Mediada fikir və
söz azadlığı sahəsində
problemlər
Sabir Məmmədli: «Çap mətbuatında kifayət qədər sərbəstlik var»
Qulu Məhərrəmli:
«Cəmiyyət tənqidi
medianı istəyir»
Azərbaycan Respublikasının Konstitusiyasının
47-ci maddəsinə əsasən
hər kəsin fikir və söz
azadlığı var. Eyni
zamanda, 50-ci maddə məlumat azadlığını
əks etdirir: «Hər kəsin qanuni yolla istədiyi
məlumatı axtarmaq,
əldə etmək, ötürmək, hazırlamaq
və yaymaq azadlığı vardır».
Göründüyü kimi Konstitusiya
ilə söz azadlığına təminat
verilir, praktikada söz azadlığını
həyata keçirənlər
isə məhz kütləvi informasiya vasitələridir. Bakı
Dövlət Universitetinin
beynəlxalq jurnalistika
kafedrasının müəllimi,
tarix elmləri üzrə fəlsəfə
doktoru Sabir Məmmədli müasir mətbuatın durumu, fikir və söz
azadlığı, medianın
müxtəlif sahələrindən
danışarkən qeyd
edir ki, «bütün sanballı tədqiqatların müəllifləri
həmişə xüsusi
olaraq vurğulayırlar:
hər bir ölkənin, cəmiyyətin
mediası həmin cəmiyyətin bütün
naxışlarını, bütün
çalarlarını özündə
əks etdirir, istər siyasi, istərsə də iqtisadi cəhətdən.
Cəmiyyətdə hansı vəziyyət
mövcuddursa, o özünü
mətbuatda göstərir.
Mətbuatın öz strukturunu,
meyarlarını, fəaliyyət
prinsiplərini sırf
cəmiyyət müəyyənləşdirir.
Mediamız, əlbəttə
ki, birrəngli deyil və ola da bilməz.
Cəmiyyətimizdə olan çoxrənglilik,
bəzən də ziddiyyətlər bu gün mediamızda da özünü göstərir. Çap mediası
Azərbaycanda kifayət
qədər yaxşı
inkişaf edib. Fakt faktlığında qalır
ki, bu gün
qəzetlərdə istənilən
fikri söyləmək
olur, bunun üçün Azərbaycanda
tribuna tapmaq mümkündür. Çap
mətbuatında kifayət
qədər sərbəstlik
var. Amma fikrimcə, elektron informasiya mənbələrində müəyyən
qədər məhdudluq
diqqəti çəkir…»
Media eksperti Qulu Məhərrəmli deyir ki, tənqidi yazıları dünyanın
çox yerində sevməsələr də,
inkişaf etmək, cəmiyyətdə gedən
prosesləri doğru-dürüst
bilmək üçün
tənqidi mediaya hər zaman ehtiyac duyulur. «Azərbaycan
ictimaiyyətində də
plüralizmə meyl var» — deyən müsahibimiz əlavə edir ki, sadəcə
bu meyl hələ
zəifdir: «Özünüifadə
imkanları məhdud olduğuna görə cəmiyyətimiz zahirən
elə görünür
ki, vətəndaş
tənqidi medianı dəstəkləmir. Amma qəzetdə
tənqidi bir yazı gedən kimi cəmiyyət dərhal reaksiya verir. Bu o deməkdir
ki, cəmiyyət tənqidi medianı istəyir, amma özünü açıq
şəkildə ifadə
edə bilmir, çünki müəyyən
psixologiyanın əsirinə
çevrilib».
Qulu Məhərrəmlinin fikrincə,
azad medianın meydanı 1998-ci ildən bəri daralmağa başlayıb: «Əslində
təzad yaranıb, bir tərəfdən ölkənin imkanları artır, o biri tərəfdən tənqidçi
media küncə sığışdırılır.
Deməli, bizdə bir
çox məmur ictimai nəzarəti istəmir. Bu da öz mənfi nəticəsini göstərir:
korrupsiyanın, rüşvətin,
miqyasının artmasında,
qanunsuzluqların çoxalmasında».
Əflatun Amaşov isə başqa fikirdədir. O deyir ki, hazırda mətbuatımızın ən
ciddi problemi onun iqtisadi durumunun
pis olmasıdır. Ölkənin ilk müstəqil jurnalist qurumlarından olan «Yeni Nəsil»
Jurnalistlər Birliyinin
sədri Arif Əliyev də təxminən Əflatun Amaşov kimi düşünür. O bildirir
ki, ilk növbədə
media iqtisadiyyatı sahəsində
işlər görülməlidir.
