Güney Azərbaycanda ədəbiyyat
Səhənd:
«Bir kərə yadların daşını ataq, çəkək
qayğısını öz elimizin»
Məlihə
Əzizpur: «Güneydə ədəbiyyatımızın daha
da inkişaf və irəliləməsi üçün tənqidçilərə
ehtiyac var»
II
yazı
Güney Azərbaycan şairlərindən biri də
Bulud Qaraçorludur (Səhənd). O, Pəhləvi rejiminin
boğuntusunda Dədə Qorqud dastanlarını
«Sazımın sözü» əsərində
bütövlüklə nəzmə çəkdi, onun nədənini
isə öz xalqına (Türk millətinə) şərəfli
keçmişini göstərmək, milli şüur və mənliklərini
diri tutmaq amacı olduğunu bildirdi. Toplam 6460
misra olan «Sazımın sözü» əsəri Türkiyə
və Quzey Azərbaycanda da yayılıb.
Bulud Qaraçorlu bu əsəri ilə yenə də
Türk dilinin gücünü isbat etməkdə çox
başarılı oldu. Onun başqa şeirlərində də Vətən
sevgisi, özgürlük, milli haqlar və sevgi haylanır:
Demirəm
ki, üstün nijaddanam mən,
Demirəm ki, elim ellərdən başdır.
Mənim
məsləyimdə, mənim yolumda
İnsanlar
hamısı dostdur, qardaşdır…
Səhənd
öz növbəsində Güney Azərbaycanın
çağdaş poeziyasının inkişafında dərin
etgi buraxıb və hətta Şəhriyarı belə öz
ana dilində yazmağa çağırırdı:
Bu gün
mən Səhəndəm, sən Şəhriyarsan,
Gəl başın ucaldaq qoca Təbrizin.
Bir kərə
yadların daşını ataq
Çəkək
qayğısını öz elimizin…
Və elə bu çağrıya cavab olaraq Şəhriyar
da «Səhəndiyyə» poemasını sırf Səhənd
üçün yox, bəlkə bütün Azərbaycana
ithaf etmişdi.
Son 60-65 ildən bəri Güney Azərbaycanda
yazıb-yaradan şairlərin əsərlərində siyasi
motivlər son dərəcə güclüdür. Pəhləvi
dönəmində yenə də mübarizə ilə
yaşayıb-yaradan şairlərdən biri Əli Rza Nabdil
(Oxtay) olub. Onun
yaradıcılığı qısa olsa belə yaşam tərzinin
inikasıdır. Onun idrak dünyasında
döyüşlə sənət bir-birlərindən
ayrılmayan ünsürlərdir. Oxtay
şeirlərində öz idealını bədii donda ortaya
çıxarmaqda çox başarılı oldu. Onun idealı və əsərlərinin əsas
yönü İnsandır və bu insanın ən yüksək
dəyəri Özgürlükdür. Oxtay
özgürlüyə tərəf uzanan yolun yorulmaz və
ümidlərini itirməz yolçusu oldu:
Sazaq dan
yerində bizi gözləyir,
Soyuq əllər ilə aça bilmərik.
Gələcək
günlərin qızıl qapısın
Soyuq əllər
ilə çala bilmərik
Günlərin
sazında zəfər mahnısın…
Pəhləvi
rejimi devrildikdən sonra səma bir az
açılıb və Güney Azərbaycan şeirində
yeni dönəm başlandı. Həmidə Rəiszadə
(Səhər) xanımın «Mavilər» adlı şeir
kitabı yayımlanmaqla yanaşı çağdaş ədəbiyyatımızda
yeni atmosfer ortaya çıxdı və şeir canlanmağa
başladı.
O «Mavilər»
kitabında olan şeirlərində fikir və duyğuda tam dəyişik
bir forma və canlı təsvir, təmsil və istiarələr
ortaya qoyub və öz yaşadığı dövrün
çağdaş istək və çətinliklərinə
toxunmaqla açıq-gizlin dərdlərini ədəbi və
bədii formada cəsarətlə açıqlaya bilib:
Gecədir!
Baxıram
ay bacasından
Başqa
bir mavi göyə
Orda da var
Elə
bil
Gecə
yurdun qana dönmüş dənizindən
neçə bir qəmli bulud — qanlı söyüd…
Gecədir!
