb. Ağlına
gəlməyib ki, bütün mədəniyyəti Şərqdən
götürüb. Sanki özünə
sığışdırmır ki, necə yəni mənim
bütün mədəniyyətimi Şərq verib? İsgəndər «Avesta»dan
yandırdığını yandırıb, saxladığı
parçaları isə tərcümə edib, bununla da yunan mədəniyyətinin,
fəlsəfəsinin inkişafına xidmət göstərib.
Makedoniyalı İsgəndərin
yandırdığı «Avesta» kitabı IX yüzildə
artıq muğlar tərəfindən bərpa olunmuşdu.
Muğlar İrana, Hindistana — görünməz
yerlərə qaçmışdılar. «Avesta»
21 kitabda cəmləşmişdi. İndi əlimizdə
«Avesta»nın çox az bir hissəsi
qalıb. «Avesta» bütün tufanlardan
üzüağ çıxdı, bu gün də
yaşayır. Dünyanın müxtəlif yerlərindən
tapılmış qədim soraqlar «Avesta»nın
möhtəşəmliyini bir daha sübut etdi. 1924-cü
ildə Fransanın Lazzel vilayətində yaşayan bir
mülkədar öz torpağını becərərkən
yerdən çoxlu kitabələr çıxır. Kitabələrdən birinin üzərində keyik
şəkli (ceyran balası) və yazı tədqiqatçıların
diqqətini özünə cəlb edir. 1993-cü
ildə Fransanın universitetlərindən birində bu məsələ
beynəlxalq səviyyədə müzakirəyə
çıxarılır. Dünyanın hər
yerindən ora türkoloqlar dəvət edilir. Sübut olunur ki, bu yazının dili qədim
türkcədir. Yazılar Orxon-Yenisey, habelə latına keçiddir. Yazının
tarixi 4500 ildir. Hələ bu fikrin əleyhinə
çıxan olmayıb. Həmin o keyik üzərindəki
yazı müasirləşdirilib: «Atəşə tapınaraq
vahid tanrını qəbul etdilər». Deməli, 4500 il bundan əvvəl Zərdüştçülük
nəinki Azərbaycanda və İran ərazisində, Fransa
torpağında hökmran idi, xalqın dini görüşləri
idi. Deməli, «Avesta»nın farslar tərəfindən
uydurulmuş 2700 il yaşı məsələsi yalandır. Zərdüşt bizimdir, öz ruhumuzdur».
Zərdüştün məşhur «Təmiz fikir, təmiz
söz, təmiz əməl» prinsipi türk insansevərliyinə
ciddi sübutdur. Fitrəti, ruhu güclü olan xalq
heç zaman başqa xalqa yuxarıdan aşağı baxmaz,
onu məhv etmək fikrinə düşməz. Minillərdir dünyanı heyran edən türk
ruhunun, mədəniyyətinin kökündə əslində
bu formula dayanır.
Tariximiz,
soykökümüz haqqında müxtəlif, mübahisəli
qənaətlər olsa da, ilk növbədə fəhmlə
tarixi gerçəkliyin
vəhdəti bunu deyir: Azərbaycan qədimdən bəri türk əcdadlarımızın
məskəni, tarixi torpaqlarıdır.
«Azərbaycan»
sözünün etimologiyasına toxunan Ə.Əroğul
bildirir ki, antitürk sovet tarixşünaslığından
qalma ən çox müzakirə olunan fikir «Azərbaycan —
Atropatın ölkəsi deməkdir» ifadəsidir: «Əli qələm
tutan xələflər sələflərinin dediklərini
tutuquşu kimi təkrarlamaqdan bu gün də əl çəkmək
fikrindən uzaqdırlar. Halbuki «Odər (od
ərləri, od kişiləri) — Azər» sözünün
işlənmə tarixi Atropat və ya Atropatena adlarından
çox yüzillər əvvəl 2-3 min il öncəyə
— Şumer dövrünə təsadüf edir. Oda sitayiş
kultu əsnasında Tanrıya tapınan odərlər, şumer, işquz (Oğuz), sak türk tiplərinin
alt qatında duran ortam xətdir. Azərbaycan
etnik coğrafiyasında ilk türk mənşəli insan icma,
qrup və dəstələri kimi odərlər ən qədim
əsatir və miflərdə belə özünü
büruzə verdirməkdədir. İrandilli
etnoslar Azərbaycan ərazisinə daxil olanda artıq
türkdilli etnoslar, ələlxüsus türk mənşəli
odərlər Azərbaycan etnik coğrafiyasının
oturuşmuş sakinləri sayılırdılar.
İrandillilər, daha doğrusu, pəhləvi və sami dillərində «odər» sözünün
fonetik dəyişikliyə uğrayaraq «azər» formasına
düşməyi bir kimsəyə sirr deyil. «Azər»
sözü ilk dəfə yazılı ədəbiyyatda
Yaxın Şərqə Şumer türk
tipinin gəlişinə rəğmən türk
Tanrıçılığının doğuşu kimi səslənən
Bibliya hekayələrində Azər baba adıyla
anılır. Əlbəttə,
xalqımızın minilliklərin o üzündən
aşıb gələn qan yaddaşı, mifik
düşüncəsi keçmişi bugünümüzə
calayan, çatdıran əvəzsiz sərvət, mənəvi
dəyərdir. Unutmamalıyıq ki,
qüdrətli, böyük və ulu türk tarixinin canlı
daşıyıcıları genlərimizdə — qan
yaddaşımızda həmişəyaşar olub və həmişəyaşar
olaraq da qalır. Bu fikrin yazılı məxəzdəkilərlə
həmahəng olduğunu inkar etmək
ağılasığmazdır. Sadəcə,
antik və əski mənbələri əxz etmək,
özünə qayıtmaq, arınmək gərəkdir.