Həm yayımla, həm reklam bazarı ilə, həm də medianın iqtisadi azadlığının
təmin olunması üçün islahatlar həyata keçirilməlidir.
İkincisi, jurnalistlərin hüquqları
ilə bağlı olmalıdır.
Azərbaycan Jurnalistlər Birliyinin
sədri, «Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxli isə bildirir ki, ilk baxışda Azərbaycanda
söz və mətbuat azadlığı
var. Hər bir adam istədiyi
məqaləni yazır,
istədiyi fikri söyləyir. Amma daha sonrakı
mərhələdə deyilən
və yazılanlara münasibət sivil qaydada olmur. Bir çox hallarda isə söz və mətbuat azadlığından danışıldıqda
fikir plüralizmi unudulur. Mətbuat sahəsindəki mövcud problemi aradan qaldırmaq üçün ilk növbədə
həbsdə olan jurnalistlər azadlığa
buraxılmalıdır. Digər bir məqam isə dövlət qəzetlərinin bağlanmasıdır.
Heç
bir ölkədə bu qədər dövlət, nazirlik qəzeti yoxdur. Onlar bizdən tutulan vergiylə maliyyələşir
və sifarişlə
işləyir. Əgər bu
qəzetlər dövlətsizləşdirilsə
böyük bir jurnalist ordusu sərbəst fəaliyyət
göstərə bilər.
«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir: «İngilisin də, fransızın da, almanın da şərəf və ləyaqəti var. Amma onlar buna görə
jurnalisti məhkəməyə
çəkmirlər». İntəhası, gəlin görək şərəf və ləyaqət kimi mücərrəd anlayış
Qərbdə özünü
necə ehtiva edir, bizdə necə. İngilis, ya fransız
vətəndaşı olduğu
dövlətin rəmzlərinin
təhqir olunmasını
özünün şərəf
və ləyaqətinin
təhqiri hesab edir. Azərbaycanda isə həmin
məqam sırf fərdi həyat və məişətlə
bağlıdır. Çox adi
və bəlkə də olduqca bəsit görünə biləcək müqayisədir.
Amma siz onun törədə
biləcəyi fəsadların
miqyasına baxın.
Məsələn, «Böyük
millət» qəzetinin
baş redaktoru Samir Adıgözəlli ona görə həbs edilmişdi ki, ali məktəb rektorlarından
birinin anasının erməni mənşəli
olduğunu iddia etmişdi. Həbsdən azad edildikdən
sonra «Mediaforum» saytına verdiyi müsahibədə o, buna
görə peşmançılıq
çəkdiyini etiraf
etmişdi. Başqa bir
mühüm, daha doğrusu, diqqət çəkən cəhət
jurnalistlərin özlərinin
problemə yanaşmasıdır.
Jurnalistlərin böyük əksəriyyəti
KİV haqqında mövcud
qanunlardan da xəbərsizdir. Məsələn,
jurnalistlər arasında
apardığımız monitorinqin
nəticələri göstərdi
ki, onların bir çoxu jurnalistlərin həbsinə
səbəb olan Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin
147-ci və 148-ci maddələri
barədə yalnız
bir neçə jurnalist qurumlarının həmin maddələri Cinayət Məcəlləsindən
çıxarılması tələbini
irəli sürdükdən
sonra xəbər tutublar. Nəhayət, demək olar
ki, bütün qəzetlər əməkdaşlarına
qarşı qaldırılan
məhkəmə iddiasını
iddiaçı tərəfin
qərəzi kimi qəbul edir. Bu qərəzin özü
məsələyə «qərəzli
yanaşma» yaradır ki, belə yanaşma
gərginliyi daha da artırır. Bir
vacib məqamı da qeyd etmək yerinə düşər: Azərbaycanda
fəaliyyət göstərən jurnalist qurumlarının
bir çoxlarının, habelə insan haqları problemləri
ilə məşğul olan qeyri-hökumət təşkilatları
rəhbərlərinin bəziləri, bir sıra beynəlxalq
mətbuat qurumları bu fikirdədirlər ki, Cinayət Məcəlləsindəki
147 və 148-ci maddələr ləğv edilməli, Milli Məclisdə
«Diffomasiya haqqında» qanun qəbul olunmalıdır. Bu, əlbəttə, gələcəyin işidir.