Baxıram
ay
bacasından
Başqa
bir mavi göyə…
Güney Azərbaycanın bugünkü şeir durumu
özünü fərqli formada göstərməkdədir. Bu gün şairlərin
çoxu toplumsal olayları əks etdirməkdədirlər və
Güneydə hakim olan iqtisadi sıxıntılardan
tutmuş, siyasi basqılar, mədəni yürüşlər,
toplumsal təhqirlər və genəllikdə narazılıq
duyğusu və milli düşüncələrini şeir
dili ilə ifadə etməyə çaba göstərirlər.
İranda Xatəmi dönəmində fəzanın
azacıq açılması ilə bərabər, Güneydə
öyrənci hərəkəti ortaya çıxdı və
bu ortamda öyrəncilər dayanmadan fərqli nəşrlər
yayımlamağa başladılar. Bu nəşriyyələrdə
çox fərqli bir atmosfer irəliləməkdə oldu.
Yəni bütün gənc
yazıçılar, nə olursa-olsun, tam türkcə
yazmağa çaba göstərdilər. Halbuki
bütün nəhv quruluşları farsca olmuşdu: bir
sözlə, farsca düşünüb türkcə
yazırdılar, bu isə dildə çox
qarmaqarışıqlıq yaratmağa başladı. Bu yazıçılar özəlliklə Anadolu
türkcəsindən etgilənib, internet fəzasından da
geniş səviyyədə yararlanmaqları ilə bu
qarışıqlığı daha da gücləndirdi.
Yəni yazılı fəza təcrübə
olunmadan, şifahi bir dünyanın ortasına atıldılar
və bu olay dayanmadan genişləndiyi, habelə qəzetlər
və dərgilərin olmaması üçün kimsə bu
olaya təpki göstərib tənqid edə bilmədi. Amma bütün bunlara baxmayaraq anormal olaraq
yanaşılmır, çünki içində olduğumuz
bu ortam maraqlıdır və bu gediş irəlilədikcə
Güneydə böyük əsərlərin ortaya
çıxmasına ümid çoxalır.
Bu gün keçmiş nəsillə gənc nəslin
münasibətlərində bir-birini bəyənməzlik və
qəbul etməzlik gözə çarpır. Yəni
yaşlı ədəbi nəsil hələ də kənd təsvirləri
üzərində çaba göstərir. Bu da gənclər arasında narazılığa nədən
olub, o fəzadan uzaqlaşmağa çalışırlar.
Yaşlı nəsil isə bu gün yaranan ədəbi
əsərləri bəyənməyib tamamilə qəbul
etmir, beləliklə, iki ədəbi nəsil arasında
toqquşmalar ortaya çıxır. Əlbəttə,
bunu da nəzərə almalıyıq ki, ədəbiyyatın
inkişafı belə toqquşmalardan asılıdır.
Amma bütün bunlara baxmayaraq gənc nəsil bəzən
klassik qəliblərdə də modern şeirlər yazıb
ortaya çıxarır və çox maraqla
qarşılanır. Marağalı Barazdan bir qəzəl:
Qabar-qabar
ayağımda gülüm, tikan dadı var,
Və başmağım dolusu laxta-laxta qan dadı var.
Səhər
ətirli benövşə, köçüb qaranquşla
Bu kefli, əyri buruq yolların ilan dadı var.
Məgər alaqlamamışdıq bu hərzə
otları biz?
Nə oldu kəndimizin buğdasında xan dadı var.
Amandı
qoyma ki, sönsün çıraq, gecə bürüsün,
Qulaqlarımda, uşaqlıqdakı xuxan dadı var.
Şükür
ki, çaydanımız qaynayır, şeir yazırıq,
Şükür ki, gözlərinin indi mehriban dadı
var.
Şəhər
nə cür qazamatdır, küçə nə cür
qalsın,
Tikanlı
bağda çiçək bitməyin yaman dadı var…
Yaxud Məsud
İslami yaşlı ədəbi nəsildən olmasına
baxmayaraq sərbəst şeirə meyilli şairlərdəndir:
Bura da,
Bu şəhərin
nəfəs yolu
Bu odadan
keçir!
