Məhəmməd Əmin Rəsulzadənin ömür yolu

 

Seyid Həsən Tağızadə: «Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən Rəsulzadə olub»

Birinci yazı

Ötən il noyabrın 22-də prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubleyinin keçirilməsi haqqında sərancam imzaladı. Sərancamda bildirilir2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubleyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Kostitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Respublikasının Mədəniyyət Turizm Hazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Hazirliyi digər aidiyyəti qurmlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubleyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2.Azərbaycan Respublikasının Hazirlər Kabineti bu sərancamdan irəli gələn məsələləri həll etsin».

Bir həftədən sonra Rəsulzadənin doğum günüdür. Əlaqədar qurumların hansı tədbirlər keçirəcəyi isə hələlik məlum deyil

…130 il bundan əvvəl-soyuq yanvar ayında Azərbaycan milli istiqlal hərəkatının təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını qoyan, sonralar ömür yolu, həyatı zəngin keşməkeşli hadisələrlə

dolu bir dastana çevrilən Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə Bakının Hovxanı kəndində dünyaya göz açıb. Atası din xadimi olsa da, həyata açıq gözlə baxıb, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəldib. Onun oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci «Rus-müsəlman» məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynayıb. Buranı bitirdikdən sonra Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. 1902-ci ildə on yeddi yaşında olan Rəsulzadə «Müsəlman gənclik təşkilatı» yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

xxx

Bir az sonra «Müsəlman demokratik «Müsavat» cəmiyyəti» adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulur burada başlanmış məşrutə inqilabına istiqamətverici rəhbər qüvvəyə çevrilir. Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlayıb. 1904-cü ilin axırlarında «Müsəlman demokratik «Müsavat» cəmiyyəti»nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində «Müsəlman sosial-demokrat «Hümmət» təşkilatı» yaradılır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski Məhəmməd Əmin Rəsulzadə olublar. Məşədi Əzizbəyov, Nəriman Nərimanov başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın «Hümmət» adlı qəzeti nəşr edilir, qəzetin əsas naşirlərindən biri Rəsulzadə olur.

Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından «Təkamül» adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet intibahnamələrin göndərilməsi bilavasitə Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə Rəsulzadə alovlu nitq söyləyir. Onu da qeyd etmək lazımdır ki, Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi yaxın dost olub. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini, fəhlələri tətilə dəvət etdiyi üçün, neft quyusuna atmaq istəyiblər. Özünü hadisə yerinə çatdıran Rəsulzadə Stalini ölümdən qurtarır. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olur.

xxx

Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşır. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qoymağa başlayır. 1908-ci il dekabrın 5-də Məhəmməd Əminin «Qaranlıqda işıqlar» pyesi tamaşaya qoyulur. Pyesin ana xəttini milli oyanış istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə «Azərbaycana muxtariyyət» şüarı fikrini yayır rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırır. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa Rəsulzadənin həmin ildə yazdığı «Nagəhan bəla» adlı pyesi var. 1908-ci ilin axırında Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhrlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından izləyir. Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süləyman Mirzə, Seyid Məhəmməd Rza b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, bu partiyanın əsas orqanı olan «İrane Nou» «İrane Ahat» qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə Rəsulzadənin çoxlu məqalələri, şer publisist yazıları çap olunur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoyur. Sonralar Seyid Həsən Tağızadə Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: «Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən Rəsulzadə olub». Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri  Rəsulzadənin ölkədən xaric olunması haqqında şahlıq üsuli-idarəsindən tələb eləyir. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstambula müraciət edir. O, Türkiyənin paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə Əhmədbəy Ağayevlə görüşür, Yusifbəy Ağçura oğlu , Ziya Gök Alp başqa görkəmli alimlərlə münasibət qurur. Rəsulzadə «Gənc türklər» təşkilatına rəğbət bəsləyir, «Türk ocağı» cəmiyyətində çalışır onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan «Türk yurdu» jurnalının fəal yazanlarından olur.

xxx

O vaxt Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin      «Qamusi-aləm»inin birinci cildində «Azərbaycan» məfhumu altında, ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. Rəsulzadə xeyli sonra, 1918- ci il oktyabrın 13-də Bakıda çap olunan «Azərbaycan» qəzetində də bu məsələyə toxunur: «İslam mərkəzi İstambulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır». İstambulda olarkən Rəsulzadə görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin «Vəhdəti cinsiyə fəlsəfəsi»ni («Milli birlik fəlsəfəsi»ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış «Acı bir həyat» əsərini yazır.  1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra Rəsulzadə vətənə qayıdır. O, hələ İstambuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Rəsulzadə və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan Müsəlman Demokratik Müsavat Partiyasına daxil olur və tezliklə onun rəhbərinə çevrilir. Bu illərdə Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir. «Yeni lisançılar və türkçülər» məqaləsini, Təbriz həyatından bəhs edən «Bir xan» adlı kiçik hekayəsini, «Dil-ictimai bir əməldir» yazısını «Şəlalə» jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.

Bundan başqa, o proletar ədibi Maksim Qorkinin «Ana» əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərcümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixisiyasi jurnal olan «Diriliyin» birinci nömrəsi çapdan çıxır. Rəsulzadənin «Dirilik nədir?» adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirir və xalqımızı milli oyanışa çağırır. O, bu jurnalın səhifələrində çap etdirdiyi «Milli dirilik» başlığı altındakı baş məqalələrdə «Azərbaycan qayəsi»ni yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş «Müsavat Partiyası keçmişdə və bu gün» adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər «Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt, ancaq İran Azərbaycanı başa düşülürdü. Əlbəttə, bu yanlış fikirdir. Yuxarıda göstərdiyimiz kimi, Rəsulzadə hələ 1911-ci ildə İstambulda «Türk yurdu» jurnalında çap etdirdiyi «İran türkləri» məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd edir. Bunu da göstərmək lazmıdır ki, hələ Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycançılıq qayəsi rişə halında olsa da, vardı. Ancaq bunu tam şəkildə siyasət meydanına Rəsulzadə gətirdi. Rəsulzadə 1915-ci ilin avqustundan «Açıq söz» qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət göstərən Müsavat Partiyasının orqanı idi.

 

Hazırladı: Arzu Şirinova

Xalq Cəbhəsi.- 2014.- 23 yanvar.- S.8.