Amma hazırda fəaliyyət göstərən
jurnalistlər mövcud qanunlara söykənməlidirlər,
ya yox? Çox geniş yayılmış
və təhlükəli olan belə bir fikir də var ki,
jurnalist şübhələndiyi hər bir şey haqqında
yaza və onu qəzet səhifələrinə, yaxud efirə
çıxara bilər. Zənnimizcə,
olduqca zərərli fikirdir. Çünki
jurnalistin şübhələndiyi hər hansı məqamı
cəmiyyət həqiqət kimi qəbul edir və bu fikirlər
özünü doğrultmayanda, təsdiqini tapmayanda cəmiyyətin
mətbuata inamı azalır.
Azərbaycanda azad söz mətbuata ədəbiyyatdan gəldiyindən
çox vaxt azad söz barədə deyilən fikirlərin,
söylənən mülahizələrin kökündə
ifratçılıq dayanır, yazıçı
yaradıcılığı ilə jurnalist fəaliyyəti
qarışdırılır, mətbu sözün təxəyyül
məhsulu olmadığı yaddan çıxarılır. Halbuki, məntiqi
cəhətdən aydındır ki, əgər kütləvi
informasiya vasitələri haqqında qanunlar mövcuddursa, deməli,
söz azadlığı hüdudsuz deyil, «ayağı
yorğana görə uzatmaq» gərəkir. Jurnalistika bədii təxəyyülə yox, fakt və
arqumentlərə söykənir. Bəri başdan bildirək
ki, artıq dünyanın siyasi və ictimai düzümü
elə bir səviyyədədir ki, «azad mətbuat nə
üçün lazımdır?»- sualı öz aktuallığını tamamilə
itirmişdir. Çünki o, inkişaf etmək,
beynəlxalq inteqrasiya proseslərinə qoşulmaq istəyən
hər bir dövlət üçün mütləqdir və
söz azadlığı olmayan ölkənin sözü
eşidilmir.
Ümumiyyətlə, bizim ölkəmizdə mətbuatla
bağlı mövcud hallar Baltikyanı ölkələri
çıxmaqla, bütün post-sovet məkanı
üçün xarakterikdir. Hətta Rusiya kimi
böyük ölkədə cəmi bir neçə KİV —
«Exo Moskvı» radiostansiyası, «Kommersant» tipli bir neçə
qəzet, üç-dörd sayt «azadlıq adası» hesab
edilir. 2006-cı ilin oktyabrında «Novaya qazeta»nın əməkdaşı Anna
Politkovskayanın qətli yalnız Rusiyada deyil, bütün
dünyada əks-səda doğurdu.
«Azərbaycanda KİV-lə bağlı qanunlar Avropa standartlarına
cavab verir və bəzi məqamlarda daha liberaldır». Media məsələləri
üzrə mütəxəssis, İREX təşkilatının
hüquqşünası Ələsgər Məmmədli bu
fikirdədir və həmin fikri xarici mütəxəssislər
dəfələrlə vurğulayıblar. Əslində bu cür qanunların mövcudluğu
ölkəmizdə mətbuatla bağlı problemləri arxa
plana keçirməlidir. Lakin mətbuat cəmiyyətin
bir hissəsi olduğundan, oradakı problemlər
özünü mətbuatda da büruzə verir. Azərbaycanda söz azadlığı və mətbuatla
bağlı problemlərin yaranmasında bir neçə amil
rol oynayır. Həmin amilləri bu cür sıralamaq
olar:
1.
Jurnalistlərin peşəkarlığının yüksək
səviyyədə olmaması; Bu hal KİV-məmur münasibətlərindəki
gərginliyə səbəb olan əsas amillərdəndir.
2.
Dövlət qurumlarının fəaliyyətinin şəffaf
olmaması. Bu hal jurnalistlərin informasiya almaq
hüququnu məhdudlaşdırır və nəticədə
dezinformasiyanın dərcinə şərait yaradır.
3. Mətbuatın
partiyalılığı və başqa səbəblərdən
siyasi proseslərdə tərəfkeşlik nümayiş
etdirilməsi;
4. Mətbuatın
düzgün olmayan informasiya yayması.
Problemlərin
sırf peşə müstəvisində
araşdırılması isə aşağıdakı
neqativ amilləri üzə çıxarır:
-
Jurnalistlərin peşəkarlığı ilə
bağlı məsələlər;
-
Jurnalistlərin etik qaydalara riayət etməməsi;
-
Jurnalistlərin mövcud qanunvericilik qaydalarına riayət etməməsi;
- Jurnalistlərin KİV-in fəaliyyətini tənzimləyən
mövcud qanunları bilməməsi.
Belə neqativ hallar isə KİV-in ictimai rəyə təsir
etmək imkanlarını məhdudlaşdırır və mətbuat
cəmiyyətdə öz klassik funksiyasını yerinə
yetirə bilmir.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 22 yanvar.- S.11.