Hər
zaman gecədir
Qapılar
qapalı!
Öfkəniz
tövşəyəndə
Məni
unutmayın…
Güney
Azərbaycanın çağdaş şeir durumunu belə
xülasə etmək olar:
1. Ədəbiyyat
sahəsində bəziləri yalnız modern və avanqard bir ədəbiyyatın
tərəflisidir, bəziləri isə keçmişdəki
ədəbiyyatı yenidən qavrayıb yeni özəlliklər
aşılamaqla çağdaşlaşdırmaq tərəflisidirlər.
2. Bəziləri
ədəbiyyatı şeirdə xülasələndirir, bəziləri
isə yalnız və yalnız nəsrdə.
3. Bu
gün çağdaş ədəbiyyatımızda işlədilən
dil sahəsində, bəziləri Türkiyədə
yayğın olan Anadolu türkcəsini savunur, bəziləri
Quzey Azərbaycandakı türkcəni, bəziləri isə
ortaq türkcədə yazmağı savunur.
4.
Çağdaş ədəbiyyatımızda həm şeir,
həm də nəsrdə olan əsas məzmunlar; Vətən,
özgürlük, sürgün, ayrılıq, sevgi, həsrət
və bu kimi məzmunlardır. Yazılan əsərlər,
özəlliklə şeirlər, əsas olaraq kimliyə
qayıdır və mütləq etirazdan söz açır.
Ədəbiyyatımızın daha da inkişaf və irəliləməsi
üçün tənqidçilərə çox ehtiyac
var. Yəni özəlliklə gənc yazıçı nəslin
daha da güclənməsi üçün tənqidçinin
olması çox önəmlidir. Çünki tənqidçi
yazılan əsərlə oxucu arasında bir körpü kimi
sayılmaqdadır və yaranan hər sənət türü
özəlliklə ədəbi əsərlərin yeni
qazanclarına yol açar.
Bu gün Güney Azərbaycan ədəbiyyatında yeri
çox boş görünən ünsürlərdən biri
də tənqidçilərdir ki, bu boşluq getdikcə daha
da hiss olunmaqdadır.
Yazının sonunda bu gün Güney Azərbaycanda gedən
şeir örnəklərindən vermək istərdim.
Əli
Cavadpurdan:
Atlar
yarışına mənim kimi baxsaydın
Gülməlidir hər şey.
Bir-birini
keçdilər yarış atları,
Bir-birini
biçdilər yarış atları,
Az qala
uçdular yarış atları.
Çapanlar
apardı
Mükafatları…
Vüqar
Nemətdən:
Mən azərbaycanlı
bir afrikalıyam,
Və amerikalı bir Türk.
Bir az Asiyayam,
bir az
Avropa Qırmızı dərili
bir
qarayam
Və
sarı dərili,
bir az
bütün insanların dərdinə ortaq…
Ünvanım
Azərbaycan xəritəsində
İki
metir yeriyən,
Danışan,
Şeir
yazan
Və
düşünən
TORPAQ…
Zeynal Cəfərpurdan:
Buludlar
yağmur qusur, bir üzdən üzümüzə,
Ulduzlar
kefli-kefli, toxunur gözümüzə
Xiyaban,
asfalt üstü, qaldırım çıxır dizə,
Bu halda sən ayrılıb, gedirsən evinizə.
Mən
qalıram, Ay qalır, bir də divarlar qalır,
Bir də duvarlar üstə, qırmızı
şüarlar qalır.
Tək
qaldıqda hamımız, tək oluruq hamımız
Mən
qalıram, Ay qalır, divarlar yalqız qalır,
Sən
evizə gedirsən, mənə bir Təbriz qalır…
Səid
Muğanlıdan:
Sevmək bir intihardır.
Qar çiçəyi günəşə baxıb
öldü.
Sevmək bir ittihamdır.
Sevmək
təkcə Sevmək deyil ki!
Sənin,
mənim, onun arasında
Sevmək
bir inqilabdır.
mən sevirəm
Və zindandayam…
Məlihə
Əzizpur
Xalq Cəbhəsi.-
2014.- 23 yanvar.- S.14.