Bir sözlə, «Azərbaycan» hərfi mənada «odərlərin
can məkanı», əsli mənada isə «Odərlərin
diyarı», «Odər yurdu», son deyimdə «Odlar yurdu» deməkdir. «Azərbaycan» sözünün etimologiyası
qeyd-şərtsiz «Odlar yurdu» mənasını verir. Hər
bir Azərbaycan vətəndaşının, fərdinin Vətən,
torpaq adını etimoloji baxımdan Azərbaycan-etnik
coğrafiyasının sərhədləri daxilində «Odlar
yurdu» anlamında canına, qanına hopdurması ilə sonuc
tapmalıdır. Azərbaycan-Odlar yurdu! Atropatena-olsa-olsa «Azər
hakimi», «Odər hakimi», «Odərlərin böyüyü» mənalarını
ifadə edə biləcək «Odər-Ata» söz birləşməsinin
antik yunan dilində və ya əski yazılarda işlədilən,
formasını dəyişmiş ifadə, ad şəklində
rast gəlinən sözdən başqa bir şey deyil».
Azərbaycanda
türkdilli tayfaların konsolidasiyası məsələsinə
toxunan Ə.Əroğul bildirir ki, ilk bəşər
övladının, ilk insan yaranışının, ilk dil
doğuşunun meydana gəldiyi bir ərazi kimi
özünü təsbit edən Azərbaycanda bir qayda olaraq
ilkin dövrlərdən başlayaraq zaman-zaman müxtəlif
adlı, eyni dilli türk mənşəli insan dəstələrinin,
icma və qruplarının, toplum və tayfalarının
köç yolları kəsişib, burada məskunlaşıb,
bir-birlərinə qaynayıb qarışıblar. Məhz türk mənşəli etnik qruplar və
tayfalar müasir Azərbaycan Türkünün soy
kökündə durub və daha doğrusu, bugünkü azərbaycanlıların
və Azərbaycan xalqının etnogenezini təşkil ediblər.
Bu sıranı aşağıdakı cəmlər şəklində
quraşdırmaq olar: e.ə. IV minilliyədək: Odərlər
— türk mənşəli ilk insan icmaları, qrup və dəstələri;
e.ə. VI minillikdən e.ə. II minilliyədək: Şumer
türk tipli arattalılar, kutilər, lullubumlar, turikkilər,
suvarlar, prototürklər, azlar-türk mənşəli,
türk dilli etnik qruplar, qəbilələr və qövmlər;
e.ə. XX yüzillikdən e.ə. IV yüzilliyədək:
Kimerlər, iskitlər (işquzlar), saklar, quqarlar, şiraklar,
mastagetlər, kaspilər, mığrılar, maqlar,
mannalılar, madaylar, buntürklər, haylantürklər,
peçeneqlər, kəngərlər, ağhunlar-türk dilli
tayfalar və toplumlar; e.ə. IV yüzillikdən
eramızın X yüzilliyinədək: albanlar,
qıpçaqlar, qara hunlar, qaşqaylar, tərtərlər,
qarqarlar, bulqarlar, basillər, vərəndlər, vənglər,
qoruslar, baharlılar, tuğlar, tağlar, qordmanlar, dondarlar,
utilər, uliqular, aranlar, qullar, sabirlər, xəzərlər,
quşanlar, çollar, toloslar-türk dilli tayfa topluları və
tirələri; e.X yüzilliyindən XIV yüzilliyədək:
səlcuqlar, türkmənlər, moğollar, tatarlar, qaramanlar,
dolan və domanlar, cəlayirlər-türk dilli tayfa birlikləri.
Əlbəttə, hər bir xalqın təşəkkülü
konsolidasiya və assimilyasiya hallarını, böyük əhali
köçlərini və yerdəyişmələrini əhatə
edən mürəkkəb bir prosesin nəticəsidir. Azərbaycan xalqının ən
qədim yaşam tarixinin başlanğıcının
ilkinliyini türk mənşəli odər icma, dəstə və
toplumlarının mövcudluğunu özündə göstərən
və arxeoloji qazıntılar zamanı aşkar edilən
maddi-məişət əşyalarının yaradılma və
işlədilmə tarixlərindən, ən yaxın
başlanğıcını isə Şumer
dövründən, iskit, sak və ya Şumer tipli digər
türklərin bu ərazilərdə boy vermə tarixlərindən
başlamaq olar. Qanunauyğunluq isə bu iki
dövran, dövr tarixinin orta nöqtəsindən başlamaq
ehtimalı sayıla bilər».
Uğur
Xalq Cəbhəsi.-
2014.- 22 yanvar.- S.13.